adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÖZÜMÜZƏ NƏ QALDI?!

VƏSİLƏ USUBOVA
37523 | 2013-03-02 10:34
Kim deyirsə, mən özümçün yaşayıram, inanmayın. O adam ya səmimi deyil, ya da özü-özünü başa düşmür. Bəla burasındadı ki, bəzən buna başqalarından çox özümüzü inandırmağa çalışırıq. Aldadırıq. Özümüzü də, bizə inananları da. Belə deyəndə bizə inananlar olurmu? Hər halda, özünü inanırmış kimi göstərənlər tapılır...g
    Hər şeyi özümüzçün edirik. Lap elə zərərimizə, qəsdimizə olanları da. Bilə-bilə qurban veririk çox şeyi. "Qurban" dediyimiz şeylərin də ünvanı elə özümüzük. "Səxavət"imizi artırdıqca, qurban tələb edənlərin sayı da artır, iştahı da...

***
Çox şeyi sevərik. Çox şeyin ziddinə gedər, qəsdinə durmağı bacararıq. Bir zərif çiçəkdən ötrü əllərimiz, dizlərimiz qanaya-qanaya şiş qayalara dırmaşarıq. Bir qəlbi şadlandırmaqçın varımızdan-yoxumuzdan keçər, bir şirin gülüşə, xoş baxışa, xəfif təmasa olanımızı verərik...
Hər şey edərik, hər şey...
Bircə şərtlə. Ürəyimiz istəməlidi bunu. O çəkib aparmalıdı vücudumuzun, dizlərimizin titrədiyi yerə. Həlim baxışın, isti rəftarın hökmran olduğu məkana. Ürəyimiz soyuyub, üzümüz dönəndə ən gur tonqalların alov nəfəsi belə əridə bilmir bizi...
Doğrudanmı, bizə qalan da elə qəlbimizin istəyiynən elədiklərimiz olur?! Deyəsən, axı, belə deyil... Axı, bütün istəklərimiz bizə xeyir gətirmir. Taleyimizin üzü dönəndə ağlı-qaralı oyunlar açır başımıza. Dünənəcən doğma bildiklərimiz bir andaca yağıya dönür. Çaşqın xəyallarımız, çarəsiz halımızla baş-başa buraxırlar bizi. Elə bil dünənəcən başımıza fırlanıb, "orbit"imizdən çıxmayan bunlar deyilmişlər. Hələ könül verdiyimiz...Yarımız bilib, yüzlərin, minlərin içindən seçdiyimiz, bütövləşmək, iki bədəndə bir can olmaq yanğısıynan qollarımızı açdığımız... Nə oldu?! Hara getdi?! O da öz qəlbinin hökmüynən etdimi bunları?! Yenədəmi heçə varan ümidlərlə, bomboş ürəklə, puç xəyallarla başa-başa qaldıq?!.
***
Nədən başlamalıydıq, necə başlamalıydıq bu ömrün ilkini? Həyat yolu deyilən, hara aparması bəlli olmayan o cığıra əvvəlcə hansı ayağımızı basmalıydıq? Sağımı, solumu?! Nədə yanıldıq, kimlər aldatdı bizi ki, başımıza gələnləri (gətirilənləri) bir türlü anlaya bilmədik?! Günahı özümüzdə axtaraq, yoxsa, ətrafımızda? Özündə axtarmaq sonuncu, həm də çarəsiz təsəllidi. Dərindən düşünməkdən çəkinəndə, başımızı salamat istəyəndə belə edirik. Səbəb ikincidirsə,... niyə "ətraf" hamını sıxmır?! Nəinki sıxmır, qol-qanad verir, qapılar açır, kürsülərə, tribunalara çıxarır. Özlərini suda balıq kimi rahat hiss eləmələri üçün dibsiz, nəhayətsiz dənizlər, okeanlar verir öhdələrinə...
Bu yazdıqlarımda zərrə qədər həsəd, qibtə hissi axtarmayın. Bədbinlik, bezginlik kimi duyğulardan çox uzağam. İnsanın onurğası qamətini necə dik, şux saxlayırsa, məni də dimdik saxlayan heç bir zaman sönməyəcək, tükənməyəcək bir duyğu var içimdə. Bəzən özüm də adını dəqiqləşdirə bilmirəm bu hissin. (Bəlkə türklər elə bu üzdən şərəfə, ləyaqətə "onur" deyirlər). Hərdən elə bilirəm, insanı bütün ağıla gələn və gəlməyən bəlalardan nə ağlı, nə də qabiliyyəti deyil, hər şeyi təbii, olduğu kimi qəbul etməsi qoruyur.
Ancaq hər şeyi təbii görməyin də bir həddi, limiti olmamış deyil...
***
Heç kəs, heç nə bizim gördüyümüz kimi deyilmiş. "Hər duyan qəlbin, əzizim, gizli bir sevdası var..." Qəlblərdə gizlənən, deyilməsi, açılması mümkün olan və olmayan hər nə varsa, hamısına yaraşdırmaq olar bu bir sətir şeiri... Yaxınlarda oxuduğum bir yazı parçası da  mənə bu şeiri xatırlatmışdı. Sən demə, bu "gizli sevda" təkcə sevda deyilmiş, insan qəlbini dolduran çox-çox, çeşid-çeşid duyğuların cəmiymiş. Ürək sahibinin nə şan-şöhrəti, nə var-dövləti, nə də mövqeyi bu duyuğuları üstələyə bilmirmiş...
"...Mən xoşbəxtliyin nə olduğunu bilməyən və onu gələcəkdə tapacağını ağlına belə gətirməyən, özündən hədsiz narazı, tamam yalqız, tənha, ailəsiz, ürəyimi aça biləcəyim dostlarsız, üstünə yeriməyə bəhanə gəzəcəyim düşmənlərsiz bir həyat yaşamaqdayam. Əslində, özüm dilsiz-ağızsız ağacların və kolların arasında yaşamağı arzulayan bir adamam. Ağaclar və kollar heç olmasa, adamın əsəblərini yerindən oynatmır, nadanlıqlarını nümayiş elətdirmirlər... Etiraf edirəm ki, çox yorulmuşam, dünyaya bu qədər "tamaşa" edəcəyimi heç vaxt ağlıma  gətirməmişdim. Hər şey kimi bu dünya da ola bilər ki, uzaqdan daha gözəl görünsün.
Onun içində isə adam özünü daha çox girov kimi hiss edir..."
Bilirsinizmi, bu səmimi, hər kəlməsindən qüssə, tənhalıq yayılan yazı parçası kimə məxsusdu?!
Alfred Nobelə!..
Təəccübləndiniz, yəqin... Nobel və tənhalıq... Nobel və küskünlük... Nobel və yalqızlıq...
Ailəsiz, dostlarsız, düşmənlərsiz (!)  və... girov Nobel...
Bu yerdə adam heç nəyə boyun əymədən öz istəklərinə sadiq qalan İnsan Qəlbinə heyran olmaya bilmir!
Doğrudan da, əsl qəlb istəklərinin, həqiqi duyğuların qabağında bütün saxta təsəllilər gücsüzmüş...
Nə olsun?! Biz ki, ibrət götürən deyilik...
Hələ bundan sonra da yalançı təsəllilərlə çox aldadacağıq ürəklərimizi...
Bizlər, qəlblərini gözəl yalanlarla ovudan saxtakarlar...
Yalan dünyanın könüllü girovları...    
Vəsilə USUBOVA
[email protected]

TƏQVİM / ARXİV