adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 May 2017 12:47
40667
GÜNDƏM
A- A+

BULUD DAĞIDAN TOPLAR

Bir vaxtlar Sovet dönəmində bütün bölgələrdə bulud dağıdan toplar vardı. Elə ki, göy üzünü qara buludlar aldı, bax, həmin vaxtı istər-istəməz həmin topları işə salardılar. Göy üzünü qara bulud alanda ya fasiləsiz leysanlar yağardı, ya da dolu düşərdi. Bu isə taxıl, pambıq və digər kənd təsərrüfatı məhsullarının yığılmasına mənfi təsir edərdi. Çünki dolu düşəndə 1000 hektarlarla taxıl sahələrini vurar və məhsul zay olardı. Ona görə də taxıl biçininə az qalmış göy üzünü alan qara buludlar toplar tərəfindən dağıdılardı.

Amma elə ki, Sovet dönəmi başa çatdı və bu toplar da zaman-zaman öz əhəmiyyətini itirməyə başladı. Başqa sözlə demiş olsaq, həmin toplardan istifadə edilmədi və bu toplar da paslanaraq öz istismar müddətini başa çatdırdı. Ona görə də müxtəlif məhsulların yığımı mövsümündə güclü leysan yağışların yağması və dolunun düşməsi həmin məhsulların əksəriyyətini məhv edir. Bu isə o deməkdir ki, ölkəmizdə kimlərinsə səhlankarlığı və günahı üzündən minlərlə hektar sahələrdə yetişdirilmiş taxıl məhsulları zay olur.

İndi bir çox mütəxəssislər bu qənaətə gəliblər ki, yenidən dolu dağıdan toplara çox böyük ehtiyac var. Məsələn, qonşu Gürcüstanda bu dolu dağıdan toplardan kənd təsərrüfatı məhsullarını xilas etmək üçün bu gün də istifadə edilir. Neçə illərdir ki, göy üzünü qara bulud alan kimi leysan yağış yağır, dolu düşür və nəticədə tonlarla taxıl məhv olub gedir.

Bəs bunun çıxış yolu nədən ibarətdir? Mütəxəssislər bildirirlər ki, bu gün ölkəmizdə dolu dağıdan toplara çox böyük ehtiyac var. Ən azından ona görə ki, məhsulun zay olmasının qarşısı bu dolu dağıdan toplarla alına bilər. Mütəxəssislər onu da bildirirlər ki, həmin dolu dağıdan topların indiki qiyməti 15-16 min civarındadır. Mərmilərin isə qiyməti 250-300 manat arasındadır. Bu bizim ölkə üçün bir o qədər də böyük vəsait deyildi. Yəni tonlarla mer-meyvənin, taxılın məhv olmasının qarşısının alınması üçün bu addım mütləq vaxtında atılmalıdır.

Əgər dolu dağıdan toplar yenidən bölgələrdə fəaliyyət göstərirsə, görün onda nə qədər zay ola biləcək məhsulun qarşısını almaq mümkündür. Sadəcə olaraq bu məsələyə lazımı qurumlar xüsusi diqqət yetirməli və problemin həlli üçün ciddi addımlar atılmalıdır. Əgər bu addımlar atılarsa, sadaladığımız mövcud problemlər qısa zaman kəsiyində öz həllini tapar və məhsul bolluğu yaranar. Yəni kəndlinin min bir əzab-əziyyətlə yetişdirdiyi mer-meyvəni, taxılı leysan yağışlar və dolu vurmaz.

Faiq QİSMƏTOĞLU