Azərbaycanın Rus İcması ÜAK-ın ləğvinə mane olmağa çağırıb
”Sıralarında milliyyətcə rus olan 120 min Azərbaycan vətəndaşını birləşdirən Azərbaycanın Rus İcması Rusiyanın ictimai təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı uzun müddət davam edən vəziyyətlə əlaqədar ciddi narahatlığını bildirir. Azərbaycanın Rus İcması Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi məsələsinə dair öz prinsipial münasibətini 2017-ci il 4 aprel tarixli bəyanatında ifadə edib”.
"Təəssüf ki, Rusiyada müəyyən qüvvələr Ümumrusiya Azərbaycan
Konqresinin təşkilati fəaliyyətində xırda çatışmazlıqları axtarmaqla,
Rusiyanın böyük ictimai təşkilatının ləğvinə şərait yaratmağa
çalışırlar. Şübhə doğurmur ki, həmvətənlərimiz – Rusiyadakı Azərbaycan
diasporuna qarşı bu mənfi, hörmətsiz münasibət Azərbaycan və Rusiya,
Azərbaycan və rus xalqları arasındakı dostluq əlaqələrinin inkişafına və
genişlənməsinə xidmət etmir. Azərbaycanda yaşayan ruslar Azərbaycan
xalqının rus dilinin, rus mədəniyyətinin və Azərbaycanda rus xalqının
ənənələrinin qorunmasına qayğıkeş münasibətini yüksək qiymətləndirir.
Hesab edirik ki, Rusiyada da Rusiya Federasiyasının tamhüquqlu
vətəndaşları olan azərbaycanlıları narahat edən məsələlərə müvafiq
münasibət olmalıdır. Biz ölkələrimiz arasındakı münasibətlərin
vəziyyətindən çox məmnunuq. Onların əsasında dostluq və mehriban
qonşuluğun çoxəsrlik ənənələri, qarşılıqlı maraqlara hörmət, milyonlarla
azərbaycanlı və rusların bir-birinə bağlı taleləri dayanır. İmkan
vermək olmaz ki, dost olmayan qüvvələrin hərəkətləri xalqlarımız
arasındakı möhkəm əlaqələr və səmimi münasibətlərə ziyan vursun.
Rusiyalı həmvətənlərimiz, biz, ölkələrimiz və xalqlarımız arasındakı
münasibətləri yüksək qiymətləndiririk və bir daha Rusiyadakı sağlam
qüvvələrə müraciət edirik ki, Rusiyanın böyük ictimai təşkilatı olan
Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə yönəlmiş niyyətlərin
gerçəkləşməsinə imkan verilməsin”, - deyə bəyanatda vurğulanıb.