adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 May 2017 00:31
3831
GÜNDƏM
A- A+

Əbədiyaşar komandana əbədi ehtiram

Dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin və millətinin taleyində mühüm rol oynayıblar, xalqlarının xilaskarları olublar. Müstəqil və müasir Azərbaycanın memarı, qurucusu olan ümummilli liderimiz Heydər Əliyev də tarixdə dərin iz qoymuş belə dahi insanlardan biridir. Ulu öndər Azərbaycan xalqının tarixinə Azərbaycan dövlətinin qurucusu və banisi kimi daxil olmuşdur.
XX yüzillikdə xalqımızın böyük və nəhəng tarixi şəxsiyyətlərdən biri ümummilli liderimiz Heydər Əliyevdir. Xalqın yaddaşına əbədi həkk olunmuş qətiyyət və iradə sahibi olmuş ulu öndərimiz ən mürəkkəb və ən çətin vəziyyətlərdən əsl düzgün yolu tapmığı bacarırdı. Onu uca zirvələrə qaldıran, lider səviyyəsinə yüksəldən ən yüksək və ali keyfiyyətlərdən birincisi doğma xalqına bağlılığı və inamı idi. Xalq da öz liderinə sadiq idi, ona inanırdı, onu özünə mayak sanırdı. Bənzərsiz şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümümmilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.
Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ümummilli liderimiz Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Güclü, qüdrətli və yenilməz bir dövlət qurdu, tarixin səhifələrində heç vaxt pozulmayan dərin izlər qoydu.
Ötən əsrin yetmişinci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin yüksək təşəbbüskarlığı, müdrik siyasəti, səy və bacarığı sayəsində ölkəmiz sözün həqiqi mənasında, intibah dövrünü yaşamışdır. Həmin illər Azərbaycanın yüksəliş dövrü idi. Bu o vaxtlar idi ki, Azərbaycan Respublikası keçmiş Sovetlər Birliyinin tərkibində birbaşa Moskvadan idarə olunurdu. Lakin Heydər Əliyev ölkəmizin çiçəklənməsi və inkişafı naminə böyük çətinliklərlə də olsa, mərkəzin diqqətini, qayğısını ölkəmizə yönəldə bilmişdi. Bu gün adi hal kimi qiymətləndirdiyimiz hər bir addımı o illərdə atmaq sarsılmaz iradə, qətiyyət və cəsarət, hər şeydən öncə isə böyük risk tələb edirdi. Böyük tarixi şəxsiyyət kimi ümummilli liderimiz Heydər Əliyev bunu çox yaxşı bacarmışdı.
Keçmiş ittifaq süquta uğradıqdan sonra Azərbaycan Respublikası da öz dövlət müstəqilliyini bərpa etdi. Həmin günlərdə ölkəmiz Ermənistanla müharibə vəziyyətində idi. Həmişə bərəkətli torpaqlarımızda gözü olan ermənilər yaranmış şəraitdən yararlanaraq öz havadarlarının köməkliyi ilə ölkəmizin iyirmi faiz ərazisini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər. Bundan istifadə edən erməni qəsbkarları isə öz məkirli niyyətlərini həyata keçirdilər.
1993-cü ilin iyununda ölkədə vəziyyət çox gərgin xarakter aldı. Yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Zaman və vəziyyətin ağır durumu, həyatın özü tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan bir şəxsiyyət hakimiyyətə gəlsin. Bu, həmin dövr idi ki, ölkədə hərc-mərclik, hakimiyyətsizlik hökm sürürdü. Məhz ölkəmiz, Vətənimiz üçün belə çətin və keşməkeşli bir zamanda milyonların dəvəti və təkidi ilə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Bununla da Azərbaycan dövləti və dövlətçiliyimiz təhlükədən qurtuldu. Ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə və qətiyyət nümayiş etdirən ümummilli liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu öndərimiz hakimiyyətə qayadan kimi gərgin və səmərəli islahatlara başladı. Uğurla həyata keçirilən bu islahatlar sayəsində qısa müddət ərzində ölkəmizin həyatının bütün sahələrində dönüş yarandı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləvi xarakter almış cinayət hallarının qarşısının alınmasına və həmçinin ən başlıcası ordu quruculuğu istiqamətində çox inamlı addımlar atılmağa başlandı.
Bu gün tam inamla demək olar ki, muasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyevdir. Məhz onun yaratdığı siyasi, iqtisadi, mədəni ölkəmiz 21-ci əsrə böyük uğurla qədəm qoyub və bu gun də öz milli dövlətçiliyini inkişaf etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq. Ulu öndərin dövlət quruculuğu, ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, ideologiyamızın inkişafı və formalaşması, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi bu gün elm ocaqlarında dərindən öyrənilir və təbliğ olunur. Ümummilli liderimiz Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnək və nümunə məktəbidir.
Tariximizin ən çətin və keşməkeşli dönəmlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndərimiz Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaqdır. Xalq öz liderini təkcə doğum günlərində deyil, adi vaxtlarda da həmişə ehtiramla yad edəcəkdir. Xalqımızın Əbədiyaşar Ali Baş Komandana ehtiramı da əbədi olacaqdır.

Amid Verdiyev
Füzuli Hərbi Prokurorluğunun
böyük müstəntiqi, ədliyyə kapitanı