adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
10 May 2017 14:27
77245
MÜSAHİBƏ
A- A+

Qüdrət Həsənquliyev: “Naxçıvan bizim azsaylı regionlardan biridir ki...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Adalet.az-a müsahibə verib. O, müsahibəsində 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən, rəhbəri olduğu partiyanın xarici əlaqələrindən danışıb.

- Qüdrət bəy, Azərbaycanda Kadr Bankının yaradılması təklif olunur. Belə bir bankın yaradılması nə dərəcədə məqsədəuyğun olar?

- Hesab edirəm ki, Kadr Bankının yaradılması yönündə qəbul ediləcək qərar çox yüksək, mütərəqqi bir qərar olar. Amma bizdə bilirsiniz ki, Kadr bankı dövlət qulluğu üçün imtahan verməlidir və sertifikat almalıdır və hər beş ildən bir də o sertifikatı dəyişməlidir. O insanların da bir siyahısı olmalıdır və onlar da vakansiya yerlərinə o siyahı üzrə cəlb olunmalıdır. Söhbət tək dövlət qulluğuna savadlı adamların cəlb olunmasından getmir. Biz faktiki surətdə bazar iqtisadiyyatına keçmiş bir ölkəyik. Azad bazar iqtisadiyyatının və sahibkarların savadlı kadrlara ehtiyacı var. Məsələn, savadlı bankirlərə, menecerlərə, mühəndislərə ehtiyaclar var ki, onlar gedib ayrı-ayrı şirkətlərdə, zavodlarda, fabriklərdə çalışsınlar. Bu gün Azərbaycanda savadlı aqronom var. Ancaq kənd təsərrüfatının digər sahələri üzrə savadlı kadrlar yoxdur. Kənd təsərrüfatının timsalında digər sahələri də göstərə bilərik ki, eyni vəziyyət yaşanır. Məsələ burasındadır ki, bizim bu sahələrdə də savadlı mütəxəssislərə ehtiyacımız var. Kadr bankını təşkil ediləcəksə də gərək bu bütün ölkə miqyasında təşkil edilsin.

- Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına tamhüquqlu üzv oldunuz. Bu üzvlülük sizin partiyaya nə verdi?

- Bizim əməkdaşlıq yüksək səviyyədədi. Məqsədimiz odur ki, Avropa Şurasında, NATO Parlament Assambleyasında ölkəmiz haqqında yaxşı fikirlər formalaşdıraq, Azərbaycanı siyasi dairələrdə lazımınca təmsil edək. Mən özüm təşkilatın iki toplantısında iştirak etmişəm. Tədbir iştirakçılarına ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi siyasət barəsində ətraflı məlumat vermişəm. Bizə qədər düşmən ölkənin Çiçəklənən Ermənistan Partiyası bu alyansın üzvü olub. Bu zamana kimi təkbaşına danışıblar. Onlara cavab verən olmayıb. Amma indi Alyansda vəziyyət fərqlidir. Onlar görəndə ki, biz iştirak edirik, cavab verə bilmirlər. Alyansın iki iclasında Dağlıq Qarabağla bağlı çıxış etmişəm. Ermənilər yerdən atmaca atmaqdan başqa deyə biləcəkləri bir şey olmayıb. Bu arada onu da qeyd edim ki, Alyans rəhbərliyi iki dəfə Azərbaycanda olublar. Müəyyən görüşlər keçirilib. Bu yaxınlarda onlar yenə bizə müraciət ediblər. Bakıya gəlmək istədiklərini və burda bir sıra görüşlər keçirmək niyyətlərinin olduğunu bildiriblər. Hazırda bu istiqamətdə iş aparılır. Əgər hər hansı razılıq olsa Alyansın yüksək rütbəli nümayəndələri Bakıya səfər edəcəklər.

- Bir ara dollar qıtlığı zamanı üzvlük haqqının ödənilməsində problem yaranmışdı. Hazırda vəziyyət necədir?

- Bəli, çox təəssüf ki, axırıncı biz üzvlük haqqını Titranadakı konfransda nağd şəkildə ödədik.

- 2018-ci ildə prezident seçkilərinin keçirilməsi gözlənilir. Siz həmin seçkilərdə iştirak edəcəksinizmi?

-Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası yaranan gündən fikrimiz bundan ibarət olub ki, partiya hər bir halda seçkilərdə iştirak etməlidir. Amma bu seçkidə iştirak etmək o demək deyil ki, sən öz namizədinlə iştirak etməlisən. Prezident seçkilərində bu məsələ yaranmış durumdan asılı olacaq. Biz indiyə kimi üç dəfə prezident seçkilərində öz namizədimizlə iştirak etmişik və hər dəfə də çatışmışıq ki, bizə yaxın partiyalarla danışıqlar aparaq. Hansı partiyalarla ki, bir araya gələcəyik, onlarla danışaq və vahid namizədlə çıxış edək. Çox təəssüf ki, bu istiqamətdə geniş koalisiyanın yaradılması mümkün olmayıb. Üç-dörd bizim müdafiə edən partiya olub. Biz hər zaman güzəştə getməyi bacarırıq. Söhbət ondan getmir ki, kimlərsə bizi müdafiə etsin. İndi siyasi partiyalar arasında qəribə ab-hava hökm sürür. Partiyalar görəndə ki, iqtidarın namizədinə qalib gəlmək mümkün deyil, koalisiya yaratmaqda maraqlı olmurlar. Nəticə isə onu göstərir ki, seçkilərdə vahid namizədlə çıxış edəndə qalib gəlmək şansları daha çoxdur. Seçkiyə qtılan siyasi partiyalar isə görəndə ki, iqtidar nümayəndəsi güclüdür və qalib gələcək, o zaman, fərdi qaydada seçkiyə qatılmağa üstünlük verirlər. Bunlar geridə qalmış seçki təcrübələridir. Qarşıdan gələn seçkilərə isə ir ildən artıq vaxt qalıb, bu istiqamətdə siyasi partiyalarla danışıqlar aparacağıq.

- Son seçkilərdə Ədalət, Böyük Quruluş Partiyaları ilə əməkdaşlıqla bağlı müəyyən razılaşma olmuşdu. Son parlament seçkilərində isə Ədalət Partiyası seçki marafonundan kənarda qaldı. Maraqlıdır, hazırkı situasiyada bu 3 partiyanın əməkdaşlığı mümkündürmü?

- Hələlik bu istiqamətdə heç bir danışıq olmayıb. Biz təşəbbüs göstərəcəyik.

- Sonuncu dəfə Maltada nə vaxt olmusunz?

- Mən Maltada olmamışam. Baxmayaraq ki, Milli Məclisdə Azərbaycan-Malta dostluq qrupunun sədriyəm. Bu barədə söhbətlər olub ki, səfər təşkil olunsun.

- Qüdrət bəy, çox aktiv millət vəkilisiniz. Öhdənizə düşən məsələlər barəsində danışırsınız. Ancaq mətbuatda sizin seçicilərlə görüşünüz barəsində məlumata rast gəlmirik.

- Bilirsiniz ki, Naxçıvanla Azərbaycan kifayət qədər uzaq bir məsafədə yerləşir. Bizdə ancaq hava əlaqəsi var. Köməkçim daimi olaraq ordadı. Seçicilərim birbaşa köməkçim vasitəsi ilə təklif və problemlərini mənə çatdıra bilirlər. Adətən məktublarla müraciət edirlər. İmkan daxilində özüm də Naxçıvana gedirəm. Son səfərim zamanı insanlarla görüşdüm. Rayonda baş verənlərlə kifayət qədər məlumatlıyam. Əhalinin ordakı problemlərini də bilirəm. Ona görə də mütəmadi olaraq büdcə müzakirələri zamanı da mən məsələ qaldırıram ki, Naxçıvana daha çox vəsait ayrılsın. Sifarişli şəkildə yazırlar ki, Naxçıvana büdcədən çox vəsait ayrılır. Amma onlar başa düşmürlər ki, Naxçıvana böyük məbləğdə investisiya qoyulmasa Naxçıvan boşalar. İnsanlar iş dalınca başqa yerlərə üz tutarlar. Naxçıvan münbit dağlıq zonadı. Orda münbit torpaq sahələri çox azdır. Orda yalnız sənayeni inkişaf etdirməklə insanları işlə təmin etmək mümkündür.

- Ancaq Naxçıvan vətəndaşları çalışqandır...

- Əhali zəhmətkeşdi. Amma bunun yeganə yolu sənayeni inkişaf etdirməkdi. Sənayeni inkişaf etdirmək üçün də orda maşınqayırmanı inkişaf etdirmək mümkündür. Naxçıvana hər zaman böyük diqqət göstərilməlidir ki, iş adamları gedib Naxçıvana vəsait qoysunlar. Hətta mən Naxçıvandan deputat olmayanda belə bu məsələləri qaldırmışam. Səmimi deyirəm ki, Naxçıvan bizim azsaylı regionlardan biridir ki, orda büdcə vəsaitlərinə ciddi şəkildə qənaət olunur və ondan səmərəli istifadə olunur.


Ədil Ədilzadə