adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 May 2017 19:28
8762
SİYASƏT
A- A+

Bu il Azərbaycan buğda istehsalını artıracaq

Məlumdur ki, neft sektoru ilə yanaşı, hazırda kənd təsərrüfatı da Azərbaycanda önəmli sahələrdən biridir. Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq isə kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Bu sahə bütün kənd təsərrüfatının əsasını təşkil edərək, əhalinin çörək və çörək məmulatlarına olan təlabatını ödəməklə yanaşı, həm də heyvandarlığın yemə olan təlabatının ödənilməsində mühüm rol oynayır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyi qarşısında taxılçılıq sahəsində istehsalın artırılması, ölkənin ərzaq buğdasına olan tələbatının tamamilə yerli istehsal hesabına təmin edilməsi vəzifəsi müəyyən edilib.

Bəs bu il Azərbaycanda taxılçılıqla bağlı vəziyyət necədir? Daxili tələbatı ödəyə biləcəyikmi?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovModern.az-aaçıqlamasında bildirib ki, ölkəmiz bu il ötən il olduğu kimi, daxili tələbata cavab verə biləcək:

"Ümumiyyətlə taxıl deyəndə biz həm buğda, yəni çörək, un məmulatlarını, həm də yem, qarğıdalı və bunun kimi digər məhsulları nəzərdə tuturuq. Deyə bilərəm ki, bizim istehsalımız daxili tələbatlara cavab verir.

Sadəcə, bir müddətdir ki, buğda məsələsində çətinlik müşahidə edilir. O da bu il öz həllini tapacaq. Beləki, artıq yeni buğda sortları alınıb və səpilib. Düzdür, bununla buğda təminatı problemi tamamilə aradan qalxacaq, demirəm. Hər halda bu, ərzaq təhlükəsizliyini təmin edəcək və inkişaf olacaq.

Keçən il taxıl tələbatının 60-65 faizini təmin edə bilirdiksə, bu il və gələcəkdə həmin rəqəmlər 75-80 faiz olacaq. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazilliyi tərəfindən işlər görülür. Ümid edirəm ki, bu sahədə yüksəliş olacaq. O cümlədən Azərbaycan digər kənd təsərrüfatı məhsulları ilə də özünü təmin edə bilir. Təmin olunma dərəcəsi 80-85 faizdir”.