adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

On səkkiz qızın mesajı

SAMİRƏ ƏŞRƏF
56535 | 2013-03-02 10:40
Məktəbli vaxtlarımda ən zəhləm gedən söhbətlərdən biri də gözlərimin rəngi idi. Sinif yoldaşlarımdan tutmuş, qonşularımıza qədər nə qədər tanış-biliş vardısa, hamısı məni göygöz çağırırdı. O vaxtlar arzu edirdim ki, kaş elə bir dövr gəlib çataydı ki, mən gözlərimin rəngini dəyişib başqa rəngdə edə biləydim. Vaxt gəldi çatdı, böyüdüm. Nəinki göz rənglərini, sifətinin, bədənin rənglərini də dəyişib, ətini, yağını kəsdirib tanınmaz formalara salmaq da mümkün oldu. Amma o zaman da mən gözlərimin rəngini dəyişmək istəmədim. Böyümüşdüm...
Böyüdüyüm zaman ərəfəsində təbabət də, texnologiya da sürətlə inkişaf etdi. Bir dəfə rəhmətlik atam evə təzə səsyazma cihazı alıb gətirmişdi. Təəccübdən bir-iki gecə yata bilməmişdim ki, necə ola bilər adam danışanda, anındaca  səsini balaca bir cihazdan eşidə.
Daha sonralar bəşəriyyətin ən böyük nailiyyətlərindən  biri bilgisayar və internet də meydana çıxdı. Yeniliklər o qədər sürətlə baş verirdi ki, sadə insanlara yalnız o yeniliklərin bəhrəsini dadmaq qalırdı. Ancaq özümü tanıyandan bu günə qədər nə qədər yeni cihazlar peyda olurdusa, olsun, mənim texnikaya olan inamım heç vaxt möhkəmlənmədi. Əlimin altında olan fotoaparata, kameraya, telefona, bilgisayara həmişə "birdən baş tutmaz" qorxusu ilə yanaşdım. Xüsusilə, bilgisayar məsələsində bir neçə dəfə bu faktın təsdiqliyini görmüşdüm. Neçə dəfə yazılarım silinmiş, fayllarım açılmamış, göndərdiyim məktublar ünvanına çatmamışdı.
Arxada qoyduğumuz həftənin əvvəlində bu uğursuzluqlardan daha birini yaşadım. Əlimdəki yazını təzəcə yazıb bitirmişdim, bir də baxdım ki, yazı yaddaşa vurulmur. Yarım saat əlləşəndən sonra axır ki, yazını yaddaşa vura bildim. Yazım salamat qurtulmuşdu. Lakin indi də bilgisayar özünü tanımaqdan imtina edirdi. Oxu güc-bəla ilə hansı faylın üstünə sürüşdürürdümsə, "çto takoe" sözü peyda olurdu. Uzun sözün qısası belə məlum oldu ki, bilgisayarımın yaddaşı pozulub, özünü tanımır. Yaxşı ki, evimdə texnologiyanın "şah əsəri" olan robot-filan yox idi. Allah eləməmiş, yaddaşı pozulsaydı, məni paltar bilib paltaryuyan maşının içərisinə basardı. Nə isə bir yarım saat da zəhmət çəkəndən sonra yazını fleşə yükləyib bilgisayarı söndürdüm.  Lakin yazını göndərməliydim.
Ertəsi gün getdim yaxın rəfiqələrimdən birinin yanına ki, yazını onun bilgisayarından yollayım, ancaq bu da baş tutmadı. Belə olan halda üz tutdum Azərbaycanda yalnız güclü cinsin nümayəndələrinin girib-çıxdıqları internet klublardan birinə.
Səhər saat doqquzda internet klubun qapısında beş-altı oğlanın həyəcanla var-gəl elədiklərini gördüm. Klubun yiyəsi hələ gəlib çıxmamışdı.
Ümumiyyətlə bizim ölkədə, eləcə də bir çox müsəlman ölkələrində çox maraqlı bir vəziyyət var. İctimai yerlərdə kişilər olan məkandan azı iki yüz metr məsafədən heç bir qadının keçmək ixtiyarı yoxdur. Bu qadağanı ona sözsüz ki, elə güclü cinsin nümayəndələri qoyub.  
Bizim evin yaxınlığında poçt və xəstəxana var, onun da düz qarşısında bir neçə çayxana yerləşir. Həmin çayxananın qarşısından heç bir qızın, gəlinin cürəti çatmaz ki, keçib poçta, ya da xəstəxanaya getsin. Evdə qaynar yağın da daşsa, mütləq çayxananın başına fırlanıb, yarım saat yol qət edib, sonra oralara gedib çata bilərsən. Bir dəfə yayda gördüm ki, bir neçə xanım həmin çayxananın qarşısından keçib gedir. Açığı xeyli təəccüblənsəm də, sevindim. Sonra öyrəndim ki, arxa tərəfdəki yol təmirə bağlandığından, əziz zənən xeylağlarımız bu yolla getməyə məcbur olublar. Və sözsüz ki, bu məcburiyyəti kişilər də bildiklərindən başlarını aşağı salıb çaylarını içib, dominolarını oynayırdılar. Bu baxımdan mənim də yalnız cavan igidlərin bərqərar olduqları internet kluba gəlməyim, görülməmiş, bilinməmiş bir hadisə idi. Lakin mən özümü tox tutmuşdum. Bütün ciddiyyətimi, rəsmiyyətimi işə salıb, klubun açılmasını gözləyirdim. Az keçmədi ki, on dörd yaşlarında bir oğlan gəlib klubun qapısını açdı. Bayaqdan bəri bayırda dayanan oğlanlar qapı açılan kimi içəri doluşub kabinələrdə əyləşdilər. Klubun qapısını açan oğlana yaxınlaşıb internetlə yazı göndərəcəyimi bildirdim. Çox izzətlə məni yuxarı başa keçirdib, öz yerini təklif etdi. Bayaqdan heyrətli gözlərlə mənə baxan yeniyetmələr yazı sözünün eşidib, nisbətən sakitləşdilər.
Əlqərəz yuxarı başa keçib işimi görməyə başladım. Bu arada, iki məktəb yaşlarında olan, özlərini  Polad Ələmdara, Mematiyə bənzədən qara paltarlı oğlanlar ikisi də birdən mənim yaxınlığımdakı kabinələrdən birinə keçib mavi pərdəni çəkdilər. Pərdənin arxasından onların kobud danışıqları eşidilirdi. Oğlanlardan hansınasa, on səkkiz qızdan mesaj gəlmişdi. Oğlan ürəyiyanmış bu mesajların hamısını bir-bir hündürdən oxumağa başladı. Klub idarəçisi üz-gözündən saf, tərbiyə görmüş uşağa oxşayırdı. Hələ "xərclənməmişdi"... O, pərdə arxasına keçib onlara sakit olmalarını tapşırdı.
Bir az keçmişdi ki, içəri qoltuğunda dini kitablar olan otuz, otuz beş yaşlarında saqqallı bir dindar daxil oldu. Məlum oldu ki, o, da səhərin alaqaranlığında hansısa dini saytlardan birinə girmək üçün bu məkana üz tutub. O, da kabinələrdən birinə əyləşdi. Bu vaxtı gözüm elə molla əyləşən kabinənin yuxarısındakı yazıya sataşdı. "Pornoqrafiq saytlara daxil olmaq qadağandır". Daha bir yazı isə beləydi "nisyə internet qadağandır, hətta sənə belə". Bu ölkənin həmişə sevgi və pul problemi olub və olmağa da davam edir. Sonra baxdım ki, insafən bu yazılardan o biri kabinələrin üstündə də var.
Yanımdakı oğlanların eybəcər gülüşü məni işimi tez bitirməyə məcbur edirdi. Öz-özlüyümdə fikirləşirdim ki, bu məktəblilərin ailələri, müəllimləri hara baxır?! Ömrünün gününü belə yerlərdə başa vuran bu yeniyetmələrlə hansı gələcəkdən danışmaq olar?!
Oğlumun bir yaşı olanda, möhkəm xəstələnmişdi. Yeni il bayramı ərəfəsiydi. Həkim oğlumu müayinə edəndən sonra bir neçə gün xəstəxanada yatmalı olduğumu bildirmişdi. Xəstəxanada qaldığım günün  ilk gecəsi oğlum səhərə qədər yatmadı. Elə hey ağlayıb, başını sinəmə döyəcləyirdi. Mənimlə bir palatanı bölüşən altı qadının hamısının uşaqları yatmışdılar, özləri isə oğlumun səsindən yata bilməyib deyinirdilər. Bütün gecəni ayaq üstə keçirdim. Ertəsi gün həkim gəlib palataya girəndə, qadınlar bir ağızdan mənim palatadan çıxarılmağımı tələb etdilər. Yuxusuzluq, əsəb öz sözünü dedi, boğuq hıçqırıqlarla, qadınları acılayıb bayıra çıxdım. Həkim isə otaqda qaldı. Çox savadlı, intellektual bir insan idi. Universiteti Moskvada bitirib, xeyli müddət orda yaşamışdı. Aradan bir az keçdi. Həkim palatadan çıxıb mənə yanaşıb qadınlarla danışdığını, mənim heç bir palataya keçməyəcəyimi bildirdi. Və birdə mənə heç vaxt yadımdan çıxartmayacağım bu sözləri dedi: "Analıq, təkcə dünyaya uşaq gətirməkdən ibarət deyil". Sonralar uşaqlarımla bağlı yaranan hər narahatçılıqda həmin sözləri xatırladım.
Klubda olanda da həkimin sözləri yadıma düşdü. Axı nəyə görə evindən övladının məktəbə yox, internet klubuna getdiyini bilən valideyn öz vəzifəsini unudur. Axı analıq, atalıq dünyaya ancaq uşaq gətirməkdən ibarət deyil. Nə vaxtsa, bu kimi yerlərdə veyillənən yeniyetmələr bu cəmiyyətin atası, dayısı, əmisi olacaqlar. Həmin valideynlər kriminal verilişlərə baxıb orda baş verən vəhşilikləri, cinayətləri ətrafları ilə götür-qoy etməkdənsə, yaxşı olmazdımı ki, öz övladlarının təhsili, tərbiyəsi ilə maraqlanalar. Axı bu cür zərərli məşğuliyyətlər sabah onların hər birini cinayətkara, narkomana, əxlaqsıza çevirəcək. Və onlardan cəmiyyətə dəyən zərbələr heç birimizdən yan keçməyəcək. Bütün bu zərbələrin yetişməsinə münbit şərait yaradanlar isə vicdanları qarşısında həmişə üzüqara, gözü kölgəli olacaqlar!
Samirə Əşrəf

TƏQVİM / ARXİV