adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 May 2017 00:28
13059
GÜNDƏM
A- A+

Ramiz ƏSKƏR Filologiya üzrə elmlər doktoru, professor

Bəri başdan deyim ki, dostum Ramiz Qusarçaylının yaradıcılığı haqqında yazmaq istəyi ötən ilin yayın qızmarında qəflətən ortaya çıxdı və iş payızın soyuğuna qədər uzandı. Uzanmanın səbəbi mənim həqiqətən ürəkdən yazmaq istədiyim bu yazını necə yazmaq, nələri demək barədə tərəddüdlərimlə bağlı idi. Bunun da öz səbəbi var. Məsələ bundadır ki, Ramizin poeziyası çox mükəmməldir və o poeziyaya layiq yazı yazmaq çox çətin, hətta mümkünsüz görünür...
Beş-on il əvvəl bir məqaləmdə Məmməd Aslanın Nəcib Fazillə Nazim Hikməti müqayisə edən bir fikrini vermişdim. Anar müəllim məni görəndə özünə xas olan nəzakətlə - "Şairləri əsla müqayisə etməzlər, onların hər biri fərdi və orijinaldır" - dedi. Mən bu fikirlə razılaşmalı oldum. Ondan sonra əhli-qələmləri müqayisə etməkdən qaçırdım, ancaq Ramiz Qusarçaylının poeziyasını dəyərləndirmək üçün müqayisə xarakterli bir neçə misal gətirmədən keçinə bilmirəm.
Poeziyada poetik fiqurlar, bədii ifadə vasitələri çox mühüm məsələdir. Bu haqda orta çağın məşhur şeirşünası Rəşidəddin Vətvat (1080-1178) farsca "Hədaiq üs-sehr fi dəqaiq üş-şeir" ("Şeirin incəliklərinin sehrli bağçaları") adlı risaləsində söz açmışdır. Natalya Çalisova bu kitabı böyük ustalıqla rus dilinə tərcümə etmişdir. Bu qəbildən başqa bir kitab da var. Onu məşhur ərəbist Betsi Yakovlevna Şidfar (1928-1993) yazmışdır. Belə adlanır: "Ərəb klassik ədəbiyyatının obraz sistemi". Müəllifin familiyası məni marağa saldı. Araşdırdım. Öyrəndim ki, qızlıq familiyası Şusterdir. Özü xarkovludur, iranlı mühacir Kazım Əliyeviç Şidfarla ailə qurandan sonra onun familiyasını qəbul edib. Bunları yazmaqda məqsədim biliklərimi nümayiş etdirmək deyil, odur ki, sadəcə, bu sahədən xəbərdar olduğumu biləsiniz. Əmin olun ki, Ramiz Qusarçaylının poeziyasını nə Vətvat, nə də Şidfar bütün zənginliyi və gözəlliyi ilə təhlil edə bilməzdilər, o ki qalmışdı mən olam...
Bu poeziya qeyri-adidir, fövqəladədir.
Ramiz Qusarçaylı poeziyasının başlıca özəlliyi müqayisəyəgəlməz dərəcədə orijinal, dərin mənalı olması, heç kimə bənzəməməsidir. Hələ çağdaşımız olan heç bir şair cəmiyyəti, insanı və təbiəti bu qədər incə şəkildə müşahidə və təsvir etməmişdir. Heç bir qələm sahibi vətənin, millətin dərdlərini, Qarabağı, əldən çıxmış torpaqlarımızı bunca ürəyinə salmamış, bunca acımamışdır. Hələ heç kim ay-hilallı, üçrəngli, nazlı bayrağımızı bu səviyyədə tərənnüm və vəsf etməmişdir. Hələ heç bir sənətkar ruhumuzun tərcümanı olan milli musiqimizin "Bəstənigar"ını, "Zəminxarə"sini, "Şəddi-Şahnaz"ını, "Baş müxəmməs"ini, "Divani"sini poetik dillə Ramiz kimi səsləndirə bilməmişdir. Bəs arı, bəs bal, bəs çiçək, bənövşə, nərgiz? Onları Ramiz qədər hərir, titrək, incə öpücüklərə qərq edən olmuşmu? Mirzə Şəfi, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Məmməd Aslan, İlham Abbasov, Ələkbər Salahzadə, Akif Səməd, Məmməd Dəmirçioğlu, İzmirağa Töhmərli, Məhəbbət Kazımov, Musa Yaqub, Məmməd İsmayıl, Şahin Fazil, Məmməd İlqar, Əjdər Ol, Barat Vüsal, Qoca Xalid, Arıçı Ənvər, Yusif Günaydın kimi neçə-neçə dəyərli dostu bu qədər səmimi və kövrək duyğularla yad edən başqa bir şair varmı? Eşq, məhəbbət, idillik lövhələr... İslam, Suriya, İraq, Yəmən, Fələstin, birqat, ikiqat, üçqat dünya qaçqınları, pul, bank, məzənnə, devalvasiya... Ramiz bütün bunları da poetik mövzuya çevirməyi bacaran şairdir. Mövzu geniş də, məhdud da ola bilər. Əsas məsələ mövzunun özü yox, onun necə işlənməsi, qələmə alınmasıdır, mövzuya şairin baxışı, daha doğrusu, şair baxışıdır.
Burada poetik fiqurlar, bədii ifadə vasitələri dövrəyə girir. Şeirin poetik gözəlliyi, sadəcə, gəlişigözəl ibarələrdən, qulaqaldadan pafosdan yox, konkret bədii təsvir və ifadə vasitələrindən yaranır. Təşbeh, digər adı ilə bənzətmə, epitet, istiarə, digər adı ilə metafora, metonimiya, anafora, artan mübaliğə, yəni hiperbola, azalan mübaliğə, yəni litota, təzad və ya antiteza, alliterasiya ilə yanaşı assonans, kinayə və sair... Oxucu bunların fərqinə varmır və əsl poeziyanın sirri də elə bundadır ki, oxucunu bədii sözün sehrinə, tilsiminə sala bilir. Mən yaxşı bilirəm ki, Ramiz şeir yazanda qarşısına, məsələn, bir təşbeh, ya litota yaratmaq kimi məqsəd qoymur, əvvəlcədən belə bir obraz işlətməyi planlaşdırmır. Bütün bunlar poetik yaradıcılığın gedişində avtomatik olaraq ortaya çıxır. Şair istedadının mahiyyəti də bundadır. Formal baxımdan belə bir planlaşdırma ancaq təcnis yazanda ola bilər, ancaq orada da nəyin necə alınacağını bəri başdan söyləmək mümkün deyil.
Ramiz Qusarçaylının şeirlərində poetik ifadələr tam mənada orijinal və gözəldir, heç kiminkinə oxşamır. Xüsusilə onun bənzətmələri çox gözlənilməzdir. Bu bəndə baxın:

Bu necə ağrıdı, necə acıdı,
Yarpaqlar tökülür göz yaşı kimi.
Hər ağac özünə dar ağacıdı,
Hər ağac özünə başdaşı kimi.

Əjdər Ola yazdığı şeirində Ramiz qəfildən yaxın məsafəli elə təşbehlər işlədir ki, adam mat qalır; həyətdəki sarmaşığı, gülü, çeşməni, sözü və çiyələyi bircə bənddə iç-içə əriş-arğac edir:

Sarıl sarmaşığa gül tağı kimi,
Gör dayaz çeşmənin dərinliyini.
Şehli söz çiyələk yarpağı kimi
Sərində saxlayar şirinliyini.
Bir insanda bu qədər dərin bədii təfəkkür ola bilərmi? Bu şair hansı sahənin, hansı elmin mütəxəssisidir? Təbiətşünasdır, aqronomdur, geoloqdur, ekoloqdur, yoxsa bioloqdur? Anlamaq mümkün deyil. Ramizin bəzi şeirlərindən belə nəticə çıxarmaq olar ki, o həm bağban, həm də arıçıdır. Şair ağacları, gülləri, bitkiləri, arıları o qədər elmi, o qədər poetik və dəqiq təsvir edir ki, insan heyrətə düşür. Buyurun, baxın:

Gəzirəm şerimin gül ləklərini,
Heyrətim könlümü qana çevirir.
Gül elə soyunur ləçəklərini, -
Arılar üzünü yana çevirir,
Bu çiçək axşamı,
bu gül axşamı.
Yaxud bu bəndə nəzər yetirin:

Yaz gələ, hər tərəf gül-çiçək ola.
Köksündə yer verə gülə dam belə.
Ləçəklər üstündə su çiçəkləyə,
Yağışda uğunub gülə dam, belə.
Görün gülün üzündəki şehi necə mənalandırır:

Gözümdən çəkilmir şehli gözləri,
Güllər ağlayanda gözəl görünür.
Ramizin gül-çiçək, kəpənək və arılarla bağlı sözləri misilsiz dərəcədə gözəldir. Bunu görmək üçün aşağıdakı misallara baxmaq kifayətdir:

...Nərgizlər məst olub öz qoxusundan,
Hər naxış üstünə yüz ilmə düşüb.
Bir arı oyanıb qış yuxusundan
Bir gülün canına üşütmə düşüb...

...Yemşan çiçəyində iynə gəzəsən,
tel-tel ləçəklənə arı köynəyi.
Buludlar içindən Ayı süzəsən,
yarpaqlar içindən sarıköynəyi...

...Baxdım, bu gül yolu,
bu çiçək yolu,
Düşüb ölə bilsəm, bəsdimi, burda?!
Üstdə arı yolu, kəpənək yolu,
Yol basıb güllərin üstünü, burda...

...Mən kənddən çıxanda gecə yarıydı,
Ay örpək çəkmişdi çöllərin üstə.
Heyrətim yolunu azan arıydı -
Uyuyub qalmışdı güllərin üstə...

Yaxud bu misralara diqqət edin:

...Cığırlar dolanır ayaqlarıma...
Elə bil özünə bağlayır məni...

...Duman bir dərənin dodaqlarında,
Bulud bir zirvənin qaşı üstədi...
Epitet şeirdə başqa bir sözü mənaca qüvvətləndirmək və zənginləşdirmək üçün ona əlavə edilən sifətdir, hadisənin, şəxsin, əşyanın hər hansı bir keyfiyyətini təyin edən sözdür. Ona görə də bu termin Azərbaycan dilində bədii təyin kimi də işlədilir. Ramizin şeirlərində buna parlaq misallar çox-çoxdur. Məsələn:

Bax, qara dünyanın "ağ" evlərinə,
Bax yarı şeytana, yarı bülbülə.
Çəkilib Bakının bağ evlərinə,
Qafiyə axtarın xarı bülbülə,
Axşamınız xeyir, şair dostlarım.
İstiarələrdə, yəni metaforalarda məfhumların müqayisəli və bənzər cəhətləri qabarıq şəkildə verilir, ancaq müqayisə obyektlərindən birinin adı doğrudan-doğruya çəkilmir, yalnız ona xas olan xüsusiyyət(lər) göstərilir. Məsələn, aşağıdakı bənddə "şair" sözü işlənməsə də, onu asanlıqla bərpa etmək mümkündür:

Bu lalə naz çiçəyidi,
Bənövşə qız çiçəyidi,
Eşq qəlbin öz çiçəyidi,
Nəzmə çəkir dildə nə var.
Metonimiyada isə məcaz birbaşa deyil, dolaylı olaraq göstərilir. Məsələn:

Ayırıb özümü duyğudan, hissdən,
Başımı yuxuyla qatan deyiləm.
O qədər yatmışam torpağın üstdə,
Torpağın altında yatan deyiləm.
Buradakı ikinci misra və dördüncü misra metonimiyadır, "yatmayacağam" və "ölməyəcəyəm" mənasında işlədilmişdir.
Ramizin şeirləri anafora, yəni misraların başında eyni söz və ya ifadələrin təkrarı ilə yaranan fiqurlarla zəngindir. Onlara dair üç misal:

...Bir daşı yurd daşım, binə daşımdı,
Bir daşı baş daşım, sinə daşımdı...

...Bu dağlar, qayalar çiyin-çiyinə,
Bu dağın, qayanın bir daşıyam mən.
Bir çiçək gözündə şehli təbəssüm,
Bir çiçək gözündə göz yaşıyam mən...

...Hər daş bir anadı, ağlayır burda,
Hər daş bir ürəyi dağlayır burda,
Bu daşlar hər biri bir dərddən gəlib,
Bu daşlar Təbrizdən, Dərbənddən gəlib -
Vətəni Vətənə bağlayır burda!..
Şeirdə ən mühüm bədii vasitələrdən biri mübaliğə, yəni hiperboladır. Ramizin yaradıcılığı üçün də səciyyəvi olan hiperbola müəyyən hadisə və ya faktı daha təsirli şəkildə təqdim etməyə, onu qeyri-adi dərəcədə şiddətləndirməyə xidmət edir. Mübaliğə həm artan, həm də azalan xarakterdə ola bilər. Azalan hiperbola litota adlanır. Bir qayda olaraq poeziyada hiperbola çox, litota az yaranır, bu da litotanın təbiəti ilə bağlıdır. Ramizin görkəmli şairimiz Osman Sarıvəllinin "Döydü yağış məni, döydü qar məni, Minsəm, bir qarışqa aparar məni" misraları ilə yanaşı qoyula biləcək bir litotası belədir:

Gül gülə ötürər,
sünbül sünbülə,
Yaşıl heydən salar, al vurar məni.
Elə durulmuşam, elə yüngüləm,
Bir quş dimdiyində qaldırar məni.


Ramizin şeirlərində təzad və ya antiteza adlanan fiqura da tez-tez təsadüf edirik. Təzad mənaca bir-birinə zidd olan sözlər, yəni antonimlər hesabına yaranır. Bədii təzadlar fikri daha da qüvvətləndirir. Bu parçada sevgi-həsrət, müttəhim-hakim, tüstü-od, havadar-qatil qarşıdurmasında bütöv bir tablo meydana gəlir:

Gəl duraq üz-üzə müttəhim sevgim,
Gəl duraq üz-üzə hakim həsrətim,
Gəl duraq üz-üzə, haqq-hesab çəkək...
Bilim, kim tüstüdü, bilim, kim oddu...
Bilim, kim qarğıdı bu məhəbbəti,
Bilim, məni kimin qarğışı tutdu...
Bilim, bu oyunun havadarı kim,
Bilim, bu sevdanın qatili kimdi,
Bilim, kim hakimdi, kim müttəhimdi...
Ramizin bəzi şeirlərində alliterasiya, yəni eyni cinsli samitlərin ardıcıl şəkildə düzülməsi sayəsində yaranan səs uyumu da müşahidə olunur. Məsələn:

Dəyir daşdan-daşa dünyanın başı,
Dəyir daşdan-daşa bizim başımız.
Bizim yaşımızdı dünyanın yaşı -
Dünyanın yaşıdı bizim yaşımız

bəndində d, ş və y səslərinin alliterasiyası şeri bədii cəhətdən daha da qüvvətləndirir, ahəngli edir.
Ramiz Qusarçaylının şeirlərində alliterasiya ilə yanaşı assonans da az deyil. Assonans misralarda incə (e, ə, i, ö, ü) və ya qalın (a, ı, o, u) saitlərin ardıcıllığı, bir-birini izləməsi nəticəsində meydana çıxan bədii təzahürdür. Bu zaman şeir daha axıcı, daha ifadəli, daha ahəngdar olur. Məsələn, aşağıdakı misralarda incə saitlər (e, ö, ə) bir-birini izləyərək takt yaradır:

Yer Göyə bənd, bəs Göy nəyə,
Ölləm göynəyə-göynəyə...
Yaxud qalın saitlərin (a, ı, o, u) bir-birini izlədiyi aşağıdakı bəndə nəzər yetirək:

Yağır Araz-Araz qara yağışlar,
Yağır Samur-Samur qara yağışlar,
O yandan Şabranı yuyub aparır,
Bu yandan Nabranı yuyub aparır...
Ramizin poeziyasındakı digər bədii ifadə vasitələrindən söz açmağa ciddi lüzum yoxdur, bu, yersiz uzunçuluq olardı. Onsuz da oxucular özləri onları görəcək və qiymətləndirəcəklər. Ancaq onun poeziyasındakı vətəndaşlıq motivlərindən bəhs etməmək olmaz.
Ramiz sözün əsl mənasında vətəndaş şairdir. O, daim Vətəni, Azərbaycanı, uzaq-yaxın illərdə əldən getmiş torpaqları düşünür, itirilmiş Göyçəni, Vedini, Zəngəzuru, Dərbəndi, düşmən tapdağındakı Qarabağı yana-yana xatırlayır, bu bəlaların kökünü axtarır. Ancaq zənginliyi hüdudsuz olan ana türkcəmizdə köklər bir yana, bu bəlalara qafiyə tapmaq da çətindir:

Bu gün kitabımın birini satdım,
Bir kilo ət aldım balalarıma.
Bu gün də başımı şeirlə qatdım
Qafiyə tapmadım bəlalarıma ...
Bu yolda "Su soyunub od geyirəm, Yoxuş yorub dağ əyirəm." deyən şair öz dərdi ilə baş-başadır. O, kişilərin çadırdan boylandığı, qızların çadır doğduğu bu mühitdə ağlamaqdan başqa çarə görmür. Lakin bunu ağlamağa iki göz yetməz:
Ürəyim düz eləmir,
Əriyir, səs eləmir,
İki göz bəs eləmir
Bu xalqı ağlamağa ...
Hər şeyin alınıb-satıldığı, torpağın hərraca qoyulduğu bu məmləkətdə torpaq və baş su qiymətinədir:

Yaman ucuzlaşıb başın qiyməti,
Torpağın qiyməti, daşın qiyməti ...
... Bu millət nə günə qoydu özünü -
Nə günə qoydular gör bu milləti ...
Demək, bu torpağı, şəhəri, kəndi yox, bu milləti ağlamaq lazımdır:

Nəfsini Arazın axarı bildi,
Dərbəndi dərdinin çıxarı bildi,
Şuşanı bazara çıxara bildi,
Bu millət, bu millət, bu millət mənim.

Bilmədim, hara düz, hara dağ deyir,
Özünə qurduğu tora bağ deyir...
Ağlaya-ağlaya Qarabağ deyir,
Bu millət, bu millət, bu millət mənim.
Zəmanədən şikayət Ramizin yaradıcılığında fərdi və şəxsi yox, milli məzmun daşıyır. O özü üçün heç nə istəmir, bütün istəyi Vətən üçündür. Əxlaqın və qeyrətin tənəzzülü, mənəvi çöküntü onun şair qəlbini tar-mar edir, çünki:

Palanı yox palançının,
Evi yanmır yalançının...

Şeytana bax, millətin
Kitabına üz çəkir.
Kefi kökdü qeybətin,
Lal da laldan söz çəkir.

... Gəlin köçən oğlanın
Qeyrətini qız çəkir ...
Şair gözəl anlayır ki, məsələ göründüyündən daha mürəkkəb, problem göründüyündən daha dərindir. Bu işin içində başqa barmaqlar, başqa iblislər, başqa şeytanlar var. Qısası, imperializm var. Azərbaycan kimi bütün islam aləmi alovlar içindədir:

Kimdi saya salan türk çabasını,
Səriblər üstünə fars libasını,
Pozdular ərəbin əlifbasını,
"Mim"ləri, "cim"ləri yerində deyil.
BMT də, ATƏT də üzdə üzümüzə gülür, arxada bizə, yəni müsəlmanlara qarşıdır. İraq da, Suriya da, Misir də, Liviya da, Əfqanıstan da eyni bəlaya, eyni dərdə mübtəladır. Ona görə də qaranquşlar yalnız bu il deyil, bəlkə də uzun illər o ölkələrə uçmayacaq, çünki hələ oralarda qatı qışdır, baharın nə vaxt gələcəyini isə yalnız Allah bilir:

Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Kim var ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz...
Nəhayət, sonda Ramiz Qusarçaylı sənətinin ən bariz cəhəti haqqında da bir-iki kəlmə deyək. Ramiz zərif və incə duyğuları, pak və ülvi hissləri, saf və təmiz sevgini tərənnüm edən şairdir. Onun şeirlərinin hər biri ədəbiyyatımızın qızıl fonduna daxil edilməyə layiqdir:

Yazına gül əkirəm,
Qışın suvarır məni.
Kirpiyinə düzülən
Yaşın suvarır məni.
Ancaq nə üçünsə bir şeirində öz ürəyini cəllad kötüyünə bənzədir. Təbii ki, bu, böyük Füzulinin "əlbəttə, yalandır" deyiminə uyğun bir məcazdır:

Yığılmaz kəfkirə sözün köpüyü,
İlğımlar islanar, səhra göyərməz.
Ürəyim köksümdə cəllad kötüyü,
Mənim kötüyümdən pöhrə göyərməz ...
Göyərər, göyərər... biz də buna şahid olarıq. Şair qələminin möcüzə yaratması nə çətin şeymiş ki?!