adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 May 2017 00:16
8985
LAYİHƏ
A- A+

Aşıq Abbas

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Səhər açılır. Tacir durub görür ki, həyətdə vurub öldürdüyü öz qatırıdır. O, çox peşman olur. Tacir gətirdiyi pal-parçanın çoxusunu sata bilmir. Aşıq Abbasa tapşırır ki, daha mən qatırsız hərəkət edə bilmərəm. Sən bu pal-parçanı sat, pulunu al. Nisyə verdiyim malların da pulunu yığarsan. Aşıq Abbas tacir dostuna deyir:
- Mən sabahdan səfərə gedirəm, bu yayı evdə olmayacağam, vacib işim var. Bu iş mənlik deyil.
Bu xəbəri eşidən tacir pal-parçanın qalan hissəsini Aşıq Abbasın evində qoyub piyada qayıdır Şuşaya. O gündən Aşıq Abbas bir daha dostu tacirlə görüşmür.

***

Aşıq Abbas atası Aşıq Alını sağlığında bir dəfə görür ki, kişinin kefi yoxdur. Ona yaxınlaşır, kefini soruşur, hal-əhval tutur, bikef olmasını səbəbini soruşur.
- Lələ, niyə bikefsən?
Aşıq Alı oğluna deyir:
- Oğul, tiryəkim (yəni tənbəkim) qurtarıbdı.
Cavan oğlan olan Abbas anasına və qardaşlarına deyir ki, lələmə deməyin, gözü yolda qalar, gedirəm Şuşaya, tiryək almağa. O, atı yəhərləyib, dayandoldurumu əlinə alıb yola düşür. Yolda o, daşa qonmuş bir kəklik vurur. Abbas kəkliyin ayağını bağlayıb, keçirir tüfənginə. Şuşaya çatanda yolun kənarında oturmuş üç-dörd nəfər yaşlı kişilərdən biri Abbasın qucağında kəkliyi görəndə deyir:
- Ovun qanlı olsun! Bu nə yaxşı quşdu, hardan vurmusan?
Abbas deyir:
- Bir az əvvəl yolda vurmuşam.
Kişi deyir:
- Bazar üçündü, yoxsa sovqatdı?
Abbas deyir:
- Yox, nə bazar üçündü, nə də sovqatdı. Xoşuna gəlir al, verim sənə.
Kişi kəkliyi alıb, arxalığının cibinə salır, Abbasa xırda pul verir. Kişinin yanındakılardan biri qayıdır ki:
- Qazanan bax belə olar.
Abbas pul verən kişinin yoldaşlarına tərəf dönüb deyir:
- Mən çox kasıb olmuşam, təsadüfdən bir xarabalıqda çoxlu qızıl xəzinə tapmışam. Allah mənə verib, mən də gələndə başqalarına verməliyəm.
Abbas kişi verdiyi pulu ilə evlərinə böyük bir bazarlıq eləyir. Atasının tiryəkini də alıb axşamçağı günəş qürub edəndə çatır evlərinə. Atası Aşıq Alı oğlu Abbası görəndə deyir:
- Oğlum, bu gün heç görünmədin, hardaydın?
Abbas deyir:
- Lələ, getmişdim Şuşaya, sənə tiryək alıb gətirmişəm.
O, əlindəki tiryəki atasına verir. Atası oğluna belə alqış edir:
- Oğul, səni qazanmayıb yeyəsən. Səni görüm yeddi oğul atası olasan. Hər birinin evində yatıb dincələsən, əllərini qızdırasan.
Deyirlər, doğrudan da Aşıq Abbas evlənəndən sonra səkkiz oğul və bir qızı olubdur. Saz çalıb-oxumağı da qazanc edibdir.

***

Aşıq Abbasla Paşa bəyin münasibətləri çox yaxşı imiş. Bir gün Paşa bəy Aşıq Abbasa deyir ki, Kaha kəndində yaşayan Hacı Mirəzizin çoxlu keçiləri var, gəl düzüm-qoşum, apar saxla, yavaş-yavaş da kəs ye. Bir neçə gündən sonra Hacı Mirəziz Aşıq Abbasa xəbər eləyir ki, gəl keçiləri apar saxla. Aşıq Abbas gedib 30-40 baş keçi gətirir. Aşıq Abbas başlayır payızdan yaza kimi keçiləri kəsib yeməyə. Yaz gəlib çatanda artıq keçilərdən 5-10 baş qalan zaman Aşıq Abbas Hacı Mirəzizə xəbər göndərir ki, bizə gəlsin.
Bir gün Mirəziz gəlir Aşıq Abbasın evinə. Aşıq Abbas Mirəzizə deyir ki, keçilər bəyirmək xəstəliyinə düşüb. Bir neçə dəfə bəyirir və o saat da canın tapşırır, ayağını uzadıb ölür.
Axşam namazı vaxtı örüşdən qapıya gələn keçilərdən birini (bir çəpişi) Aşıq Abbasın işarəsi ilə evin qapısında çobanlar tutub qulağını dişləyirlər. Çəpiş (keçinin balası) bərkdən bəyirir. Bu zaman Mirəziz namaz qılırmış. Aşıq Abbas tələsik girir evə, namaz üstündə olan Mirəzizə deyir:
- Seyid, çəpiş ölür, neyniyim?
Namaz üstündə olan Mirəziz əlini dolayı boğazına çəkərək çəpişin kəsilməsini işarə edir.
Çəpiş kəsilir, soyulur və qonaq üçün yemək hazırlanır. Ocağın üstündə yemək bişəndə Aşıq Abbasın tapşırığına əsasən çəpişin ödünü qatırlar Mirəzizin yeməyinə. Yemək zamanı Mirəzizin qabağına bir dolu qab çəpiş əti qoyurlar. Mirəziz bir tikə götürüb ağzına qoyanda görür ki, ət çox acıdı, yeməli deyil. O, tez deyir:
- Yox, yox, yeməli deyil. Atın itə. Bunu yeyən adam zəhərlənib ölər. Səhər açılır. Mirəziz kor-peşman atını minib gedir. O, keçinin yerdə qalanlarını da aparmır.

***

Bir gün Paşa bəy Aşıq Abbasa deyir ki, məni Qarabağa toya çağırıblar, səni də aparacağam, get hazırlaş. Aşıq Abbas ona deyir ki, məclisə getməyə paltarım yoxdur. Paşa bəy ona bir dəst təzə paltar, bir cüt çəkmə və bir də təzə papaq verir. Aşıq Abbas pal-paltarı alandan sonra bildirir ki, minməyə at da yoxdur. Paşa bəy ona təzə yəhərli bir at da verir. Onlar Qarabağa toya gedirlər.
Aradan bir neçə gün keçir, qayıdıb gəlirlər. Piçənis kəndinə yaxınlaşanda Aşıq Abbas Paşa bəyə bildirir ki, ta mən öz evimə gedim. Paşa bəy də deyir ki, yox Qurdqacıya gedək. Xülasə, o deyir, bu deyir, razılıq olmur. Axırda Paşa bəy ona deyir ki, ata və yəhərə görə Qurdqacıya getməliyik. At və yəhər Qurdqacıda qalmalıdı.
Aşıq Abbas ciddi bir görkəm alaraq deyir:
- Nə at, nə yəhər, mən atımı, yəhərimi sənə verib evə piyada getməliyəm?
Paşa bəy ona deyir:
- At da, yəhər də mənimdir.
- Yox bir, bəlkə deyəsən papaq, paltar da mənimdir?
Paşa bəy ona deyir:
- Əlbəttə mənimdir.
Aşıq Abbas deyir:
- Bəlkə çəkmə də sənindi?
Paşa bəy deyir:
- Əlbəttə, çəkmə də mənimdir. Bunların hamısını mən sənə almışam.
Atın üstündə bayaqdan bəri durub onlara qulaq asan digər bir neçə atlı işin əvvəllini bilmədikləri üçün bu söhbətə gülüşürlər.
Aşıq Abbas qayıdır ki:
- Əgər doğrudan da at da, yəhər də, paltar da, papaq da, çəkmə də sənindirsə, bəs mənimkilər hanı? Sənin deməyinlə mən evdən lüt çıxmışam.
Bu söhbətə atlılar bir də gülüşürlər.
Paşa bəy görür ki, Aşıq Abbas artıq ona kələk gəlib. Atın, paltarın, papağın onun olmasına heç kim inanmır. Ona görə qayıdır ki:
- Yaxşı, Aşıq Abbas, sən deyən oldu. Kələyin baş tutdu.
Hər ikisi gülə-gülə sağollaşıb öz evlərinə gedirlər.

***

Aşıq Abbas qocalmışdı. Onun səkkiz oğlu və bir qızı varmış. Uşaqları çox olduğu üçün qorxur ki, o, öləndən sonra ona yaxşı ehsan verməsinlər. Həm də arvadı çox əzazil və simic arvad imiş. Ona görə də o, bir gün oğlanlarını çağırıb yanına deyir:
- Mənə məlumdu, bir neçə gündən sonra öləcəyəm, Mənə sağ ikən ehsan verin.
Uşaqları və qohum-qonşu yığılıb ona sağ ikən ehsan verirlər.
Nəvəsi Şura qardaşın dediyinə görə doğrudan da aradan üç gün keçir, Aşıq Abbas dünyasını dəyişir.
Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Laçın rayonu