adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 May 2017 10:14
13329
ƏDƏBİYYAT
A- A+

İFFƏT

Saat yeddi tamam idi. Sona gözlərini açdı. Yana çevrilib şirin yuxuda olan üç körpə balasına baxdı. Qışın soyuğundan donmuş divarlar bütün acığını üç körpədən alırdı. Uşaqlar üşüdüklərindən, bir-birilərinə sarılmışdılar ki, sanki gözü dönmüş soyuq divarlara və buz kimi sobaya meydan oxuyurdular. O, isə evdə olan cəmi bir yorğanla uşaqların üstünü bərk-bərk örtmüşdüg
Ayağa qalxmaq istədi, soyuqdan hər tərəfi tutulmuşdu. Birtəhər qalxıb mətbəxə keçdi. Dolabı açdı - boş idi, çörəkqabına baxdı - qurumuş bircə dilim çörək vardı. Artıq ağlamağa belə taqəti yox idi. Otağa qayıtdı, uşaqlar hələ yatırdı... Əynini geyindi, hər gün olduğu kimi, axşamdan araq qoxan bakallar, kirli boşqablar, kül qabları, iyrənc dəsmallar restoranda onu gözləyirdi. Əkbər yuxudan qalxdı:
-Ana, işə gedirsən? - Uşaq yuxulu soruşdu.
-Hə, balam, bacılarından muğayat ol. - Kədərli səslə dilləndi.
-Ana, dünən müəllimə dedi ki, dərsə formasız gəlmə. - Uşaq yavaşca dilləndi.
-Bilirəm, oğlum, sən bu gün get, dərsindən qalma, de ki, anam alacaq.
O, göz yaşlarını güclə saxladı.
Uşaq "axı, artıq iki aydı ki, sən hər dəfə alacam deyirsən?" - Demək istədi, ancaq anasının kədərli olduğunu görüb susdu.
Sona güzgünün qabağında dayandı. Uzun qəhvəyi saçları kürəyinə yayılmışdı. Əlinə darağı aldı, istədi ki, saçlarını səliqəyə salsın, yadına restoran müdirinin şeytani baxışları düşdü. Darağı kənara atdı. Saçlarını qarışıq toplayıb boz rəngli şalı yöndəmsiz başına örtdü. Əyninə öz bədən ölçüsündən iki dəfə böyük olan, üstü ləkələnmiş və bozarmış bir don geyinib işə getdi. Ayaqları o iblis yuvası olan restorana getmək istəməsə də aclıqdan və soyuqdan halsız düşmüş uşaqlar üçün getməli idi. Bir azdan uşaqlar oyanacaq və yemək istəyəcəkdi. Səhər tezdən olduğundan küçələr seyrək idi. işlədiyi restorana çatana kimi Sonanın göz yaşları dinmədi. Qapıdan girən kimi müdirin harın səsini eşitdi:
-Ay qız, mətbəx səni gözləyir, heç bilirsən gecə nə qədər müştəri olub? Bu gün sənə beş manat artıq verəcəm.
Beş manat artıq, bu, ana üçün böyük pul idi. Onun ürəyinə sevinc gəldi. Həvəslə qabları yudu. Bütün mətbəxi təmizlədi. İblis qoxuyan içki şüşələrini və başqa zibilləri yığışdırdı. Günorta saat 12-ni keçirdi. Uşaqlar indi çoxdan oyanmışdılar, acından ağlayırdılar. O, tələsik önlüyü çıxarıb yerinə qoydu. Müdirə yaxınlaşdı:
-Sakit müəllim, mən işimi bitirdim. - Məsum bir tərzdə müdirin üzünə baxmadan dilləndi.
-Hə, canım mənim. Lap yaxşı.
O, cibindən on beş manat çıxarıb ona uzatdı. Sona əlini uzadanda azca aşağı əyildi və pıçıldadı:
-Bax, sən gəl mən deyənlə razılaş. Heç bilirsən işə gecə gəlsən nə qədər qazanarsan? Həm də mən şad olaram. - Müdir yenə ona şeytani hisslərlə baxmağa başladı.
Sona, sərt baxışlarla ona baxdı. Cavab vermədi. Kirimişcə yola düzəlib getdi. Müdir yardımçısı müdirin yanına gəldi.
-O çox gözəldi. Mən uşaq deyiləm, bilirəm ki, o, bura özü qəsdən belə geyinib gəlir. Yoxsa o, bir qadın kimi çox gözəldig - Müdir yanına gələn yardımçıya dedi. Sona gözdən itənə qədər ona baxdı.
O, evə gəldi. Yoldan çörək, azca kartof, pendir, bir neçə yumurta, şəkər almışdı. Kişik Aylinin üç yaşı vardı. O, anasının qucağına qaçıb ağlamağa başladı.
-Ana, qardaşım mənə yemək vermədi. - Məsum ifadə ilə anasına şikayətləndi.
-Eybi yox, qızım, axı, qardaşın yemək bişirməyi bilmir.
Körpə Aylin anasına sığınıb sakitləşdi. O, uşaqlara çay qoydu. Onları yedirdi. Özü lap azca yedi. O biri otağa keçdi. Cibindən qalan pulunu çıxardı. O, bu "maaşla" düz bir həftə dolanmalı idi. Aldığı ərzaqlara on manat iyimi qəpik xərcləmişdi. Hələ qaz pulu, işıq pulu ödəməli idi ki, işıqları, qazları yansın. Uşaqlar gecələr soyuqdan əsirlər. Bəs sabah qar yağsa necə olacaq? Divanda oturub düşünürdü ki, birdən qapı döyüldü. Durub qapıya getdi. Gələn qapı qonşusu idi. O, qonağı gülərüzlə içəri dəvət etdi. Gələn qonşu qadının simasından zəhrimar yağırdı.
-Bax, Sona, sənin oğlun dünən həyətdə oynayarkən mənim oğlumun topunu cırıb! Mənə bax, ay qız, hamı pulu əziyyətlə qazanır! Ərim polisdə hər gün itin-qurdun dalıyca düşmür ki, qazandığı pulu mən sağa-sola səpim. Xahiş edirəm, topun pulunu ver. Yoxsa yaxşı olmazg
-Al bu pulu, get! - O, acıqlı halda qadının sözünü kəsdi. - Uşağınıza deyin ki, o, polis oğludu, mənim oğlum isə qəbirdəki fəhlənin. Onunla dostluq etməsin.
-Ay xanım, niyə inciyirsiz?! Mən nə dedim ki? - Həyasız sifətli qadın istehzalı şəkildə ona cavab verdi.
-Xahiş edirəm, narahat olmayın, mən uşaqlarımın cəriməsini çəkərəm!
Qonşu qadın həyasızcasına üç manat pulu alıb getdi. Ana yorğun baxışlarla divana qayıtdı. Əlini cibinə atdı. Bir manat neçə qəpik pul qalmışdı. Dərindən ah çəkdi. Gecəyə qədər yerindəcə donub qaldı. Uşaqlar oynadıqca ürəyi paralandı. Ümidsizlik onu bürümüşdü. Səhəri dirigözlü açdı. Səhər saat yeddidə yola çıxdı. Restorana yollandı. Uzun yollar gözlərində qısaldı. İşə necə çatdığını bilmədi. Bir də ayıldı ki, müdir qarşısında dayanıb.
-Sabahınız xeyr!
-Sabahın xeyr, necəsən?
-Yaxşıyam, sağ olun. - Utancaq halda başını aşağı saldı.
-Bu gün çox gərginsən, nə olub? - Müdir təəccüblə soruşdu.
-Heç, sağ olun. Mən işimə gedim. - O, tez müdirdən uzaqlaşmaq istədi. Getdi mətbəxə, qabları yudu, oraları təmizlədi. Günorta isə önlüyünü çıxarıb yerinə asdı. Qapıdan çıxarkən müdir yenə qabağını kəsdi:
-Gəl otağıma, oranı təmizlə. Pulunu ayrıca verəcəm.
O, əvvəl tərəddüd etdi. Sonra isə qışı düşündü. Evdə istilik yoxdu. Uşaqlar üşüyür, acdılar, paltarları yoxdu: bunları düşündü.
-Yaxşı, gəlirəm.
O, otağa gəldi. Təmizlədi, sildi-süpürdü. Müdir otağa gəldi, ətrafa baxdı, tər-təmiz idi. Cibindən əlli manat çıxardı. Qadın pulu görüb diksindi:
-Bu çoxdu. Mən bu qədər iş görmədim axı.
-Qoy qalsın, eybi yox, çətində olduğunu bilirəm, - deyərək pulu onun əlinə basdı. Qadın qeyri-ixtiyari olaraq ağladı. Özünü toplaya bilmədi. Üzr istəyib çıxdı. Evə gəldi. Əynini dəyişib qazpulu ödəməyə getdi.
Uşaqlar bu gecə isti yatacaqdılar. Sevincək oğluna məktəb forması aldı. İşıqlar hələ yanmırdı. Amma eybi yox, bir müddət də şam yandırarlar. Səhər o, yenə də, həmişəki kimi işə getdi. Qabları yudu, günorta isə evə gəldi. Bir neçə gün beləcə davam etdi. Bir gün günorta evə gedəndə müdir onu çağırdı:
-Bura gəl. Otağı təmizlə!- Müdir bir az sərt dedi.
-Baş üstə.
O, sakitcə otağa keçdi. Başladı təmizləməyə. Bitirməyə az qalmış müdir içəri girdi. Keçdi oturdu. Diqqətlə onu süzməyə başladı. Sonra bir az gəzindi.
-Mənə bax, ərin niyə öldü?
-Qəzaya düşdü.
-Çox sevirdin onu?
-Biz sevib ailə qurmuşduq.
-Bəs ailəniz? Valideynlərin hanı? Ya yoldaşının valideynləri?
-Mənim anam yoxdur. Atam isə ikinci ailə qurub. Bizi istəmir. Qayınanam isə yaxın gəlmir, oğlunun ölümü ona pis təsir edib. Nə isə, Sakit müəllim, mən işimi bitirdim. İcazənizlə gedim.
O, qapının ağzında dayandı. Müdir sakit-sakit ona baxdı. Yaxınlaşdı. Qapını bağladı. Qadının üzünə qorxu çökdü.
-Nə edirsiz? Açın qapını gedim. Heç nə istəmirəm, sadəcə, gedim. - O, aciz halda dilləndi.
Müdir onun qollarından yapışıb düz gözlərinin içinə baxdı. Gözləri parlayırdı, sanki quduz olmuş itin baxışlarını oğurlamışdı. O, qorxdu, titrədi. Var gücü ilə onun qollarından qopmağa çalışdı. Amma nafilə, gücü çatmırdı.
-Bax, gəl sən mənim ol. Səni bu dilənçilikdən qurtarım. Dünyanı sənə qul edim.
Müdir son həddə çatmışdı, gözü dönmüşdü.
-Baxın, mənə pul-zad lazım deyil, mənim iffətim mənə puldan önəmlidir. Buraxın gedim.

(ardı gələn şənbə sayımızda)