adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 May 2017 18:40
75896
GÜNDƏM
A- A+

Bolqarıstanlı prokurorlar Bakıya gəlib - Foto

Azərbaycanla Bolqarıstan Baş Prokurorluqları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iki ölkənin prokurorluq orqanlarının hüquqi əməkdaşlığın və işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mayın 23-də Bolqarıstan Respublikası Baş prokurorunun müavinləri Penka Boqdanova və Marya Şişkovanın rəhbərlik etdikləri nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Fəxri xiyabana gələrək, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb.

Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzərək "Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Baş prokuror qonaqlara həm inzibati, həm də vətəndaş-məmur təmas nöqtələrinin minimuma endirilməsinə yönələn qabaqlayıcı tədbirlər, o cümlədən Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından qurumun ciddi nailiyyətlər əldə etdiyini bildirib.

Qonaqlar Azərbaycana səfərdən məmnunluqlarını ifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında uğurla inkişaf etdiyini qeyd edərək, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə töhfə vermiş Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakını yüksək qiymətləndirməklə bir daha Bolqarıstan hökuməti, eyni zamanda təmsil etdikləri qurumun adından öz minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.

Səmimi sözlərə görə qonaqlara təşəkkürünü bildirən Baş prokuror ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun istər ölkədaxili, istərsə də digər ölkələrdə müxtəlif sosial-mədəni təşəbbüslərlə çıxış etdiyini, geniş miqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulanıb. Görüşdə həmçinin qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Qonaqlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasına gələrək burada normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, 161 saylı "Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.

Daha sonra Bolqarıstan nümayəndə heyətinin üzvləri Ədliyyə Nazirliyində qurumun rəhbər heyəti ilə görüşüblər. Görüşdə Azərbaycan və Bolqarıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanmış, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar barədə faydalı fikir mübadiləsi aparılıb. Qonaqlar Ədliyyə Nazirliyinin inzibati binası və tarix muzeyi ilə tanış olublar.

Nümayəndə heyəti, həmçinin Ali Məhkəmədə olmuş, görüşdə qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duran vəzifələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Səfər zamanı 5 saylı "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan qonaqlara mərkəzlərin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində qonaqlar ölkəmizin regionlarında hüquq mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları üçün yaradılmış şəraitlə tanış olacaqlar.