adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 May 2017 00:36
5721
GÜNDƏM
A- A+

AŞIQ MAHMUD BİR ÖRNƏKDİR

Sazımızın beşiyi olan ulu Göyçədə doğulub, aşıqlıq sənətinin sirlərini XX əsrin ünlü aşıqlarından olan İmran Həsənovdan öyrənən və müasir dövrümüzdə Azərbaycan aşıq sənətinin layiqli davamçılarından olan ustad aşıq Mahmud Məmmədov şərəfli bir ömür yolu keçib. Ömrünün 65 ildən çoxunu bu sənətə həsr edən və bu gün ömrünün doqquzuncu onilliyini yaşayan ustad aşıq Mahmudun çox maraqlı, gənc aşıqlar üçün nümunə və örnək olan bir sənətkar taleyi var. O, bu gün barmaqla sayılacaq qədər qalmış ustad aşıqlarımızdandır. Elə ustad ki, XX əsrin çox böyük ustad sənətkarları ilə bərabər el şənliklərində, dövlət tədbirlərində, respublikamızda və xarici ölkələrdə keçirilən folklor tədbirlərində çıxış edib, onlardan öyrəndiklərini çox böyük qədirşünaslıqla gənclərə öyrədib. Şəyirdlərindən təkcə bu gün özü də ustadlıq mərtəbəsində olan aşıq Cahangir Quliyevin adını çəkmək kifayətdir ki, aşıq Mahmudun bir sənətkar kimi nəyə qadir olduğu haqqında təsəvvür yaransın.
Azərbaycan aşıqlarının 2008-ci ilin avqustunda keçirilən V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin idarə heyətinin üzvü seçilib. Və elə o vaxtdan bu günədək Birliyin təşkilatçılığı ilə keçirilən elə bir tədbir olmayıb ki, aşıq Mahmudun dəyərli məsləhətlərindən yararlanmayaq. Həmişə bənzərsiz ifası və qiymətli tövsiyələri ilə tədbirlərimizi daha da rövnəqləndirib.
Aşıq Mahmud sözün hər mənasında ustaddır: aşıq kimi də, ağsaqqal, eloğlu, dost, valideyn kimi də ondan öyrəniləsi çox şey var. Hər dəfə onu görəndə ilk yadıma düşən ustadlar ustadı Aşıq Əlsgərin bu gün bir növ aşıqların əxlaq kodeksi kimi səslənən və zaman-zaman aktuallığını itirməyən "Gərəkdi" şeiri olur. Aşıq Mahmud həm sənət yükündə, həm də "mərifət elmində" dolu olan "pür kamallı" sənətkardır. Aşıq Ələsgərin arzuladığı "xalqa həqiqətdən mətləb qandıran", "el içində pak oturub, pak duran" aşıq kimi tanınır. Haqqında həmişə ancaq xoş sözlər danışılır. Çünki danışdığı sözün qiymətini bilir, "kəlməsindən ləl-kövhər" süzülür. Elə ona görə də mələklər əməlini dəftərə yazır.
Aşıq Mahmud sazımızı yaşadan, keçdiyi həyat və yaradıcılıq yolu bu gün sənətə gəlmək istəyən cavanlara örnək olan, gənclik təravətini, səliqə-səhmanını qoruya-qoruya püxtələşib müdrikləşən sənətkarlarımızdır. Sənətinin xiridarı olan ustad aşıqdır, təpədən dırnağa saflıq və halallıq nümunəsidir.
O, eyni zamanda bir müddət AMEA-nın Folklor İnstitutunda da çalışaraq dastanlarımızın, folklor nümunələrinin toplanıb yazıya alınmasında əlindən gələni əsirgəməyib. Bu gün də folklorşünasların böyük ümidlə üz tutduğu canlı xəzinədir, etibarlı mənbədir.
Sənətə bu fədakar xidmətləri ona xalq məhəbbəti qazandırmaqla yanaşı, dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib, Prezident təqaüdünə layiq görülüb.
Həm bir ustad aşıq, həm də bir el ağsaqqalı kimi Aşıq Mahmudun xətri hər zaman mənim üçün əzizdir. Bu gün mənim üçün böyük fəxrdir ki, onun 75 və 80 illik yubileylərinin böyük təntənə ilə qeyd olunmasında əlimdən gələni etməyə çalışmışam. "Allah qəlbə görə verir" adlı şeirlər kitabının 2012-ci ildə M.F.Axundov adına Milli Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun və respublikamızın görkəmli elm və sənət adamlarının iştirakı və mənim aparıcılığımla keçən təqdimat mərasimi isə ömrümün ən gözəl anlarından biri kimi unudlmaz bir gün oldu.
Bu il isə "Günümzün ustad aşıqları" seriyasından aşıq Mahmud Məmmədova həsr olunmuş kitabı böyük məhəbbətlə hazırladım. Arzu edirəm ki, ustad bundan sonra da sağlam və gümrah yaşasın, 90 və 100 illik yubileylərini də özüylə bərabər qeyd edək.