adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 May 2017 14:22
38025
ƏDƏBİYYAT
A- A+

Sözü qılıqlayan şair - Afiq Muxtaroğlu

Afiq Muxtaroğluyla yaxın ünsiyyətimizin müddəti o qədər də uzun deyil, cəmi on il ola-olmaya…

Amma o, həmişə darıxdığım, imzasını axtardığım, ruhi müvazinətimi itirmək qorxusu yarananda şeirlərinə üz tutduğum qələm dostlarımdan biridi…

Xoşbəxtlikdən otuz ildən artıqdı ki, belə bir imkanım var: Afiqin xəsisliklə, bəlkə də qısqanclıqla çap etdirdiyi şeirləri səksəninci illərin ortalarından diqqətimi çəkib…

Onda Valeh Hacılar, Səməd Qaraçöp, Məhəmməd Həsənli, Allahverdi Təhləli, İbrahimxəlil, Nurafiz, Tapdıq Yolçu, Xaqani Qayıblı, Rafiq Hümmət… kimi imzaların arasında Afiq Muxtaroğlu mənə çox dogma görünmüşdü…

O doğmalıq indi də qalır, üstəlik, Afiqin insan kimi bütövlüyü və istiqanlılığından qidalanır…

***

Afiq Muxtaroğlunun boqrafiyasına və portretinə ştrixlər kimi, bəzi məqamları xatırlatmaq istərdim…

Afiq Qarayazıda – Gürcüstanın Qardabani rayonunun Nəzərli elində doğulub, Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bir müddət təyinatla Qax-Balakən bölgəsində müəllim işləyib, sonra doğma Nəzərliyə qayıdıb, müəllim işləyə-işləyə elmi-ədəbi yaradıcılıqla məşğul olub…

Doxsanıncı illərin əvvəllərində Gürcüstanda da, Azərbaycanda da ictimai-siyasi vəziyyətin gərgin olduğu illərdə Afiq Muxtaroğlu vaxtın ağrılarını hamıyla birgə çəkib, yerindən-yurdundan köçmək, xoşbəxtliyi qərib diyarlarda axtarmaq sevdasına düşməyib. Sonralar Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət "Varlıq” Mədəniyyət Mərkəzini yaradanda və eyniadlı qəzet nəşrə başlayanda Afiq də publisist kimi yaradıcılıq potensialının boyunu göstərdi, Rafiq Hümmət, Mirzə Məmmədoğlu, Tapdıq Yolçu, Cambul Məmmədli… imzalarıyla yanaşı, Afiq Muxtaroğlu imzası da oxucuların yaddaşına yazıldı. Bununla yanaşı, o, Mərkəzin gerçəkləşdirdiyi layihələrdə də sanballı pay sahibi oldu.

İndi Afiq Muxtaroğlu özü "Yeni yol” qəzetinin baş redaktorudu, regionun ictimai-mədəni həyatının dolğun işıqlandırılması üçün əlindən gələni əsirgəmir, eyni zamanda Anar Rafioğlu, Coşğun Cəfər, Afayət Afiq kimi gənc qələm sahiblərinin yaradıcılığına həmişə diqqət və qayğıyla yanaşır…

Afiq Muxtaroğlunun folklor araşdırmaları və ədəbi-tənqidi məqalələri də sanbalına, mətnə öxünəxas münasibətinə görə seçilir. Gürcüstanda nәşr olunmuş "Әdәbi Gürcüstan (son 350 ilin әdәbi antologiyası)" kitabı haqqında yazdığı, ""Әdәbi Gürcüstan"­ әsrlәrin salnamәsi” və bu sətirlərin müəllifinin "Yolçu” romanı barədə qələmə aldığı "8 әdәbi fakt: zamanın tablosunu cızan roman-­salnamә” məqalələri fikrimizi sübut eləməyə yetir…

***

Afiqin ilk şeirləri və publisistik yazıları hələ orta məktəbdə oxuduğu illərdərayonun "Samqori” qəzetində dərc olunub. Elə o vaxtdan Azərbaycanın və Gürcüstanın çeşidli mətbu orqanlarında, toplularda və almanaxlarda şeirləri, publisistik yazıları, tarixi-etnoqrafik məqalələri işıq üzü görür. İndiyəcən o poetik və elmi-publisistik yazıları sahmana salsaydı, cild-cild kitabları üzə çıxardı. Amma Afiq nəyin bahasına olur-olsun, kitab çap etdirmək, "rəsmən şair kimi tanınmaq” mərəzindən həmişə uzaq oldu. Qələm dostu, şair Rafiq Hümmət Afiq Muxtaroğlunun yardıcı insan portretini çox dəqiqliklə çəkib: "O da əksər gerçək yazarlar kimi tribuna şairi deyil; hay-küyçülük, köpüklü pafos, qıcqırmış vətənpərvərlik, sətiraltı və misraüstü donosbazlıq onun ruhuna yaddır. O, şeiri sadəcə yazır, özü də yazmamaq mümkün olmayanda, duyğuların ağırlığına-amansızlığına dözə bilməyəndə yazır və… bununla da missiyasını bitmiş sayır…”

Afiq Mutaroğlunun İlahidən qisməti bir misra içində ölüb-dirilməkdi, bu da sonu görünməyən işgəncədən başqa bir şey deyil:

Bir misra içində öldüm, dirildim,
Sonuna çatmağa yetərmi gücüm?
...Bir misra nədi ki, mən bacarmadım,
Qiyamətə qaldı qisasım, öcüm...

Bəlkə elə özüylə sözünün çəpləşməsi, cəngi-cidala çıxması, bu minvalla da işgəncələrdən keçməsi "bir misrayla bacarmamağının” ucbatındandı, ömrü də bu çəkişməylə keçəcək; bəlkə elə o bir misranın öhdəsindən gəlməl üçün bəzən özüylə barışığa da gedir:

…özümlə arada çəpləşir sözüm,
özümlə yox yerdən üzləşməm olur.
sonra da araya barışıq girir,
özümlə sazişim, sözləşməm olur…

Bəlkə elə bundan ötrü "sözü qılıqlayır”, ram eləməyə can atır, gücü çatmayanda da hədə-qorxu gəlir:

sözü qılıqladım, özünü dartdı,
çıxartdı hər şeyin ağını deyən.
...düşərsən əlimə, a söz deyilən,
alacağın olsun, hələ bir dayan…

Mənə görə, poeziya nə üslubdu, nə mövzudu, nə də tapıntıdı, POEZİYA havadı, nəfəsdi, ruhun fraqmental mənzərəsidi. Əgər şeiri oxuyanda havası səni vurdusa, iç dünyanda əsinti duydunsa, yaddaşında dogma və tanış mənzərə canlandısa, deməli, oxuduğun şeir, onu qələmə alan da şairdi. Eynilə Afiq Muxtaroğlunun şeirlərində olduğu kimi:

…Bir meh də titrədi arada hərdən,
rütubət qoxudu bir az hava da.
bir quş pırıldadı tələm-tələsik,
gözləyəni vardı yəqin yuvada…

Ani yaranan, görünən və tez də yox olan bu cür DUYĞU TABLOSU Afiq Muxtaroğlunun şeirlərində yetərincə var, o tablolar oxucuya çox məhrəm məqamları xatırladır. Yəqin elə buna görə də onun hər bəndi adamı yerindən oynadır...

Məncə, poeziyanın gücü də elə bundadı...

***

DÜNYAYLA BARIŞMAĞA hərənin bir cür münasibəti var…

Bəziləri bunu müdriklik, bəzilərisə həyat qarşısında acizlik sayır...

Afiq Muxtaroğlu dünyayla barışmış, həm də barışdığı dünyanın nizamını və əmin-amanlığını qorumağı arzulayan adamdı. Bu səbəbdən deyir ki:

…Şükür yenə yuva qurdum,
Gölməçədə, göl yerində.
Şükür, Tanrım, durur hələ,
Yer yerində, göy yerində.

Bunula belə, barışdığı dünyada özünə yer tapa, ola bilsin, bu barışıqlığı sinirə bilmir. Bəlkə ona görə etiraf eləyir ki:

Nə gəlir başıma dilimdən gəlir,
Dillənsəm davadı, dinsəm davadı.
Gedib qayıtmasam, axtaran olmaz,
Qayıtsam davadı, dönsəm davadı…

Bu çarpışmada ömrün mənasını da dərk eləyib, getdiyi yolun asan olmadığını gözəl bilir. Yəqin bu misraları yazdıran da həmin duyğudu:

Bu ömür, deyəsən, uzun çəkəcək,
Gör neçə ahı var, ofu var hələ;
Zirvəyə çıxmağın dərdi bir ayrı,
Zirvədən yıxılmaq xofu var hələ…

Yəqin ki, onun düşüncəsində ÖMRÜN ZİRVƏSİndən yıxılmaqla SÖZÜN ZİRVƏSİndən yıxılmaq eyni məna daşıyır, naratlığı da elə bundandı…

***

Bənzərsiz gürcü yazıçısı Qoderzi Çoxelinin qəhrəmanlarından biri insanlığı ruhda axtarır…

Allahdan SÖZ ADAMI olan Afiq Muxtaroğlu da insanlığını ruhunda tapıb. Bunu SÖZə də, insanlara da, həyata da münasibətində görmək olur…

Afiq Muxtaroğlu, Nurafiz demiş, ürəyini söykəyə biləcəyin, ünsiyyətdə olanda adama duruluq, saflıq bəxş eləyən adamdı…

Yaşı əllini ötsə də hələ kitabının nəşr etdirməyib. Amma bunda nə darılır, nə də darıxır, əksinə, içini vərəqlərə töküb yüngülləşdiyinə görə, əməlli-başlı rahatlıq hissi keçirir…

Bəlkə də əsl yaradıcı insan ömrü budu…

Nəriman ƏBDÜLRƏHMANLI,

12 may 2017