Məhəbbət – hələ də tam
dəqiqliyi ilə açılmayan qapalı bir sirdir. Əslində dünya elə məhəbbət üzərində
bərqərar olub. Dahi şair Məhəmməd Füzuli "Eşqsiz ey dünya nədir dəyərin?” söyləyərkən
elə buna işarə etmişdir.
Dünya ədəbiyyatında bəşəriyyətin
yaddaşında iz qoymuş, onlarca məhəbbət romanları var. Adalet.az seçmə məhəbbət
romanlarını təqdim edir:
Viktor Hüqo "Paris Notr-Dam kilsəsi” – Sevginin gözü kor olur
Dünya ədəbiyyatının ən məşhur əsərlərindən olan "Paris Notr-Dam kilsəsi" romanında çoxdan unudulmuş dövrün tarixi təsviri ilə yanaşı, insanın azadfikirliliyi və mənəvi müstəqilliyi konsepsiyası Fransadakı cari hadisələrlə əlaqələndirilir. Yazıçı təsvir etdiyi dövrün əlamətlərini romanın bir-biri ilə təzad təşkil edən əsas qəhrəmanlarının - Esmeraldanın, Kvazimodonun və Klod Frollonun xarakterlərində və talelərində təcəssüm etdirmişdi.
Marqaret Mitçel
"Küləklə sovrulanlar” - Sevmək üçün haqlı olmaq vacib deyil!
Roman güclü, gözəl, incə, cazibədar və cəsarətli bir qadının
həyat hekayəsi barədədir. Onun uşaq səmimiliyi və həyat eşqi istənilən
qadağalarla bəhsə girə bilər. Əsərin qəhrəmanı Skarlet çox şıltaq və çılğın bir
qızdır.
O, Eşlini qarşılıqsız olaraq sevdiyi halda, onu həqiqətən sevən
Ret Batlerin sevgisini görmür və ondan sadəcə olaraq istifadə edir. Skarlet
nümunəvi qız olmasa da, Ret onu olduğu kimi sevir. Amma bu gözəl qadına laqeyd
yanaşmaq mümkün deyil. Əsərdəki hadisələr çılğın sevgi və nifrətin fonunda baş
verir.
Frensis Skott Fitscerald. "Böyük Qetsbi" - Məhəbbət dözümlüdür!
Amerikan yazıçısı Skot Fitsceraldın "Böyük Qetsbi”si caz əsrinin
ən məşhur əsərlərindən biri hesab olunur. Roman 1925ci ildə, yazıçı Parisdə
yaşayarkən işıq üzü görüb. Roman Böyük Qetsbinin böyük xülyaları, sevgisi və tənhalığı
haqqındadır. "Böyük Qetsbi” yüksəklərə qalxan, hakimiyyət və vardövlətin xoşbəxtlik
gətirəcəyinə ürəkdən inanan və ən böyük arzusunun gerçəkləşməsinin bir
addımlığında olan güclü bir insanın həyat hekayəsidir. Bütün bunlara nail
olmaqda onu bir qadına olan sevgisi ilhamlandırıb. Böyük Qetsbinin aşiq olduğu
qadın Deyzi onun sevgisinə layiq ola bilmir, amma o, faciəli finala qədər öz məhəbbətinə
sadiq qalır.
Rəşad Nuri Güntəkin "Çalıquşu" - Məhəbbət
inkişaf edir
Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin və məşəqqətli
həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl
türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsa
da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandan
qaçmaqda görür. Lakin bu məhəbbət onunla birlikdə böyüyür, nəticədə, qız qüruru
ilə barışmağı öyrənir. Roman hər kəsə sədaqət dərsi öyrədir. Orta fransız dini
məktəbini yenicə bitirmiş bir qızın dilindən, gündəliyi şəklində verilmiş bu
roman Azərbaycanda ən çox sevilən əsərlərdən biridir.
Şoderlo De Laklo "Təhlükəli əlaqələr" - Sevgi ilə zarafat etmirlər
Vikont de Valmon aşiq olduğu dindar xanım de Turvelin məhəbbətini
qazanmaq üçün qəddarlığa və hiyləgərliyə əl atır. Bu, ona məqsədinə nail olmağa
imkan verir, lakin o, sınaqlardan üzüağ çıxmır.
Ceyn Ostin "Qürur və qərəz" - Məhəbbət
özümüzü kəşf etməyə imkan verir
"Qürur və qərəz” ingilis yazıçısı Ceyn Ostinin ən məşhur əsəridir.
Əsər yoxsul, xaraktercə qürurlu qadının həyatından
bəhs edir. Kişi hisslərinin səmimiyyətinə inanmayan qadın qərəzi əsərin əsas
mövzusunu təşkil edir. Kitabın qəhrəmanı hissləri və əqidə məngənəsi arasında
qalıb. Üstəlik, cəmiyyət onu sıxır. Belə təzyiqlərə yalnız güclü insan qalib gələ
bilər. Nəticədə, hər kəs qəhrəmanın qələbəsi ilə razılaşmağa məcbur olur. Yeri
gəlmişkən, qeyd edək ki, bu əsər Azərbaycanda ən çox satılan əsərlərdən
biridir.
Elizabet Gilbert "Ye, dua et, sev” - Sevgi
siz ona hazır olanda gəlir
"Ye, dua et, sev” kitabı Elizabet Gilberti məşhurlaşdıran əsərdir.
Bu kitab qəhrəmanın çətin boşanma mərhələsindən sonra uzun bir səyahətə
çıxmasından bəhs edir. Elizabet Gilbert hər şeydən imtina edəndə özünə yeni eşq
tapır. Bunun üçün xeyli cəsarət və səbir tələb olunur. Əsər qısa zaman ərzində,
otuzdan artıq dilə tərcümə olunaraq beynəlxalq bestellerə çevrilib. Kitab müəllifi
o qədər məşhurlaşdırıb ki, 2008-ci ildə keçirilən ümumi sorğulara əsasən, o,
dünyanın ən nüfuzlu yüz adamından biri seçilib. Bu kitabı adi oxuculardan
tutmuş, senatorlar, prezidentlər, yazıçı və məşhur aktyorlar da oxuyub.
Frederik Beqbeder "Məhəbbət üç il yaşayır” - Sevgi düşünməyə məcbur edir
Alimlər hər zaman məhəbbətə müəyyən ömür biçir. Bəziləri 2 il
68 gün, bəziləri 3 il, bəziləri isə sonsuz olduğunu deyir. Romanın baş qəhrəmanı
kübar həyatdan yazan jurnalist Mark Marronye isə əmindir ki, məhəbbət üç il
yaşayır. O, iddia edir ki, əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və
dostcasına sevir və nəhayət, bir-birinə darıxdırıcı olurlar. Romanın birinci
hissəsində təsvir olunan belə baxışların səbəbi həyat yoldaşının ona qarşı
laqeydliyidir. Evliliyinin üçüncü ilində Anna az qala onda ikrah hissi oyatmağa
başlayır, o isə başqa bir qadına - Alisaya dəlicəsinə vurulur. Alisa da onu
sevir, lakin başqası ilə yaşadığına görə, Markla gizlincə görüşür. O isə öz
növbəsində, məhəbbətin üç ildən sonra bitəcəyinə və ayrılacaqlarına tamamilə əmindir.
Romanın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki, birlikdədir
və o, birgə həyatlarının üçilliyini qorxu içində gözləsə də, məhəbbəti əvvəlki
kimi güclüdür.
Şarlotta Bronte
"Ceyn Eyr” - Sevgi insanı mətinləşdirir...
Əsərin baş qəhrəmanı Ceyn Eyr yetim, kasıb bir qız olmasına rəğmən,
çox qürurlu və müstəqil insandır. O, Roçester malikanəsinə ev sahibinin qızına
müəllimlik etməyə qəbul olunur. Elə ondan sonra Ceyn Eyr və mister
Roçesterin arasında məhəbbət yaranır. Onlar evlənməyə hazırlaşır. Lakin toy
günü elə bir sirr açılır ki, Ceyn Eyr malikanəni tərk edib, mister Roçesteri
unutmağa çalışır. Lakin əsl məhəbbət heç vaxt unudulmur. Bir-birindən uzaq məsafədə
yaşasalar da, onlar bir-birlərinin qəlbinin səsini eşidir. Əsər əsl sevgi, sədaqət
haqqında yazılmış ən gözəl romanlardan biridir.
Sesilya Ahern - "P.S. Səni sevirəm”
Avropada məhəbbət romanlarının ulduzu kimi tanınan
irlandiyalı yazıçının debüt əsəri bestsellerlər siyahısındadır. Romanın qəhrəmanları
Cerri və Hollini ölüm ayırır. Əsərin əsas mövzusunu da əri Cerrini itirən otuz
yaşlı Hollinin yaşadığı ağır günlərindən bəhs edir. Elə bu vaxt poçtla
sağlığında həyat yoldaşının ona yazdığı məktubları alır. İndi bu məktublar onu
Cerri ilə bağlayan yeganə tellərdir. Ancaq iki şərti gözləmək zəruridir: on iki
məktubun hərəsi bir ayda açılmalı və içindəki tapşırıqlara mütləq əməl
olunmalıdır.
Erix Mariya Remark "Üç yoldaş" - Sevgi
yaşadır
"Üç yoldaşda” müharibədən sağ çıxmış, yeni, dinc həyata
başlayan gənclərin cəmiyyətlə daimi konfliktləri ön plana çəkilir. Müharibədən
qayıtmış əsərin əsas qəhrəmanı Robert hər şeyə marağını itirib, həyata laqeyd və
qeyri-ciddi yanaşır. Robbi bir az utancaq, çəkingən, insanlara dəyər verən
tipdir. Robbinin Patrisiya ilə olan sevgisi onu həyata yenidən bağlayıb
yaşadığı hər anı qiymətləndirməyə, ən əsası, əbədi sevginin varlığına inandıra
bilir. Robbi ölümcül xəstə olan qızı qorumaq, onu yaşatmaq üçün əlindən gələni
edir. Əsl kişinin edə biləcəyi bütün fədakarlıqları edir. Bu yolda vəfalı
yoldaşları da ona yardımçı olur.
Nikolas Sparks "Yaddaş gündəliyi” - Sevgi
ölmür
Nyu və Elli iki müxtəlif sosial təbəqədən olduğu üçün
valideynləri onları ayırmağa çalışır və buna nail olur. Lakin onların heç biri
birlikdə keçirdikləri xoşbəxt anları unuda bilmir.
Artur Qolden "Geyşanın memuarları” - Sevgi
zərifdir
Əsər XX əsrin ən tanınmış geyşalarından biri Nitta Sayurinin
həyat hekayəsi əhatə edir. Hətta siz məhəbbət romanlarının pərəstişkarı
deyilsinizsə və ümumiyyətlə, ilk baxışdan məhəbbətə inanmırsınızsa belə,
"Gündoğan ölkə”nin özünəməxsus mühitinə daxil olmaqdan və kənar şəxslər üçün
qapalı, gizli bir cəmiyyəti daxildən tanımaqdan inanılmaz həzz alacaqsınız.
Roman yalnız kişilərə məxsus olan tam başqa bir aləmə, başqa bir dünyaya açılan
qapıdır. Bu aləmdə qadınlar heç vaxt düşündüklərini deyil, yalnız onlardan gözlənilənləri
və tələb olunanları deyirlər…
Fransuza Saqan "Salam, kədər” - Sevgi böyüməyə
kömək edir
Əsərdə həyatın bütün əyləncələrindən dadmaq istəyən ərköyün
qızdan danışılır. Anasını çox erkən yaşlarında itirən Sesil uzun müddət
monastır pansionunda təhsil alır. Arvadbaz atasının yanına qayıtdıqdan sonra
heç bir qaydaqanuna sığmayan, məsuliyyətsiz həyat tərzi keçirməyə başlayır.
Ancaq bir gün onların həyatına Anna daxil olur. Lakin Sesil anasının rəfiqəsi
olan bu qadını heç bir halda qəbul edə bilmir. Buna səbəb atasının Anna ilə evlənmək
fikrinə düşməsidir. O, belə hesab edir ki, atası Anna ilə evlənsə, daha onu əvvəl
kimi sevməyəcək və diqqət ayırmayacaq. Onların toyuna mane olmaq üçün Sesil
planlar qurmağa başlayır. Əsər Annanın ölümü ilə sona çatır.
Jorj Sand "Konsuelo” - Sevgi azaddır
"Konsuelo” romanındakı hadisələr XVIII əsrin ortalarına təsadüf
edir. Bu əsər o dövrün təhlükə və həqiqi ehtirasla bol olan atmosferinə baş
vurmaq üçün əla imkandır. "Konsuelo” fransız yazıçısı Jorj Sandın ən tanınmış və
ən məşhur əsərlərindəndir. Konsuelonun şəfqəti bütün maneələri aradan qaldırır,
çünki onun məhəbbəti təmənnasızdır. Qınamaq və qəzəb onun tərzi deyil, insanı
incitmək ona xas olmayan şeylərdir. Ona görə də, Konsuelonun hissi onun mənəvi
dünyasını pozmur və başqalarına ağrı vermir.