adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 May 2017 00:28
17266
LAYİHƏ
A- A+

Aşıq Abbas

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan ədəbiyyatının şifahi xalq yaradıcılıq qolu məclislərdə el sənətkarları, aşıqları tərəfindən söylənmiş, dillərdən-dillərə, ağızdan-ağızlara yayılaraq bizə qədər gəlib çatmışdır. Belə bacarıq qabiliyyəti, mütaliəsi, yaddaşı qüvvəti olan kamil el sənətkarları hər eldə, obada və mahalda vardır. Onlar uşaqlıqdan bu sənətə, mühitə uyğun yetişmiş və fəaliyyət göstərməyə başlamışdılar. Tanınmış, adları dillər əzbəri olan el sənətkarlarımızdan biri də aşıq Alı oğlu Aşıq Abbas olmuşdur.
Aşıq Abbasın ata babası XVII-XVIII əsrlərdə Diyarbəkir vilayətindən köçüb gəlmiş tayfalardan olmuşdular. Onların əsas məşğuliyyəti isə əkinçilik, heyvandarlıq və misgərlik sənəti olmuş, onlara "misçilər" də demişdilər.
Aşıq Abbas Zəngəzur mahalının Suvad kəndində (Laçın rayonunun Arduşlu kəndinin 4-5 kilometrliyində yerləşirdi) anadan olmuşdur.
Aşıq Alı ocağından, el sənətkarlıq məktəbindən su içmiş, qidalanmış şagirdlərindən biri də onun oğlu, Aşıq Abbas və onun kiçik oğlu aşıq İsmayıl da bəhrələnmişdilər. Atası aşıq Alıdan saz çalmasının dərin sirlərini öyrənmişdir. Onun şirin qoşmaları, gəraylı və təcnislərini öyrənmiş, el məclislərində, toylarda saz və söz məclislərində yaşatması və təbliğ etməsi barədə söhbətimizi davam etdirmək fikrindəyəm.
Öncə onu xatırlatmaq istəyirəm ki, Aşıq Abbasın yaradıcılığının və onun başına gələn əhvalatların, hadisələrin sapa düzülməsində mənə kömək edən, dünyasını dəyişənlərə Allah-təaladan rəhmət, qalanlara, yaşayanlara isə can sağlığı arzulayıram. Bu xeyirxah işlərdə Aşıq Abbasın nəvəsi, Cənnət babanın 85 yaşı olanda, Laçın rayonunun Arduşlu kəndində yaşayan vaxtlarda, sağlığında etdiyi söhbətlərində yaxından iştirak etmişdim. O, kənd rabitə şöbəsində işləyirdi. Arduşlu kənd orta məktəbinin müəllimi Rəfael Cabbarov, Aşıq Abbasın nəvəsi Şura qardaşın, həvəskar folklor bilicisi, şair Bəxtiyar müəllimin maraqlı söz-söhbətlərindən istifadə etdim. Aşıq Abbasın şeirləri, lətifələri, baməzə dodaqqaçdı, el sənət nümunələri haqqında söhbət açmaq çox maraqlıdır.
Laçın rayonunun Suvad kəndində on-on beş ailə yaşadığı üçün sonralar kolxoz təşkil olunanda orada yaşayan sakinlər köçərək Arduşlu kəndində yaşamalı olmuşdular. Xarabalığa çevrilən yaşayış məntəqəsinin uçub dağılmış bünövrəsi, hörgü daşları qədim tarixin sirlərini özündə yaşadırdı.
Gənc yaşlarında Aşıq Abbas çox hazırcavab olmuşdur. Ara-sıra şeirlər də qoşarmış, onunla bağlı çoxlu lətifələr yaranmışdır. Onlardan bir neçəsini oxuculara ərməğan etmək istədim:
Günlərin bir günü Aşıq Abbas sazı çiyninə salıb qonşu kəndə toya gedirmiş. Yolda rastlaşdığı kənd mollası ondan soruşur:
- Aşıq Abbas, xeyir ola, hara belə?
- Molla əmi, xeyirdi ki, mən gedirəm, şər olsaydı yəqin ki, sən gedərdin.
Molla onun hazırcavablığı qarşısında ta bir söz demir, yoluna davam edir.
Aşıq Abbas dövrünə görə tanınmış, məşhur bəy olmuş, Paşa bəy ilə möhkəm dostluq əlaqələri olmuşdur. Baməzə, çox hazırcavab adam, yaxşı sənətkar olduğu üçün bəy məclislərinə dəvət edərmişlər.

Bu dünyanın ötüb getməz əngəli,
Acıqlansa yolar cəli-cəngəli,
Əzrayılın ölüm vaxtı çəngəli,
Əlbət bilin, pis arvaddan yaxşıdı.

Tez-tez olar əri ilə davalı,
Yuxuda boynuna olsun babalı,
Əzrayılın ölüm vaxtı savabı,
Əlbət bilin, pis arvaddan yaxşıdı.

Ay Abbas, min lənət de, ocağına,
Bağla bu qancığı boş bucağına,
Bir top qaratikən al qucağına,
Əlbət bil ki, Ələmdən yaxşıdı.
Aşıq Abbasın həyat yoldaşının adı Ələm olmuşdur.

***
Şuşanın qubernatoru Xosrov bəy xəbər göndərir ki, Sultan bəy qonağım olacaq, bəs on baş seçmə erkək qoyun göndər. Sultan bəy davarları seçdirib hazırlayır. Fikirləşir ki, bəs bu əmanəti kim ilə yollayım. Bu vaxt Aşıq Abbas peyda olur. Sultan bəy soruşur:
- Aşıq Abbas, birdən yolun Qarabağa tərəf düşər?
- Bəy sağ olsun, sən hardan bildin mən yol üstəyəm? - deyə cavab verir.
Sultan bəy Aşıq Abbasa on baş qoyun verir ki, apar Qalada (Şuşada) ver filan qəssaba. Bir məktub da yazıb göndərir. Aşıq Abbas qoyunun birini evdə (öz evində) qoyur, doqquzunu aparır. Qəssab məktubu oxuyub deyir ki, qoyunun biri yoxdur. Abbas deyir ki, düzdür. Qəssab deyir, səhvdir. Aşıq Abbas deyir, düzdür. Axırda naəlac qalan qəssab on nökər çağırır ki, hərəsi bir qoyun tutsun, görək onuna da qoyun çatacaqmı? Doqquzu tutur, biri əliboş qalır. Qəssab qayıdır ki:
- Aşıq Abbas, on nəfərin birinə qoyun çatmadı.
Aşıq Abbas gülə-gülə:
- Mənə nə veriblər onu da gətirmişəm, fərasətsiz oğulun əli həmişə boşda qalar. Fərasəti var idi, o da birini tutardı.

***
Bir gün Ələm əri Aşıq Abbasa deyir ki, ay kişi, nə olar, bir dəfə də məni təriflə. Aşıq Abbas deyir:
- Yaxşı olar, dur sazı ordan gətir mənə.
Arvad durub sazı gətirib verir Aşıq Abbasa. Aşıq Abbas sazı sinəsinə basır deyir:
Arvadlar içində arvadım itdi,
Dırnağı sirkəli, başı da bitdi,
Gedərsən, gələrsən, qapı kilidli,
Peşəm qapılardan çağırmaq olub.

Gecədən-günortaya axşama yatar,
Dinsə qonşuları bir-birə qatar,
Əlinə düşəni ərinə atar,
İstəyir daş olsun, istəyir kösov.

Aşığın arvadı bu tərifə etiraz edir, ərinə deyir ki, düzgün söz danış, yaxşı söz de, xoşuma gəlsin. Aşıq Abbas deyir, onda qulaq as:

Doludan ağdı gözləri,
Kömürdən qara üzləri,
Bunun hər şirin sözləri,
Acı soğandan betərdi.

Ələm Aşıq Abbasdan küsüb, acıb eləyib atası evinə gedir.
Aşıq Abbasın ailəsi böyük olubdu. Ağır külfətini aşıqlıqla dolandırırmış. Bu tərəfdən də küsülü getməsi aşığı məyus edir. Əl-ayağa düşür, ağsaqqallardan xahiş edir ki, amanın günüdü, Ələmi yola gətirin, evə qayıtsın, söz verirəm, ona olmayan tərif, gözəl şeirlər yazaram.

***
Bir gün Aşıq Abbas molladan soruşur:
- Molla əmi, orucluqda oruc tutmasan, nə olar?
- Xeyir, bala. Küfr danışma, adamın başına göydən od yağar!
- Mən tutmadım, bəs niyə yağmadı? - deyə Abbas gülür.

(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Laçın rayonu

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ