adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 May 2017 00:35
13028
ƏDƏBİYYAT
A- A+

VƏTƏNƏ SADİQ OĞULLARIMIZDAN BİRİ

Vətən anlayışı insanın həyatında, ruhunda pak və müqəddəs yer tutur. İnsan Vətənin təkrarolunmazlığını və sadəcə olaraq, "Ana Vətən" kəlməsinin qəlbində yaratdığı hərarəti duyur. Yəni, biz hər birimiz körpə olarkən, ana və atalarımızın dilindən "Vətən anadır" kəlməsi eşitmişik, övladlarımızı, körpələri, gənıc nəsli də, bu ruhda tərbiyə edirik.
Vətənə məhəbbət hissi şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də, özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, öz xalqının maraqlarını qorumaq da, vətənpərvərlik keyfiyyətlərinə aiddir. Göz açıb gördüyümüz Vətən, sinəsində ayaq açdığımız torpaq, doğma od-ocaqdan, məndən, səndən, hamımızdan, yəni, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində yaşatmalıdır. Vətənpərvərlik - özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır.
Əsrlər boyu yağı düşmən doğma yurdumuzun barlı, bəhrəli torpaqlarına, tükənməyən sərvətlərinə göz dikmiş, igid oğullarımız, qeyrətli qızlarımız tikan olub onların gözlərinə batmışdır. İgidlərimiz sinəsini Vətənə sipər edərək mənfur düşmənə meydan oxumuş, göz dağı çəkdirmişdir.
Tarixən çox "mənəm-mənəm" deyən düşmən hökmdarlar Azərbaycan iştahına düşərək bu torpağa hücum etmiş, lakin axırda qan içməkdən doymayan boş başlarını bu torpaqda itirmişlər.
Mən mütəmadi olaraq, şəhidlərimiz və qəhrəman oğullarımızın döyüş yolu ilə maraqlanan bir qələm adamı kimi, Qarabağda qanlı-qadalı illərdə, kirpiyi ilə od götürən oğullardan biri - Qədirov Sadiq Ələsgər oğlu haqqında xeyli məlumat əldə edə bildim.
Qədirov Sadiq Ələsgər oğlu 02 iyul, 1963-cü ildə Bakıda anadan olub.
220 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra sənədlərini 74 saylı peşə məktəbinə təqdim edib, təhsilini davam etdirib. Daha sonra Rostov Dəmiryol İnstitutuna daxil olub. Bakı Metropolitendə çalışarkən Bakı Maşınqayırma Texnikomunu da bitirib. 1990-cı ildə, Müdafiə Sənayesi Kompleksində çalışıb, ordan döyüşə getmək üçün o vaxtkı milis sırasına daxil olub. Topladığım məlumatlardan belə qənaətə gəldim ki, Sadiq müəllimin döyüşlərdə və xüsusi əməliyyatlarda böyük zəhməti, şücaəti olub. 1992-ci ilin şaxtalı 26 yanvar gecəsi, saat 04:30-da Daşaltı ərazisinə daxil olub, saat 16:30-da ordan çıxmaq əmri veriləndə, Qədirov Sadiqgilin mobil qrupundan bir nəfər yaralı, iki nəfər isə itkin düşüb. Sadiqgilin döyüş-əməliyyat dəstəsindən Erkəç, Mənəş, Buzluq əməliyyatlarında üç şəhid və yeddi yaralı olub. Fizulinin Cəmilli kəndində qaynar nöqtəni almaq əmrini alanda, Sadiq iki döyüşçü yoldaşını da götürüb, tapşırığı can-başla yerinə yetiriblər.
1991-cü ildə, o vaxtkı Xüsusi Təyinatlı Milis Dəstəsində döyüş zonasında igid oğullarımızın sayı beş yüz nəfər idisə, 1994-cü ildə üç min nəfərə qədər çatmışdı. O vaxt ermənilər (1991-ci ildə) Xüsusi Təyinatlı Milis dəstəsinə "Məhəmməd Əsədovun bandası" deyirdilər.
1991-ci ildə Hadrutun Tuğ və Dolanlar kəndindən Cəbrayıl rayonunun kəndlərinə tez-tez hücumlar olurdu. İgid oğullarımız bu hücumların qarşısını qəhrəmancasına alırdılar. Döyüş qrupu çox ciddi rejimdə çalışırdı. Müsahibə vermək, şəkil çəkdirib yayımlamaq qəti qadağan idi. Məxfilik ciddi şəkildə qorunmalı idi. Hər bir əməliyyatda oğullarımızın niyyətləri ancaq şəhidlərimizin qisasını almaq, qələbəyə addım-addım yaxınlaşmaq olub. Mən Sadiq müəllimin belə şüacətinə qəhrəmanlıq səlnaməsi kimi yanaşanda, o, qətiyyətlə vurğuladı ki, qəhrəmanlarımız şəhidlərimizdilər.
Qədirov Sadiq 47 döyüş əməliyyatında iştirak edib. Hadrutun Tuğ kəndinə girib, bizə qarşı hücuma keçməyə hazırlaşan xeyli düşməni məhv ediblər. Yenə də Hadrut qəsəbəsinə yaxın və ermənilərin nəzarəti altında olan Qaradağlı kəndində Sadiq mobil qrupla erməni toyunu yasa çeviriblər. Cəbrayıla yaxın Dolanlar kəndində isə döyüş qrupu ilə birgə, düz on beş gün gecə-gündüz atışıblar, düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini zərərsizləşdirib, məhv ediblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı Polis dəstəsinin 1993-cü ildə, qərərgah rəisinin Sadiq müəllimin ünvanına yazdığı arayışı oxuyuram:
"Arayış verilir Qədirov Sadiq Ələsgər oğluna, ondan ötrü ki, həqiqətən də 1991-ci ilin iyun ayından, bu günə qədər Xüsusi Təyinatlı Polis dəstəsində xidmət edir. Yuxarı Qarabağda erməni işğalçılarına qarşı keçirilən bütün hərbi əməliyyatlarda fəal iştirak edir. Qədirov Sadiq Ələsgər oğlunun iştirak etdiyi əməliyyatlardan bir neçəsini xüsusi ilə qeyd etmək olar: Daşaltı, Aruş, Ağdərə, Çıldıran, Vaqauz, Sırxavənd, Qazançı. Ağdərə və Çıldıran əməliyyatlarına görə, Qədirov Sadiq Ələsgər oğlu Komandanlıq və Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılmışdır".
1990-1995-ci illərdə isə Xüsusi Təyinatlı Polis dəstəsinin 51 şəhidi, 214 yaralı polis nəfəri olub. Sadiqin mobil qrupla yerinə yetirdiyi döyüş tapşırıqları həmişə uğurla başa çatırdı.
Qədirov Sadiq Ələsgər oğlu Daxili İşlər Nazirliyi tərəfindən rəsmən dörd dəfə mükafata layiq görülmüşdür. Bir dəfə "Milis əlaçısı", üç dəfə isə pul mükafatına layiq görülüb.
Qədirov Sadiq Ələsgər oğlunun Vətən, xalq qarşısında müstəsna, xeyirxah xidmətləri yetərincədir.
Sadiq müəllim gözəl ailə başçısıdır. Üç övladı, üç nəvəsi var. Ot kökü üstə bitər, deyib atalarımız. Övladları da Sadiq müəllim kimi vətəncanlı övladlardır. Balaca nəvələri Vətən anlayışının nə olduğunu çox gözəl dərk edirlər. Üçrəngli müqəddəs bayrağımıza məhəbbətləri sonsuzdur. Böyüyəndə babaları kimi qorxmaz, şücaətli Vətən övladı olmağa and içiblər.
Sadiq müəllimə uzun və sağlam ömür, çətin və şərəfli işində uğurlar arzu edirəm. Belə düşünürəm ki, Sadiq müəllim kimi qeyrətli oğullarımızdan səbirlə, təmkinlə, hələ çox şey öyrənməliyik. Məqaləni Sadiq müəllimin öz sözləri ilə bitirmək istəyirəm: "Vətənimizin bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizə, uca Allahdan rəhmət diləyirəm. Şəhidlər ölməz, Vətən bölünməz!"
Allah tezliklə torpaqlarımıza, Vətənimizə qələbə sevincini nəsib etsin.