adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2017 17:15
80653
LAYİHƏ
A- A+

O əsl qəhrəman idi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Həsən 1942-ci ilin 22 fevralında bu kənddə dünyaya göz açdı. Atası Qardaş oğlu olması xəbərini Stalinqrad cəbhəsində eşitdi. Qanlı-qadalı müharibə sovet xalqlarının ədalətli qələbəsilə nəticələndi. Ata cəbhədən qayıtdı.
Ağır illər idi. Müharibə xalq təsərrüfatını tamamilə dağıtmışdı. Böyüklü-kiçikli hamı onun bərpası üçün fədakarlıq göstərirdi. Həsən bu illərdə həm məktəbli, həm də əməkçi olur. Birinci sinif şagirdi yaşlı, təcrübəli əkinçiləri belə öz cəldliyi, cüt sürməyi ilə heyran qoyur. Səkkiz yaşında o, yüz əmək günündən çox qazanır.
1950-ci ildə ailə Bakıya, Böyük Şor qəsəbəsinə köçür. Həsən bir müddət Keşlə rayonu 201 nömrəli məktəbdə oxuyur. 1957-ci ildə atasının Kirov (indiki M.Ə.Rəsulzadə) qəsəbəsində işləməsi ilə əlaqədar olaraq ailə də oraya köçür. Həsən yeddiillik təhsilini 1958-ci ildə 99 nömrəli məktəbdə bitirir.
Müharibə illəri ailədə tez-tez xatırlanan bir mövzu idi. Axı keçən günlər heç vaxt unudulmur. Ata və ana öz uşaqlarını əməksevər, vətənə sadiq, namuslu övlad kimi böyütmək istəyirdi. Kiçik Həsən hər bir əhvalatı yadında saxlamağa çalışırdı. Xüsusən Sevastopolun müdafiəsindən söhbət gedəndə almanların "dəmir yumruq"da Qara dəniz matroslarından necə qorxduqlarını dönə-dönə danışdırardı. Məhz bu xatirələr onda dənizçi olmaq arzusu oyadır. 1958-ci ildə Həsən Bakı Dənizçilik məktəbinə daxil olur. Dərslərini əla oxuyur, nizam-intizamı ilə seçilir.
Məktəbin rəhbərliyi adından qrupun rəhbəri Xudadovun Həsənin valideynlərinə göndərdiyi məktubda oxuyuruq: "Məktəb və mən ölkəmizdə belə namuslu oğulların daha da çox olmasını arzu edərdik. Belə oğul böyütdüyünüz üçün sizə təşəkkür edirəm".
Həsən təkcə oxumaqla kifayətlənmirdi. İdmanın müxtəlif növləri - boks, ağırlıqqaldırma, güləşlə də məşğul olurdu. O, incəsənəti də çox sevirdi. Rəsm, heykəllər, səhnə əsərləri barədə fikir yürüdər, əks olunmuş ideyanı açmağa çalışar, məziyyətlərindən bəhs edər, hərdən özü də şəkil çəkərdi.
Həsən tara yaman vurulmuşdu: "Tar xalqımın tarixi vicdan səsidir", "Tar ürəkdən tellərə axan, pərdələrdə coşan şəlalədir", - deyərdi.
Mizrab simlərdə gəzər, Cavanşirlərin, Babəklərin nərəsi eşidilərdi. Ata dinləyər, gözləri önündən müxtəlif müharibə pərdələri keçərdi. Həsən Koroğludan, Qaçaq Nəbidən çalar, özü də sanki onlarla döyüşə gedər, düşmənlə çarpışar, qalib gələrdi. Gah da tarın pərdələrindən axan təranələr onu Vətənin qalın, sıx, yamyaşıl meşələrinə, ləpələri qırçın-qırçın Xəzərin mavi sinəsinə, gah da zirvəsi qarlı-dumanlı dağların qoynuna aparardı.
Həsən çoxlu kitab oxuyardı. Hər kitabı oxuyandan sonra cib dəftərçəsinə öz fikrini qeyd edər, xoşuna gələn cümlələri səliqə ilə köçürərdi. Onun masaüstü kitabları bunlar idi: "Aşıq Ələsgər", "Koroğlu", "Qaçaq Nəbi", "Polad necə bərkidi", "Gənc qvardiya", "Ulduzlar sönmür". Həsən özündə bu qəhrəmanlar kimi mətin, iradə, dönməzlik, nəciblik, qayğıkeşlik, vətənə məhəbbət kimi hisslər tərbiyə edirdi.
On səkkiz yaşlı Həsənin cib dəftərçəsini oxuduqca özünü vətəninə, elinə, obasına, ailəsinə, bir sözlə cəmiyyətə xeyirli, əsl azərbaycanlı mentalitetinə malik vətəndaş kimi tərbiyə etmək istəyən və bu cür də yaşamaq istəyən bir gəncin əqidə və amalını alqışlayır, onunla fəxr edirsən:
"Avam və nadan qalma, özünə sənət və elm qazan, tənbəllikdən və bekarçılıqdan əl çək, ağıllı və tərbiyəli ol, hər bir işi gördükdə əvvəlcə yaxşı düşün, sonra o işə başla. Axmaq və sadəlövh olma, pis əməllər dalınca getmə, fırıldaqçı adamlardan uzaqlaş, xeyirxah ol, ehtiyac içində olan və darda qalanlara kömək əlini uzat, dostluq və yoldaşlıqda möhkəm ol, aciz və qorxaq olma, məclisdə ədəblə danış, yalan danışma, alicənablığı özünə şüar et!"
Qəhrəman doğulmurlar, qəhrəman olurlar. Bunun üçün məqsəd aydınlığı, əqidə möhkəmliyi lazımdır. O, fərdi xoşbəxtliyi düşünməyi eqoizm hesab edirdi. Yaşadığı cəmiyyətdə başqasının da qayğısına qalmaq, əl tutmaq, dərdinə dərman olmaq elə Həsən üçün yaşamaq demək idi. Bu keyfiyyət zaman-zaman onu əhatə edən əsl Azərbaycan mənəvi aləminin qəlbindəki əks-sədası idi. Həsən qardaşı Məcidə məktubunda yazırdı: "O insan ki, fikir etmir, başqaları üçün fikir etmirsə, demək o, insan deyil, sadəcə heyvandır".
Həsən yaşa dolduqca həyatın nəbzini daha yaxşı tutur, atdığı addımların məsuliyyətini dərk edirdi. Cib dəftərçəsində oxuyuruq: "İnsan öz hərəkətini təhlil etməlidir." Onun qısa həyatına nəzər saldıqda hər bir addımının şüurlu, düzgün olduğunu görürük. Xoşbəxtlik insana birdən-birə, tələsməklə gəlmir. Onun üçün mübarizə lazımdır. Yuxusuz gecələr, elmin dərinliklərinə enmək, sənətin sirlərini öyrənmək, hər əzaba qatlaşmaq lazımdır. Həsən yazırdı: "Xoşbəxtlik tez də ola bilər, gec də. Birinə bu xoşbəxtlik asan olur, o birinə çətin. İnsan həyata daim hücumçu olmalıdır". Bəzən şəxs öz xarakterindəki zəifliklə qarşılaşır. Bu qüsuru yalnız qələbəyə inam aradan qaldıra bilər. Həsən məqsəd uğrunda mübarizədə inamla iradənin rolu barədə deyirdi: "Xoşbəxtlik o adama gəlir ki, o, mübarizə edir və öz qələbəsinə inanır. İnsan öz iradəsi ilə zəif xasiyyətini ləğv etməyə qadirdir".
Bəli, Həsən mübarizə edirdi. Öz arsuzu üçün, öz məqsədi üçün, dənizçi sənətinin incəliklərini öyrənmək üçün. O, 1959-cu ildə təhsilini əla qiymətlərlə başa vurur. Məktəb tərəfindən Xəzər dənizneft donanması idarəsinə təqdim edilmək üçün verilmiş istehsalat xasiyyətnaməsində oxuyuruq: "Əla oxumağa və nizam-intizama görə təşəkkür və fəxri fərman almışdır. Məktəbin rəy kitabına qeyd edilmişdir". Həsən iş yerində əməksevərliyi, vəzifəsinin öhdəsindən əla gəlməsi ilə seçilir. Qısa müddətdə kollektivin sevimlisi olur.
1961-ci ildə təhsilini artırmaq üçün SSRİ Dəniz Donanması Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbinin mexanika şöbəsinə daxil olur. Təcrübəli matros burada da seçilir, fəal ictimai iş aparır. Onu komsomol təşkilatının katibi seçirlər. Həsən Xəzər hövzəsi elmi-texniki cəmiyyətinin üzvü olur. O, OADKYC nəzdində həvəskar sürücülər kursunu bitirir. Bu zaman Həsəngilin ailəsi böyümüş, doqquz nəfər olmuşdu. Ata-anaya kömək lazım idi. 1963-cü il yanvarın 1-dən XXI qurultay adına gəmi təmiri zavodunda çilingər işləməyə başlayır.
Tezliklə ordu sıralarına çağırılır. İki il xidməti ərzində 30 təşəkkür və müxtəlif təltiflər xidmət vərəqəsində öz əksini tapır. Bunların hər biri bir qəhrəmanlıqdan xəbər verir. Qara Dəniz Hərbi Donanmasının orqanı "Flaq rodinı" qəzeti onun haqqında yazılar dərc edir. Vzvodda gənclər onu komsomol təşkilatının katibi seçirlər. Bir ildən sonra "Sovet ordusu əlaçısı" döş nişanına layiq görülür. O, artıq öz işinin ustası kimi tanınır. Sevastopol Vilayət İcraiyyə Komitəsi tərəfindən "Smena 2" fotoaparatı və albomla mükafatlandırılır. Qırmızı bayraqlı Qara dəniz Hərbi Komandanlığı Həsənin valideynlərinə məktubunda yazır: "QDK Dəniz Donanması komandanlığı və siyasi şöbəsi sizə belə mətin, dəyanətli, anda sadiq hərbi dənizçi-oğlunuz Həsənin tərbiyəsinə görə dərin minnətdarlığını bildirir". Bu adamlar müharibənin odunu, alovunu görənlər idi. Onlar belə qorxmaz övladların estafeti qəbul etdiyinə görə fəxr edirdilər...

(ardı gələn sayımızda)
Nemət BƏXTİYAR
AJB-nin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ