adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 May 2017 00:22
8648
GÜNDƏM
A- A+

Avropa təhsil məkanına aparan islahatlar

Siyasi kuluarlarda belə bir yanaşma var ki, dünya gerçəkliklərlə idarə olunsa da, onun təkmilləşməsi və inkişafına təkan verən qüvvə romantikadır. Romantika isə nikbin insanların silahına çevriləndə xəyalların gerçəkləşməsinə inam artır. Ötən əsrin 80-ci illərində müstəqil Azərbaycanın qurulacağını düşünmək bir romantika, bir xəyal idi. Sosial şəraitin yaranması və nikbin insanların yetərincə olması bu xəyalı gerçəkləşdirdi. Dünyaca məşhur fizik, nisbilik nəzəriyyəsinin banisi A. Eynşteyn deyirdi ki, ətrafımda məndən güclü alimlər yetərincə çoxdur, mənim onlardan üstünlüyüm xəyallarımın güclü olmasındadır. Bu kiçik girişi verməkdə məqsədim diqqəti ölkə prezidentinin professor Cəfər Cəfərovu Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor təyin etməsindən sonra universitetdə gedən ciddi islahatlara yönəltməkdir.
Ümumilikdə Azərbaycan təhsil sistemində köklü islahatların aparılması müasir zaman gerçəkliklərinin diktəsinin nəticəsidir. Müstəqillik yolunda kövrək addımlarını get-gedə gücləndirən Azərbaycanı dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çatdırmaq istəyi artıq bir romantika deyil, gələcəyə istiqamətlənmiş nikbin reallıqdır.
Bu gün təhsil sferasında aparılan islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələblərini nəzərə almaqla təhsilimizin dünya standartlarına müvafiq inkişafını təmin etmək, imzalar içərisində Azərbaycan imzasını görməkdir. Bunun da ən düzgün yolu təhsilin inkişafından, intellekti güclü insan kapitalının formalaşdırılmasından keçir. "Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı"nda qeyd edildiyi kimi: "Cəmiyyətin tərəqqisinin vacib amilləri olan elm və mədəniyyətin, xalqın intellektual potensialının formalaşdırılması onun təhsil sistemi ilə təmin edilir".
Ölkə prezidentinin rəhbərliyi altında islahatların əsas istiqamətləri müəyyənləşdirilmiş, respublikada təhsil sisteminin real vəziyyətinə müvafiq addımlar atılmağa başlanılmışdır. Bu müsbət addımlardan biri də respublikanı müəllim kadrları ilə təmin edən Azərbaycan Dövlət Pedaqoji Universiteti ətrafında cərəyan edən müsbət hadisələrdir.
Azərbaycan Müəllimlər İnstitutu və filialları, eləcə də Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-ya birləşdirildikdən sonra ADPU 20 minlik böyük bir kontingentdən ibarət müəssisəyə çevrildi. Təqdirəlayiq haldır ki, bu müəssisəyə islahatçılığa, gerçəklikləri dərketmə qabiliyyəti və yüksək nikbinliyə malik bir ziyalı - professor Cəfər Cəfərov rektor təyin olundu. Bu, bir daha göstərdi ki, ölkə rəhbəri təhsilin aktual problemlərini dərindən bilir və bu təyinat da məhz həmin məlumatlılıqdan qaynaqlanıbdır.
Müşahidələr, universitetdə özünü göstərən canlanma hiss etdirir ki, yeni rəhbərlik Azərbaycan reallıqları çərçivəsində təhsilin vəziyyətini əla bilir və onun pedaqoji universitetdə başladığı təhsil islahatları görüntü, deklorasiya xarakteri daşımır. İslahatların uğurlu sonuclanacağına əminlik və uğurun işartıları ilk dövrlərdən özünü göstərməyə başladı. Qış imtahan sessiyasındakı şəffaflıq, müəllim adına yaraşmayan hərəkətlərlə məşğul olanların ciddi cəzalandırılması, təhsilin təşkili və keyfiyyətinin yüksəldilməsi üzrə aparılan işlər bir məsələni yəqinləşdirdi ki, islahatlar möhkəm iradə və ciddi proqram əsasında aparılır, onun geriyə dönüşü mümkünsüzdür.
Bütövlükdə təhsillə bağlı insan resurslarının nəzarətə götürülməsi, kadr və struktur dəyişikliklərinə doğru inamlı addımların atılması, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi, təkmilləşdirilməsi, infrastrukturun çevikləşdirilməsi göstərir ki, məqsəd universitetin cəmiyyət arasında nüfuzunu artırmaq, onu regionun elmi potensiallı pedaqoji universitetlərindən birinə çevirməkdir.
Klassik bir deyim var: "Hər şeyi kadrlar həll edir". Müasir kontekstdən yanaşsaq, kadrlar da yüksək maddi təminat və güclü maddi-texniki baza olduğu halda öz potensialını ortaya qoya bilir. Yeni rektor müasir idarəçilik prinsiplərinə uyğun olaraq "Tədris hissəsi"ni "Tədrisin idarə olunması və təhsil texnologiyaları mərkəzi", "Kadrlar şöbəsi"ni funksiya və səlahiyyətləri genişləndirilmiş "İnsan resursları şöbəsi" ilə əvəzlədi və strukturun formalaşdırılması ilkin olaraq onu göstərdi ki, bu sadəcə adların yenilənməsi deyil, ümumi təlim işinin yenilənməsidir. Hər gün akt zallarında olan canlanmalar, konfransların təşkili, Bakı şəhər məktəblərinin qabaqcıl müəllimlərinin iştirakı ilə aparılan "Ustad dərsləri", beynəlxalq əlaqələrin sürətləndirilməsi, ənənəvi kadr seçimindən imtina ilə alternativ işə qəbul sisteminin yaradılması islahatların davamlı olacağından xəbər verir.
Danmayaq ki, əvvəllər bir qayda olaraq professor - müəllim heyətinin seçkisi formal xarakter daşıyıb, alternativliyə, rəqabətə şərait yaradılmadan seçkilər keçirilib. Öz yerinə seçiləcəyinə əminlik, bir sıra müəllimlərdə belə bir qənaət formalaşdırıb ki, mən üzərimdə ciddi işlədim-işləmədim, onsuz da, yerimə seçiləcəyəm.
Bu il tamamilə başqa bir istiqamət götürüldü, seçkidə alternativsizliyə son qoyuldu. Sağlam rəqabəti formalaşdırmaqla tədris prosesinin təkmilləşdirilməsinə nail olmaq və rəqabətə meyilli qaliblərin vasitəsilə obyektiv təhsil mühitinin yaradılması ADPU-da əsas məqsəd elan edildi. Kiçik narazılıq və etirazlar olacağını da istisna etmədən, şəxsən mən ehtimal edirəm ki, intellekti, savadı, pedaqoji ustalığı, elmi potensialı güclü olanlar bu rəqabətdən şəffaf və demokratik yolla qalib çıxsa, nisbətən zəif rəqiblər də müsabiqədən keçməməsi ilə barışacaq və öz üzərində çalışmaqla yeni müsabiqələrə hazırlaşacaqlar.
Builki müsabiqənin bir özəlliyi də ondadır ki, müsabiqəyə vəzifələr yox, fənlər çıxarılıb və 114 vakant yerə (150 nəfər də kənardan olmaqla) 500 nəfər sənəd verib ki, bunlardan da 230 nəfərin elmi dərəcəsi vardır.
Müsabiqə qaydalarına uyğun olaraq ADPU-nun Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin ümumi nəzarəti altında açıq dərslər keçilir və həmin dərslərdə fakültə tədris-metodika şuralarının, mütəxəssislərin iştirakı ilə çəkilişlər aparılır. Sonra həmin çəkilişlər mütəxəssislər tərəfindən müzakirə edilir, əvvəlcədən razılaşdırılmış 31 nominasiyaya müvafiq qiymətləndirmədən sonra kafedralar həm dərsə verilən qiyməti, həm də müsabiqədə iştirak edənin digər nailiyyətlərini müzakirə edir və gizli səsvermə yolu ilə müvafiq qərar çıxarıb fakültə Elmi Şurasına təqdim edirlər. Fakültə Elmi Şurası kafedranın seçki yolu ilə qəbul etdiyi qərarlara münasibət bildirərək qalibləri elan edir və rektorluq qarşısında müvafiq fənləri 5 il müddətində tədris etmələri üçün seçki qalibləri ilə əmək müqaviləsi bağlanması barədə vəsatət qaldırır. Mübahisəli vəziyyət yaranarsa, universitet Elmi Şurasında aparılan müzakirələrdən sonra yekun qərar verilir. Elmi Şuranın qərarı ilə qalib şəxslərlə müvafiq fənləri tədris etmələri üçün 5 il müddətinə əmək müqaviləsi imzalanır.
Müsabiqədə iştirak edən keçmiş tələbə və magistrlərlə söhbətlər, kənardan müsabiqə üçün sənəd verənlərin rəyləri onu deməyə əsas verir ki, universitetin rektoru Cəfər Cəfərov bütün məsuliyyət və marağı ilə çalışır ki, qabiliyyəti, bacarığı, peşəkarlığı olanlar seçilsin.
İlk rəqabətli seçim olduğu üçün müəyyən narazılıq və çatışmazlıqların da olacağı təbii qarşılanmalıdır. Mənim bir ziyalı, bir müəllim kimi müşahidələrim, seçim dərslərində gördüklərim, kafedramızda olan ab-hava, rektorumuzun tələbələrlə, işçilərlə səmimi rəftarı, dialoqlardan çəkinməməyi onu deməyə əsas verir ki, müsabiqədə aydınlıq, şəffaflıq, obyektivlik gözləniləcək və haqqı olanlar müsabiqəni qazanacaqlar.
Arzu edirəm ki, professor Cəfər Cəfərovun başçılığı, kollektivin ümumi səyi və işgüzarlığı ilə ADPU yaxın beş ildə MDB məkanının, on ildə isə Avropa məkanının reytinqli təhsil ocaqlarından birinə çevrilsin!



Adil Balıyev
Azərbaycan dili və onun tədrisi
metodikası kafedrasının
baş müəllimi