adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 May 2017 15:36
27161
MƏDƏNİYYƏT
A- A+

Kədərli film haqqında nazirə məktub

Əziz Nazir,
Azərbaycanda "mədəniyyət” deyiləndə şou biznes nümayəndələri, düşük manıslar, "film” deyiləndə isə "Hozu”, "Stalinin başı” və sairə yada düşsə də, mən sizin yüksək zövqünüzün olduğuna qəlbən inanıram. Sizin tutduğunuz postda təsadüfən oturmadığınızdan əminəm.

Əziz Nazir,

Mən, Günay Arda 10 ildən çox jurnalistika təcrübəsi olan biri kimi əminəm ki, Siz "Cəsur ürək”, "Berlində bir qadın”, "Pianist” , "Həyat gözəldir”, "Ehtiras küləyi” kimi filmlərə baxmısınız. Siz o filmləri sevərək, həm də ürəyinizin bir yerində Qarabağı düşünüb ağlayaraq baxmısınız. Siz də bu torpağa görə axıdılan qanı yada salıb həmin xarici rejissorların çəkdiklərinə ağlamısınız.

Əziz Nazir,
Mən də ağladım. 1 ay əvvəl "Geyilməmiş ayaqqabılar” adlı filmə baxıb göz yaşı tökdüm. Filmin ilk və tək təqdimatı idi. 30-40 nəfərlik zalda hamımız göz yaşı tökürdük. O zalda insanlığına, ürəyinə şübhə etdiklərim də var idi. Amma onlar da ağlayırdı. O zalda hamı bir damarda atırdı. Hamını bir ağrı sıxırdı.

Əziz Nazir,
"Geyilməmiş ayaqqabılar”ın qəhrəmanı Həsrət adlı məcburi köçkündür. Ona yardım kimi verilən ayaqqabılardan imtina edir. Ayaqqabı geyinməyi Xankəndinə saxlayır. Körpə kürəyində ayaqqabıları Xankəndinə gedir. Xankəndini azad edir. Lakin ayaqqabıları geyinmək ona nəsib olmur. O, Xankəndi uğrunda ayaqlarından olur. Qürurla əlil arabasında ayaqqabılarını "Geyilməmiş ayaqqabılar” muzeyinə təhvil verir. Ayaqqabı geyinməsə də, Xankəndidə nəfəs alır. Xankəndidə nəfəs ala bilmək ona ayaqqabıları da, ayaqsızlığı da unutdurur. Filmdəki ana obrazı oğlunu itirən hər ananın prototipidir. Həsrətin qalibiyyətinin səbəbkarı da odur. "Cənnət anaların ayaqları altındadır” deyirik. Bu filnmdə ana Həsrətə həm də ayaq olur. Onun yerinə yeriyir.

Əziz Nazir, o filmi mən izlədim. Heç vaxt görmədiyim Xankəndini hiss etdim. Filmin sonluğundakı insanın dilini-dodağını qurudan zəqqum küləyi göz yaşlarımla yumşaltdım. "Geyilməmiş ayaqqabılar” kameraların qeydə aldığı sənət nümunəsi deyil, sadə videyazı deyil. "Geyilməmiş ayaqqabılar” hamımızın taleyidir. Ən azından hamımızın sonunun Həsrətin sonu kimi bitməyi mənim ən böyük arzumdur.

Əziz Nazir,
Vizuallığın müasir dövrdə nə qədər əhəmiyyət kəsb etdiyini, vizual yaddaşın əbədi yaddaş olduğunu Sizə təkrar etməkdə ehtiyac görmürəm. Əvvəldə də dediyim kimi əminəm ki, Siz dünya film inciləri hesab edilən bütün nümunələrlə tanışsınız. Əminəm ki, Siz də bir vətəndaş kimi Qarabağla bağlı dünya film festivallarına qatıla biləcək filmlərin arzusundasınız. Həmin bir film artıq çəkilib. Təəssüf ki, filmin varlığından nəinki dünya, heç Azərbaycan ictimaiyyəti də xəbərdar deyil. "Geyilməmiş ayaqqabılar” spesifik deyil. Dünyada nə qədər müharibədən əziyyət çəkmiş insan varsa, "Geyilməmiş ayaqqabılar”ı öz milli filmi kimi qəbul edəcək.

Əziz Nazir, əvvəldən sona qədər qaydaları pozaraq Sizə "əzizim” kimi xitab edirəm. Bizim damarlarımızda eyni qan axır. Bu torpağın üstündə axan qan təkcə mənim yox, həm də sizin qanınızdır. Biz eyni millətin, eyni köklərin daşıyıcılarıyıq. Bu filmə mənim gözlərimlə baxacağınıza, mənim qədər ciyərinizin yanacağına əminəm. Bu filmin yayılması, baxılması üçün vətəndaş, jurnalist kimi əlimdən gələni etsəm də, filmin geniş tamaşaçı kütləsi qarşısına çıxmasını təşkil etmək mənim imkanlarım xaricindədir. Müraciət etdiyimiz kino zallar konkret məbləğ tələbi ilə qarşımıza çıxır. Onlar hətta milli məsələlərdə də biznes maraqlarını düşünür.

Körpə Həsrət filmdə anasına sual verir: "BMT Allahdan böyükdür?” Mən də Sizə sual edirəm, biznes maraqları Qarabağdan daha böyükdür? Əziz Nazir, mən azyaşlı övladlarıma Qarabağı yalnız xəritədə göstərə bilirəm. Onlara bu filmi görmək üçün imkan yaradın.