KARVAN DAYANMADI...

VAQİF YUSİFLİ
64559 | 2013-03-02 10:31
ƏDƏBİ HƏYAT
O, qeyri-adi insan və yazıçı idi. Onu şəxsən tanıyanda mənim 35, onunsa 70 yaşı vardı. "Bakı" qəzetində yubileyi münasibətilə bir məqalə çap etdirmişdim və o məqalədə əsas gücü onun müharibə illərində yazdığı "Buz heykəl" hekayəsinə vermişdim. Ənvər Məmmədxanlı soraqlaşıb məni tapdı, təşəkkürünü bildirdi, amma həm də məzəmmətlə dedi ki, "Buz heykəl" onun zəif hekayəsidir, vurğunu o yazı üzərinə yönəltmək lazım deyildi. Ənvər müəllim doğru deyirdi. Orta məktəbdə kənd kitabxanasında onun hekayələr kitabını alıb oxumuşdum və o kitabdakı  lirik üslubda yazdığı hekayələri məni sehirləmişdi. Xüsusilə "Karvan dayandı", "Ay işığında", "Qızıl qönçələr" hekayələri mənim üçün sanki romantik dünyadan gəlmiş əziz qonaqlar idi. Bu hekayələrin dili o qədər cazibədar idi ki, fikirləşirdim yazıçı ancaq bu tövr yazmalıdır. "Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı-bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı" ("Karvan dayandı").
Belə bir yüksək  dil mədəniyyətinə malik olan yazıçı eyni zamanda, öz hekayələrində yaddaqalan obrazlar da yaradırdı. Və qeyd edim ki, bu hekayələri heç cür sosializm realizmi nümunələri saymaq olmazdı. Çünki onun bədii yaradıcılığı sosrealizmin tələb və prinsiplərindən yüzə yüz olmasa da, hər halda bir qədər fərqli idi.
Çox sonralar, öncə qeyd etdiyim kimi, bu böyük yazıçı ilə tanış oldum, bir neçə dəfə canlı söhbətlərinin şahidi oldum. Onun estetik dünyasını ötəri də olsa seyr elədim və Ənvər Məmmədxanlı mənə yaşadığımız dünyanın yox, yaşamaq istədiyimiz, amma yaşaya bilmədiyimiz dünyanın adamı təsiri bağışladı. Fikirləşirdim ki, otuzuncu illərin, qırxıncı illərin, əllinci-altmışıncı illərin məlum insan stereotiplərinə qətiyyən oxşamır.  
Ənvər Məmmədxanlının bir insan-yazıçı-ziyalı kimi elə bilirəm, iki dövrü olub. Birinci dövrü onu bir yazıçı kimi tanıdıb. O, nəsr və dram əsərlərini yazıb, müharibə illərində publisistik məqalələr qələmə alıb, ta yetmişinci illərə qədər məhsuldar olmasa da, qeyri-məhsuldar yazıçı da olmayıb. Sadəcə olaraq, öz qələminə, ilhamına xəyanət eləməyib, az yazıb. Başqaları xalvar-xalvar romanlar, povestlər yazıb nəşr etdiriblər, o isə susub. Bu susmağı, yəni Görünməmək, haqqı verilməsə belə üzə durmamaq duyğusu onun xasiyyətinin bir hissəsiydi. İnqilabi mövzuda yazdığı "Şərqin səhəri" pyesi SSRİ Dövlət mükafatına təqdim olundu, o pyesin rejissoru, bir neçə aktyoru, rəssamı həmin mükafata layiq görüldülər, bircə əsərin müəllifindən - Ənvər Məmmədxanlıdan başqa...
Ənvər Məmmədxanlının həyatı keşməkeşli olub. 1992-ci ilin dekabr günlərinin birində Ə.Məmmədxanlının 80 illiyi ilə bağlı onun bacısı Həbibə xanımla müsahibə aparanda mümkün  qədər Ənvər Məmmədxanlının həyatının gizlinlərini öyrənməyə çalışırdım.
Məlum oldu ki, onların atası Qafar kişi Müsavat Partiyasının üzvü olub, buna görə dörd il həbsdə yatıb. 1937-ci ildə onu təzədən tutacaqdılar, amma bunu bilib aradan çıxdı, üz tutdu Gürcüstana və orada da vəfat etdi. Ənvər soraqlaşa-soraqlaşa gedib onun məzarını tapdı, atamın meyitini çıxardı, Mirzə Fətəli Axundov dəfn olunan yerə gətirdi, son borcunu yerinə yetirdi.
Ənvər Sovet Ordusu sıralarında Təbrizdə olub, "Vətən yolu" qəzetində çalışıb.
Çox qürurlu və romantik olan Ənvər Məmmədxanlının qəribə və özünəməxsus  dünyası vardı. Həbibə xanım deyirdi ki, biz hər il yayda dincəlmək üçün İsmayıllının Quşencə kəndinə gedərdik. O kəndin təbiəti də gözəl idi, adamları da. Ənvər saatlarla o kəndin meşələrinə çəkilir, xəyallara dalardı.
Ən yaxın dostlarından biri də Əvəz Sadıq idi. O deyirdi ki, Ənvər Təbrizdə olanda gördük ki, bir cüzamlı kişini danışdırır. Çox işarə etdik, adətən, belə xəstələr xəbis olur, adamın üzünə tüpürür, xəstələndirirlər. Amma Ənvər söhbətini qurtarmamış o kişidən əl çəkmədi. Cəfər Xəndan deyirdi ki, Stalinqradda, döyüş xəttinin lap yaxınlığındaydıq.  Birdən həyəcan siqnalı eşidildi. Hamı təbii ki, qaçıb gizləndi, bircə Ənvərdən başqa. O, həyətdə heç nə olmamış kimi gəzir, o baş-bu başa gedirdi. Həbibə xanım deyirdi ki, Ənvərin bir xasiyyəti də haqsızlığa dözməməyiydi. Dağıstanın tanınmış şairi Rəsul Həmzətov o zamanlar Bakıya gələndə tez-tez Rəsul Rzagilə gəlirdi, amma özünü çox nəlayiq aparırdı. Bir gün yenə içib Azərbaycan qadınlarını təhqir edən bir söz eşitdi. Onda Ənvər Rəsul Həmzətovun üstünə yeridi, ona bir sillə çəkdi, Anar orada olmasaydı, lap döyəcəkdi onu (Rəsul Rza ilə Ənvər Məmmədxanlı həm xalaoğlu, həm də əmioğlu idilər).
Həbibə xanım bir də onu deyirdi ki, Ənvər Məmmədxanlı bizimlə özü arasında əbədi bir mehr körpüsü salmışdı, bizim uşaqlarımızı, nəvələrimizi o qədər sevirdi ki, saatlarla o uşaqlarla əylənərdi. Bircə köynəyini, dəsmalını yumağımıza imkan verməzdi, bunu özü edərdi.
Ömrünün son illərində mədəsi incidirdi onu. Tək yaşamaq, nə gəldi bişirib yemək, kimsəni əziyyətə salmamaq xətrinə öz-özünə qulluq eləmək... xəstəliyin səbəbləri bunlar idi. 90-cı ilin qışı idi, onun xəstələnməsini eşitdik, xəstəxanaya apardıq, cəmi dörd gün yatdı. Axırıncı gecə dedi ki, sən get, sabah yemək yox, mənə qəzet gətir oxuyum. Səhərisi isə o, dünyada yox idi.
Həmişə sənətə yüksək meyarla yanaşan, sözünü kəsərdən salmayan Ə.Məmmədxanlı müharibə illərində də az yazdı. Amma müharibə dövrünün psixologiyası bu əsərlərdə bariz nəzərə çarpırdı. "Analar və yollar", "Qərb cəbhəsindən məktub", "Silahlı dağlar", "Ulduz", "Bəxtiyar". "Yeddinci yol" və s. əsərlərdə Ə.Məmmədxanlı  müharibəni təkcə döyüş, vuruş, əsir almaq, hücuma keçmək, "dil" ələ keçirmək, bayraq sancmaq kimi təsvir etmirdi, daha çox bu çətin və ağır günlərdə yaşayan insanın daxili dünyasını ön plana çəkirdi. Onun publisistik qeydlərində də lirika aparıcı xətti təşkil edirdi. Ənvər Məmmədxanlı ədəbiyyata nasir kimi gəlmiş, "Burulğan" adlı ilk əsərini 1934-cü ildə çap etdirmişdir. Bu povest göstərdi ki, nəsrə öz üslubu və nəfəsi olan istedadlı bir sənətkar gəlib. Səksən il əvvəl qələmə alınmış "Burulğan" povesti 30-cu illər üçün xarakterik olan fəhlə həyatı mövzusunda yazılmışdı. Lakin yazıçı istehsalat səhnələrindən sərf-nəzər edib diqqəti daha artıq obrazların daxili aləminə, psixologiyasına yönəldir.
Ə.Məmmədxanlı nəsri öz tematikasına görə çoxcəhətlidir, onu bir nasir kimi daha çox lirik-romantik duyğulu insanın əsl şəxsiyyət kimi formalaşması, mənəvi yetkinliyə can atması maraqlandırır, cəlb edirdi. Bu baxımdan onun qəhrəmanlarını "axtaran qəhrəmanlar" kimi səciyyələndirmək olar. Siz onun "Bakı gecələri" povestini oxuyun.  Başdan-ayağa lirik bir nəğməni xatırladan bu povestdə ağrı da var, kədər də, sevinc də var, ümid də, inam da. O dövrün ədəbiyyatında mühüm yer tutan qadın azadlığı mövzusu bu əsərdə lirik-romantik səpgidə öz bədii həllini tapırdı. "Ulduz" hekayəsinin qəhrəmanı müharibənin ağır günlərində, tibb institutunu yarımçıq buraxıb cəbhəyə yola düşür.  Onu bu qəti hərəkətə sövq edən sevdiyi Azad idi.  Lakin cəbhə həyatı onun şəxsi, intim dünyasına bütün ziddiyyətləri və təzadları ilə daxil olur. Ulduz daha böyük amallar naminə yaşadığını dərk edir. "Qızıl qönçələr" hekayəsinin qəhrəmanının diliylə desək: "Günəş doğacaq. Qönçələr açılacaqdır". Bu, Ə.Məmmədxanlının özünün də, qəhrəmanlarının da həyat devizini müəyyənləşdirən söz idi.
Ənvər Məmmədxanlı nəsrinə xas olan orijinal xüsusiyyətlər onun dramaturgiyasında da aydın nəzərə çarpır. Gərgin, koloritli səhnələr, parlaq və realist xarakterlər, obrazların daxili aləminin təsirli lövhələrlə təqdimi onun dram əsərlərinin başlıca xüsusiyyətləridir. 1947-ci ildə yazılmış "Şərqin səhəri" dramı tarixi mövzudadır, əsərdə 1919-1920-ci illər Azərbaycanın müxtəlif sinif və təbəqələrinin baş verən ictimai-siyasi hadisələrə münasibəti ilə qarşılaşırıq.  Pyesdə ən qüvvətli xarakter  Bakı milyonçusu Ağalarovdur. Onun Bakı ilə, sahibi olduğu, indisə, əlindən çıxdığı neft buruqları ilə vidalaşması necə də təbiidir. Ağalarov öz sinfinin ağıllı, qabağı görən nümayəndəsidir, qırmızı inqilab tufanının yaxınlaşdığını hiss edib, başqalarından fərqli şəkildə düşünür, yol axtarır. Elə buna görə də o, xırda məqsədləri, kiçik "döyüş" üsullarını rədd edir. Diqqət yetirsək, görərik ki, Azərbaycanın o zamankı taleyini, sonrakı aqibətini Ağalarov necə də həssaslıqla hiss edirmiş... Onun ingilis generalı Tomsona söylədiklərinə diqqət yetirin: "General həzrətləri, hökumət dəli dərviş kimi dağa-daşa düşə bilər, amma neft Bakıdadır, neft mədənlərini Gəncəyə, Şuşaya, Şəkiyə köçürmək olmaz. Neft hər gün sağmal inək kimi sağılmalıdır, ara verilsə, qara inək süddən düşər. Quyular zay olub gedər. Amma bütün anbarlar neft ilə dolub, biz neft içində boğuluruq. Çıxarılan nefti ixrac eləmək lazımdır və Bakı nefti ki, qara cövhərdir, ən əla neftdir, dünya bazarlarında müştəriləri çoxdur".
"Babək" Ə.Məmmədxanlının ilk və son romanı idi.  Romanın I hissəsi tamamlanmayıb. "Babək" bədii filminin ssenarisi isə birinci hissənin davamı olaraq romana əlavə edilib. Əsəri çapa hazırlayan Anarın fikrincə, "yazıçının içəri dünyasında" gördüyü Babək obrazı, onun ətrafı-dostlar və düşmənlər-əsərlərin personajları  elə dəqiq, dürüst düşünülüb-duyulub ki, birinci hissədə-roman səhifələrində  canlanan fərdlər öz mahiyyətini, səciyyələrini, sifətlərini ikinci hissədə-ssenaridə də hiss edirik. Hiss olunur ki, "Babək" romanı Babək dövrünün dini-fəlsəfi mahiyyətini dərinliyilə duyan, tarixi hadisələrin arxasında sürünməyib bu hadisələrə  tamam yeni bir aspektdə diqqət yetirən bir yazıçı tərəfindən qələmə alınmışdır. Əsərdə tarixi məlumatlar yetərincədir, bu məlumatlar "Babək" dövrünün ictimai-siyasi, dini-fəlsəfi, hətta coğrafi mənzərəsini bütün genişliyilə gözlərimiz qarşısında canlandırır. Romanın yazılış tərzi də nəsr üçün yenidir, orta əsr Şərq nəsrinin üslubuna yaxındır.
Anar romana yazdığı müqəddimədə xatırladır ki, "Azadlıq yanğısı" Ə.Məmmədxanlının ən çox sevdiyi ifadə idi və yazıçı hamını sıxan mənəvi əsarət dövründə bu əsəri məhz azadlıq eşqinə və azadlıq eşqilə yaratmışdı.
"Babək dedi:
- Ey kor yapalaq, siz heç vaxt dərk etməyəcəksiniz ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər o şirin olsun, istər acı-yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur".
"Babək" romanı tarixi nəsrimizlə bağlı bir sıra sualları da aydınlaşdırdı.  Öncə "Babək" romanı tarixi şəxsiyyətin məlum obrazına bədii bir möhtəşəmlik, əzəmilik bəxş etdi. Salnaməçilərin, təzkirəçilərin, tarixçilərin şərhindəki Babək bədii sözün qüdrətilə əbədiləşdi.  İkincisi, Ə.Məmmədxanlı lüzumsuz məlumatfüruşluğa ehtiyac duymadı, burada sanki ustad bir memar işi duyulur.  Tarixi hadisələr, faktlar, mənbə və qaynaqlardakı məlumatlar əsərdə elə səliqə ilə yerləşdirilib ki, heyrətlənməyə bilmirsən. Üçüncüsü, bu əsər bir daha sübut etdi ki, əgər yazıçı sadəcə özünü salnaməçi hesab etməyib, tarixi hadisələri  bu günün elmi-fəlsəfi meyarları ilə mənalandırırsa, deməli, tarixi yenidən "oxuya" və oxutdura bilir.
Ənvər Məmmədxanlının "Ayrıldılar" hekayəsində personajlardan biri belə deyir: "Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər".
İndi Ənvər Məmmədxanlı kimi köhnə kişilər qalmayıb daha... Bu faciəmi, dərdmi, deyə bilmərəm.  Ancaq onu deyə bilərəm ki, o köhnə kişilərin açdığı yollar olmasaydı, biz yolsuz qalardıq.
Vaqif  YUSİFLİ

TƏQVİM / ARXİV