adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

AY İŞIĞINA ALDANMAĞIM

4284 | 2017-05-20 09:18
...Üç ildən sonra nəhayət mən də təsadüfən universitetə qəbul olunmuşdum. Məni ilk təbrik edənlərdən biri həmyerlimiz Oktay Məmmədov idi. Məndən 3-4 yaş böyük olan Oktayın qayğısını, təəssübkeşliyini üzərimdə az görməmişdim. O, universiteti bitirərək Bakıda qalmışdı, ürəyi istəyən iş axtarırdı. Qoy, əvvəlcədən bildirim ki, bizim bu Oktay Məmmədov sonralar Daxili İşlər Nazirliyi sistemində çalışaraq polkovnik rütbəsinə qədər yüksəldi, dost-tanışların sevimlisi kimi "Qara Oktay" adı ilə məşhurlaşdı... və Əbülfəz Elçibəy hakimiyyətə gələn zaman prezidentin şəxsi mühafizəsi məhz ona etibar edildi.
...Oktay təbriklə yanaşı bir böyük kimi nəsihət və məsləhətlərini də vacib bildi. Tapşırdı ki, daha bu çayxana-filan qalsın öz yerində, dərslərimlə məşğul olum, yaxşı oxuyub yaxşı ad qazanım. Mən əlbəttə ki, yaxşı oxumağa borclu idim. Onda qala bunu həm də böyük qardaş qəbul etdiyimiz səmimi və mehriban bir həmyerli istəyə. Yaxşı oxuyub "ad qazanmaq" məsələsini "Dədə Qorqud" boyları ilə assosiasiya edib bir tərəfə çıxara bilsəm də, ancaq bu "Baksovet" və çayxana "embarqosu" universitetə qəbul sevincimi dadsızlaşdırırdı. Axı mənim Səməd Behrənginin "Balaca qara balığı" kimi yosunların arasından ətrafı ürkək baxışlarla seyr etdiyim günlər arxada qalmışdı. Mən "Baksovet" ölkəsindəki "çayxana universiteti"nin də oturuşmuş tələbəsi idim artıq. Hətta şair xalq olduğumuzdan hamı kimi mən də şeir yazmağa başlamışdım. Oturub-durduqlarım arasında iki Zakir (Zakir Fəxri, Zakir Bəxtiyar), bir Malik Fərrux, bir Ağacəfər də ara-sıra çap olunurdular. Zakir Bəxtiyarın işi asan idi. Nə yazırdısa özünün işlədiyi "Neft daşları" qəzetində çap edib oxucularını, o cümlədən dostlarını sevindirirdi. Bu universitetdə özümü Sergey Mironoviç Kirovun adını daşıyan universitetdəkindən daha yaxşı, daha rahat hiss edirdim.
Bəs indi necə olsun?
Heç nə. Oktayın tapşırıqlarının birinci hissəsinə əməl edib, ikinci hissəsinə əmək etməməklə "Baksovetli" həyatımdan da ayrılmadım. Bir neçə dəfə Oktayı uzaqdan görüb geri qayıtsam da, sonralar o özü məni yanına çağıraraq etiraf etdi ki, "insan qürbətdə yaşaya bilməz". Daha sonra məni "Azərbaycan gəncləri" qəzetində çalışan Məmməd Oruc və Möhbəddin Səmədlə daha yaxından tanış etdi. Yəni bir "ölkənin vətəndaşları" kimi biz bir-birimizi tanıyırdıq, salamlaşırdıq, kimi isə axtaranda görüb-görmədiyimizi soruşurduq. Ancaq bu dəfə hər yerdə böyük hörmət və nüfuz sahibi olan Oktayın ikitərəfli təqdimatı gələcək dostluğun təməlini qoyurdu.
Təxminən bir ay sonra mən şeir yazdığımı üzə çıxardım və çap olunmaq arzumu Oktaya bildirdim. O, əlimdəki dəftərçəni alıb vərəqlədi, sonra şeirləri ötəri oxudu, daha sonra üzümə baxıb bir də oxudu... Bu məqamda nəbzim şübhəsiz, 110-120 sürətindəydi, əlimlə sinəmi sıxıb ürəyimi sakitləşdirmək istəyirdim.
- Özün yazmısan bunları? - soruşdu.
- ...
- Hə, bağışla, sən başqasının şeirini öz adına çıxmazsan... Bilirsən, ilk dəfədir belə şeirlər oxuyuram, nəsə...
- Yaxşıdır? Yaza bilirəm? - tələsik soruşdum.
- Əlbəttə, yaxşıdır, amma bu Amerika, Yunanıstan, Aya uçuş... sənin 19 yaşın var, belə şeylər, nə bilim... Yaxşı, hamısı bir yerdə neçə şeir olar?
- 11 şeirdir.
- Nədi, futbol komandası düzəltmisən?
Oktay iki gündən sonra mənə bildirdi ki, bəs, Məmməd Orucla danışmışam, şənbə günü saat 1-in yarısında "Baksovetdə" olarsan, redaksiyaya gedəcəyik. O vaxta qədər əlavə 2-3 şeir də yazmaq istədim, ancaq arzuladığım kimi alınmadı deyə qaralayıb tulladım.
Vaxt tamamında görüşüb üzbəüzdəki redaksiyaya qalxdıq. Məmməd Oruc, Möhbəddin Səməd, İsmayıl müəllim (universitetin filologiya fakültəsinin gənc müəllimi), Oktay, mən və indi dəqiqliklə xatırlaya bilmədiyim 2-3 digər dost-tanış iş günü olmayan bir vaxtda, özü də nahar zamanı redaksiyanın daha geniş olan ümumi otağında əyləşib... siqaret çəkməyə, ordan-burdan danışmağa başladıq. Daha doğrusu onlar danışırdı, mən də səbirsizliklə növbəmi gözləyirdim.
Söz mənə verildi. Mən sərbəst və heca vəznlərində bir neçə şeirimi oxuyub dayandım. Dedilər yenə oxu. Oxudum. Sonra dəftərimi alıb özləri də oxumağa və suallar verməyə başladılar: Nəyə görə Mikis Teodorokis, nəyə görə Lui Armstronq, nəyə görə dünyanın siyasi xəritələri və s.? Cavablarım əsasən bəyənildi və şeirlərimi də o ki var təriflədilər. Daha çox "Vulkan" (bu şeiri Mahir N.Qarayev 40 ildən çoxdur ki, misal çəkib tərifləyir), "Xəritə", "Sirtaki", "Aldandım Ay işığına..." adlı şeirlərim bəyənilmişdi. Mən artıq indidən gələn həftənin nömrələrindən birində ən azı 2 şeirimin altındakı imzamın sevincini, qürurunu yaşayır, hətta bir az lovğalanırdım da. O vaxtlar indiki kimi deyildi. Aqil Abbas demiş, elə adam var, 10-15 il ərzində 47 şeir kitabı çap elətdirib, ancaq heç öz evində də bu "əsərləri" oxuyan yoxdur. 70-ci illərdə isə bir şeirin, bir hekayən qəzetdə və ya jurnalda dərc edilməklə, səni yüzlərlə, bəlkə də minlərlə oxucu tanıyıb yaddaşında saxlayardı...
...Çayçıya və yaxud kafeyə getmək vaxtı çoxdan keçsə də, unudulmamışdı. Qalxıb otaqdan çıxarkən Məmməd Oruc dəftərimi qaytardı, məni qucaqlayıb uğurlar arzuladı. Ərkim yenə Oktaya çatardı. Üzümü ona tutdum. Yəni bu təriflər, arzular hara, dəftərin özümə qaytarılması hara? Onda Məmməd Oruc məsələni qısaca belə izah etdi ki, bu şeirlər qəzetdə dərc edilmək üçün yox, bax beləcə əyləşib ləzzətlə oxumaq üçündür. Heç bizim bura gəlməyimizi Tofiq müəllim də (Tofiq Mütəllibov) bilməsə yaxşıdır.
Təbii ki, pərt oldum.
Sonralar Məmməd Orucla doğurdan dostlaşdıq. Hətta birlikdə stadiona gedib "Neftçi"nin oyunlarına da baxırdıq. Ancaq heç vaxt o şənbə görüşünün, o vaqiənin üstünə gəlmədik.
Bəs şeir necə, yeni şeirlər yazdımmı?
Uzun müddət yazmadım. Bir də 10 ildən sonra 15-18 şeir yazdım və bunlardan bəziləri çox-çox qabaqlar dostların təkidi ilə çapa verildi, məsələ də bitdi.
İndi deməyin ki, o vaxtdan bəri şeir yazmadığıma görə xalqıma layiq övlad deyiləm. Bəlkə xəlvətə salıb yenə də yazıram?

TƏQVİM / ARXİV