adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2017 00:29
12957
ƏDƏBİYYAT
A- A+

İnqilab İsaq

Nə yaxşı

Soldu içimdəki yaz,
Payızamı tutuldum?
Bir yaddaş toranında
Nə yaxşı unuduldum.

İndi elə arxayın,
Elə boşalmışam ki.
Hökmdar qəzəbimdən
Elə boşanmışam ki.

Uçan bulud dalınca
Yelləyirəm yaylığı.
Yaşayıram xəlvəti
Bir ümid subaylığı.

Yüngülləşən yükümdən
Ovcuma daman nədi?
Bu dağ səbrimdən qopan
Görən o duman nədi?

...Soldu içimdəki yaz,
Payızamı tutuldum?
Bir yaddaş toranında
Nə yaxşı unuduldum.

Heç olmasa...

Akvariumda balıqlar...
Tənbəl balıqlar.
Həbs olunmuş
Suyun dərdi
Bilməz balıqlara
həyat versin.
Yoxsa baş
girləsin balıqlar.
Muzey taleyində,
Dəniz arzusunda
Gözünü döyər balıqlar,
Deyər balıqlar -
heç olmasa
mənə uşaqları verin,
Darıxmayım, darıxmayım.


Hələ bilmir ki

Səsimi çəkmişəm içimə...
Ağrı qarışıq
Söndürmüşəm siqareti...
Uşaq yuxusunda
pəncərə, qapı
udduğum hava,
içimdəki dava.
Ürəyimin çapı...
Ağrılar
ayılar, oyanar
birdən,
Ayılar oyadar
birdən
qonşu otaqdakı yuxunu, beşiyi.
Ağrılar nəfəs
dərmədən keşikçidi -
bu südəmər,
bu körpə yuxuya.
Hələ bu körpə
bilmir, bilmir ki,
ağrıyla oyanan
yuxular var
dünyanın hər yerində.


Əllərdən tuta-tuta

Doğma əlin istisi...
Sinəm də atəş-atəş.
Ovcumdadı nəbizin
Məni axtaran günəş.

Darıxmağa macal yox,
Qanımda qaynayır qan.
Dərd nəfəs yeri tapmır
Təbəssüm sıxlığından.

Ömür uzansın belə,
Vaxt daralmış sükuta.
Əridək soyuqluğu
Əllərdən tuta-tuta.


Nəfəs-nəfəsə bulud...

Bulud damır çiynimə,
Yel aparmış saçıma.
Göylərdən asılmışam,
Bu günümə acıma.

Bu yağış udur, udur
Quraqlığın dadını.
Bənövşə kölgəsində
Xatırladım adını.

Bulud əlli, dəlisov.
İslanmır ki xəyalım.
Burda da çarpayım yox,
Səninlə qoşa qalım.

Damcı-damcını qovur,
Hara uçubdu kölgən?
Nəfəs-nəfəsə bulud...
Fikrimi çətir kimi
Yağışa tutmuşam mən...


Sular durulmur...

Bu çay ki belə axır,
Sular durularmı heç?
Göz-gözə dikilməsə,
Könül qurularmı heç?

Ev bizim olardımı,
Sirləri əyan olsa?
Dəliyə yel verərdi
Bir özgə əyyam olsa.

Axı iş-güc vaxtıdı,
Necə durum bekara?
Fikri dustaq qoyanda
Neyləsin bu biçarə?

Çox cəhdim boş çıxıb,
Yırtmışam ki çarığımı.
Amma küskün deyiləm,
Dünyanın gücü mənəm,
Fırlayıram çarxımı.

Sular durulur gedir,
Könül qurulur gedir,
Kimsə yorulur gedir....


Hamı susur hələ ki...

Bu kölgə o kölgədə,
Bu dalan o dalanda.
Yol vermir ki, yol yola
Bu yalan o yalanda.

Bu tikə o tikəni
Vurub əlindən alır.
Yuxulayan xəyalı
Durub əlindən alır.

Bu şəhər o şəhərin
Bazarlığı, çantası.
O it də Aya hürür
Yedəklərdə xaltası.

Bu can o can içində,
Nəfəs dərir, ilahi.
Quldura qul kölgəsi
Nəfəs sərir, ilahi.

Təknəmə aclıq atan
Bu dən o dəndən qaçır.
Avandı tərsə düşən
Bu qəm o qəmdən qaçır.

Bu arxın suyu axmaz,
Dəhnəsində bulud yox.
O can daha yorulub,
Dincəlməyə sükut yox.

Hamı incik dünyada,
Hamı küsür hələ ki.
Öz-özünə qaramat
Hamı susur hələ ki...


Həyan dərdlər

Yuxumu gəl belə yozma yüz yerə,
Sinəm yovşanlıqda... quruca çölmüş.
Əlimdə, ovcumda diri ümid yox,
Neyləsin bu tifil - anası ölmüş.

Bu bəxt dediyin də yanlış yazıdı,
Bircə nağılı da gülmədi üzə.
Gördüm məndən xəlvət...
Dərd yuva qurmuş,
Atımı dördnala çapdığım sözə.

Xəyalım... qanadı o sınıq-sınıq,
Nə dağ aşa bilir, nə enir çaya.
Gözündən buludu sökülən göy də
Kiridir buludu çatmır haraya.

Qovrula-qovrula darıxır canım
Tüstüsüz, bacasız ocağam indi.
Dünya da fikrini tökür üstümə,
Demirəm dərdindən qaçağam indi.

İndi uçan evəm, quruyan ağac...
Sinəm də ağrılar böldüyü qitə.
Haraya yüyürüm, haraya çatım,
Səmtsiz ağrılar düşsün səmtə.
Baxıb göy üzünə fikir çəkirəm,
Yollar da yolumu çəkir sabaha.
Elə fağırlaşıb könlümün qəmi,
Dərdlərim özünə həyandı daha.

Dincəl, günah yiyəsi

Üzülmə can yiyəsi,
Candan söz üzüləndə.
Mərcan günlərin gülü
Son günə düzüləndə.

Yerin, göyün əlindən
Səni alan kimdi ki?
Göz yaşında nişan var
Bu qəmlər bizimdi ki!

Eh, ayrılıq nağılı
Uzun imiş sən demə.
Olacağa çarə yox,
Bu yoxluğa qəm yemə.

Yerin ki arxayındı,
Ah çəkmə, ah yiyəsi.
Yat, yuxun şirin olsun,
Dincəl günah yiyəsi.

Dən işığı, qəm işığı

Gecə kimi kor gündüzüm,
Bir fikrim də ağla batmır.
Kimdi, axı, aramızda,
Əl uzatsam əlim çatmır.

Acı dillər, qara yellər,
Nə gəlsə insana gəlir.
Yorğunluqdan bezən canım,
Yorğunluqda cana gəlir.

Yenə bəxtin oyununda,
Tale əli tutub üzük.
Gün var ömür ağrısına
Dözümü yox bir ömürlük.

Eşələyir qarışqa da
Yuvasına dən işığı.
Bizi qoymaz qaranlıqda
Nə yaxşı ki, qəm işığı.

Can sağlığı

Yenə söz-söz oyaqdı
Sığanmış göz qapağı.
Ruhun əlləri açır
Düymələnmiş torpağı.

Darıxmaq fürsətində
Çoxdu hələ bəhanə.
Qəmlər qəm dəryasında,
Təbəssümlər şahanə.

İndi getmir ayaqlar,
İndi qollar qanaddı.
Vaxta da sinə döyən,
Kiriməyən saatdı.

Dirilmək ki, diriltmək...
Şeir, çiçək işidi.
Hər günün can sağlığı
Yaddaşın keçmişidi.