adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 May 2017 18:56
9324
MƏMLƏKƏT
A- A+

Çinarlar şəhərindən REPORTAJ

...Bu səliqəli, bu yaraşıqlı şəhər hələ şirin yuxudadır. Mərkəzi küçələrin gecə işıqları ətrafdakı ağacların kölgəsini yollardan, səkilərdən də uzaqlara çəkib aparır, nağılvari bir görüntü yaradır. Çoxmərtəbəli binalarda, həyət evlərində də tək-tək işıqlar sayrışır. "Gecə taksiləri”nin də özünəməxsus müştəri axtarışı gözə dəyir hərdənbir. Gecə də olsa şəhər həyatıdır, bunlarsız olmaz. İşıqforların dəqiqələrə bölünmüş yanıb-sönməsi hərəkətsiz küçələrin bir azdan canlanacağını xəbər verir.

... Ancaq alatorana yaxın yatmayanlar, iş başında olanlar da var. Bu insanlar qrafik üzrə binalardan, həyətlərdən küçələrə qoyulmuş tullantıları sakitcə maşınlara yükləyərək şəhərdən kənara məxsusi zonaya daşımaqla məşğuldurlar. Şəhərin park və bağları, küçə və meydanları, hətta mərkəzə yaxın bir sıra yerləri də süpürülüb təmizlənir, çinarlar şəhərinin gözəlliyinə layiq səliqə-səhman yaradılır. Bu zəhmətkeş insanlar yayın qızmarında da, qışın soyuğunda da hər gün beləcə iş başında, doğma şəhərin xidmətindədirlər.

İndi də soyuqdur, yanvar gecəsidir axı! Bu şaxtalı gecədə üşüyən küçələri, ağacları, bağ-bağçaları bu zəhmət adamlarının əllərinin təravəti, qəlblərinin istisi sanki bir az cana gətirir, şəhərdə ilıq bir aura yaradır. Adama elə gəlir ki, gecənin qaranlığında sayrışan ulduzlar da bu şəhərə, bu insanlara qovuşub hər yana, hər yerə sevinc bəxş etmək istəyirlər.

Alatoran... Sonra şəhərin yavaş-yavaş işıqlanması, sonra günəşin uzaqlardan boylanması, sonra şəhərin canlanması, yeni bir günün başlanğıcı. Çinarlar şəhəri özünün hər səhərini beləcə təmiz, səliqəli, xoş ovqatlı yaşayır. Bu düzəni, bu əhval-ruhiyyəni şəhərə, sakinlərə bəxş edənlər haqqında hamının fədakar bir məmur kimi tanıdığı Loğman Əliyev daha korrekt fikir söyləyir. Göyçay Rayon İcra Hakimiyyətinin Sanitar Təmizlik idarəsinin rəisi Loğman Əliyev görüşümüz zamanı deyir:

- Bu insanları ki, gördünüz və yenə də görəcəksiniz, onların hər biri – fəhləsindən, xadiməsindən, sürücüsündən tutmuş, hamısı özlərinin əziyyətli və çətin peşələri ilə əsl sevgiyə, hörmətə layiqdirlər. Çoxları bilmir ki, bizim iş günümüz saat neçədən başlayır. Hər gün gecə saat 4-dən bütün şəhəri təmizləyib sakinlərə xidmət göstərmək bizim kollektivin iş və həyat tərzidir. Tullantıların daşınması ən uzağı səhər saat 8-ə kimi başa çatdırılmalıdır və biz hər dəfə buna nail olmağa çalışırıq. Bundan sonra da şəhər ucqarlarında iş davam edir. Eyni zamanda paralel olaraq növbətçilərin fəaliyyəti, fasilədən sonra şəhərin ayrı-ayrı küçə və məhəllələrində bir sıra maarifləndirici-nəzarət tədbirləri həyata keçirilir. Hörmətli icra başçımız Mehdi Səlimzadənin "Şəhərin gözəlliyi onun təmizliyindən başlayır, bunu heç vaxt unutmayın” istiqamətli tapşırığı məsuliyyətimizi daha da artırır. Belə bir iş üsulu ən müasir şəhərlərə xas olan fəaliyyət mexanizmidir. Biz cənab başçının göstərişinə əsasən fəaliyyətimizi bu istiqamətdə təkmilləşdirmişik. Müasir tələblərə uyğunluğu və effektliyi də göz qabağındadır...

Doğrudan da,ən gözəl, ən yaraşıqlı şəhər ilk öncə təmizliyi ilə bu ada layiq olar. Çünki bu sinonimlər özündə bütöv bir ovqatı və təntənəni yaşadır.

Çinarlar şəhəri özünün keçmiş şöhrətini daha geniş, daha möhtəşəm məzmunda yaşamaq əhvalındadır. Şəhər keçən ilin yazından ən vacib, ən müasir kriterlərə uyğunlaşmaqdadır. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin az vaxt ərzində əhalinin rəğbət və hörmətini qazanması məhz buradan başlanır. Rayona aid bütün məsələlərdə ağsaqqallarla, ziyalılarla, veteranlarla görüşüb müzakirələrə təşəbbüs göstərməsi həm də bir sadəlik nümunəsi kimi təqdir olunur.

Rayonda çox işlər görülür. Biz vaxtaşırı bütün bu tədbirlər haqqında söhbət açıb oxucuları məlumatlandırırıq. Heydər Əliyev prospektində yerləşən parkın daha da genişləndirilməsi, ulu öndərin adını daşıyan o istirahət ocağının prospekt boyu şəhərə bənzərsiz gözəllik və əzəmət bəxş etməsi bütün göyçaylıların arzusudur. Eyni zamanda bayraq muzeyinin və bayraq meydanının daha mükəmməl quruluşu.

Perspektivdə olan və artıq startı verilən tədbirlərdən birini xüsusi vurğulamaq və ideya müəllifinə təşəkkür etmək lazımdır. Təbii ki,rayonda sosial-iqtisadi və mədəni yüksəliş tədbirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və istəkləri səviyyəsində aparılır. Ancaq bu siyasətin həyata keçirilməsində səmimi bir dəst-xətt, vətənə, xalqa, ölkə rəhbərliyinə sədaqət nümunəsi indiki halda xüsusi məna daşıyır. Bu günlər hamı, hətta Göyçaydan kənarda yaşayanlar da eşitdikləri bir əhvalata xüsusi maraq göstərirlər. Doğrudan da bu bir əhvalatdır elə. Çünki onillərlə diqqətdən kənarda qalmış bir parkın, görkəmli Azərbaycan şairi Əli Kərimin adını daşıyan bir məkanın indi yeni bir düzəndə bərpa edilməsinə başlanılması rayon sakinləri üçün böyük hədiyyədir. Özü də bu xoş məramlı tədbirin nüvəsində o qədər incə məqalar düşünülüb ki...

İndi də yolumuz elə Əli Kərim adına şəhər istirahət parkınadır. Artıq ilk işlərə start verilibdir. Sağ tərəfdə keçən ilin oktyabr ayında yenidən qurulmuş şəhər stadionunun tribunaları və yaşıl meydanı uzaqdan göz oxşayır. Qış fəsli olmasına baxmayaraq gənclər burada həvəslə sevdikləri idman növləri ilə məşğuldurlar.

...Parkın girəcəyindəki qapı sökülüb, müasir tələblərə cavab vermədiyi üçün. Əli Kərimin abidəsindən üzü yuxarı sağ-sol səkilər də sökülüb kənarlaşdırılır. Öyrənirik ki, burada bütün tikindi-abadlıq işləri daxili imkanlar hesabına görülür. Rayonun baş memarı İntiqam Süleymanov söhbətimiz zamanı deyir ki, burada 440 kvm sahəyə ən müasir formalı döşəmə üzlük vurulacaq, səkilərin kənarlarına 900 pm yeni dizaynda bardur düzüləcək. İşıq dirəklərinin hamısı dəyişdiriləcək. Təbii ki, ən yaxşıları ilə. 20 ədəd əlavə oturacaqlar da parka gələnlərin rahat istirahəti üçündür. Burada ana və uşaq kafesi, stolüstü oyunlar, uşaqlar üçün karusel və digər əyləncə avadanlıqları, mədəni guşələr fəaliyyət göstərəcək.

20 Yanvar, Qarabağ döyüşləri şəhidləri və Azərbaycanlıların Soyqırımı abidəsi kompleks halında bir-birini tamamlayacaq. Ən başlıcası respublikada ilk dəfə olaraq bir rayon mərkəzində Fəxri xiyaban salınacaq. Parkda dəfn olunmuş Əli Kərimin, İsgəndər Coşqunun və Əli Səmədlinin məzarları ailələrinin razılığı ilə həmin Fəxri xiyabana köçürüləcək. Özü də yeni məzarüstü görkəmdə. Bu tədbirin həyata keçirilməsi dini-əxlaqi baxımdan da çox uğurlu bir addımdır. Rayon ağsaqqaları və ziyalıları bu məsələyə görə icra başçısına xüsusi minnətdarlıq edirlər. Bütün bu məsələlərin – istər parkın yeni həyatı, istərsə də Fəxri xiyabanın qurulması Göyçay sakinləri üçün böyük mənəvi dəyər və rahatlıqdır. Burada bəzi nüanslar da var ki, zamanında bunu daha açıq və minnətdarlıq hissi ilə qələmə alacağıq.

Ancaq indiki halda bir məqamı ayrıca olaraq qeyd etməsəm, bunu özümə bağışlamaram. İndiyədək əlində imkan və imtiyazı olan heç bir rəhbər işçi tərəfindən böyük Əli Kərimin və Göyçay şəhidlərinin ruhuna bu dərəcədə həssaslıqla yanaşılmayıbdır. Bütün məsələlərin düzgün həlli baxımından. Elə şair özü də vaxtında gözəl demişdi: "Qayıt, yerinə qoy ayı, günəşi...”.

Bu işlər, bu cür yanaşmalar heç vaxt yaddan çıxmayacaq, çünki insan daha çox əməlləri ilə yaşayır və ucalır.

P.S. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin Əli Kərim parkının yenidən qurulması ilə əlaqədar başqa bir maraqlı planı da var. Mən bunu tam açıqlamasam da, indidən deyə bilərəm ki, əgər bu istək reallaşarsa, o zaman rayonun bütün poeziya və musiqi həvəskarları daha sevincli və qürurlu anların şahidi olacaqlar.

Allahın köməkliyi ilə bu xoş məramlı gözəl niyyətin də yolu işıqlanar...

MƏZAHİR ƏHMƏDZADƏ