adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 May 2017 18:20
6580
MƏMLƏKƏT
A- A+

Bakı Zooparkında yenot, meymun, anakonda ölüb

Bakı şəhər Zooloji parkı əhaliyə müxtəlif növ heyvanları görməyə və onlarla təmasda olmağa imkan yaradır. Zoopark nadir və nəsli kəsilməkdə olan heyvan növlərinin canlı genofondunu yaratmaq, onları saxlamaq və artırmaq kimi vacib vəzifəni yerinə yetirir.

Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva  bildirib ki, hazırda burada 150 növ olmaqla 1150 baş heyvan və quş saxlanılır. O, həmçinin axırıncı dəfə Zooparka gətirilən yeni heyvan növlərindən də bəhs edib:

"2017-ci ildən bu aya kimi "Çexiya” müqaviləsi əsasında muntcaq və cırtdan keçilər gətirilib. Hazırda zooparkın ən cavan sakini qırqovullar və yenicə doğulmuş cırtdan keçilərin və Avstriya keçilərinin balasıdır. Zooparkın ən yaşlı sakinləri isə şirlərdir. Zooparkda sultan toyuğu, qonur ayı, tovuzquşu kimi nadir heyvan növləri var. Hazırda alpaklardan bala gözlənilir. Bir neçə quşların yumurtası isə inqibatora yerləşdirilib. Müəyyən müddətdən sonra nəticə gözləyirik”.

Aynur Hacıyevanın sözlərinə görə, bu il Zooparkda ölən heyvan və quşlar da olub:

"2017-ci ildə ölən heyvanlardan Svayna qırqovulu, Amerika yenotu, Pavian Qamadril (meymun növü) və anakondanı misal göstərə bilərəm. Pavian Qamadril doğuş prosesini mürəkkəb keçirdiyi üçün, Svayna qırqovulu qara ciyərin iltihabından, Amerika yenotu qocalıqdan ölüb. Anakonda ilanı isə qabıq dəyişmə prosesini düzgün keçirmədi, dərisinə infeksiya düşdü və bu səbəbdən öldü”.

A.Hacıyeva bildirib ki, hazırda Zooparka yeni heyvanların gətirilməsi üçün danışıqlar gedir:

"Bakı şəhər Zooloji Parkının digər xarici ölkələrin zooparkları ilə əlaqəsi var. Məsələn, Çexiya, Ukrayna, Moldova, Türkiyə, Rusiya kimi dövlətlər bu siyahıdadır. Hazırda yeni heyvanların gətirilməsi üçün də "Daşkənd” müqaviləsinin danışıqları gedir. Yaxın zamanlarda dəqiq məlumat veriləcək. Qeyd edilən ölkələrlə mübadilə olur. Bu il cırtdan keçiləri, muntcağı, leopard və yaquardı da mübadilə nəticəsində gətirmişik”.