adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
11 May 2017 15:49
28018
ƏDƏBİYYAT
A- A+

Abbas Abdullanın qoşa yeddisi

Adalet.az yazıçı Nəriman Əbdülrəhmanlının "Abbas Abdullanın qoşa yeddisi" yazısını təqdim edir.


Elə adamlar var, hər il yaşının üstünə yaş gəldiyini bilsəm də, mənim üçün daim eyni yaşda olurlar…

Görkəmli şairimiz Abbas Abdullanı 50-dən sonra "qocalda” bilmirəm, elə rastlaşanda da əlli yaşlarından beynimə həkk olunmuş obrazı gözlərimin önündən çəkilmir…

O vaxtdan az qala 30 il ötüb, aradan çox sular axıb, amma o duyğu məni tərk eləmir ki, eləmir…

Bu gün heç ağsaqqal Abbas Abdullanın qoşa 7-si də o ilkin duyğunu yuyub-aparmaq qüdrətində deyil…

***

Şair Allahverdi Təhləlinin "Abdullanın oğluna bir neçə sual” adlı çox sevdiyim bir şeiri var:

…Eh, ağır taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya - dünyadan gedişimizlə?

Abbas Abdullasa bir şeirlərinin birində dünyaya gəlişini, kökünü-soyunu belə belə anladır:

Borçalıda

Bolnis-Kəpənəkçi kəndindən

AbdullaAğanınoğluyam

Anam: Salatınxanım Daşdəmir qızı

Dünyaya gəlməyim

1940-ın mayısı

Gəlişimdən bir ay sonra qeyb etdim atamı…

Bundan sonra mən – Kəpənəkçiyə "bir köynək yaxın” olan mahalda doğulmuş, SÖZlə yenicə ünsiyyətə girmiş, Abbas Abdullanın şeirlərini qəzet-jurnaldan oxumuş adam onun sətirlər arasından görünən obrazına nə qədər oxşadığını sezib heyrətimdən çaşmışdım. Onda ilk kitabı "Ata yurdu”ndan düz on il sonra "Ağlı-qaralı dünya” adlı poetik toplusu yenicə çapdan çxmış, ədəbi mühitin mövzularından birinə çevrilmişdi. Onda bildim ki, Abbas Abdulla BDU-nun filologiya fakültəsini bitirib, bir müddət müəllim işləyib, sonra aspiranturada oxuyub, Kiyevdə, Ukrayna EA T.Şevçenko adına Ədəbiyyat İnstitutunda təcrübə keçib, Ukrayna dilindən tərcümələr eləyir, üstəlik, Azərbaycan-Ukrayna ədəbi əlaqələri mövzusunda elmi iş yazır, bununla yanaşı, cilingərlikdən "Ulduz” jurnalının şöbə müdirliyinəcən, "Ədəbiyyat və incəsənət” qəzetində müxbirlikdən baş redaktor müavini məqamınacan yol keçib.

Bir qədər sonra Abbas Abdullanın "Üzü dan yerinə” və "Sonsuzluğa gedən karvan” adlandırdığı kitabları da işıq üzü gördü, o kitablardakı şeirləri və poemaları asanlıqla yaddaşlara yazıldı:

Nə vaxtsa ürəyim yadımdan çıxıb,

Hardasa, kiminsə yanında qalıb.

Evə qayıtmışam, gülüm, ürəksiz,

Üzümə baxmısan səssiz-səmirsiz,

Buludtək boşalıb-dolub gözlərin,

Titrək dodağına donub sözlərin:

"Beləmi əzizlər sevən-sevəni?”

Bağışla məni.

O illərdə Abbas Abdulla Moskvada, gənc şairlərin Ümumittifaq poeziya festivalında, müttəfiq respublikalarda keçirilən poeziya bayramlarında, Ukraynada düzənlənən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində iştirak edirdi, xidmətlərinə görə respublikanın "Əməkdar mədəniyyət içisi” fəxri adına layiq görülmüşdü, artıq "Ulduz jurnalının baş redaktoru idi, sanballı ədəbi nümunələrlə yanaşı, milli kimliyimizə dair yazıların çapına xüsusi diqqət verirdi…

***

80-ci illərin axırlarında Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları, bunu fonunda da əsiri olduğumuz sistemin çökməyə başlaması təkcə cəmiyyətdə yox, insanların həyatında da köklü dəyişikliklərə səbəb oldu…

Təbii ki, başdan-binadan milliyyətçi olan Abbas Abdulla da bu dəyişiklikdən öz nəsibini aldı: o, 20 Yanvar qətliamına etirazını Kommunist Partiyası sıralarından çıxmaqla bildirdi, milli hərəkata qoşuldu, üstəlik, ata yurdunda – Borçalıda baş verən çalxantılara biganə qalmadı, Dilarə Əliyeva, Şamil Qurbanov, Eyvaz Borçalı, Aydın Məmmədov, İsa İsmayılzadə, Zəlimxan Yaqub kimi ziyalılarla birgə xalqın yanında oldu.

Sonra Abbas Abdullaın qismətinə müstəqillik dövrümüzün ilk diplomatlarından biri olmaq düşdü. Hərdən deyirdi ki, görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminliylə qohumluğumuz (Yusif Vəzirin həyat yoldaşı Bilqeyis xanım Acalovlardan idi) tale oxşarlığımız var, o, Azərbaycan Demokratik Respublikasının Ukraynadakı ilk səfiri olub, mən də orada ədəbiyyat səfiri kimi tanınmışam, sonra Çəmənzəminli səfir kimi İstanbula göndərilib, mənnsə Azərbaycanı baş konsul kimi təmsil elədim.

Unudulmaz Tofiq Abdin Abbas Abdullanın diplomat və türkçü kimi fəaliyyətindən çox danışıb-yazıb. Onun İstanbuldan dönəndən sonra çap etdirdiyi "Erməni məsələsi və ya oğru elə bağırır, doğrunun bağrı yarılır” və "Ümin ağa Borçalı” adlı kitabları da elə milii davasının nəticəsiydi…

Amma mənə elə gəlir, Abbas Abdulla İstanbulda yaşadığı illərdə dogma yurdunun – Borçalının intizarını çəkir, tez-tez zümzümə eləyirdi:

Yenә bu il gedәmmәdim,
Özüm dağlara-dağlara.
Görәn gedib çatacaqmı,
Sözüm dağlara-dağlara…

Ya da iş-güc əlindən macal tapıb qələmə ala bilmədiyi əsərlərinin xiffətini çəkirdi və bunu özünə dərd eləyirdi:

Xoş gəldin, dərdim mənim,

Nə vaxt getmişdin

Heç bilməmişdim.

Hara getmişdin, ürəyimdən isti yuva

Məndənsadiq dostmu aradın?

Altı ay ötdü

Müəmmalı garanlıq görüşümüzdən

Hələ ki, ölməmişəm, sağam

Amma minalanmış torpağam, babam,

Toxunan olsa partlayacağam...

Sonralar Azərbaycan Yazıçılar Birliyində çalışan, 70 illik yubileyi ərəfəsində oxuculara görüşə "Seçilmiş əsərləri”lə gələn, Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında ədəbiyyatımızı təmsil eləyən Abbas Abdulla daim ədəbi mühitin içində oldu...

***

Abbas Abdullanın Azərbaycan-Ukrayna ədəbi əlaqələri sahəsində göstərdiyi xidmət danılmazdı…

Oxucuların bütöv bir nəsli Ukrayna ədəbiyyatının klassikləri Taras Şevçenko, Lesya Ukrainka, Mikita Şapoval və İvan Kotlyarevskinin, eləcə də sovet dövrünün görkəmli şairləri Maksim Rılski, Vyaçeslav Leqkobit və İvan Draçın yaradıcılığını onun ustalıqla elədiyi tərcümələr sayəsində tanıyıb. Abbas Abdullanın tərcüməsində Ukraynanın Kobzarı həddən artıq doğma gəlir:

Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var!
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar!

Üstəlik, Abbas Abdulla 1978-1979-cu illərdə Ukrayna şairlərinin şeirlərindən və poemalarından ibarət seçmələri toplu halında çap etdirib. Onun 1982-ci ildə çapdan çıxmış "Azərbaycan-Ukrayna ədəbi əlaqələri” monoqrafiyasını da nəzərə alsaq, görülmüş işin miqyasını aydın təsəvvür eləmək olar. Bu xidmətlərinə görə 1984-cü ildə Ukraynanın M.Rılski adına Dövlət Mükafatına layiq görülməsi heç də təsadüf deyil...

Şübhəsiz, bundan sonra da Ukrayna ədəbiyyatından tərcümələrlə rastlaşacağıq, təəssüf ki, hələ o tərcümələrin böyük əksəriyyəti rus dilindən ediləcək, Abbas Abdullanın adısa tərcümə sənəti tariximizdə mütləq öz layiqli yerini tutacaq...

***

Abbas Abdullanın "Öyün, vətənim!" adlı ilk şeiri düz 60 il əvvəl 1957-ci ildə Tiflisdə, "Şərqin şəfəqi" (Tiflis) qəzetində çap edilib.

Onda cəmi 17 yaşı vardı...

İndisə bu yaş göstəricisi qoşa yeddidən ibarətdi...

Bu illər ərzində kitablarını və tərcümələrini çap etdirməklə, vəzifə və vətəndaşlıq borclarını yerinə yetirə-yetirə ömrün və həyatın həqiqətinə varıb...

Elə ömür deyilən də budu...

Nəriman ƏBDÜLRƏHMANLI,

11 may 2017