Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Rəşad Məcid: “...Adam özünü o mediaya rəva görmür” Adalet.az | Rəşad Məcid: “...Adam özünü o mediaya rəva görmür” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Rəşad Məcid: “...Adam özünü o mediaya rəva görmür”

“Əfv komissiyasının ən qəddar üzvü Zakir Qaralovdur”

27978    |   2017-05-20 19:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə söhbətimizin birinci hissəsi daha çox ədəbiyyata həsr olundu. Türkiyədə nəşr olunmuş şeirlər kitabı, şeirin gücü, poeziyanın insan həyatında rolu. Amma biz onunla həm də baş redaktor, Mətbuat Şurası İdarə Heyətinin, Əfv Komissiyasının üzvü kimi də danışmağa üstünlük verdik. Ən azı gündəmdə "qaynayan” mövzulara görə. Bu səbəbdən də söhbətə ədəbiyyatdan başlayıb, daha sonra gündəmi əhatə etməyə çalışdıq.


- "10 sentyabr” hekayənizlə bağlı belə bir fikrinizi oxumuşdum ki, "mən bu hekayəni yazmaqla düşünürdüm ki, Amerikanın İraqa qarşı hücumunun qarşısını alaram”... Çox iddialı bir fikirdir...


- Orda həqiqətən belə inamım var idi. O vaxt Amerikanın İraqa hücumu ərəfəsi idi. O vaxt da mən Amerikaya etirazımı məhz həmin formada bildirməyə çalışırdım. Sözün gücünə o cür inandığım vaxtlar olub. İndi də fikirləşirəm ki, dünyada sözün gücündən üstün heç nə yoxdur. Amma bu ovqat həmişə insanda olmur ki. Bəzən söz daş kimi divara dəyib, yerə düşür, adam da pessimistləşir. Yazıçılar üçün bu, dəhşətli hissdir. Mən yenə də jurnalistika ilə məşğulam. Söz demək üçün əlavə vasitələr tapıram, çıxış edirəm. Amma yazıçı dəyərli bir esse, hekayə, əsər yaradır. Heç bir reaksiya görməyəndə ürəyi partlayır, düşür depressiyaya. O istəyir ki, heç olmasa səsini eşitsinlər. Aqil Abbas deyir ki, heç olmasa yazımı oxuyun da.

- Bəs bu yeni kitablarınızla bağlı iddialarınız nədir? Rəşad Məcid türk dilindəki şeirlər kitabı ilə... nələr edə bilər?

- Şeirlər məndə konkretdir. Hər bir şeirin öz missiyası var.


- Tamam, amma toplu, yəni kitab halında onun missiyası daha fərqlidir axı...

- O kitabda mənim 17-18 yaşında yazdığım şeirlər var. Biri belə idi: "Kimsəsiz ev eyvanından bəlli. Qəlbimdə boş otaqların qulaq tutulan səssizliyi. Üzümdən bəlli sevmədiyim”. Mən indi 53 yaşında da o cür xarakterdəyəm. Özüm də heyrət edirəm ki, necə olur, 17 yaşımda bunu yazmışamsa, indi də o cür düşünürəm? Gənc bəstəkar Aysel Kərim mənim iki şeirimə mahnı bəstələyib. Mahnılardan birində belə deyilir ki, "gülüşümlə həyatını isidəcəm şüa kimi. Nəfəsimi kürəyində duyacaqsan dua kimi”. Mən doğrudan hesab edirəm ki, yaradıcı adam üçün sevgi məhz budur. Daima nəfəsində, kürəyində dua kimi hiss etmək, üzündə-gözündə işartı olmaqdır.

- Bu arada sizin şeirlərinizə də maraqlı və hitə çevrilmiş mahnılar yazılıb...

"Hərdən fikirləşirəm ki, indi 20 yaşım olardı. Nə aləmi bir-birinə qatar, oyunlar çıxarardım”

- Xumar Qədimovanın oxuduğu və uğur qazandığı mahnı var. Mən heç gözləməzdim ki, Xumar xanım mənim şeirlərimin içindən bunu seçib, oxuyacaq. O şeir elə də standart ölçülərdə yazılıb. Düşünmürdüm ki, ona mahnı yazılar. Ona musiqi bəstələndi, məni də çağırdı, oxudu. Xumar xanım həm də mənim dostumdur. Orda belə bir söz var ki, "Bir də gəlməyəcək sənin tək qadın. Nə mənim dünyama, nə bu dünyaya...” Xumar xanım orda məndən soruşdu ki, olar mən bu sözləri "Bir də gəlməyəcək mənim tək qadın. Nə sənin dünyana, nə bu dünyaya” deyə oxuyum? Dedim, təbii ki, olar. O şeiri oxuyan nə qədər qadın deyirdi ki, bu şeir mənə yazılıb.

- Necə yəni?

- Qadınların hikkəsi var da. Yəni ki, "bir də gəlməyəcək mənim tək qadın...” sözlərini hər bir qadın özünə demək istəyir. Xeyli qadınlar ona qulaq asıb, özünü düşünürlər. Şeirin gücü də budur də. İnsanlara o ruhu, qanadlanmanı verməkdir. O şeir insanları depressiyadan, intihardan, stresdən qurtara bilər. Şeirin gücündən üstün güc yoxdur. O qədər ziyalı, tanınmış, həkim qadınlar görmüşəm ki, şeirdən, musiqidən güc alırlar və bunu da deyirlər.

- Son illər sanki redaktor Rəşad Məcidi "itirmişik”, şair Rəşad Məcidin rolu və çəkisi artıb.

- Bəli, elədir. Daha çox ədəbiyyata vaxt ayırmağa, ədəbiyyatla məşğul olmağa özüm də maraqlıyam. Amma media da mənim taleyim, işimdir. Ola bilsin ki, mətbuatın indiki vəziyyəti ilə 15 il öncəki vəziyyəti eyni deyil. Həddən artıq media orqanı yaranıb. Medianın nə olduğunu bilməyən çoxlu sayda insan media cameəsinə gəliblər, onlar da medianı bayağı və aşağı sort bir şeyə çevirirlər. Onlara görə insanlar bir xeyli dərəcədə mediadan uzaqlaşırlar. Bu mənada adam özünü o mediaya rəva görmür.

- Amma qəribə mənzərə yaranır. Həm mediada varsız, həm də özünüzü bu mediaya rəva görmürsüz...

- Mən öz qəzetimdə mümkün dərəcədə, klassik qəzetçilik ənənəsini saxlayıram. Sosial şəbəkənin, yüngül medianın yaydığı informasiyaları vermirəm. Mümkün dərəcədə ciddi mətbuat imicini qorumağa çalışıram.

- Rəqabətdə isə uduzursuz...

- Uduzuram. Amma heç olmasa bilirəm ki, Azərbaycanda 300-500 və ya 1000 nəfər səviyyəli adam "525-ci qəzet” haqqında elə sözlər deyirlər ki, o mənə güc-qüvvət verir. O biri şeyləri edə bilmirəm. Vaxtilə sənə verdiyim müsahibədə demişdim ki, "xarakterimdəki bir-iki məqamın üstündən xətt çəksəm, elə qəzet buraxaram ki, Azərbaycanda çaxnaşma düşər”. Onu indi də edə bilərəm. Düzdü, indi yaş keçib, həyata daha çılğın baxa bilmirsən, insanlarla münasibət daha ön plana keçib. İndi o sayt rəhbəri olan cavan redaktorlara - Elbrusa, Elşada, elə öz oğluma da deyirəm ki, nə mənim indi 20 yaşım olardı. Nə mən aləmi bir-birinə qatardım, oyunlar çıxarardım. Hətta sonra fikirləşirəm ki, mən özüm 20 yaşımda onlardan daha artığını edərdim. Bilirsən, yaş öz sözünü deyir. Ortada iddia var, sən istəyirsən ki, səni görsünlər. Qaynarsan, qaynayırsan. Ona görə də onlara da təbii baxırsan. Amma onu gətirib həddən artıq bayağı yerlərə çıxarmaq mətbuatı sanbaldan salır. 15-20 il qabaq mətbuatın qaldırdığı problemlər nə idi, indi nədir? Ona görə də indi mətbuatdan zövq ala bilmirsən. O zövqü başqa sahədən, ədəbiyyatdan çıxarmağa çalışırsan. İctimai işlər, tədbirlər də mənim həyatımın xeyli hissəsini alır. Ona görə də mən birdən ruh kimi yaşayıram. Eyni gündə, üç-dörd yerdə, ən müxtəlif tədbirlərdə olub, ən müxtəlif ovqatı yaşamaq, orda çıxış etmək... O enerji məndən həddən artıq gedir, yoruluram. Bəzən pessimist oluram. Burda mənimçün xilas səfərlərə getməkdir. Yeni insanlar, yeni ovqat insanı yaşadır.


- Mətbuatın qaynar xəbərlərindən danışdız. Amma indi də mətbuatın ən qaynar dönəmidir. Bu dəfə jurnalistlərin mənzil haqq-hesabına görə. Ötəndəfəki mənzil paylanması mərhələsi göstərdi ki, bizdə bu mərhələ çox gərgin, bir qədər də çirkin keçdi. Budəfəki mərhələdən nə gözləyirsiz?


"Oğlum jurnalistlərin binasından ev almaq üçün müraciət edəcək”

- Keçən dəfə bütün o aqressiyalar, evlə bağlı kimin hirsi var idisə, Rəşad Məcidin üstünə tökdülər. Orda 31 baş redaktora ev verildi. 3 otaqlı, 80 kvadratmetr sahəsi olan bir mənzil, özü də 156 mənzilin içində Rəşad Məcidə düşməli deyildi? Bəs mənim bu qədər Mətbuat Şurasında, mətbuatda fəaliyyətim? Açıq da deyirəm: 3 oğlum var, biznesim də yoxdur, mənə də ev lazımdır. Amma buna baxmayaraq, mənim üstümə də düşürlər. O ev alan 31 baş redaktorun üçünün-beşinin adını çəkə bilməzlər e. Heç birini də tanımırlar. Hanı bəs? O baş redaktorlara demədilər, amma Rəşad Məcidə dedilər?

- Sizcə niyə? Özünüzçün səbəbini bilirsiz?

- Bunu bəlkə də onunla izah edirlər ki, Rəşad Məcid göz önündədir. Mən də onlara bəzən hirslənirdim, cavab verirdim. Sosial şəbəkələrin elə vaxtı idi ki, öyrəşməmişdim. Ondan sonrakı dövrlərdə bir neçə dəfə məsələlərə daha sakit baxdım. Fikirləşirəm ki, insanlar emosionaldır. Hisslərini hansısa bir şəkildə çıxarmaq istəyirlər. Mən elə bilirəm ki, keçən evverilmə prosesi Rəşad Məcidin qeyri-adi, fərqli çıxışı paxılların üstümə düşməsinə səbəb oldu. Çox adam dedi ki, səni elə o çıxışına görə vurdular. Azərbaycanın nitq tarixində, Azərbaycanın dövlət başçılarının tarixində nadir hallarda o cür çıxış edən olub. Nə Sovet dövründə, nə şahlıq dövründə. O çıxışı indi də oxuyanda, dinləyəndə özümə təsir edir. Mən işimlə bağlı olaraq gənclərlə çox işləyirəm. Amma bu proses zamanı gənclərdən özümə o qədər aqressiya gördüm ki, özüm-özümdən duruxdum. Dedilər ki, o qədər evləri, bağları, torpaqları, maşınları... Hətta dostlardan biri, Vüsalə Mahirqızı dedi ki, bunların içində ən kasıbı elə Rəşad Məciddir. Məsələnin mahiyyəti isə o idi ki, bizim qəzetlərimiz güclü, imkanlı olsaydı, biz heç dövlətdən evi istəməzdik. Məsələn, "525-ci qəzet”in özü hər il ev tikib, öz işçilərinə verə bilərdi. Mənim 1998-ci ildə qəzetimin illik dövriyyəsi 700 min dollara yaxın idi. Mən düşünürdüm ki, 1999-cu ildə qəzetin dövriyyəsi 1 milyon dollara çatacaq. Elə o zaman mən özüm işçilərimə ev verəcəkdim də. Amma sonradan qəzetlər çökdü, problemlər yarandı. 1999-cu ildən bəri Azərbaycanda yazılı medianı necə saxlamağın yollarını düşünməyə başlamışıq. Ön sıralarda olanlardan biri də mən olmuşam. Hələ 1999-cu ildə redaktorların Heydər Əliyevlə görüşü zamanı da mən bu məsələni qabartdım. Jurnalistlərin ev problemi, eləcə də qəzetlərin maddi durumu mənim çıxışımın əsas mövzularından idi. Onu mən özüm üçün demirdim ki? 156 mənzilin cəmi birini mən almışam. Hər zaman da düşünmüşəm ki, Azərbaycan prezidentinin jurnalistlərə bu münasibəti böyük savabdır. Eyni zamanda da bu, xeyli dərəcədə jurnalistlərə qarşı qıcıq yaradır. Müəllim, həkim... deyir ki, jurnalistlərin nəyi məndən artıqdır? Onların arasında da istedadlı, haqq edən insanlar var axı...

- Bu dəfə durum daha kritik olacaq, ya daha asan? Hər halda 156 jurnalist artıq ev alıb, iddialıların sayı azalıb...

- (gülür) Dünən Əflatun Amaşov zəng edib ki, hardasan? Konsertdə, ya tədbirdə? Deyirəm, nə konsert e? Gəlmişəm saat 6-dan evə, başımı basdırıb yatmışam. Çünki gün ərzində mənə ev üçün müraciət edən adamlar - əksəriyyətinin də ev almağa haqqı çatmır - gəlirlər, problemlərini danışır, mənfi enerji ilə yükləyirlər adamı. Birinə, ikisinə... dözürsən, artığına dözə bilməyib, kənara çəkilirsən. Bu dəfə də komissiya yaradılıb. Vüqar Səfərli də ona rəhbərlik edir. Onun xarakterində sərtlik, birbaşalıq var. Əslində bu işdə onun bu xarakteri yarayacaq ki, burda bir xeyli dərəcədə o kriteriyalara uyğun adamlar olsun. Mən ikinci ev məsələsinin uzanmasına o gərginliyin gec baş tutacağına görə sevinirdim. Ən çox Əli Həsənov bu məsələnin gərginliyini keçirir, mən buna əminəm. İnsana nə qədər xahiş, müraciət edərlər?

- Bu dəfə siz müraciət edəcəksiz? Çünki ötən dəfə ev alandan sonra hirslə də müsahibənizdə demişdiz ki, "3 oğlum var, onların hər birinə görə ev alacam...”

- Bəli, hirsimdən demişdim. Amma indi mənim oğlum tanınan iki saytın rəhbəridir, illərdir mediadadır, adına da ev yoxdur. Müraciət etsə, edəcək də. Öz adından, öz media orqanlarının adından.

- Edəcəkmi?

"Orda 31 baş redaktora ev verildi; 3 otaqlı, 80 kvadratmetr sahəsi olan bir mənzil, özü də 156 mənzilin içində Rəşad Məcidə düşməli deyildi?”

- Yəqin ki, edəcək. Amma mən öz qəzetimdən bəzi jurnalistlərin adından müraciət edəcəm. Çünki onlar illərdir ki, mediadadır və ev problemi yaşayırlar. Bununla paralel elə jurnalistlər var ki, ev almağa haqları çatsa da, krtiteriyalara uyğun gəlmirlər. Onları necə edəsən? Buna görə elə bilirəm ki, bu komissiya o kriteriyalara uyğun sənədləri götürəcək, Prezident Administrasiyasında da onu yüksək səviyyədə qiymətləndirəcəklər. Amma inanıram ki, cənab prezident bu prosesə başlayıbsa, bunun davamı da gələcək. Azərbaycanda yəqin ki, evsiz jurnalist qalmayacaq.

- Rəşad bəy, o aldığınız evdə yaşayırsız?

- Mənim haqqında danışdığım redaktor oğlum ev alınan gündən orda yaşayır.

- Bu günlərdə daha bir aktual mövzu əfvlə bağlıdır. Üzvü olduğunuz Əfv Komissiyasında durum necədir? Bu günlərdə əfv gözlənirmi?

- O komissiyada məndən əvvəl şairlərdən Vaqif Səmədoğlu və Zəlimxan Yaqub olub. Bu ənənəni nəzərə alıb, ictimaiyyət nümayəndəsi kimi məni komissiyaya dəvət etmişdilər. Əslində mənimçün fərqli aura idi. İnsan taleləri, bu talelərə qərar verilməsi... çox ciddi prosesdir. İnsanların bəziləri də savadsızdı. Çoxu hesab edir ki, əgər Rəşad Məcid Əfv Komissiyasının üzvüdürsə, uşağı polisə düşən kimi, hətta məhkəmə olmamışdan onu xilas edə bilər? Amma əfvin xüsusi qaydası var. Bəzi cinayətlərdə cəza müddətinin 1/3 hissəsi keçməlidir ki, müraciət olunsun. Üstəlik müraciətdən sonra da orda müzakirələr gedir. Çox demokratik mühit var. Hüquq-mühafizə orqanlarının, Prezident Administrasiyasının rəhbərləri... Orda elə ab-hava olur ki, bəzən səsə qoyurlar. Biz istəyirik ki, ictimaiyyət tərəfdən daha çox humanist görünək. Orda ən qəddar adam Zakir Qaralovdur. Digər üzvlərin hamısında bir xeyli məqamda yumşaqlıq hiss olunur.

Görünür, o, ittihamçı kimidir. Ona görə də düşünür ki, biz orda kiminsə əfvini istəyiriksə, onun işinə qüsur tapan kimiyik. Mən onun bu məhkumlara, əfv üçün müraciət edənlərə qəddar münasibətinə təəccüb edirəm. Bəlkə də mən məsələlərə şair-jurnalist kimi baxdığım üçün onu anlamıram. Amma hər halda orda çox demokratik mühitdir. Millət vəkilləri, hüquq mühafizə orqanları rəhbərləri ilə bir aurada olmaq insana təcrübə də qazandırır. Düzdü, bu işin çətinliyi də var. Müraciət edənlərin heç də hamısını yardım etmək olmur. Bəzən qanunsuz tələblər olur.

Bu il yəqin ki, əfv olmayacaq. Gözlənilmir. Amma may üçün çatmaz. Bəlkə də ilin sonunda ola bilər.


İmza:Musavat.com

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK