adalet.az header logo
  • Bakı 18°C
20 May 2017 10:03
13108
ƏDƏBİYYAT
A- A+

BİR ŞAİR ÖMRÜ


Dahi Belinski məqalələrinin birində yazırdı ki: "Yaradıcılıq qabiliyyəti təbiətin böyük nemətidir; yaradıcılıq sənətkar qəlbinin böyük bir sirridir. Sənətkar yaratmaq ehtiyacını hiss edir. Bu ehtiyac ona öz iradəsindən asılı olmayaraq, birdən-birə, gözlənilmədən, çağırılmadan gəlir; çünki o öz yaradıcılıq fəaliyyəti üçün müəyyən bir gün, müəyyən bir saat və ya dəqiqə təyin edə bilməz. Yaradıcılığın azadlığı, bax budur; onun yaradıcı şəxsiyyətdən asılı olmaması, bax, bundan ibarətdir".
Müasir poeziyamızda öz səsi, nəfəsi ilə seçilən bir şairin- Vaqif Əliyevin şeirə gəlməsi, böyük poeziya yoluna qədəm qoyması da Tanrının, təbiətin ona bəxş etdiyi bir nemətdir və deyə bilmərik ki, Vaqif Əliyevə bu poeziya həvəsi və istedadı nə vaxtdan bəxş edilib, o, haçan ilk şeirini qələmə alıb, nə vaxtdan hiss edib ki, daha şairlik yolundan geri dönmək mümkün deyil.
Şeir necə doğulur?
Hansı anda, hansı gündə, hansı saatda?
Yaranandan sonra hər şeir neçə gün, neçə ay, neçə il vəgneçə əsr yaşaya bilir?
Kədərdənmi doğulur, qəmdənmi yoğrulur, sevincdənmi, nəşədənmi dünyaya gəlir?
Nifrətmi yaradır, sevgimi yaradır onu?
Zaman-zaman bu suallar düşündürüb şeirsevərləri, poeziya dünyası ilə nəfəs alanları. Və bu sualların hər birinin cavabı bəlkə də gün kimi aydın olduğu halda, çox-çox müşgülə, açılmazlığa gətirib çıxarıb.
Qələm ki, bu həyatda tərpənirkən ilk dəfə,
Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə.

Ulu Nizaminin kəlamıdır bunlar. Və bu gün mən - bir Azərbaycan tənqidçisi və oxucusu məmləkətimizin bir şairinin işıq üzü görəcək növbəti kitabının səhifələrini çeviribgo sevinci, o kədəri, o həyəcanı, o qəzəbi arayıb axtarandat o sevincin, o kədərin, o həyəcanın, o qəzəbin şeirə çevrildiyini görəndə hisslərimi gizlədə bilmirəm. Şeir dünyası bizim böyük dünyamızın bir ürəkdə möcüzələr, sehrlər yaratmasıdır. Mən Vaqif Əliyevin şeirlərində ilk növbədə böyük vətən sevgisini gördüm. O, doğulduğu İsmayıllıdan - Azərbaycanın bu gözəl cənnət diyarından dünyaya boylanır, şeirlərinin bir çoxunda vətən gözəlliklərini vəsv edir.
Vətənə sevgi - vətən məhəbbəti qürbətdə yaşayanda daha mənalı, daha müqəddəs olur. Hiss olunur ki, Vaqif Əliyevin bir müddət vətəndən ayrı düşməsi onun şair dünyasında böyük bir Vətən həsrəti yaradıbmış. Onun şeirləri barədə söhbətə "Qürbət bayatıları"ndan başlamaq istəyirəm. Bu bayatılar öz poetik forma və məzmun gözəlliyinə görə xalq bayatılarından qətiyyən seçilmirlər:

Dərmədim mən gülümü,
Allah, az ver zülümü.
Basdırın vətənimdə
Nəşimi ya, külümü.

Əzizim, xəstə mənəm,
Sağalmaz xəstə mənəm.
Bəlkə çağırdı Vətən
Qulagı səsdə mənəm.

Çən olar, duman olar,
Qəlblərdə güman olar.
Qəribin gündüzündən
Gecəsi yaman olar.

Bu ağrı ötən deyil,
Yarası bitən deyil.
Qürbət lap cənnət olsun
O, mənə Vətən deyil.

Əzizim yarım qaldı,
Üzüldüm, yarım qaldı.
Sevgi, məhəbbət dolu
Vətəndə yarım qaldı.

İmana, dilə gəlləm,
Quş olub dənə gəlləm.
Səsləsə Basqal məni
Durub Vətənə gəlləm.

Vaqif Əliyevin Vətən sevgisi-əbədi duyğusu onun müxtəlif şeirlərində öz əksini tapır və bunun üzərində dayansaq, o zaman baxıb görərik ki, hətta içində bircə kəlmə "Vətən" sözü olmayan şeirdən də Vətən iyisi gəlir. Amma təbii ki, onun bir Azərbaycan şairi kimi xalqının, millətinin yaşadığı olaylarla bağlı şeirləri var və bu şeirlərdə V. Əliyev "Şair-Vətəndaş" missiyasını, Mirzə Ələkbər Sabirdən gələn ruhu yaşadır.
Onun digər şeirlərində də öncə qeyd etdiyimiz kimi, Vətən məhəbbətinin müxtəlif çalarları ilə qarşılaşırıq. İstər vətəndə yaşa, istər vətəndən uzaqda - onun dar günündə, başının üstünü qara buludlar alanda bu sevgi vulkan kimi püskürməlidir.

Vətəndən Vətən olmaz
Qorumasaq biz əgər.
Keşiyində can qoyub
Olmasaq ona əsgər!

Vaqif Əliyevin şeirləri müxrəlif mövzularda qələmə alınıb. Onu yaşadığı həyatın bütün reallıqları: insanın xoşbəxtlik haqqında düşüncələri, sevgi, məhəbbət duyğuları, təbiətin gözəllikləri və bir insan kimi gerçəklikldə baş verən naqis və neqativ hallara münasibəti... Bəli, şairlik duymaqdı, hisslərin, həyəcanların işığıdı və Vaqifin ən yaxşı şeirləri də onun ürək işığından, ziyasından dünyaya atılan poetik qığılcımlardır. Belə qığılcımlar çoxdu onun poeziyasında və bu qığılcımlar da dönüb alov olub, sönməyən od olub, gurlaşıb tonqala dönüb. Bu mənada insan ömrü ilə bağlı bir şeirə diqqət edək. Burada müəllifin poetik ümumiləşdirmə bacarıgı göz qabağındadır:

Bölünüb saatlara
o bölünüb aylara.
Damla-damla verilir
xoşbəxtlik insanlara.
Verilir ki, arabir
şirinliyin dadaq biz.
Dərdi-qəmi bir müddət
unudaq biz, ataq biz.
Verilmir tamam, bütöv,
durasan tez yiyəsən.
Şadlanaraq sevincək;
-mən xoşbəxtəm deyəsən.
Taleyindən sən küsüb
üz döndərib incimə.
Qismət olmur xoşbəxtlik
sona qədər heç kimə.

Vaqif Əliyev şeirlərini əsasən heca vəznində yazır. Hiss olunur ki, o, bizim anadilli şeirimizin bütün qayda-qanunlarına bələddir, xalq poeziyasını və ustad şairlərin yaradıcılığını yaxşı mənimsəyib. Şeir dilində də bir təmizlik, saflıq var, müəmmalı və çətin anlaşılan sözlərə onun şeirlərində rast gəlmək olmur. Yeri gələndə atalar sözü və məsəllərdən şeirlərində bir örnək kimi istifadə edir. Tənqidi və satirik ruhda yazdığı şeirləri də öz orijinal deyim tərzi ilə diqqəti cəlb edir.
Mən onun bayatıları haqqında ayrıca söz açmaq istəyirəm. Onun bayatılarının bir çoxu əsrıərdən bəri xalqın yaddaşına həkk olunan bayatılara çox bənzəyir. Bu bayatılarda bir şirinlik, bir emosionallıq duyulur. Hətta mən deyərdim ki, onun elə bayatıları var ki, ən yaxşı şeirləri ilə müqayisə edilə bilər.

Vurulub gülə bülbül,
Gəlibdir dilə bülbül.
Qovuşa bilmir gülə
Qorxuram ölə bülbül.

Mən aşiq dan sökülə,
Gün çıxa, dan sökülə.
Dil-ağızdan zəhər yox,
Dodaqdan bal tökülə.

Bir bülbüləm qəfəsdə,
Qəlbim ayrı həvəsdə.
Yarım mənimlə olsa,
Asimandı qəfəs də!

Mən aşiq dağda qara,
Geyməsin dağ da qara.
Aləm nura boyansın,
Olmasın ağda qara.

Vaqif Əliyevin şeirlərində bu əsr insanının duyğu və düşüncələri, həyat, cəmiyyət, gözəllik və təbiət haqqında poetik fikirləri əks olunur. Onun hər hansı bir şeirinə müraciət etsək, orada biz müasirimiz olan ziyalı bir insanın poeziya dili ilə söylədiyi həqiqətlərin şahidi olarıq. Mən bu yolda öz qələm dostuma, adaşıma uğurlar arzulayıram. Yolçu yolda gərək!..


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru