adalet.az header logo
  • Bakı 13°C
10 May 2017 15:14
66720
TEXNOLOGİYA
A- A+

İnternet mediasında etik normalara necə əməl olunur?

"Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanın internet mediasında etik normaların qorunmasına dair monitorinqin aparılması” layihəsinin icrasına start verir. Bu barədə məlumat verən layihənin rəhbəri Ruslan Xəlil bildirib ki, məqsəd İnternet mediasında etik normalara əməl edilməsini aşılamaqdır: "İnternet mediada şərəf və ləyaqətin alçaldılması, böhtan və təhqir hallarına yol verilməsi, həmçinin milli, mənəvi dəyərlərə hörmət edilməməsi hallarına tez-tez rast gəlinir. Hazırda ölkədə yüzlərlə informasiya saytları, portallar var ki, internet resursu kimi fəaliyyət göstərir. Ölkə əhalisinin böyük əksəriyyətinin İnternetə çıxışının olmasını nəzərə alsaq, elektron medianın ictimai fikirin formalaşmasında önəmli rol oynadığını söyləyə bilərik. Etik normaları pozan saytların rəhbərlərinə aidiyyəti qurumlar tərəfindən müvafiq xəbərdarlıqlar edilsə də, onlar öz fəaliyyətlərini davam etdirirlər və hətta əməllərində cinayət xarakteri olan hallara yol verirlər. Bunun nəticəsidir ki, ictimaiyyətə özlərini jurnalist, redaktor kimi təqdim edən şəxslərin barələrində son vaxtlar cinayət işlərinin açılması halları artıb. Problemi tam həll olunmuş hesab etmək olmaz. Hazırda xeyli sayda sayt var ki, özünü ictimaiyyətə ciddi media qurumu kimi təqdim edir və fəaliyyətlərində "reket”liyə yol verərək ayrı-ayrı şəxsləri, sahibkarları, dövlət qurumlarının nümayəndələrini şantaj edir, şərəf və ləyaqətlərini alçaldır, təhqir və böhtana məruz qoyurlar. Həmçinin bu cür saytlarda insanların şəxsi həyatına müdaxilə, dini, etnik, cinsi və s. xüsusiyyətlərini alçaldan yazılara rast gəlinir”. R.Xəlil bildirib ki, layihə çərçivəsində elektron mətbuatda monitorinqlər keçiriləcək, aşkar edilən neqativ faktlarla bağlı bağlı təhlillər aparılacaq, müzakirələr vasitəsilə problem ictimailəşdiriləcək: "Layihənin sonuncu mərhələsində aparılan monitorinqin nəticəsi olaraq və layihənin yekunlaşması ilə bağlı ictimai müzakirə keçiriləcəkdir. İctimai müzakirədə jurnalistlər, ekspertlər, media rəhbərləri və s. iştirak edəcəklər. Monitorinqin nəticələrinə uyğun olaraq müzakirənin mövzusu müəyyənləşəcəkdir. Layihə rəhbəri müzakirədə monitorinqin nəticələrinə uyğun olaraq xüsusi məruzə ilə çıxış edəcəkdir. Bu tədbirdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin iştirakı təmin olunacaq ki, bu da ictimai məlumatlandırmanın təmin olunmasında mühüm rol oynayacaq. Yekunda isə təkliflər hazırlanacaq və mətbu orqanlarda nəşr olunacaq”.