adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2017 00:40
18081
ƏDƏBİYYAT
A- A+

Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti

Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti haqqında söz açmamışdan öncə onun bir şeirindən misal gətirmək istəyirəm.

Şair dar qəfəsdə yaşaya bilməz,
Dağlarda, düzlərdə keçir iş günü.
Sənətkar adını daşıya bilməz
Vəzifə hərisi, iclas düşkünü.
Həqiqət-Günəşim, sancılıb qütbə
Onun hər şəfəqi bir qanadımdır.
Mənə lazım deyil nə ad, nə rütbə
İnsana xidmətim mükafatımdır.
Cəmi 64 il ömür sürmüş Atif Zeynallı doğrudan da sadə, amma mənalı bir həyat yolu keçib. İnsana xidməti mükafat hesab edən Atif müəllim sözün əsl mənasında mükafat aşiqi olmayıb, yalnız bircə dəfə, 1983-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunub.
O, fitrətən şair idi və Atif Zeynallının adı çəkiləndə istər-istəməz onun şair obrazı gözlərimiz qarşısında canlanır. Kitablarının birinə yazdığı ön sözdə deyirdi ki: "Müharibənin son gününə qədər bağda yaşadım. Tək-tənha. Kitab əlimdən düşməzdi. Dərslərimi elə ayaq üstə öyrənərdim. Sözlər dodaqlarımda misralananda yüngülləşərdim. Anam gülüb deyərdi: "Sənə vergi verilib. Bizə ədəbiyyatdan Hacı müəllim dərs deyirdi. Sinfə girən kimi gözləri məni axtarırdı. İlk sözü də bu olurdu ki, balaca, çinədanında nə var. Mən də sıxıla-sıxıla ayağa durub yazdıqlarımı oxuyardım".
Bir şair kimi Atif Zeynallının ədəbiyyatımızda, 1950-1990-cı illərdəki şeir yaradıcılığı məlum. O, müharibədən sonra ədəbiyyata gələn şairlər nəslinə mənsubdur və bu şairlər arasında özünəməxsus fərdi üslubu ilə seçilirdi.
Amma Atif Zeynallı həm də ədəbiyyatşünas idi. 1944-1949-cu illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdı, bir neçə il müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1953-1956-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdu. Və 1956-cı ildən ta ömrünün sonuna qədər Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdı. Elmlər doktoru idi.
Atif Zeynallı görkəmli şairimiz və alimimiz Qasım Qasımzadənin rəhbərlik etdiyi "Sovet ədəbiyyatı" şöbəsində baş elmi işçi idi. Mən onu 1975-1979-cu illərdə, həmin şöbənin aspirantı olduğum, aspiranturanı bitirəndən sonra isə az müddətdə kiçik elmi işçi kimi çalışdığım illərdə tez-tez görürdüm, hətta aramızda səmimi bir münasibət də yaranmışdı. O, mənə "komsomol" deyə müraciət edirdi.
Atif Zeynallı XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçılarından biri idi. Doğrudur, onun şairliyi ilə müqayisədə bir alim kimi fəaliyyəti o qədər də məhsuldar olmayıb, lakin nə yazıbsa, o dövrdə etinasız qarşılanmayıb. Bəxtiyar Vahabzadə haqqında belə bir dostluq jarşı var: "Qatlayıb dizinin altına qoyar Alim Bəxtiyarı şair Bəxtiyar". Bunu Atif Zeynallı haqqında söyləyə bilmərik.
Atif Zeynallını bir ədəbiyyatşünas kimi tanıdan və məşhurlaşdıran iki əsər haqqında söz açmaq istəyirəm. Birincisi - "Keçilməmiş yollarla", ikincisi, "Səməd Vurğun sənəti" monoqrafiyalarıdır. "Keçilməmiş yollarla" Xalq şairi Süleyman Rüstəmin yaradıcılığına həsr olunmuşdur. Süleyman Rüstəmin yaradıcılığı haqqında bizim o dövrdə elə bir tənqidçi, ədəbiyyatşünas və şairin qələm dostu olmayıb ki, yazmasın, tədqiq etməsin, ürək sözlərini söyləməsin. Ancaq Atif Zeynallının "Keçilməmiş yollarla" monoqrafiyası indiyə qədər yazılanlardan seçilir. Bu monoqrafiyada Süleyman Rüstəm yaradıcılığı sistemli şəkildə tədqiq olunur, sovet dövründə yazılmasına baxmayaraq Süleyman Rüstəmin poeziyası və dramaturgiyası obyektiv elmi meyarlarla təhlil hədəfinə çevrilir. Biz Süleyman Rüstəmi "Azərbaycan sovet poeziyasının pioneri" (bu ifadə A.Fadeyevə məxsusdur) kimi tanıyırıq və burada heç bir yanlışlıq yox. "Şimaldan doğur Günəş deyir təbiət elmi. Lenin şimaldan doğdu, Lenin Günəş deyilmi", yaxud: "Ömrüm, günüm, səadətim Oktyabr yaşındadır, Partbiletim sol cibimdə, ürəyimin başındadır" - bu misraların müəllifi Süleyman Rüstəmdir. Ancaq indi Süleyman Rüstəmi sırf partiyalı şair kimi qələmə vermək, onun yaradıcılığını bu istiqamətdə araşdırmağın vaxtı keçib. O partiyalı şeirləri onun külliyyatından rədd edəndə Süleyman Rüstəm bir şair kimi heç nə itirməyəcək. Çünki ortada Cənub şeirləri var, qəzəllər var, təbiətin poetik tərənnümü var, müharibə illərinin "Ana və poçtalyon"u var, tarixi və müasir Azərbaycan obrazı var, sevgi şeirləri var. Atif Zeynallı Süleyman Rüstəmin yaradıcılığını ilk şeirlərindən başlayaraq tədqiq edir, "Unudulmuş gənc" adlı bədbin ruhlu bir şeir dərc etdirən və az sonra bu bədbin notlara əlvida deyib bir komsomol şairi kimi şöhrət qazanan, Ələmdən Nəşəyə adlayan, o dövrün poetik salnaməsini yaradan Süleyman Rüstəm idi və Atif müəllim yazanda ki: "İnqilabilik və xəlqilik S.Rüstəm şeirinin başlıca xüsusiyyətidir. Bütün sovet ədəbiyyatında sosialist realizm bədii metodunun orijinal mili hadisələrdən biri olması, yeni tipli lirika ilk növbədə onun adıyla bağlıdır" - burada əsl həqiqət ifadə olunur.
Monoqrafiya S.Rüstəm yaradıcılığını əhatə edən dörd mükəmməl fəsildən ibarətdir: "İnqilabi lirika yollarında", "Xalq həyatının geniş bədii təsviri və tərənnümü", "Poeziya Vətənin müdafiəsində", "Çətin zirvələrin fəthi". Hər fəsil S.Rüstəm yaradıcılığının müəyyən bir mərhələsindən söz açır. İnqilabi lirika yollarında Süleyman Rüstəm təkcə komsomol və proletar şairi kimi deyil, həm də bir yenilikçi, novator şair kimi səciyyələndirilir. Qətiyyətlə deyilir ki, S.Rüstəm o dövrün gənc şairlərinin önündə gedirdi, Sonralar Səməd Vurğun da etiraf edəcək ki, "Biz Sovet Azərbaycanının bütün şairləri Süleyman Rüstəm yoldaşa borcluyuq. O, şeirimizin Mayakovski tipli tribunudur". Ancaq A.Zeynallı gizlətmir ki, S.Rüstəm otuzuncu illərdə müəyyən dərəcədə proletkultçuluğun təsiri altında olmuş, klassik poeziyaya və milli musiqi alətlərinə qarşı yanlış mövqe tutmuşdu. "Kəs səsini ötmə tar, ötmə dedim, ötmə tar, İstəməyir proletar səndə çalınsın qatar" yaxud, "Müsavatçılara cavab" şeirində olduğu kimi: "Sizin olsun yaşıl söyüd, bizim olsun qoy akasiya, Qonaqsevən bu torpaqda yaşa dolsun qoy akasiya" misraları ilə milli ənənələrə və milli təbiətə yalnış münasibəti təbii ki, həmin tendensiyadan irəli gəlirdi. Amma az sonra S.Rüstəm öz səhvini başa düşdü: "Yox, yox, buna qane oldum, tarı səsə qoymaq olmaz, Onun doğma ahəngindən doymaq olmaz, doymaq olmaz" dedi. A.Zeynallı S.Rüstəm poeziyasının məğzini, mahiyyətini, inkişaf tendensiyasını doğru izah edir və onu ilk növbədə, bir lirik şair kimi səciyyələndirir, bu lirikanın öncə çox zaman tribunaçılığa, şüarçılığa meyl etdiyini və bunun da həyati-ədəbi zərurətdən doğduğunu qeyd edirsə, sonralar get-gedə bu lirikada həyatiliyin və romantikanın gücləndiyini nəzərə çarpdırır. Məsələn, "Gecənin romantikası" şeirində olduğu kimi.
Heç şübhəsiz, Süleyman Rüstəmin yaradıcılığında müharibə dövrü xüsusi bir mərhələ təşkil edir. "Gün o gün olsun ki...", "Ana və poçtalyon" kimi şeirlər, Azərbaycan döyüşçülərini qələbəyə səsləyən əsərlər, həmçinin "Cənub şeirləri" bu illərdə yazılıb. İyirminci-otuzuncu illərdə daha çox komsomol və proletar şairi kimi tanınan Süleyman Rüstəm müharibə illərində vətənpərvər bir Azərbaycan şairi kimi şöhrət qazanır. "Təbrizim" kimi nadir şeir incisi illər keçdikcə bədii təravətini itirmir, Azərbaycanın o tayı-bu tayı arasında mənəvi birliyin, vahid Azərbaycan idealının təcəssümünə çevrilir. "Mən sənin dilinə dəymirəm, sən də, Gəl mənim bu ana dilimə dəymə, Sənin də bağın var, gülün var, çəkin, Bağımda əkdiyim gülümə dəymə" yaxud: "Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən, Cinayət aşdı həddindən, haray sal ki, Vətən yandı!" - bu misraları Süleyman Rüstəm Təbrizdə yazmışdı və Cənubi Azərbaycanda Süleyman Rüstəm qədər sevilən, tanınan şair yox idi, - desək yanılmarıq. Monoqrafiyada Təbriz şairlərinin və sadə insanların S.Rüstəm poeziyasına dərin rəğbətini ifadə edən misallar gətirilir. Qətiyyətlə demək olar ki, Süleyman Rüstəm Azərbaycan poeziyasında mühüm bir qolun - "Cənub poeziyası"nın yaradıcısıdır, Cənubdan gələn şairlər, həm də bu taydakı şairlər S.Rüstəm poeziyasından təsirlənmişlər.
"Çətin zirvələrin fəthi" fəslində Atif Zeynallı Süleyman Rüstəmi özünəməxsus, bənzərsiz bir şair kimi səciyyələndirir. Onun klassik poeziyadan, xalq şeirindən bəhrələnməsini, şeirdə bədii təsvir vasitələrindən necə yararlanmasını, orijinal təşbehlər, metaforalarla diqqəti cəlb etməsini, xüsusilə şeirlərində təkrirlərdən və alliterasiyalardan məharətlə istifadə etməsini, qəzəl janrına yeniliklər gətirməsini incələyir. Bu xüsusda çox dayanmaq istəmirəm, ancaq monoqrafiyada səslənən iki şeir nümunəsi misal gətirəcəyəm.

Məndən soruşursunuz:
de görçək, səhər-səhər
Nəyə bənzəyir Xəzər?
-Xəzər göy bənzəyir, göy Xəzərə bənzəyir
Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.
Qayaların sinəsi sulardan oyuq-oyuq
Xəzərə keşik çəkən sahildəki hər buruq
Babək ordusundakı saçları buruq-buruq
Yapıncısı qapqara bir əsgərə bənzəyir.
Orijinal təşbehlərdir.

Öncə qeyd etdik ki, öz zamanında heç bir tənqidçi, ədəbiyyatşünas, şair Süleyman Rüstəm poeziyasına biganə qalmamışdır. Əli Nazimdən, Mikayıl Rəfilidən, M.Arifdən, M.Cəfərdən başlamış ən gənc tədqiqatçılara qədər hamı S.Rüstəm poeziyasından ürəklə söz açmışdır. Bu sıraya rus tədqiqatçılarını da, onu tanıyan şairləri, ədibləri də əlavə etmək olar. Ancaq S.Rüstəmin qəzəlləri haqqında ilk dəfə, 1942-ci ildə Rəsul Rza ayrıca bir məqalə yazmışdır. Bu məqalədə S.Rüstəmin qəzəl şeirinə gətirdiyi ictimai məzmundan, siyasi lirikadan və eyni zamanda, bu nümunələrin klassik qəzəl ənənələrinin yeni biçimdə üzə çıxmasından söz açılır. A.Zeynallının bir fikri də S.Rüstəmi bir şair kimi tam və dolğun səciyyələndirir, S.Rüstəm gözəl heca şeirlərinin müəllifi olduğu kimi, həm də əruzda uğurlar qazanan, əruzu milliləşdirən bir şair olmuşdur.
Sənə üz versə kədər, məclisə cananı çağır,
Dodağı qönçəli, ol gözləri ceyranı çağır.
Eşqidir, hicridir, aləmdə vüsaldır məna,
Varsa şübhən, bunun isbatına dünyanı çağır.
Söndürə bilməyəcəksən yenə eşqin odunu,
İstəyirsən köməyə çayları, dəryanı çağır.
Sağalar məncə vüsal ilə bu hicran yarası,
Çəkmə zəhmət, nə təbibi, nə də Loğmanı çağır.
Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.

Atif Zeynallı bir kitabına yazdığı ön sözdə qeyd edir ki, onun bir şair kimi yetişməsində, formalaşmasında Səməd Vurğun poeziyasının böyük rolu olmuşdur. Müharibə illərində, müharibədən sonra ədəbiyyata gələn cavan şairləri - Qabili, Hüseyn Arifi, Bəxtiyar Vahabzadəni, İslam Səfərlini, Əliağa Kürçaylının, Məmməd Arazı, Nəriman Həsənzadəni, Tofiq Bayramı ədəbiyyata hansı səbəb gətiribsə, Atif Zeynallını da o səbəb gətirib - Səməd Vurğun poeziyası, anadilli şeirimizin canlı mücəssəməsi, onun şeirlərindəki sadəlik, saflıq, azərbaycançılıq... Elə bu sevginin təzahürüdür ki, Atif Zeynallı səksəninci illərdə "Səməd Vurğun sənəti" adlı monoqrafiya yazdı (redaktoru professor Əkbər Ağayev). Bu monoqrafiya üç fəsildən ibarətdir. Birinci fəsildə Səməd Vurğun lirikası, bu lirikanın mərhələləri və şairin yaradıcılığında Azərbaycan mövzusu tədqiq olunur. İkinci fəsildə şairin poemaları təhlil edilir, üçüncü fəsil isə S.Vurğunun "Vaqif" dramından və onun səhnə təcəssümündən söz açılır. Monoqrafiyada üç başlıca amili qeyd etmək istərdim. Birincisi; Atif Zeynallı Səməd Vurğun haqqında qələmə alınan bir sıra monoqrafiyaların sxeminə, yəni mövzu üzrə qruplaşmasına (lirik şeir, poema və sonra dram əsərlərinin təhlili) sadiq qalsa da, mümkün qədər S.Vurğun yaradıcılığı haqqında təzə söz deməyə çalışır. Xüsusilə böyük şairin fəlsəfi ümumiləşdirmələrlə diqqəti cəlb edən şeirlərini, poemalarını poeziyamızda yeni bir tendensiya kimi qiymətləndirir. İkincisi; Səməd Vurğunun Azərbaycan dili uğrunda mübarizəsini, şeirlərində bunu necə reallaşdırdığını nəzərə çarpdırır. Üçüncüsü; ayrı-ayrı vurğunşünaslarla (xüsusilə, Bəxtiyar Vahabzadə ilə) polemikaya girişir, öz fikrini sübuta yetirmək üçün tutarlı, məntiqli arqumentlər gətirir. Və nəhayət, Səməd Vurğun sənətinin əbədiyaşarlığının sirrini açıqlayır.
Atif Zeynallının "Bilik" cəmiyyəti xətti ilə üç kiçik kitabını da qeyd etmək istərdim. Biri "Süleyman Rüstəm" kitabıdır ki, "Keçilməmiş yollarla" monoqrafiyasının tezisləri təsiri bağışlayır, ikincisi "Xalq şairi Məmməd Rahim" kitabıdır ki, burada Məmməd Rahimin yaradıcılıq yolu müxtəsər izlənilir, üçüncüsü "Realist bədii tərcümədə ənənəvi forma problemi" kitabıdır ki, Süleyman Rüstəmin rus dilinə tərcüməsindən söz açılır. Bundan başqa Atif Zeynallı 1967-ci ildə akademik Məmməd Arifin redaktorluğu ilə nəşr edilən ikicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kitabında "20-ci illərdə ədəbiyyat" fəslində "Giriş" və "Dramaturgiya", "Müasir dövrdə ədəbiyyat" fəslində "Poeziya" (Ş.Salmanovla birgə) icmallarının da müəllifidir.
Mən bir şair kimi daha çox tanınan Atif Zeynallını bir ədəbiyyatşünas kimi təqdim elədim və elə bilirəm, Nizami adına Ədəbiyyat İnstitutunda onun elmi fəaliyyəti, yazdığı monoqrafiyalar, məqalələr onun istedadlı bir ədəbiyyatşünas kimi də unutdurmayacaq...