adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2017 00:44
14808
ƏDƏBİYYAT
A- A+

Müəllim ömrü

İnsanı kamillik dərəcəsinə çatdıran, ona yer üzünün əşrəfi olduğunu dərk etdirən müqəddəs bir varlıqdır müəllim. Hər zaman səcdə olunacaq, doğru dürüst məsləhətlərinə ehtiyac duyulacaq bir varlıq. Elə bir varlıq ki, ömrünü çıraq edib, hər bir şagirdinin qəlbində yandırır, həyatının ən gözəl illərini, ömrünün ən duyğulu anlarını, gözünün nurunu onlara həsr edir. Tanrının yazdığı ömür payını yüzlərin, minlərin ömrünə qatır. "Bağban ölmür".
O, bəslədiyi meyvə ağacları ilə yaşamağa davam edir. Yazıçı əsərlərini, rəssam şəkillərini irs qoyur. Müəllim də öz şagirdlərinin qəlbində, onların hərəkət, rəftar və düşüncələrində yaşayır. Onun yaradıcılığı və ölməzliyi də məhz bundadır. Müəllimlərə ən çətin, həm də ən şərəfli peşə həvalə olunmuşdur. Əlinə ilk dəfə çanta alaraq qəlbi həyəcanla döyünə-döyünə məktəbə qədəm qoyan şagird yer üzünün ən təmiz, ən saf varlığıdır. Müəllim onun əlindən tutur, elmin işıqlı yollarına çıxarır, qəlbinin hərarətini, gözünün nurunu damla-damla yetirməsinin yoluna çiləyir. Şagirdin qəlbi safdır. Sevdiyi adamın bütün yaxşı və pis əməllərini özündə əks etdirir. Bu baxımdan müəllimin üzərinə düşən məsuliyyət olduqca böyükdür. Gənclərin cəmiyyətdə yüksək mövqe tutmağı, şərəfli əməyi ilə yüksəlməyi, zəhmətsevər, vətənə, dövlətə, xalqa sədaqətli vətəndaş kimi formalaşması müəllimlərin peşəkarlığından, pedaqoji məharət və qabiliyyətindən çox asılıdır. Şair nə qədər gözəl deyib:

Müəllim: Bu ada baş əyir Cahan,
Ondan hansı dahi dərs almamışdır?
Müəllim sözünə qulaq asmayan
Tarixdə heç zaman ucalmamışdır!

İnsanlar kimi yazıların da qəribə taleyi olur. Bir müddət əvvəl yazdığım bu yazını mətbuatda verməliydim. Müəyyən səbəblərdən alınmadı. Görünür yazının qəhrəmanı bahar təbiətli olduğundan onun haqqında deyilən fikirlər də məhz bahar günlərinə düşməliymiş.
Mətbuatda çalışdığım illər ərzində haqqında yazı yazdığım hər bir insan mənim üçün doğmadı, əzizdi, ömrümün donmuş bir anı, bir parçasıdır. Haqqında söhbət açacağım şəxs isə bir başqa dünya, bir başqa aləmdir. Ürəyi, gözü, könlü Laçın sevgisi, sevdasıyla dolu bu insan, zəngin mənəviyyatı, saf əxlaqı, əqidəsi, kövrəkliyi, böyük vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin ziyalılarını xatırladır. Adamlar cürbəcür olur. Elələri var ki, çoxdan tanıyırsan, ancaq haqqında danışmağa çətinlik çəkirsən. Elə bil ətrafını çən, duman alıb. Eləsi də var ki, bulaq suyu kimi şəffafdır aydan arı, sudan duru. Bax, haqqında söhbət açacağım Əli Cəfərov məhz belə insanlardandır.
Onun hər əməli saf, doğulub boya-başa çatdığı Laçın rayonunun Minkənd kəndinin bulaqlarının suyu kimi şəffafdır, durudur, təmizdir. Həyat yolu xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zirvəsinə bənzəyir. Elinə, obasına, xalqına sevgisi sonsuzdur, əbədidir, ülvidir, müqəddəsdir. Bu gün ahıl yaşında da rahatlığını birinə gərəkli olmasında, ona əl tutmasında tapır. Bu da bu ali insanın böyüklüyündən irəli gəlir.
Ən çətin peşə insan olmaqdır. Vətəndaş olmağın da yolu insan olmaqdan keçir. Haqqında söhbət açdığımız insan bu yolu şərəflə, ləyaqətlə, büdrəmədən addımladı. Əsası 1890-cı ildə qoyulmuş birsinifli Minkənd məktəbinin bugünkü varisi olan Minkənd tam orta məktəbində Əli Cəfərov yorulmadan riyaziyyat elmini dərinliklərinə kimi şagirdlərə öyrətdi. Moskvada nəşr olunan "Matematika", Azərbaycanın pedaqoji ictimaiyyəti arasında böyük nüfuz qazanmış "Fizika-Riyaziyyat tədrisi" jurnalında, "Azərbaycan müəllimi" və "Laçın" rayon qəzetlərində Əli müəllimin imzalarına tez-tez rast gəlinirdi. Bu məqalələrdə O, gənc riyaziyyatçılara kömək məqsədilə metodiki göstərişlər verir, qabaqcıl təcrübə yollarını göstərirdi. Müəllimlərin respublika və rayon konfranslarında müxtəlif mövzularda məruzələr oxuyurdu. Ömrünün yarım əsrini yüzlərlə gəncin maariflənməsinə sərf edən Əli Cəfərovun ömür yolu müəllim adının necə şərəfli, necə yüksək bir ad olmasına nümunədir. Onun əməyi ümumittifaq, respublika və rayon rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilərək Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri-fəmanına layiq görülmüş, "SSRİ maarif əlaçısı", "Metodist-müəllim", "Ali dərəcəli müəllim" fəxri adları almışdır.
Əli Cəfərovun həyat yolu, elmi-pedaqoji fəaliyyəti hər bir laçınlıda, xüsusilə onun çalışdığı kollektivdə həmişə qürurla, fərəhlə yad edilir. Elə insanlardandır ki, onun haqqında nə qədər deyilsə, yazılsa azdır. Onun barəsində boğazdan yuxarı, üzəyarı danışmaq, tərif naminə tərif söyləmək mümkün deyil.
Yaxşı ad qoyub getmək, qızıl saray qoyub getməkdən yaxşıdır. Əli Cəfərov zəhmətinin mükafatını vicdanından alırdı. Onun mükafatı xalqın məhəbbəti, xalqın istəyi olub həmişə. Yaxından tanıdığım üçün deyə bilərəm ki, bu adamın şəxsiyyətində humanistlik, sədaqət, pak mənəviyyat, fədakarlıq, təvazökarlıq, xeyirxahlıq və s. bu kimi ziyalıya məxsus ali mənəvi keyfiyyətlər, əsl insana layıq əxlaqi normalar vəhdət şəklində öz əksini tapıbdır. Yüksəlmək hünər deyil, hünər yüksəklikdə mətanətlə dayanmaqdır. O, sanki mənəvi yüksəkliyi birdəfəlik fəth etmişdi. Müdriklərdən kimsə deyib: "Çox şeyi zor və sərvət gücünə qazanmaq olar. Amma hörməti yalnız öz əməllərinlə qazana bilərsən". Əli Cəfərov məhz belə insanlardandır. İllər onun saçına gümüşü sığal çəkibdir. Bu ağ saçlar qocalıqdan xəbər vermir. Onlar dəyanətli bir ömrün, illərin tufanına mətanətlə sinə gərmiş vüqarlı bir insanın müdriklik rəmzidir. Həyat insana bir dəfə verilir: Nikolay Ostrovskinin bu sözlərini Əli Cəfərov ömür yolu üçün sanki epiloq seçmişdi. Onu elə yaşamalısan, elə yaşamalısan ki, tezliklə unudulmayasan, həyatda ömrünün bir izi, bir nişanəsi qalsın. Əli müəllim həyatda əməllərilə iz qoymağa çalışıb və buna da nail olub. Fransa yazıçısı İ.Labrüer deyirdi ki, dünyada ən çətin iş layiq olduğun şöhrətə çatmaq və onu qoruyub saxlamaqdır. Əli Cəfərov layiq olduğu şöhrətə çatdı və onu ləyaqətlə, şərəflə qoruya bildi.
Deyirlər hər kəsin qəlbində Allahın bəxş etdiyi bir işıq zərrəciyi olur. O zərrəciklər isə insanların mənalı zəhmətinin hasil etdiyi enerji ilə şölələnib özündən sonrakı nəsillərin gələcək həyat yollarına işıq saçır. Bu nur mənbəyi xalqın maariflənməsi, savadlanması, yaxşı yaşaması, firavanlığı üçün çalışan adamların zəhməti ilə birləşəndə daha yaxşı olur.
Böyük rus pedaqoqu Makarenko deyirdi ki, əgər çəkməçi pisdirsə, işini bacarmırsa bir çəkməni geyən yaraşıqsız olar. Amma müəllim pisdirsə, öz sahəsini bilmirsə, onda cəmiyyət korlanacaqdır. Filosoflardan biri isə deyib ki, hər bir xalqın, millətin və ölkənin yaşaması və inkişafı üçün üç sənət sahəsi çox vacibdir. Təhsil, tibb və hüquq. Cəmiyyətin təhsili yüksək səviyyədədirsə, insanların sağlamlığı keşiyində layiqincə dayanılırsa, ölkəni qanunlar idarə edirsə, belə cəmiyyət nümunəvi sayıla bilər. Bax, budur müəllim əməyinin qiyməti. Axı cəmiyyəti, dövləti idarə edənləri də müəllim hazırlayır. Döyüşdə əsgər döyüşür, amma mükafat komandirə çatır. Tac Mahal dünyanın möcüzələrindən biridir, amma əhsən onun memarınadır. Müəllim də belədir. Onun yetişdirdiyi alimlər, dünyanın fatehləri məhz müəllimlərinə borcludurlar. Böyük filosof Sokrat deyirdi ki, mən müəllimimi valideynimdən çox istəyirəm. Çünki, valideynim məni göylərdən yerə endirdi. Müəllimim yerdən göylərə qaldırdı.
İnsan oğlu özü üçün deyil, xalqı, eli-obası, yaşadığı cəmiyyət üçün çalışanda daha çox əlçatmaz olur. Narahat ürəyini şagirdləri yolunda şam kimi əridən, bunun müqabilində onların "günəş" kimi saf qəlbinin əbədi mehmanına çevrilən Əli Cəfərov ömrünün yarım əsrini xalqa, cəmiyyətə, dövlətə sədaqətlə xidmət etməkdə keçirdi. Bu gün isə alnı açıq, başı uca gəzir. Dərs dediyi şagirdləri alim kimi dünya ölkələrinin tribunalarında alovlu danışan görəndə ömrünün hədər getmədiyini görüb qürur hissi keçirir, fərəhlənir. Belə bir deyim var. Bir var tanınmaq, bir var sevilmək. Əli Cəfərov tanınan gündən hamı tərəfindən sevildi. O, peşəsinin əsl pərvanəsidir. Pərvanə adətən pərəstiş etdiyi şamın odunda, çırağın şöləsində qanadlarını yandırır. Əli müəllim pərvanə təbiətli olsa da, onu zirvələrə uçuran qanadlar kövrək deyil. Peşəyə məhəbbətin tükənməz sevgisindən bir ömrün şöhrət miqyası elə nəhayətsizdir ki, onun üçün poladdan da möhkəm qanadlar gərəkdir.
İnsan ömrünü bəzən axar suya bənzədirlər. Gah səsli-küylü dağ çayına, gah da sakit-sakit axan suya. Hər ikisinin öz gözəlliyi, öz məlahəti vardır. Lakin onların başlıca məziyyəti insanlara xeyir verməsindədir. İnsan da belədir. Onun ən yaxşı keyfiyyətləri məhz bəşəriyyətə, yaşadığı cəmiyyətə, öz doğma xalqına, elinə-obasına nə dərəcədə gərəkli olması ilə ölçülür. Əli müəllim məhz belə insanlardandır. Bu gün ömrünün 90-cı baharını haqlasa da, ürəyi yazıb-yaratmaq, gələcək nəsillərə yadigar qoymaq əzmi ilə döyünür. "Riyaziyyatı dərindən öyrənənlər və olimpiadaya hazırlaşanlar üçün" əlavə vəsait kimi iki kitabın müəllifidir.
Qəribə təbiəti var insanın. Neçə ki, cavandı, haylı-haraylıdı, irəli baxmağı xoşlayır, gələcəyə can atır, arzularla yaşıyır. Elə ki, ömrü yarı elədi, günəş kimi qüruba getməyə başladı, onda daha çox geriyə boylanmağa başlayır. Keçmişin şirin və acı xatirələri ilə yaşayır. İki dövrü yaşayan insan isə gördüyü hadisələri daha real, düzgün müqayisə edə bilir. Əli müəllim keçmiş günləri xoş duyğularla, xatirələrlə yad edir. Bu gün cəmiyyətimizdə baş verənlərə də laqeyd deyil. Elə məqamlar var ki, ona sevinir, elə məqamlar var ki... Bu gün hərtərəfli inkişaf edən gənclərimizi görəndə qürur duyur, dövlətimizin onlara qayğısından bir vətəndaş kimi məmnun qalır, gələcəyimizin etibarlı əllərdə olduğuna sevinir. Mən demokratiyanı da, dünyaya inteqrasiyanı da dəstəkləyirəm deyir. Lakin hər şey əndazəsində olmalıdır. Bu gün gənclərimizin Avropaya inteqrasiyasında bəzilərinin etdikləri yanlışlıqlar, buraxdıqları səhvlər bizim hamımızı düşündürməli, narahat etməlidir. Gənclərimizin narkomaniyaya meyilliliyinin artması, pis vərdişlərə, yad təriqətlərə qurşanması, milli mənəvi dəyərlərimizə ləkə gətirməsi və s. məni bir müəllim, bir vətəndaş, bir ziyalı kimi narahat edir. Doğrudur, cəmiyyətimiz, Dövlətimiz bu istiqamətdə iş görür, lakin görünür yetərli deyil. Bu həm də hər birimizin işidir. Tədris müəssisələrində, ali və orta məktəblərdə gənclərin bəzilərinin təhsil ocaqlarına saqqallı, kitab-dəftərsiz, ağızlarında papiros tullana-tullana getmələrinə, kitabxanaların oxucu yolu gözləməsinə nə ad vermək olar? Bəs müəllim və valideynlər hara baxır? Bax, bunlar məni çox narahat edir. Bunun üçün təsirli ictimai qınaq lazımdır. Mətbuat kompasdır. O, düzgün yol göstərməlidir. Mətbuatın gücündən, onun təsir vasitələrindən istifadə etmək gərəkdir.
Ləyaqətli övladları qaranlıq səmanı işıqlandıran aya bənzədirlər. Belə övladlar bütün nəslin, valideynlərinin üzünü ağ, başını uca edirlər. Elə Əli müəllimin övladları kimi. O, qibtə olunası atadır. Dörd övladı, on dörd nəvəsi, on iki nəticəsi başına yığışanda 25 ildir həsrətində olduğu Minkəndin toylu-düyünlü günlərini xatırlayır. Deyir, Minkənddə işlədiyim illər həyatımın ən şirin, əlçatmaz xatirəsidir. Belə bir deyim var: "Dünya bir evdirsə, övlad işıqdır. Oğul arxadırsa, qız yaraşıqdır". Əli müəllimin böyük övladı Almaz xanım riyaziyyat üzrə ali təhsil aldıqdan sonra 1977-ci ildən atası ilə çiyin-çiyinə çalışıb. Ömür gün yoldaşı İsa Təhməzov torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olub. Yeddi övladı təkbaşına böyüdüb onları ali təhsilli etmək hər qadının işi deyil. Almaz xanım gənclik illərində əsərlərini sevə-sevə oxuduğu Nikolay Ostrovskinin bir kəlamını xatırlayıb, onu özü üçün həyat devizi qəbul elədi: "İnsan çətin dövrü yaşamağı bacarmalıdır". Atası, qardaşları qeyrət simvolu sayılan bu xanımı əyilməyə, sınmağa qoymadılar. Arxa, dayaq oldular ona. Azərbaycan qadını tarixin bütün dövrlərində çətinliklərə sinə gərib, taleyin sınağından mərdliklə çıxıb həmişə. Bu çətin illərdə elə taleh özü yar oldu Almaz xanıma. Övladlarının hamısı ali təhsil aldı, onların altısı magistraturanı bitirdi. Qızı Maral isə İqtisad Universitetini fərqlənmə ilə bitirərək, orada qaldı.
Əli müəllimin ikinci övladı Arif Azərbaycan Memarlıq-İnşaat Universitetini bitirdikdən sonra çalışdığı sahələrdə tezliklə tanınaraq fəxri fərmanlara layiq görüldü. Bu yaxınlarda isə ölkə prezidentinin fərmanı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Respublikada yaxşı inşaatçı kimi tanınır. Hazırda tikinti üzrə "Qaraçuxur Tikinti Quraşdırma-1" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədridir.
Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə ilə bitirən Marif Cəfərov fizika-riyaziyyat elmləri doktoru, məzunu olduğu ali təhsil ocağında "yarımkeçiricilər fizikası" kafedrasının professorudur. Gənc alim çoxlu dərs vəsaiti, monoqrafiya, patent, 300-ə yaxın elmi əsərin müəllifidir. O, eyni zamanda Prezident Yanında Ali Attestasiya Komissiyasında fizika üzrə ekspert şurasının üzvüdür. Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü olmaqla yanaşı, elmi nailiyyətlərinə görə adı Rusiyanın tanınmış alimləri siyahısına və Azərbaycan Respublikasının Ensiklopediyasına daxil edilmişdir.
Ailənin son beşiyi Zəfər təhsil yolunu Azərbaycan Dövlət Neft Akademiyasına yönəltdi. Bu elm məbədinin fəallarından olan gənc gələcək taleyini elm ilə bağlamağı qərarlaşdırdı. Hazırda Azərbaycan Texniki Universitetində "İnformasiya təhlükəsizliyi" kafedrasının müdiri kimi çalışan texnika elmləri namizədi çoxlu sayda layihənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.
İllər ömrümüzü naxışlaya-naxışlaya ötüb keçir. Alimin də, qocanın da, cavanın da, uşağın da həyatında müəyyən izlər buraxır. İllərin qoynunda nəyisə tapırıq, nəyisə itiririk, nəyəsə sevinirik, nəyəsə mütəəssir oluruq. Əli Cəfərov da illərin qoynunda müəyyən arzularına qovuşub, istəklərinə çatıb. Alimlər atası olub, baba olub, nəticə sevinci yaşayıb, Azərbaycanın çoxminli təhsil işçiləri arasında özünə layiq yer tutub, valideynlərin ümid yeri olub.
Bax beləcə, əziz oxucu on dəqiqəyə oxunulası bu yazıda mən sizi dəyanətli, məğrur, ona təklif olunan yüksək vəzifələrə getməkdən imtina edib sıravi müəllimliyi üstün tutaraq onlarla alim yetişdirən, bu gün isə bəslədiyi bağın meyvəsini görüb sevincdən Nəsimi demişkən cahana sığmayan, müəllim adını göylərə qaldıran əsl Azərbaycan kişisi ilə tanış etdim. Ömrümüzdən bir gün də keçdi. Bəzən dünənimizin də həsrətini çəkmişik. Ötənləri xatırlayanda kövrəlmişik, həmişə də qədim bir bayatının həzin zümzüməsi ilə yuxulamış ürəyimizi ovutmağa çalışmışıq.

Ötən günə gün çatmaz,
Calasan günü günə.

Vaqif Şükürov