adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 May 2017 14:24
29438
ƏDƏBİYYAT
A- A+

Rəsul Rza yaradıcılığı – poeziyanın əbədi baharı

Müxtəlif dövrlərdə, müxtəlif zamanlarda dostlarımla çoxlu ədəbi mübahisələrdə iştirak etmişəm. "Filan şair yaxşıdı, xəlqidi, filan şair mürəkkəb yazır başa düşə bilmirik” kimi deyənlər çox olub. Elə buradaca qeyd edim ki, Cavid Əfəndiyə deyirlər ki, sən necə yazırsansa biz başa düşmürük. Cavid Əfəndi isə əhvalını pozmadan çox sakitcə cavab verir: "Mən başlar üçün yazıram, boşlar üçün yox”. Bu cavab bütün cavidsevməzlərə, bütün haqqsevməzlərə haqqın cavabıdır. Məqsədim dünya poeziyasında öz irsi ilə yaddan çıxmayan Azərbaycan şairi, alovlu tribun, özündən sonra böyük ədəbi məktəb qoymuş ictimai xadim, əbədiyaşar vətəndaşlıq haqqı olan, hər sözü hər kəlməsi ilə mənəvi mesenatlıq edən Rəzul Rza haqqında söz açmaqdır...

Mən Cəbrayıl rayonunda doğulmuşam. İndi erməni işğalında qalan Cəbrayılın lap mərkəzində, uca Ziyarət dağından başlanğıc götürüb, şəhərin lap mərkəzində üzə çıxan bir kəhriz vardı. Suyu dupduru göz yaşı kimi içəndə insana həyat üçün nə varsa verirdi, adına Çinar kəhrizi deyirdilər. Çünki düz kəhrizin üstündə yaşı səkkiz yüz ili haqlamış bir qocaman çinar vardı. Qollu-budaqlı, ətrafı açıq olsaydı, kölgəsində min adam dincələrdi. Mən düşünürdüm ki, bu çinarı sellər-sular külək və çovğunlar sındırıb yıxa bilməz. Çünki uşaqlıq, gənclik illərimin ən vüqarlı dayağıydı əyilməz, bu xan çinar. Bu təsəvvürü məndə böyük Xalq şairi Rəsul Rzanın "Çinar” şeiri oyatmışdı. Rəsul Rzanın "Çinar” şeirini oxuyandan sonra mənə elə gəlirdi ki, Cəbrayılın xan çinarına tay yoxdu, o Koroğludu, Babəkdi... hayqırar, bağırar səsindən, nərəsindən düşmənlər külli-kuf olar. Məni bu fikrə kökləyən böyük şairin əyilməzlik rəmzi olan çinara məhəbbətlə yazdığı sətirlər idi .

Xan çinarım əyməz məğrur başını.
Kimsə bilməz Xan çinarın yaşını.
Gecə qara, durdum, düşündüm bir az,
Dedim nədən ulu çinar yıxılmaz?
Birdən çinar dilə gəldi, dedi : bax !
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyür sağ-solumu.
Belə məğrur dayanmağa haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.

Mənim uşaqlıq, gənclik düşüncələrimdən 25-30 il keçib. Zaman fikirləri dara çəkib, düşüncələrimiz özlərimizdən yaş kimi axıb, kökü ilə torpağa bağlı olan qollu, qanadlı xan çinarı düşmən mərmisi parçalayıb, qanına qəltan edib. Altındakı çağlayıb axan kəhrizin sularına neçə çinar qamətli, çinar qüdrətli şəhidin qanı qarışıb. Bu gün canlara dirilik gətirən çinar kəhrizinin suyu qan rəngində axır. Böyük şair Rəsul Rzanın "Çinar” şeiri isə öz hökmündə, öz qüdrətindədir. Parçalanan Çinar, kökündən pöhrə verib yenə göylərə baş çəkəcək.

Şübhəsiz, Rəsul Rza böyük sovet şairidir, proletariatın kükrəyən ilham mənbəyidir. Onun yaradıcılığının mənbəyi fəhlə, kəndli, zəhmətkeş əməyidir. Sovet quruluşu dağılıb, fəhlə, kəndli, zəhmətkeş sinfi isə dağılmayıb. Onların alın təri, əl qabarı bu gün də alqışlanmalı, bu gün də qiymətləndirilməlidir. Və bu, poeziyanın əbədi mövzusudur.

Təbiətin ən ecazkar, füsunkar, yaratdıqlarının içərisində xan çinarı, palıd ağacı və insan çox vüqarlıdı. Daha doğrusu insanın mərdanəliyini, əzəmətini, onun polad iradəsini xarakterizə edəndə təbiətdə də bu nişanələri axtarmaq istəyirsən. O zaman xan çinar, palıd dəyanəti gözlərin önünə gəlir. İnsan yerdə qalanın hamısını qiymətləndirsə, dəyərləndirsə də, lakin özü palıd ağacı və xan çinarı qarşısında heyrətlənir. Əlbəttə, insan!

Rəsul Rza böyük insan idi, onun xeyirxahlıqlarını görənlər, dadanlar bu gün də xatırlayırlar. "Rəsul Rza mənə ev verdirdi; Rəsul Rza məni işə düzəltdi; Rəsul Rzanın yanından çıxanda gülə-gülə çıxdım, bundan sonra həyatım üzümə güldü...” – deyənlərin adını, ünvanını, lazım gəlsə, sıralamaq da olar...

Rəsul Rzanı çağdaş oxuculara təlqin, təqdim etməyə ehtiyac yoxdu, onun böyük insan, döyünən ürək sahibi olduğunu sübut etmək üçün dəlillər gətirməyə də ehtiyac yoxdu. Bu dəlil onun sözü, həyatı, yaşam tərzidir...

Mən torpağam, məni atəş yandırmaz;

Tərkibimdə kömürüm var, külüm var.

Mən baharam, çəmən-çəmən

Çiçəyim var, gülüm var.

Mən küləyəm,əsməsəm

Kim bilər ki, mən varam.

Mən buludam, səhraları susuz görüb

Ağlaram ,

Mən ürəyəm, döyünməsəm ölərəm.

Mən insanam,

Sadə insan əlinin

yaratdığı nemətlərlə öyünməsəm,

ölərəm.

... Mən İnsanam,

Vətənim var, elim var.

Ən böyük həqiqəti,

Azadlığı, məhəbbəti, nifrəti

Söyləməyə qadir olan

Dilim var...

Böyük şairdən nümunə gətirdiyimiz bu misralarda hisslər, duyğular fikir və düşüncələr, bir-birilə o qədər qaynayıb–qarışıb ki, onları bir-birindən ayırıb söz demək, fikri yürütmək müşküldür. Sənətin qüdrəti ilə ecaskar bədii lövhələr yaradan şair burada bir anatomistdir. Onun yazdığı kiçik bir şeirin arxasında özünün də ifadə etdiyi kimi həqiqətən insanı səadətə qovuşdurmaq yolunda döyünən ürək dayanır... Zənn edirəm ki, onun bu sətirlərinə həm də rəssamlar, heykəltaraşlar heyrətlənməlidir. O, duyğunun, duyumun şəklini çəkməkdə necə də mahirdir. Sözümün əvvəlində dediyim kimi Cavidin "başlar üçün yazıram, boşlar üçün yazmıram” ifadəsi zaman-zaman Rəsul Rza yaradıcılığından axıb keçir...

Aydındır şeirin dili.

İstəyirsən sevincdən,

İstəyirsən qəmdən yaz.

Bəli, aydındır bu dil.

O qədər aydındır ki,

Nadan yüz yol oxusun-

Yenə bir şey anlamaz.

Düzü bu sətirləri kağıza köçürənə qədər elə bilirdim ki, ətrafımızı bürüyən nadanlar, qanmazlar ancaq bizim həmdövrümüzdü, sən demə, Rəsul Rza belələrindən boğaza yığılıbmış, nadanlar onun da dövründə meydan sulayırmış. Hamımız yaxşı bilirik, nadanlıq böyük bəladır. Yeri gəlmişkən onu da deyək ki, nadanlığın gözünə, savadlı əclaflıq qarışanda daha böyük təhlükə olur, yer üzünü qana çalxayanlar, halalımızı harama çevirənlər, savadlı əclaflar – müasir nadanlardır. Rəsul Rza yaradıcılığında diqqətimi çəkən bir məsələ də var. O, istək və arzularını körpə uşaq sadəlöhvlüyü ilə dilə gətirir, qələmə alır, sözə çevirir. Əziz oxucular, diqqət edin

... Mən istəyirəm:

Güllər açılsın,

Güllələr açılmasın.

... Mən istəyirəm:

qapılar qapansın

soyuq olanda hava.

Gözlər qapanmasın,

Sözlər qapanmasın.

... hər şey insana baxsın

İnsan ələ baxmasın.

Şübhəsiz hər bir şairin yaradıcılığı həm də onun həyatını, müəyyən mənada həyat tərzini, gündəlik müşahidələrini, zamanın, çərxi fələyin şair dünyasına mənəvi basqılarını əks etdirməli olur. Maraqlıdır, Rəsul Rza həm öz dövrünün, həm də zəmanəmizin oğludur. Bu gün onun yaradıcılığında utanc gətirən heç nə yoxdu, hətta yazdığı, dövlət mükafatı aldığı "Lenin” poemasına görə belə.

Yuxarıda qeyd etmişdim, Rəsul Rza hissin, duyğunun şəklini çəkirdi. Təsadüfi deyil ki, insanı bütövlükdə ürəyə bənzədən şair həm də onun varlığını, emosiyalarını, duyğu və düşüncələrini poetik lövhələrdə bənzərsiz, təkrarsız cizgilər yaradırdı. Onun Xalq rəssamı Mikayıl Abdullayevə ithaf etdiyi "Rəssam qardaşıma” şeirini indi yenidən oxuyuram.

Məndə bir can var, səndə bir can,

Mənim qələmim var, sənin fırçan,

Mənimki sözdür, səninki rəng.

Mən yazım, qardaş, sən çək.

Mən əlim olmasa da yazaram,

Gözüm olmasa da...

Sən dilin olmasa da çəkərsən,

Sözün olmasa da.

Ancaq hər ikimiz

Yarada bilmərik ürəksiz

Mənimki sözdür.

Səninki rəng.

Var olsun ürək!

İstər böyük şair ol, istər siyasətçi, istər rəssam, istər də fəhlə, təki ürəyin olsun, ürəyin olmasa quru bir odun parçası, daşsan, bitki bitirməz bir gilsən. Ürəyin varsa, vətəndaşsan, sənətkarsan, insansan – əsrlərə və əsrdaşlara örnək Rəsul Rza kimi!

publika.az