Rey Kərimoğlu: "Mənə təsir edən əsas məsələ 50 yaşımı Qarabağsız keçirməyimdir" - VİDEO
Tanınmış jurnalist və Qarabağ qazisi: "Elə şeylər var, nəinki mətbuatda, heç dostlar arasında da danışmaq olmur”
Bu gün Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun 50 yaşı tamam olur. Vətən uğrunda döyüşən, illərlə Qarabağ əlillərinin, şəhid ailələrinin hüquqları üçün savaşan bu insanı yubileylə bağlı redaksiyamıza dəvət edib, onun keçdiyi həyat yoluna işıq saldıq.
– Rey bəy, öncə sizi yubiley münasibətilə kollektivimiz adından təbrik edirik. 50 yaşında olmaq, bir əsri yarılamaq necə bir hissdir? Geriyə baxanda nələr düşünürsünüz?
– 50 yaşı tamamlamaq heç də düşündüyümüz kimi, qeyri-adi bir hiss deyil.
Düzü, heç bu haqda düşünməyə vaxtım da olmayıb ki, 50 yaşında olmaq
necədir? 50 yaş yaxşı yaşdır. Sadəcə, buradan dönüb keçdiyim həyat
yoluma baxanda o qədər keşməkeşli, çətin yollar keçmişəm ki… Mənə təsir
edən əsas məsələ 50 yaşımı Qarabağsız keçirməyimdir. Əvvəllər
fikirləşirdim ki, 50 yaşıma qədər Qarabağ azad olunacaq, gedib Ağdamda,
öz kəndimizdə yaşayacağam, ömrümü orada başa vuracağam. Həmişə belə
düşünürdüm. Ağlıma gəlməzdi ki, 50 yaşımı Qarabağsız keçirərəm. 50 yaş
deyəndə ağlıma gələn ancaq o olur ki, bu günə qədər torpaqlarımıza
qayıda bilmədik.
– 50 illik həyat yolunuzdan danışın… Necə bir ailədə doğulmusunuz, necə keçib uşaqlığınız, gəncliyiniz, müharibə illəri…
– 1967-ci il may ayının 9-da Ağdam rayonunun Şıxbabalı kəndində, sadə
bir fəhlə ailəsində anadan olmuşam. Ancaq hərbi xidmətə payızda getdim
deyə, valideynlərim doğum tariximi 9 iyul kimi qeydiyyatdan keçiriblər.
Adım da fərqli bir addır, hamı soruşur ki, bu adı haradan qoyublar. O
vaxt kəndimizdə Rey adlı çox hörmətli bir kişi olub. Ağdamda çox böyük
hörmət sahibi olub. Ona görə mənim də adımı Rey qoyublar. Atam dülgər
olub. Böyük Vətən müharibəsinin iştirakçısı olub, orada fərqlənib,
medalları, təltifləri olub. Dülgər olmasına baxmayaraq, Ağdamda
Kommunist Partiyasının Təşkilat Komitəsinin rəhbəri idi. Atam müharibəyə
gedəndə orada bir rus qadınla evlənib, mənim orada bir qardaşım var.
2007-ci ildə gedib onu tapdım. Atam isə 1996-cı ildə rəhmətə getdi. Öz
ailəmizdə isə 3 qardaş, bir bacı olmuşuq. Mən orta məktəbdə oxuyanda
belə bir qayda var idi ki, rus dilini bilən adamların hərbi məktəbə
qəbulu asan olurdu. Mən də rus dilini yaxşı bilirdim, ona görə də gəlib
imtahan verdim. Ukraynada ali hərbi məktəbə daxil oldum. Ancaq
qardaşlarım məni orada oxumağa qoymadılar. 1985-87-ci illərdə sovet
ordusu sıralarında xidmət etmişəm. Əvvəlcə Ağdam Kənd Təsərrüfatı
Texnikumunun inşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr
və Hüquq İnstitutunun hüquq fakültəsini bitirmişəm. Hərbi xidmətə gedənə
qədər sovxozda, çaxır zavodunda işləmişəm. Hərbi xidmətdən sonra
Ağdamda kinoteatrda kinomexanik kimi işə düzəldim. 1991-ci ildə Ağdamda
artıq gənclər orduya yazılırdı, mən də getdim yazıldım. Müharibədə
başımıza gələnlər də hər kəsə bəllidir.
– Mən cəbhə xatirələrimin əksəriyyətini lent.az-da yazdım, indi o
yazılar APA Holdinqin dəstəyi ilə kitab kimi nəşr olunacaq. Hazırda çapa
hazırlanır. Müharibədə gördüklərimdən yazılması mümkün olan hər şeyi
orada yazmışam. Elə şeylər də var ki, nəinki mətbuatda, heç dostlar
arasında da danışmaq olmur. Çünki müharibə çox dəhşətli hadisədir. Mən
orada çox qarışıq proseslərin şahidi oldum. Elə şey var ki, hərbi
sirdir. Biz ümidliyik ki, bir gün torpaqlarımız azad olunacaq. Ona görə
də ehtiyat edirəm ki, həmin məsələləri danışsam, bu işə mane olaram.
Müharibə böyük fəlakətdir, ancaq bizim başqa yolumuz yoxdur. Sülh
danışıqlarına inanmıram. Bununla paralel, hərbidə də addımlar
atılmalıdır. Zakir Həsənovun təyin olunmasından sonra orduda bir çox
parametrlər üzrə müsbət dəyişikliklər olub. Allahın köməyi ilə
torpaqlarımızı azad edəcəyik.
Müharibə xatirələrimdə çox acı insan taleləri var. 18-19 yaşında
cavanlarımız olub ki, bu dünyadan nakam köçüblər. O hadisələrdən sonra
həmişə fikirləşirdim ki, kaş orada dostlarımla bir yerdə mən də öləydim,
bu hadisələri görməyəydim. Ancaq xatirələrimi yazdıqda fikirləşdim ki,
bəlkə də Allah məni ona görə sağ saxlayıb ki, o gənclərin həyatını
yazım. Çünki onlar haqqında heç kim yazmayıb. Onlar vətən uğrunda necə
iztirablar çəkiblər. Bəlkə ona görə sağ qaldım ki, onlardan yazım, onlar
unudulmasın. Müharibədən sağ gəlmiş uşaqların içində məndən də çox
dəhşətlər görmüş insanlar var. Ancaq onlar mənim kimi yaza bilmirlər,
dost məclislərində danışsalar da, mətbuata çıxıb danışa bilmirlər. Ona
görə də xatirələrimi yazdım, torpaqlarımız işğaldan azad olunduqdan
sonra yaza bilmədiklərimi də danışacağam.
– Qarabağ müharibəsi həyatınızdan nələri aldı və təzadlı olsa da, sizə nələri qazandırdı?
– Müharibə mənim gəncliyimi aldı. İlham Məhərrəmov adında bir Qarabağ
əlili var, o gənclər günündə bir status yazmışdı ki, bəs bizim
gəncliyimiz necə oldu? Biz nədən danışaq? 22 yaşında yatağa, əlil
arabasına məhkum olan insanlar oldu ki, onlar gəncliyin nə olduğunu
bilmədilər. Əvəzinə nə verirsən ver, hamısı boşdur. İki ayağını itirən
insana milyon manat versən, nə dəyişər? Kimdənsə soruşsalar ki, gəl,
sənin iki ayağını kəsim, əvəzində 1 milyon manat verim, kim razı olar?
Heç kim razı olmaz. Ancaq onlar vətən naminə getdilər, sağlamlıqlarını,
canlarını qurban verdilər. Bu işdə qazanc yoxdur. Qazanc yalnız şəhidlik
və qazilik adıdır ki, o hər bir vəzifədən üstündür. "Bütün vəzifələr
gəldi-gedərdi, ancaq şəhidlik və qazilik əbədidir”. Bu, Qazilər
Birliyinin sədri Etimad Əsədovun sözüdür. O adı heç kim pulla ala
bilməz. Müharibə mənim gəncliyimi, uşaqlıq xatirələrimi aldı. Mənim
uşaqlığımın, məktəb illərimin keçdiyi kənd indi işğaldadır, oraya əlim
çatmır. Məktəb xatirələrində hamının ən saf duyğuları var, ilk sevgisi
var… Orada o qədər ilklər var ki… İndi onlara əlimiz çatmır. Ona görə də
bunlar mənə çox ağırdır. Müharibə olmasaydı, mənim həyatım başqa cür
ola bilərdi. İnşaat sahəsində mənim arzularım var idi. Müharibədən sonra
qaçqınlıq həyatı yaşadıq. Təhsilsiz, işsiz insanlar taleyin ümidinə
qaldı. Sağlamlığını itirən kim, övladını, ailə başçısını, qohumlarını
itirən kim. Elə o vaxtdan Qarabağ əlillərinin, şəhid ailələrinin haqları
uğrunda savaşa-savaşa, onların hayına qala-qala bir də ayıldıq ki, bu
işlərin içindəyik. Mən Bakıda tikinti şirkətində fəhlə işləyirdim, zülm
çəkirdim, ailəmi, valideynlərimi saxlayırdım. Qarnım-başım, ayaqlarım
yarıq-yarıq idi. Əməliyyatdan çıxmışdım. O vəziyyətdə Sumqayıta gedib
oradan kisə ilə yuyucu toz alıb gətirirdim, gətirib yataqxanada onu
qonşulara satırdıq, 3-5 manat qazanıb çörəkpulu edirdik. Elə həmin
vaxtlarda Qarabağ qazisi Etimad Əsədovla rastlaşdıq, məni Qazilər
Birliyinə dəvət elədi. Elə o vaxtdan proseslərə qarışdıq.
– Jurnalistikaya gəlişiniz necə oldu?
– Elə bu təşkilatda əlillərin, şəhid ailələrinin problemlərindən
danışa-danışa, yaza-yaza bir də gördüm ki, jurnalistikadayam. Bir ara
gördüm ki, jurnalistlər danışdıqlarımı olduğu kimi yazmırlar, sonra özüm
yazmağa başladım. Bir də ayıldım ki, jurnalistikanın içindəyəm. Bu
sahədə də əlimdən gələni elədim, zəhmətlə çalışdım. Jurnalist
fəaliyyətimə 1995-ci ildə "Zaman” qəzetində başladım. Qarabağ Əlillər
Cəmiyyətinin mətbu orqanı idi. 1997-ci ildə özümüzün "Əlillər” adlı
qəzetimizi təsis elədik. 2001-ci ilə qədər o qəzeti çıxartdıq. Həmin
arada mən "Şərq” qəzetində də işlədim. Orada çox gözəl bir jurnalist
kollektivinin içində oldum. Sonra 2001-ci ildə cəmiyyətimizi ləğv
elədilər, qəzetimizin çapı dayandı. Bunun ardınca "Yeni Müsavat” və
"Azadlıq” qəzetlərində köşələr yazdım. Daha sonra "Bizim yol” qəzetində
işlədim. O indiki "Bizim yol” deyildi, baş redaktoru Məhəmməd Ərsoy idi.
Ondan sonra "Milli yol”u yaratdıq. ”Vətəndaş Həmrəyliyi” qəzetində də
işləmişəm. 2005-ci ildə "Yeni Müsavat” qəzetinə gəldim, 2007-ci ilə kimi
burada işlədim. Mənim jurnalist fəaliyyətimdə təcrübə baxımından "Şərq”
qəzeti ilə "Yeni Müsavat” qəzetinin xüsusi yeri var. Yazı vərdişini,
peşəkarlığı bu qəzetlərdə mənimsədim. Ancaq jurnalistikada ilk müəllimim
Adil Hüseynli olub. "Yeni Müsavat”da Rauf Arifoğlunun çox maraqlı
iclasları olurdu, bunlar yadımdadır. Qəzetin əməkdaşları ilə maraqlı
projelər həyata keçirirdik. Yazılarım yəqin ki, arxivdə var. Sevinc
Telmanqızı, Səbuhi Məmmədli, Kənan Rövşənoğlu ilə projelər eləmişik.
Rauf Arifoğlu hər zaman deyirdi ki, sizin bu layihələr jurnalistikamızın
tarixinə qızıl hərflərlə yazılır. 2007-ci ildə "Yeni Müsavat”dan
çıxdım. Ancaq 4-5 il ölkədə hansısa hadisə baş verəndə elə bilirdim indi
Azər Ayxan, ya Rauf Arifoğlu zəng edəcək ki, çantanı götür get hadisə
yerinə. O hiss məndə qalmışdı. Ümumilikdə, həyatıma nəzər salanda
görürəm ki, ən kritik anlarda doğru qərarlar qəbul eləmişəm. Həm
müharibədə, həm ictimai həyatda, həm jurnalistikada bacardığımı elədim.
– Ailəniz haqqında nə deyə bilərsiniz?
– 2004-cü ildə ailə həyatı qurmuşam. Ancaq daha öncə heç zaman evlənmək
fikrində olmamışam. Fikirləşirdim ki, torpaqlarımız azad olunsun, sonra
evlənərəm. Daim proseslərin içində idim, ona görə də evlənib kimisə
gözüyaşlı qoya bilməzdim. Sevib-seçdiyim olub, ancaq buna görə ailə
qurmamışam. Nə müharibə bitdi, nə qaçqınlıq bitdi. Nəhayət, subaylıqdan
bezdim və ailə qurdum.
– Rey bəy, söhbətimizin sonunda istərdim arzularınızdan danışasınız.
– Şablon kimi səslənsə də, ən böyük arzum, həyatımın amalı Qarabağın
azad olunmasıdır. Daha sonra, istərdim Qarabağ əlillərinə, şəhid
ailələrinə münasibət köklü dəyişsin. Onlar məmurların qarşısında
boyunlarını bükməsinlər. Qanunvericilikdə güzəştlər artırılsın. Ölkə
başçısı, I vitse-prezident nə qədər tapşırıq versə də, məmurların 99
faizinin şəhid ailələrinə, Qarabağ əlillərinə münasibəti yaxşı deyil.
Canını vətən uğrunda qurban verənin ailəsi 180 manatın ümidinə
buraxılmamalıdır. Təsəvvür edin, 1992-ci ildə oğlan şəhid olub, 3 balası
qalıb. O qadın qaçqınçılıqla 3 qız böyüdüb, hamısına ali təhsil verib.
Ancaq 3 ali təhsilli balasından birinə iş tapa bilmir. Bunun adı nədir? O
ana bu həyatda kipriyi ilə od götürüb axı… Bunlar düzəlməsə, bu ölkənin
nicatı yoxdur. Bugünkü gənc o döyüşçüyə, şəhidin ailəsinə münasibəti
görüb silaha sarılmalıdır. Pisi görsə getməyəcək.
Bu gün Daxili İşlər Nazirliyi yeganə sistemdir ki, Qarabağ əlillərinə,
şəhid ailələrinə yaxşı münasibət göstərir. Bu da nazir Ramil Usubovdan
gəlir. Elə bir müraciət yoxdur, onu cavabsız qoysun. Ancaq digər
məmurlarla bağlı bunu deyə bilmərəm. Türkiyədə belə bir qanun var ki,
şəhidin ailəsinin iki üzvünü təhsilinə uyğun olaraq dövlət məmuru kimi
işə götürürlər, bu məcburidir. Bizdə bu güzəştlər yoxdur. Biz bununla
bağlı Hadı Rəcəbliyə, Səlim Müslümova müraciət etmişik. Səlim Müslümov
nazir təyin olunduqdan sonra şəhid ailələri ilə bağlı köklü
dəyişikliklər olub. Ancaq ciddi problemlər hələ də var. Bütövlükdə
qanunvericilik, məmurların münasibəti dəyişməlidir. Türkiyədə şəhidin
ailəsinə müxtəlif dövlət qurumlarından 500 min türk lirəsi təzminat
verilir. Bizdə bu 11 min manatdır, bəzi ailələr 20 ildir bunu ala
bilmirlər. Yubiley müsahibəsi olsa da, mən bundan danışmaya bilmərəm.
Mənim həyatımda bundan kənarda heç nə yoxdur. Arzum Qarabağın azadlığı,
şəhid ailələrinə, qazilərə münasibətin dəyişməsi və normal bir hüquqi
dövlətin, cəmiyyətin qurulmasıdır. Gözləntimiz budur. Məgər bu çoxdur?
– Xeyr, tam haqlı gözləntilərdir. Biz də arzu edirik ki, 55 illik yubileyinizi doğulduğunuz kənddə qeyd edəsiniz, növbəti yubiley müsahibəsi üçün orada görüşək…
– Təşəkkür edirəm. "Yeni Müsavat”ın mənim üçün doğma olan kollektivinə, rəhbərliyinə də minnətdaram.