adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2017 00:26
5076
GÜNDƏM
A- A+

NƏŞRİYYATLARDA KEÇƏN ÖMRÜM

(Xatirələr)

Mustafa
Çəmənli

Təhsil nəşriyyatının kollektivi


(əvvəli ötən şənbə saylarımızda)

Xəstəxanaya nə cür gətirildiyini Dilbər xanım xatırlamasa da, o zamankı arxiv sənədlərinin "yaddaşında" qalıbdır. Onu 28 fevral 1938-ci ildə həbsxanadan 1 №-li ruhi xəstəxanaya gətirmişdilər. Dilbər xanım sonralar yazırdı: "Bircə onu bilirəm ki, uzun müddət xəstəxanada yatdım. Azərbaycanlı həkimlərin gizli qayğısı ilə sağaldım. Onlar da canlarının qorxusundan açıq qayğı göstərə bilmir, xəlvətə salıb halıma yanır, məni ürəklə müalicə eləyirdilər".
Kitaba əlavə etdiyimiz arxiv sənədlərindən bəlli olur ki, 19 fevral 1939-cu ildə 1 №-li ruhi xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərov tərəfindən aşağıdakı akt tərtib edilib: "19 fevral 1939-cu ildə biz, aşağıda imza edənlər 1 nömrəli ruhi xəstəxananın baş həkimi İ.İ.Antonov və qadın şöbəsinin müdiri A.A.Əsgərov xəstəxanada yatan Axundzadə Dilbərin psixi vəziyyətinə yekun rəy veririk.
Azadlıqdan məhrum edilmiş Axundzadə Dilbər ruhi xəstəxanaya 28 fevral 1938-ci ildə hərəkət danışıq oyanıcıqlığı ilə daxil olmuşdur. Suallara cavab verməmiş, əlaqəsiz danışırdı. Xəstəxanada olduğu müddətdə oyanıcıqlıq sakit hala keçirdi, hərəkətləri düşünülməmiş, hebefrenik xarakter daşıyırdı.
Qarabasma halları olmuş, heç nə ilə maraqlanmırdı, yanaşılmaz halda idi, verilən suallara ötəri cavab verirdi. Bu hal 1938-ci ilin oktyabrına kimi davam etmiş, qarabasmalar tədricən yox olmuş, o sakitləşmiş və əlverişli vəziyyətə gəlmişdi.
Hazırda o fəallaşaraq ətrafa maraq göstərir, qəzet oxuyur, əl işləri ilə məşğul olur, lakin hərəkətlərində müəyyən qəribəliklər vardır.
Yekun: Azadlıqdan məhrum olunmuş Axundzadə Dilbər psixi təhrik nəticəsində şizofreniya formasında ruhi xəstəlik keçirmişdi.
Hazırda, remmissiya (tamamilə sağalmamış) vəziyyətindədir. Ruhi xəstəxanada qalmasına ehtiyac yoxdur"
Yaxşı ki, bu akt Dilbər xanımın azadlığa çıxmasının təminatçısı olub. Müxtəlif mərhələlərdə baxıldıqdan sonra, nəhayət, Dilbər xanımı 11 mart 1939-cu ildə axşam saat 20-də həbsxanadan azad ediblər. Kim bilir, bəlkə də, həkimlərin şeirlərini sevə-sevə oxuduqları nakam şairin bəxtsiz xanımına rəhmləri gəlibmiş. Əlbəttə, düzünü Allah bilir.
Yadımdadı, "Müşfiqsiz günlərim" xatirəsində Dilbər xanımın belə bir cümləsini oxuyub duyğulanmışdım: "1956-cı ildə hərbi tribunaldan Müşfiqin həm bəraət, həm də "ölüm" kağızını aldım. 1939-cu ildə martın 12-də ölmüş Müşfiq mənim ürəyimdə 1956-cı ilə qədər sağ idi".
Bizim əldə edərək kitaba daxil etdiyimiz arxiv sənədində isə, Mikayıl Müşfiqin ölüm tarixi 5 yanvar 1938-ci il göstərilmişdir.
Dilbər Axundzadənin vəfatından illər sonra hazırladığımız "Müşfiqli günlərim"in üçüncü nəşrini yenidən vərəqləyərkən belə qənaətə gəldim ki, o zaman xeyirxah bir qələm əhli əziyyətə qatlaşsaydı, Dilbər xanımı danışdırıb onun Müşfiqsiz günlərini olduğu kimi qələmə alardı. Bu da nahaqdan əri repressiya qurbanı olmuş bir xanımın həyat hekayəsi olardı. Təkcə onunmu?! Yox! Yazılası həyat hekayələri çox olub (bu gün də var), amma yada salan, bu barədə düşünənlər yoxdu. Olsaydı, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın və başqalarının həyat hekayələri də yazılardı. Yəqin ki, bu cür həyat hekayələrinin ömrü bu gün yazılan bəzi romanlardan qat-qat uzun olardı.

***
"Xallı gürzə" tarixi romanımı yazarkən onu çox geniş, əhatəli bir əsər kimi düşünmüşdüm. Lakin 90-cı ildə əsərin üzərində işlədiyim vaxt hadisələr heç də yaxşılığa doğru inkişaf etmirdi. Doğrusu, o zaman SSRİ kimi nəhəng bir imperiyanın dağılacağını düşünmürdüm, ancaq bu gedişlə M.Qorbaçovun vəzifəsini bir gün itirəcəyinə zərrəcə şübhəm yoxdu. Bununla belə, ehtiyat edirdim ki, vəziyyət dəyişə və mən Pənah xan haqqında yazdığım "Xallı gürzə" romanını çap etdirə bilməyəm. Ona görə də romanı Pənah xanın ölümü ilə bitirib nəşriyyata vermişdim. Bununla belə, 1991-ci ildə "Xallı gürzə" romanının davamını, daha mürəkkəb, daha ziddiyyətli bir dövrü - İbrahimxəlil xanın dövrünü yazmaq haqda düşünmüşdüm və bu gün də düşünürəm. Bu məqsədlə o dövrə aid kitablar oxuyur, arxiv sənədləri ilə tanış olur, materiallar toplayırdım. Bu işi indi də davam etdirirəm.
2005-ci ildə televiziya verilişlərinin birində "Təhsil" nəşriyyatının çap etdiyi "Qarabağ" adlı böyük bir kitab haqda danışırdılar. Mən elə həmin gecənin səhəri bu kitabı alıb oxumaq niyyəti ilə "Təhsil" nəşriyyatının direktoru, köhnə dostum Bəhruz Axundovun yanına getdim. Bir qədər ordan-burdan danışandan sonra "Gənclik" nəşriyyatının yaxşı durumda olmadığını söylədim. Onda "Təhsil" nəşriyyatı, əsasən, orta məktəblər üçün dərsliklər çap edirdi. 1992-ci ildə "Gənclik" nəşriyyatının bir neçə əməkdaşı da yenicə fəaliyyətə başlayan "Öyrətmən" nəşriyyatına (sonradan "Təhsil" adı ilə tanındı) gedərək, burada çalışırdılar. Söhbət əsnasında iş olarsa onunla bir yerdə işləmək istədiyimi bildirdim. Təbii, Bəhruz Axundov dərhal məni işə götürmədi, bir qədər gözləməyimi tapşırdı və zəng edəcəyini söylədi. Mən də "Qarabağ" kitabını götürüb evimə getdim.
Sən demə, Bəhruz Axundov vədini unutmayıbmış, iki ayın tamamında mənə zəng etdi ki, gəl görüşək. Deyilən vaxtda "Təhsil" nəşriyyatında oldum. Bəhruz Axundov mənə "Təhsil" nəşriyyatında şöbə müdiri vəzifəsində işləməyimi təklif etdi. Razılaşdım.
Mən iş yerini tez-tez dəyişən adamlardan olmamışam. İllərlə birgə çalışdığım adamlardan ayrılmaq mənim üçün çox çətindir. Amma indi başqa çıxış yolum yoxdu. "Gənclik" nəşriyyatının direktoru Əlican Əliyev işdən getməməyim üçün çox israr etsə də, fikrimi dəyişmədim, işdən çıxıb "Təhsil" nəşriyyatına (2006-cı ilin yanvar ayından) gəldim. Əlbəttə, "Təhsil" nəşriyyatı, burada çalışan insanların bir çoxu mənə yad deyildilər. "Gənclik"də mənimlə bir yerdə çalışan Məsudə Əvəzqızı, Elşadə Əzizova, Gülər Ələkbərqızı, uzun illər "Maarif" nəşriyyatında çalışmış Tofiq Məmmədov, Bahadur Eyvazov, rəssam Abdulla Ələkbərov artıq neçə il idi ki, burada çalışırdılar. Adını çəkdiyim bu şəxslər nəşriyyat işini dərindən bilən, bu sahədə saç ağartmış insanlardı. Məsudə Əvəzqızı uzun illər "Gənclik" nəşriyyatında redaktor, şöbə müdiri vəzifəsində çalışmışdı. O, gənclər üçün yazılmış bəzi əsərləri, o cümlədən Aleksandr Volkovun "Zümrüd şəhərin sehrbazı" kitabını tərcümə etmişdir.
Elşadə Əzizova əvvəl BDU-nin filologiya fakültəsində oxumuş, sonra təhsilini Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirmişdi. Elşadə xanımı nəşriyyatın aparıcı redaktorlarından biri və həm də peşəkar tərcüməçi kimi tanıyırdım. Birgə işlədiyimiz dövrdə şahidi oldum ki, "Təhsil" nəşriyyatının çap etdiyi bütün dərs və dərs vəsaitlərini rus dilinə çevirib və hər il bu işlə məşğul olur. Onun bədii tərcümələri də var. 2012-ci ildə "Aspoliqraf" nəşriyyatının direktoru Tural Axundovun təşəbbüsü ilə "Diana - günahsız günahkar" kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Tərcüməçinin qeyd etdiyi kimi, bu kitab XX əsrin ən məşhur və ən qalmaqallı xanımlarından biri, bənzərsiz gözəlliyi və xeyirxah əməlləri ilə bütün dünyanı riqqətə gətirən füsunkar şahzadə Diananın sirlərlə dolu həyatından bəhs edir. Elşadə xanım bundan başqa, Qulu Kəngərlinin "Qara yanvar şəhidləri", "Didərginlər", A.Şaiqin "Hekayələr", X.Koroğlu və A.Nəbiyevin "Azərbaycan qəhrəmanlıq eposu" və b. kitabları eyni səriştə ilə rus dilinə tərcümə etmişdir.
Hazırda "Təhsil" nəşriyyatında baş redaktor vəzifəsində çalışan Gülər Ələkbərqızı haqqında isə xatirəmin əvvəlində danışmışam. Xatırladım ki, şairə Sevinc Nuruqızı, jurnalist Aida Quliyeva məndən bir neçə il sonra "Təhsil" nəşriyyatında redaktor kimi fəaliyyətə başlayıblar. Sevinc Nuruqızı "Təhsil" nəşriyyatına gəlməmişdən "Mədəniyyət" qəzetində, "İctimai" televiziyada çalışmışdır. Hazırda nəşriyyatda redaktorluqla yanaşı, ədəbi yaradıcılıqla da məşğul olur, uşaqlar üçün şeirlərdən və hekayələrdən ibarət çoxlu kitabları nəşr olunub.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş Aida Quliyeva isə uzun illər AzTV-də çalışmış, uşaqlar üçün çoxlu sayda verilişlər hazırlamış, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, "Uşaqlar dünyanın sevincidir" adlı kitabın müəllifidir.
Mən burada bizimlə çiyin-çiyinə işləyən korrektorların - Ülkər Şahmuradovanın, Natəvan Nəbatiqızının və Ülkər Tağıyevanın adlarını da çəkməyi özümə borc bilirəm. Çünki bu gün Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların sayı çox olsa da, onların çoxunda redaktor, korrektor çalışmır, buna görə də belə nəşriyyatların çap etdiyi kitabların mətni qüsurlu olur. Bu baxımdan "Təhsil" nəşriyyatı başqa nəşriyyatlardan çox fərqlənir. Nəşriyyatın baş direktoru Bəhruz Axundov kitab işinə çox müqəddəs bir vəzifə kimi baxır. Buna görə də o, ətrafına ən peşəkar nəşriyyat və poliqrafiya işini bilən kadrlar cəlb edib. Özünün söylədiyi kimi, peşəkarlarla işləmək, onlarla yeni-yeni uğurlar əldə etmək daha asandır.
Hər bir kitab böyük bir kollektiv əməyinin bəhrəsidir. Bu gün qabaqcıl nəşriyyatlarda, o cümlədən "Təhsil" nəşriyyatında redaktor və korrektorlarla yanaşı, bədii və texniki redaktorlar, kompüter tərtibatçıları, operatorlar və b. peşə sahibləri çalışırlar. Hər bir nəşr olunmuş kitabda çoxsaylı insanların əməyi var.
"Təhsil" nəşriyyatı da mənim taleyimdən keçib. Artıq on ildir burada çalışıram. Kitab çapı sahəsindəki bir çox arzularım məhz burada həyata keçib. Mənim "Fred Asif" sənədli romanım (təkrar nəşr), Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan bəhs edən "Mübariz" sənədli povestim (2 dəfə), "Sənət hekayələri", "Məcnunun Məcnunu", "Yaddaşlarda yaşamaq haqqı", "Bülbül" kitablarım məhz burada nəşr olunub. Əgər "Təhsil" nəşriyyatında işləməsəydim, yəqin ki, Heydər Əliyev Fondunun sifarişi ilə çap olunan "Arif Babayev-70", "Habil Əliyev-80", "Əlibaba Məmmədov-80", "Canəli Əkbərov-70", "Ağaxan Abdullayev-60" albom-kitabların mətnini yazmayacaq, tərtibatında iştirak etməyəcəkdim. Əgər burda çalışmasaydım, heç şübhəsiz, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunan Xurşidbanu Natəvanın "Neçin gəlməz", Hüseyn Cavidin "Dram əsərləri", Nizami Gəncəvinin "Lirika", Hüseyn Arifin "Seçilmiş əsərləri", Nəbi Xəzrinin "Seçilmiş əsərləri", Nəriman Süleymanovun "Ruhlar çağırır" kitablarının tərtibçisi mən olmayacaqdım. Kitab tərtib etmək də məsuliyyətli və şərəfli bir işdir. Bu işi yüksək səviyyədə görmək üçün savad, səriştə, təcrübə və ədəbi zövq olmalıdır.
Yuxarıda adlarını çəkdiyim kitabları diqqətlə oxuyan olsa, bir tərtibçi kimi mənim fərdi dəsti-xəttimi görər. Tərtib etdiyim hər bir kitaba yaradıcı yanaşmış, özümü, bir növ, həyatda olmayan müəlliflərin varisi hesab etmişəm. Tərtib etdiyim kitablardan eləsi var ki, nəşri haqqında zaman-zaman düşünmüşəm. Çox illər öncə biləndə ki, Xurşidbanu Natəvanın 1886-cı ildə tərtib etdiyi şeir və rəsmlərindən ibarət "Gül dəftəri" M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır, elə o zamandan Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın, Əli bəy Hüseynzadənin, Yusif Vəzir Çəmənzəminlinin çəkdiyi rəsmləri bir kitabda toplayıb çap etmək istəyirdim. Təəssüf ki, bu istəyim zamanında baş tutmadı. Amma bir təsadüf nəticəsində X.Natəvanın "Gül dəftəri"ndəki rəsmləri çap etdirmək mənə qismət oldu. Ölkə başçısı İlham Əliyevin "Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyinin keçirilməsi haqqında" 3 aprel 2012-ci il tarixli sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi X.Natəvanın şeirlərindən ibarət kitabını tərtib edib çap etməyi bizim "Təhsil" nəşriyyatına tapşırmışdı. Kitabı mən tərtib etməliydim. O zaman nazirlikdə işləyən şair dostum Vaqif Bəhmənliyə zəng edib dedim ki, Natəvanın dəfələrlə çap olunmuş qəzəllərinin nəyini tərtib edəcəyik, icazə verin, mən onun əsərlərini tamamilə başqa cür tərtib edim. Vaqif Bəhmənli mənimlə razılaşdı.
Uzun illərin təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, yaddaşında, ürəyində həyata keçirmək istədiyin hər hansı niyyətini zaman-zaman dolandırmasan, düşünməsən, ortaya yaxşı bir şey qoya bilməzsən. Sən gərək tərtib edəcəyin, redaktoru olduğun kitabı öncədən görə biləsən, üz qabığından, formatından belə. Yoxsa redaktə və tərtib etdiyin kitab adi kitablardan seçilməz. Yeri gəlmişkən deyim ki, kitaba ad seçmək də ümdə şərtdi. Kitaba içi ilə səsləşməyən, oxucunu cəlb etməyən ad verməkdən çəkinmək lazımdı. Kitabın adı məzmunundan, bədii ruhundan doğmalıdı. Natəvanın kitabına şairənin məşhur bir qəzəlindən ad seçmişdim - "Neçin gəlməz". Mənim təklifimlə Natəvanın bu kitabına filologiya üzrə fəlsəfə doktoru Paşa Əlioğlu "Xurşidbanu Natəvanın irsi" sərlövhəli ön söz yazmışdı. Kitabda bu ön sözdən sonra şairənin qız nəvəsi Əkbər xan Naxçıvanskinin onun haqqında xatirəsini qoymuşdum. Bundan sonra "Əsərləri" başlığı altında şeirlərini, "Məclisi-üns" xatirələrdə" başlığı altında şairənin özünün və müasiri olan şairlərin şəkillərini, bundan sonra isə "Xurşidbanu Natəvanın gül dəftəri" başlığı altında onun rəsmlərini, Natəvanın irsindən bəhs edən məqaləni, ona həsr olunmuş şeirləri və nəhayət, "Xurşidbanu Natəvanın obrazı təsviri sənətdə" başlığı altında rəsm əsərləri öz yerini tutmuşdu. Buradaca qeyd edim ki, tərtibçi tərtib etdiyi kitaba ön söz yazsa yaxşı olar. Bu ön sözdə tərtibçinin kitabı tərtib etməkdə məram və məqsədi açıqlanmalıdı. Təbii ki, Xurşidbanu Natəvanın "Neçin gəlməz" kitabına mən də "Tərtibçidən" sərlövhəli ön söz yazmışdım. Bu kitabda illərlə yaddaşımda gəzdirməyimin nəticəsi olaraq, yazıçı, tərcüməçi Hüseyn Şərifin 1944-cü ildə Natəvanın İranda olarkən bir nəfər qarabağlının evində əldə etdiyi əlyazmasını Teatr muzeyindən taparaq, çap olunmamış bir qəzəlini və dörd ədəd rəngli rəsmini əlavə etdim. Bu gün televiziyada Natəvanın nümayiş etdirilən rəsmləri məhz mənim tərtib etdiyim "Neçin gəlməz" kitabından götürülmüşdür.
Bu tərtibatım ədəbi ictimaiyyətin də diqqətini cəlb etmişdi. Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev "Xan qızının ədəbi-bədii irsinə sevgi nümunəsi" adlı dəyərli bir məqalə yazmışdı. O, mənim tərtib etdiyim "Neçin gəlməz" kitabına yüksək qiymət verərək yazırdı: "Etiraf edək ki, dünyasını dəyişəndən sonra keçən bir əsrdən çox müddətdə onun ədəbi-bədii irsi arzulanan səviyyədə təbliğ olunmayıb. Bu vaxta qədər çap olunan bir neçə kitabı nəzərə almasaq, demək olar ki, Natəvanın qibtə olunacaq səmərəli ictimai-siyasi və ədəbi-bədii fəaliyyəti ictimaiyyətə yaxşı təqdim edilməmişdir. Elə düşünürük ki, bu günlərdə dəyərli ziyalımız, tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin tərtibində "Təhsil" nəşriyyatında işıq üzü görmüş "Neçin gəlməz" kitabı bu vaxta kimi qalmaqda davam edən bu arzuolunmaz boşluğu kifayət qədər doldurmuşdur.

İndiyə qədərki yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin öyrənilməsinə və təbliğinə duyulası töhfələr vermiş Mustafa Çəmənlinin "Neçin gəlməz"i bu vaxta qədər "Xan qızı"na həsr olunmuş bütün kitablardan köklü şəkildə fərqlənir. Belə ki, 160 səhifəlik bu çox tutumlu kitabda Xurşidbanu Natəvanın Azərbaycanın ictimai-siyasi həyatında, ədəbiyyatında, mədəniyyətində, təsviri sənətində qoyduğu silinməz izin mahiyyəti, bu səmərəli fəaliyyətin qaynaqları göstərilmişdir. Əlavə edək ki, Mustafa Çəmənlinin bu kitabda özünün kitab mədəniyyəti sahəsindəki çoxillik təcrübəsindən peşəkarcasına istifadə edərək maraqlı tərtibçilik nümunəsi göstərmişdir. Elə bunun nəticəsidir ki, əslində, kitab içində bir kitab olan "Neçin gəlməz" kifayət qədər dolğunluğu ilə diqqət çəkir. Bölmədən-bölməyə keçən oxucu hər dəfə müxtəlif ovqata köklənir". ("525-ci qəzet", 18 avqust 2012-ci il).
Təvazökarlıqdan uzaq olsa da, deyim ki, sənətşünasın bu dəyərli fikirlərini mənim tərtib etdiyim Nizami Gəncəvinin "Lirika" kitabına da şamil etmək olar.
Nizami Gəncəvinin qəzəlləri 1940-cı ildən başlayaraq bu günə kimi doqquz dəfə çap olunmuşdur. 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə "Lirika" adı altında onun kitabını tərtib etdim. Mən şairin qəzəllərini 1973 və 2004-cü il nəşrləri əsasında tərtib etmişdim. Məndən əvvəl tərtib olunmuş kitablardakı kimi, qəzəlləri kitabın səhifələrinə səpələmədim. Hər bir tərcüməçinin tərcümə etdiyi qəzəlləri ardıcıllıqla verdim. Bununla yanaşı, "Lirika"ya şairin rübailərini, poemalarında müğənniyə müraciətlə yazdığı poetik nümunələri də əlavə etdim. Biz, kitabın bədii tərtibatında şairin poemalarına çəkilmiş miniatürlərdən də istifadə etdik. Nəticədə, Nizami Gəncəvinin adına layiq, onun poetik ruhunu əks etdirən kitab nəşr edə bildik.
Mən "Təhsil" nəşriyyatının təşəbbüsü ilə "Məktəb kitabxanası" seriyasından "El bilir ki, sən mənimsəng", "Cənub həsrəti", "Talvar", M.H.Şəhriyarın "Heydər babaya salam" kitablarının da tərtibçisi və redaktoru olmuşam. "Təhsil" nəşriyyatında işlədiyim bu on il ərzində redaktoru olduğum kitablar çoxdur. Anarın "Unudulmaz görüş", Elçinin "Yeni hekayələr", Rəşad Məcidin "Əlvida və salam", Ramiz Zöhrabovun "Azərbaycan muğamları", Südabə Ağabalayevanın "Zamanla üz-üzə", Bəhruz Axundovun "Dünənki sabah", "Həsən bəy Zərdabi xatirələrdə", "Ustad ömründən anlar" kitablarını məmnunluqla xatırlayıram. Redaktoru olduğum elə bir kitab yadıma gəlmir ki, kiçicik də olsa, xidmətim olmasın. Nəşriyyat redaktoru, müəllifdən fərqli olaraq, redaktoru olduğu kitabın siqnal nüsxəsi çap edilib stolunun üstünə gələnə qədər onun nigarançılığını çəkir. Kitabın ilk nüsxəsini müəllifdən qabaq o vərəqləyir, qüsursuz çıxanda sevinir, gözdən qaçmış kiçik bir qüsuru görəndə pərişan olur.
Dünya şöhrətli U.Şekspir deyirdi ki, kitab mənim üçün tacdan qiymətlidir. Fransız ədibi A.Frans isə yazırdı ki, mənə kitablarını göstər, uşaqlarının hansı ruhda böyüdüklərini sənə deyim. Yusif Vəzir Çəmənzəminli "Kitab yolunda hər şeydən keçərəm" deyirdi. F.Bekon isə bu fikirdəydi ki, kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir.
Bu "fikir gəmisi"nin göyərtəsində dünyanın söz nəhəngləri üzüb, bizə də üzməyi, sevməyi, sevilməyi öyrədib. Əbdürrəhman Cami yaxşı deyib:
Ağıllı adamlar, yaxşı adamlar!
Bilik kitabdır, axtarsan əgər.
Kitabı sevənlər tənhalıq bilməz,
Elmə arxalanan sınar, əyilməz.
Mən təzəcə çap olunmuş kitab qoxusunu heç nəyə dəyişmərəm. Axı, oradan təkcə yapışqan, rəng qoxusu yox, həm də qəlbə fərəh gətirən SÖZÜN iyi gəlir.
Nəşriyyat redaktorunun da taleyi orta əsrlərdə əlyazmaların, təzkirələrin üzünü köçürdən xəttatların, katiblərin (I Şah Təhmasib onları pərvanələr adlandırırdı) taleyinə bənzəyir. Elə bir klassik şair, yazıçı, alim təsəvvür etmək olarmı ki, onun şeirlərinin, elmi risalələrinin üzünü köçürən xəttat, katib, kitabdar yerinə düşməyən bir sözü, ifadəni, vəzni pozulmuş misranı, qafiyəni daha münasib sözlə əvəz etməsin. Bunu hələ XIII əsrdə yaşayıb-yaratmış böyük alim, ensiklopedik elm sahibi Nəsrəddin Tusi (1201-1274) özünün məşhur "Əxlaqi-Nasiri" adlı əsərində üzünü əsərinin oxucusuna tutaraq təvazökarcasına xahiş etmişdi: "Alicənab adamlardan gözlənilən ən böyük kəramət, lütf və mərhəmət ondan ibarətdir ki, bu kitabı nəzərdən keçirdikdə bir səhv, ya anlaşılmazlığa rast gəlsələr, zəhmət çəkib onu düzəltsinlər, əvvəlcədən bizim üzr və təşəkkürümüzü qəbul etsinlər. Allah qoysa, belə də olar".
Duman çəmənliyə çökən sayaq, redaktor, korrektor, çapçı ömrü də kitabların səhifələrinə eləcə hopur. Redaktor, naşir ömrü də gecələr şamın başına dolanan pərvanəyə bənzəyir. Mənim də nəşriyyatlarda keçən ömrüm eləcə!

aprel-iyun, 2016-cı il