adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Elşad PAŞASOY: Susmayın, sizin də qapınız döyüləcək!

12587 | 2017-05-19 16:02

Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə məhkəmə qərarına Rusiyada yaşayan iki tanınmış azərbaycanlının rəyini gördünüzmü? Əgər diqqətinizi çəkməyibsə, xatırladım:

Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Söyün Sadıqov: "Əgər Azərbaycan tərəfindən mənə müraciət olunarsa, Ümumrusiya Azərbaycan Konqresinin bağlanılması qərarının ləğv edilməsi ilə bağlı hüquqi müstəvidə əlimdən gələn köməyi etməyə hazıram. Hətta, lazımı qurumlarla iş aparıb, ÜAK-nin bağlanılması qərarını ləğv etdirə də bilərəm”

Kinorejissor Rüstəm Ubrahimbəyov: "Mənim Azərbaycan iqtidarı ilə münasibətimin nə yerdə olduğunu bilirsiniz. Ordan UAK-ın yeni seçilmiş prezidentinə deyəcəklər ki, "lazım deyil, filankəs bu prosesdə iştirak etməsin”.

Belə...Söhbət 3 milyon azərbaycanlının yaşadığı bir ölkədə ləğv edilən ən böyük diaspor təşkilatının taleyindən gedir. Amma bizim tanınmışlarımız az qala məşhur filmin personajına çevriliblər: "Məşədi, 25 manat ver, Rüstəm bəyi (oxu: Rusiyanı) qəzetimdə biabır eləyim...”

Mən deyəndə ki, erməni diaspor təşkilatının qeydiyyatı ləğv olunsaydı, Armen Cigarxanyan heç nəyə baxmaz, dərhal hərəkətə keçərdi, Rüstəm İbrahimbəyov deyir "Paşasoy, gülməli sözlər danışırsan...” Hörmətli kinorejissordan fərqli olaraq mən düşünürəm ki, vəziyyət gülməli deyil, sırf ağlamalıdır. Ən azı ona görə ki, Rusiyada böyük imkanlara malik, Administrasiyaya yaxın, ölkənin büdcəsinə nəhəng vergilər ödəyən oliqarxlarımız, tanınmış ziyalılarımız var. Amma nədənsə onların bir çoxunun səsini eşitmirik Azərbaycan məsələsi gələndə.

Rusiyada yaşayan hansısa azərbaycanlı ilə Azərbaycan hakimiyyətinin problemi ola bilər, amma bu, o demək deyil ki, həmin azərbaycanlı dövlətimizin milli maraqları məsələsində kənarda dayanmalı, susmalı, yaxud Bakıdan zəng, xahiş-minnət gözləməlidir. Ən azı milli mentalitetimizi unutmayaq. Birinin başına iş gələndə "keçmiş olsun” demək üçün zəngmi gözləyirik?

Belə olmaz, cənablar! Bu gün tək ÜAK-ın yox, 50 milyonluq Azərbaycanın başına İŞ gəlib! İmkanı çatan, səsi yetən bu prosesdə Azərbaycanın yanında olmalıdır. Azərbaycan dövləti xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiyasını strateji məsələ sayır. Bu, Azərbaycana qarşı açılan "atəş nöqtələri”nin susdurulması üçün də önəmlidir. Bu gün Rusiyada siyasi statuslu diaspor təşkilatımız ləğv edilib, çox ciddi bir mövqe əldən verilib, bunun fərqində olmalıyıq!

Bəli, Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti çoxlarını qane etmir. Bu qurum 2001-ci ildə təsis olunduğu zaman qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gələ bilməyib. Görün, bu təşkilata nə qədər böyük önəm verilib ki, Heydər Əliyev rusiyalı həmkarı Vladimir Putinin də təsis prosesinə dəstək verməsinə razı salıb. Qurumun təsisçiləri arasında sayseçmə azərbaycanlılar olub. Amma sonrakı dönəmlərdə intriqalar, dedi-qodular, çəkişmələr çoxlarını uzaqlaşdırıb. Bu ixtilafların yerini uğurlu fəaliyyət tutsaydı, 70-dən artıq yerli təşkilatı olan Konqres Dövlət Dumasına deputatlar seçməyə, hökumətdə təmsil olunan namizədləri ilə fəxarət duymağa qadir olardı.
Amma unutmayaq ki, Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın qeydiyyatının ləğvini onun fəaliyyətsizliyinə görə ləğv etdirməyib. Bu təşkilatın rəhbərliyinə elə Rüstəm İbrahimbəyovun da kifayət qədər yüksək qiymət verdiyi təcrübəli şəxs gətirilib, qurum yenidən dirçəlməyə başlamışdı. Məhz belə bir vəziyyətdə onun ləğvində israrlı olmaqda məqsəd başqadır.

Bəli, burada birbaşa erməni barmağı olmaya bilər, amma dolayısı ilə bu barmaq var! Əslində erməni özü də burada bir vasitə ola bilər. Rusiya ermənidən "maşa” kimi istifadə etmirmi Azərbaycana qarşı? Dəniz suyunun şor olduğunu bilmək üçün onu tam içməyə ehtiyac yoxdur. Erməni təşkilatının rəhbərinə yubiley keçirilir və Rusiyanın baş diplomatı Qarabağın baş separatçısı ilə konyak içir, bu, sizə bir şey demirmi?
ÜAK-ın ləğvi məsələsində çox adlar çəkilir. Məncə, ədliyyə naziri Aleksandr Konovalovu unutmaq olmaz. Zəruri bir xatırlatma: 2010-12-ci illərdə də ÜAK-la bağlı problemlər yaşanırdı. O zaman da bu adam ədliyyə naziri idi və ÜAK-ın qeydiyyat problemi var idi. Özü də indiki kimi, onda da Azərbaycan ciddi siyasi proseslər – prezident seçkiləri astanasındaydı. Rəhbərliyində dəyişikliklər olan Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresi iki il ərzində yenidən qeydiyyatdan keçə bilmədi.

Məhz o arada Rusiya Azərbaycan Təşkilatları İttifaqı-Milyarderlər İttifaqı layihəsi ortaya atıldı. Azərbaycanda keçiriləcək president seçkiləri öncəsi. O zaman İbrahimbəyov deyirdi ki, "biz Rusiya Azərbaycan Təşkilatları İttifaqını bir məqsədlə yaratmışıq - bu da Rusiyada yaşayan azərbaycanlılara kömək etməkdir. Məqsədimizə sadiqik.” Amma sonra səsləri Azərbaycandakı prezident seçkilərindən gəldi. Biz deyirdik ki, 3 milyonluq Rusiya azərbaycanlısına ziyalı yolu göstərin, onların səsi Rusiya dumasından gəlsin, bunlar ziyalı əvəzinə, ziyanlı yol seçdilər, Azərbaycandakı siyasi proseslərə baş vurdular. Çünki bunu Rusiya istəyirdi.

Başqa bir xatırlama: 9 oktyabr 2013-cü ildə prezident seçkiləri keçirildi, 15 oktyabrda Moskvada qətldə şübhəli bilinən Orxan Zeynalovla bağlı görünməyən şou baş verdi. Qətlə suçlanan azərbaycanlı Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin kabinetinə qolları burulmuş vəziyyətdə gətirildi. Rusiya tarixində görünməmiş hadisə idi.

Dazbaşların azərbaycanlılara kütləvi hücumları, azərbaycanlıların deportasiya ilə hədələnməsi, yük maşınlarımızın Dağıstanda yandırılması, mallarımızın geri qaytarılması...Daha nələr olmadı bu illərdə? Azərbaycan dövləti rus dilində 400 məktəb açdı, amma Rusiya dövləti azərbaycanlıları rus dilindən imtahan edib onlara vətəndaşlıq verdi. ÜAK məsələsi təzyiqlərin növbəti halqasıdır, nə birincidir, nə də sonuncu...

Bu gün susan, özünü kənara çəkən Rusiyadakı azərbaycanlı oliqarxlar, ziyalılar da bilməlidir ki, bir gün onların da qapısı döyüləcək. Hələ ki, şans var, ÜAK-ın yaşamasının Azərbaycan, elə Rusiya azərbaycanlıları üçün rəmzi mənası daha çoxdur bu an. Bu məmləkətə töhfə vermək zamanıdır...


TƏQVİM / ARXİV