adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

PROYEKTİMİZƏ DAVAM EDİRİK: ALTMIŞINCILAR

TOFİQ ABDİN
36502 | 2013-03-02 10:28
"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.
Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də  var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə  çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.  
- Bax görürsüzmü, demək, heç də hər şey itib-batmır.
- Bax, bütün bunları mən özlüyümdə dəyərləndirərək, bu qərara gəlirəm ki, necə deyərlər, atılıb-düşməyin yeri deyil, biryolluq bilmək lazımdır: indi hamı yorğanı öz üstünə, ya da  vəzifədə olan, yaxud vəzifəli qohumu olan cənabların-xanımların üstünə çəkir. Bir ayrı misal çəkəcəyəm. Təxminən 10-12 il qabaq, unudulmaz qələm qardaşımız Adil Qaçayoğlu işsiz olan çağlarda söhbət əsnasında dedi ki, bu gün filankəslə  -  o, konkret ad-soyad söylədi  - rastlaşdım, köhnə tələbə yoldaşı və həmkar kimi harada, nə işlə məşğul olduğunu soruşdum. Dedi ki, konkret iş yerim yoxdur, amma ildə 3-4 kitab yazmaqla (!?) başımı dolandırıram... Sonra Adil həmin "kitab"ların birini göstərib oradan bir parçanı oxudu: tikinti idarəsinin rəisi olan qəhrəman iş otağına girən kimi katibəni çağırıb ərazidə səliqə-sahman yaratmaq barədə əmrin mətnini ona  diktə edir və ən kustar formada olan bu savadsız mətn "kitab"da dərc olunur...
Təsəvvür elə, son on ildə Azərbaycan mətbuatı tarixinə dair azı iki yeni dərslik çap olunub, dövriyyəyə buraxılıb və həmin dərsliklərin heç birində ət siyahısı kimi bir siyahıda olsa belə, bizim adımız-soyadımız yoxdur: sanki tirajı 647 min nüsxə olan "Azərbaycan gəncləri" qəzetində, 540 min nüsxə tirajla nəşr edilmiş "Kommunist" qəzetində həlledici vəzifələrdən birini  biz tutmamışıq, "Gənclər"də məşhur "Subaylar və təzə evlənənlər üçün" səhifəsini, "Ömrün dolaylarında" rubrikasını biz yaratmamışıq, "Kommunist"də "Böyüyün böyük yeri..." və "Üzündə göz izi var" adlı bütün respublikada ciddi müzakirə və mübahisələrə səbəb olan oçerkləri biz yazmamışıq... Belə olduğu halda sən hansı "altmışıncılar"dan soruşursan?..
  -  Mənə elə gəlir ki, sən bir az qapalı həyat yaşayırsan. Ədəbi camiə məclislərində az-az görünürsən. Nədir bu özünə qapanış? Bir incikliyinmi var? Dostlardanmı xəyanət görmüsən, yoxsa?..                                                                                           
- Əslində, verdiyin sualın cavabı elə özündədir. Belə bir məsəl var: çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə. Doğrudur, məni çox yerə dəvət eləmirlər, amma dəvət olunduğum yerlərin də hamısına gedə bilmirəm. Bunun da iki səbəbi var: lap birincisi odur ki, fiziki sağlamlığım buna imkan vermir; ikincisi də odur ki, məclislərin 99 faizi mədhiyyəçilik yarışından ibarət olur ki, o da mənə əl vermir. Yeri gəlmişkən, bu mədhiyyəçilik o dərəcədə həyatımızın normasına çevrilib ki, xırda bir şey barədə ən elementar irad da süngüylə qarşılanır, halbuki şəxsən mənim söyləyə biləcəyim iradların mütləq əksəriyyəti problemli, tarixi əhəmiyyət kəsb edən məsələlərlə bağlı ola bilir. Son aylarda orta hesabla həftədə bir dəfə yolum Bakı kitab klubundan düşür. Hər dəfə təxminən iki saatadək burada oturub təzə çıxmış kitabları vərəqləyirəm. Xudaya, bizdə nə qədər savadsız, tarixi faktların dolaşıq salınmasına, müəlliflərin real, faktiki bioqrafiyalarının bəzədilməsinə xidmət edən kitablar nəşr olunur! Heç birinin də redaktoru yoxdur, ən yaxşı halda isə formal olaraq mətbəə sahibinin adı redaktor kimi göstərilir. Digər tərəfdən, redaktorun olmasından nə hacət? Əgər bir kitabda rəyçi kimi beş elmlər doktorunun, elmi redaktor kimi isə iki elmlər doktorunun soyadı göstərilirsə və onların da heç biri kitabın məzmununa deyil, müəllifin ("tələbə qız"ın) zahiri gözəlliyinə hayıl-mayıl olursa, belədə nəyi qoyub nədən danışasan?! Bilirsənmi redaktor nə üçündür? Sən 20 ildir ki, ən müxtəlif mənbələrdə - qəzet-jurnallarda, saytlarda vaxtilə  Bəşir Səfəroğlu barədə "Günlər Bəşirsiz keçir" adlı kitab yazdığını qeyd elətdirirsən, halbuki sənin kitabının adı, sadəcə olaraq, "Bəşir Səfəroğlu"dur! Redaktor bu düzəlişi təmin edir - həm də sənin xətrinə yox, tarixi həqiqətin xətrinə, gələcək nəsillər üçün hansısa daha bir problemi saxlamamaq xətrinə!..
Təxminən on il qabağın söhbətidir. Prezident təqaüdçüsü, "Şöhrət" ordenli professor jurnalist Cahangir Məmmədlini əməli bir işdən ötrü  keçmiş iş yerimə dəvət eləmişdim. Xoş-beş, on beşdən sonra aramızda belə bir dialoq getdi. Dedim a müəllim, 22 iyul günü ərəfəsində və ya məhz həmin gün səni televizorla azı beş təşkilatın "yeyib-içmək məclisi"ndə görürəm. Sən özün bir dəfə həmin məclislərin təşkilatçılarından Şakir Yaqubovu niyə dəvət etmədiklərini soruşubsanmı və onlar nə cavab veriblər? Professor müəllim sidq-ürəkdən qayıtdı ki, soruşmayıb və  belə bir şey heç ağlına da gəlməyib... İndi səndən soruşmaq istəyirəm: bu halda mənim "ədəbi camiə məclisləri"ndə görünməyim nə dərəcədə real ola bilər və belə olan təqdirdə mən nəinki həmin məclislərin təşkilatçılarından, hətta dost dediyin kəslərdən niyə də inciməməli, onların gecikmiş təkliflərini "üç nöqtə şəhəri"nə niyə göndərməməliyəm?! Hərçənd bir daha təkrar edirəm ki, fiziki sağlamlığım uzaqbaşı maşınla çayxanaya gedib-gəlməyə imkan verir. Yoxsa ki, həqiqi dostların mənimlə içmək üçün Azərbaycanın ən gözəl guşələrindən gətirdikləri məcunlar aylarla yol gözləməz(di)...
- Çox işlənmiş sual olsa da, bilmək istərdim: jurnalistikanı seçməyində bir təkan olubmu, yoxsa Allaha təvəkkül deyib, o zamanın ən gözəl fakültələrindən biri olan jurnalistikaya daxil olmuşdun?
 - Bu, tam bir özünütəsdiq forması olub mənim üçün. Rəhmətlik Məhərrəm kişi kimi, rəhmətlik Hənifə kişi də ibtidai təsilli kənd adamı, əsil kolxozçu idi və jurnalistikadan-zaddan  o qədər də başı çıxan adam deyildi. Eyni zamanda, daxili bir fəhmlə bunun nəsə sırf ziyalı peşəsi, intellektual bir fəaliyyət sahəsi olduğunu başa düşürdü, ona görə də orta məktəbi bitirib ali məktəbə sənəd vermək üçün mənimlə Bakıya gələndə Dövlət Universitetinə gedəcəyimizi yüzdə-yüz bilirdi. Deyim ki, mənim ilk mətbu təcrübəm 1961-ci il aprelin 20-də "Azərbaycan pioneri" (indi "Savalan") qəzetində dərc olunmuş "Mən də Yuri kimi olacağam" adlı məktub olub - on yaşlı oğlan uşağının heç kimə gənəşmədən, birbaşa özünün oturub yazdığı və  zərfə qoyub qəzetin "Bakı şəhəri, Kommunist küçəsi, 11/13, 5-ci mərtəbə" ünvanına göndərdiyi məktub. Əgər bu jurnalistikadırsa, demək olar ki, mənim jurnalistliyim belə başlanıb və həmin vaxtdan etibarən orta hesabla hər ay "Pioner" qəzetində, bunun ardınca isə "Pioner" (indi "Günəş") jurnalında məktublarım dərc olunub, tədricən sorağım 4-5 kənddən ibarət sovetliyə, daha sonra rayona yayılıb. Məsələ burasındadır ki, mərhum qohumum Əhəd Muxtarı çıxmaq şərtilə, həmin vaxtadək bizim Talış zonasında bir ədəbiyyat adamı, jurnalist olmayıb, buna görə də mənə yaşımdan çox-çox öncə hörmət-ehtiram göstərilib. Təsəvvür elə, indi hansı səviyyəli olmasını xatırlamadığım deputat qız evimizə gəlib, bacı-qardaşlarımı otaqdan bayıra çıxarıb və guya təklikdə dərdini mənə danışıb - kolxoz sədrinin ona "girişməyini", bunun üçün də məndən - yaşca özündən ən azı iki dəfə kiçik oğlandan məsləhət istəyib ki, bu məsələni nə cür həll eləsin... Bunun davamı kimi, təqribən üç ilə yaxın müddət ərzində də "Sovet Astarası" qəzetinin ştatdankənar müxbiri oldum, əsasən istehsalat məsələləri barədə qəzetə yazılar yazdım.
- Belə demək olar ki, sən Bakıya sanki jurnalistika fakültəsinin tələbəsi olaraq gəlmişdin...
-  Amma Bakıda jurnalistika fakültəsinə nəinki daxil olmadım, heç ora sənəd də vermədim - universitetin əsas binasının həndəvərində rəhmətlik atamla gəzişib dərdləşdiyimiz vaxt bir nəfər məşhur jurnalist - ad-soyadını özü söylədi -  bizə yaxınlaşdı, istəyimizə qulaq asdı və özünü təqdim edərək "işi düzəltmək" üçün 5 min manat gətirməyimizi istədi. Mən atamın o qədər pulunun heç vaxt olmadığını və olmayacağını  bildiyim üçün dərhal bu sövdəyə "yox" - dedim və... 25 yerə təxminən 750 nəfərin, o cümlədən 18 medalçının sənəd verdiyi tarix fakültəsinə sənəd verdim. Təbii ki, 4 imtahandan 18 balla bu "dəyirmanın ağzı"ndan salamat çıxmaq olmazdı və mən çıxmadım da. Cibimdə həm də səkkizillik təhsil barədə başdan-başa "5" olan şəhadətnaməm vardı, onu plan-uçot texnikumuna verib imtahansız qəbul olundum və Bakı mühitinə, deməli, həm də qəzet mühitinə, jurnalistika mühitinə düşdüm... Təbii ki, texnikum dərhal əsgərliyə getməmək üçündü, ona görə ertəsi il ən sorğu-sualsız fakültəyə - kitabxanaçılıq fakültəsinə sənəd verib ora qəbul olundum, elə həmin illərdə - 60-cı illərin sonunda intensiv jurnalistika fəaliyyətim başladı: "Azərbaycan gəncləri", "Bakinski raboçi", "Molodyoj Azerbaydjana", "Bakı" - "Baku" qəzetləri oylağım oldu, Universutetin "Lenin tərbiyəsi uğrunda" qəzetində tarix fakültəsini bitirən Fəzail Ağamalıyevi - indiki ictimai xadimi ştatlı müxbir vəzifəsində əvəzlədim. Bu proses orduda davam elədi və mən düz iki il Almaniyadakı Sovet Qoşunları Qrupunun orqanı olan "Leninskoye znamya" qəzetində ştatdankənar müxbirlik elədim. Təbii ki, bunların heç biri indiki anlamda əsil jurnalistika - publisistika deyildi, hərçənd həmin illərdə "Gənclər"də çıxmış bir neçə oçerkimi bu gün də yaxşı yazı nümunəsi hesab edirəm...
(Davam edəcək)
Tofiq Abdin
[email protected]
www.tofigabdin.com

TƏQVİM / ARXİV