adalet.az header logo
  • Bakı 11°C
16 May 2017 00:18
2309
GÜNDƏM
A- A+

ÖZƏL KLİNİKALARIN İNSAFI OLSA...

Ölkəmizdə bu gün dövlət xəstəxanaları ilə yanaşı, çoxlu sayda özəl klinikalar da var. Və bu özəl klinikaların bir çoxu hətta Avropa ölkələrindəki klinikalarla rəqabətə girə də bilər. Ən azından ona görə ki, bir çox özəl klinikalarda Avropa və dünya standartlarına cavab verən ən müasir avadanlıqlar və texnologiyalar quraşdırılıb. Və bu avadanlıqların gücüylə müxtəlif xəstəlikləri aşkar etmək mümkündür. Bunlar hamısı çox gözəl!
Biz ancaq həmin özəl klinikalarda mövcud olan və pasiyentlər üçün müəyyən çətinliklər yaradan problemlərə toxunacağıq. Eyni zamanda özəl klinikaların adlarını çəkməyəcəyik ki, bu nə reklam olsun, nə də antireklam. Yazımızın əvvəlində qeyd eləmişdik ki, bu gün Bakı şəhərində xarici ölkələrdən geridə qalmayan klinikalar fəaliyyət göstərir. Yenə sözümüzün üstünə qayıdaraq bildirmək istəyirik ki, bu klinikalarda həm də kifayət qədər istedadlı, savadlı və təcrübəli həkimlər də var. Heç bununla da işimiz yoxdur!
Ondan söhbət açmaq istəyirik ki, əksər özəl klinikalarda xəstələrin müayinəsi və müalicəsi çox bahadır. Bəlkə də bir-iki il bundan əvvəl həmin bahalığa pasiyentlər bir o qədər də əhəmiyyət vermir, bir balaca ağrıyan kimi özəl klinikalara üz tuturdular. İnsaf naminə deməliyik ki, bir çox ağır xəstələr və əlləri hər şeydən üzülən pasiyentlər son anda özəl klinikalarda müalicə olunaraq həyata qayıda biliblər. Axı bu klinikaların çoxunda ən mürəkkəb ürək əməliyyatları və eləcə də digər orqanların əməliyyatı uğurla aparılır. Ancaq bir çox insanların maddi durumu yaxşı olmadığına görə, bu gün özəl klinikalarda müalicə oluna bilmirlər. Bu isə bir çox halda ağır xəstələrin həyatla vidalaşmasına gətirib çıxarır.
Bugünkü iqtisadi çətinliyi, maddi sıxıntını özəl klinikalar da nəzərə almalıdır. Onlar nəzərə almalıdır ki, üç-dörd il bundan əvvəlki kimi əhalinin kasıb təbəqəsinin iqtisadi durumu yaxşı deyil. Təbii ki, bu maddi çətinliklər üzündən bayaq dediyimiz kimi, xəstələr özəl klinikalara gedərək müayinə və müalicə ola bilmirlər. Belə hallarda da həmin pasiyentlərin doğmaları stress keçirir, əsəbiləşir və onların özü də xəstəliyə düçar olurlar.
Gəlin onunla razılaşaq ki, bugünkü iqtisadi durumla müqayisədə özəl klinikalarda çox bahalıqdır. Məsələn, hər hansı bir xəstəliyin aşkar edilməsi üçün ən azından analizləri verərkən və aparatdan keçərkən 300-350 manat pul tələb olunur. Hansı ki, vicdanlı həkimlər özəl klinikada işləsə də, çox vaxt pasiyentin imkanını nəzərə alıb onu bir o qədər də çox analiz verməyə qoymur. Konkret olaraq bir-iki qan analizi verməklə pasiyentin səhhətindəki problemlər tamamilə aşkarlanır. Təəssüf ki, bunu hər həkim eləmir. Əksər həkimlər isə xəstələrin maddi durumunu nəzərə almadan lazım oldu-olmadı daha çox qan analizləri verməyi və aparatdan keçməyi pasiyentə məsləhət bilir. Pasiyent də bir aşağı baxır, bir yuxarı məcbur olub borc-xərc həmin müayinədən birtəhər keçir. Müayinədən sonra da bir ətək pul lazımdır ki, müalicə olunasan. Bir çox xəstələr imkansızlıq üzündən o pulu tapa bilməyəndə müalicəni ya yarımçıq saxlayır, ya da bir daha həkim yanına getmir.
Tanınmış özəl klinikaların birinin vicdanlı həkimi bizimlə söhbətində dedi ki, mən dəfələrlə klinikanın rəhbərliyinə bildirmişəm ki, indiki iqtisadi durumu nəzərə alsınlar, bəzi müayinə və müalicələrdə və analizlərdə endirimlər eləsinlər. Ancaq görmüşəm ki, bu rəhbərin xoşuna gəlməyib. Sonra fikrimi konkret faktlarla əsaslandırmışam. Demişəm ki, bu endirim olsa, gün ərzində 50 xəstə əvəzinə 100 xəstə bizə müraciət edər və biz də o itirdiyimiz pulu xəstələrin çoxluğu hesabına qazana bilərik. Deyəsən bu rəhbərin ağlına batdı və bir qədər endirim etdi. Amma bu da indiki iqtisadi durumda bir o qədər yetərli deyil. Ancaq buna da min şükür!
İranda bizim ölkədən müalicəyə gedən hər hansı pasiyent 150 manat məbləğində özünü "çekap" elətdirir. Yəni xəstənin saçından tutmuş dırnağına qədər bütün orqanları müayinə olunur və ona duzgün diaqnoz qoyulur. Amma bizdə isə cəmi bir-iki analizə elə pasiyent özəl klinikada bu qədər pul ödəməli olur. Sonra da bizim həkimlər deyirlər ki, xəstələrimizin çoxu niyə İrana üz tutur. Camaat İrana ona görə üz tutur ki, orda həm ucuzluqdur, həm də qəbul olunan dava-dərman daha keyfiyyətlidir.
Bizə elə gəlir ki, özəl klinikalarımızda da müəyyən endirimlər eləməklə xaricə gedən xəstələrin sayını azaltmaq olar. Çünki artıq bir çox pasiyentlər İrandakı həkimlərdən də narazılıq edirlər. Çünki onların da arasında kifayət qədər dələduz və fırıldaqçı həkimlər var. Əgər kimsə təsadüfən və tanımadığı halda İrana müalicəyə gedirsə, İran Astarasına çatan kimi dələduz taksi sürücüləri onları yaxalayır və tanıdıqları klinikalara aparırlar. Təbii ki, İranda da bütün klinikalar yüksək səviyyədə fəaliyyət göstərmir. Orda da vicdanlı və vicdanını itirmiş həkimlər var.
Yaxın qohumlarımdan biri düz 5 il İranda qara ciyəri ilə bağlı müalicə olundu. Amma o elə də müsbət effekt vermədi. Axırda dövlət xəstəxanalarının birində olan çoxlarının tanımadığı həkim onu tam müalicə elədi və mənim qohumum da özünü lap yaxşı hiss edir. Deyir ki, İrandakı dərmanları atıb qurtarandan sonra ağrılarım yenidən başlayırdı. Sanki məndə dərmandan bir asılılıq yaranmışdı. Amma öz yerli həkimimiz çox cüzi qiymətə məni müalicə elədi və həyata qaytardı.
Göründüyü kimi, bir çox pasiyentlərin İrandakı həkimlərə inamı və ümidi itib. Onlar yenidən öz həkimlərimizin yanına dönürlər. Belə bir məqamda özəl klinikalar çox insanpərvər addım atmalı, müayinə və müalicələrdə endirimlər etməlidir. Bu endirimlərdən həm özəl klinikalar qazanar, həm də öz pasiyentlərimiz sağalıb həyata qayıdar. Və bir də öz pulumuz elə özümüzə qalar...