adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 May 2017 16:25
20334
ƏDƏBİYYAT
A- A+

Bütün yaşananlar, qismət deyilmi? - ŞEİRLƏR

Adalet.az şairə Lamiyə İsazadənin şeirlərini təqdim edir:


GÜLƏN GÖZLƏRİN

Gəl həyatı birgə bölək, paylaşaq,
hər bir çətinliyi əl-ələ aşaq.
Bu dəli sevgiyə nəğmələr qoşaq,
bir cənnət payımdır, gülən gözlərin.

Dəniz sənin olsun, dalğalar mənim,
dağlar sənin olsun, dağda qar mənim.
Dünya sənin olsun a yar, sən mənim,
harayım, hayımdır, gülən gözlərin.

Könüldə ümidlər bitməz heç zaman,
bir ürək var eşqin ilə yaşayan.
Qorxmaram zülmətə bürünsə cahan,
Günəşim, Ayımdır, gülən gözlərin.

Əsiriyəm bu kiçik ürəyimin,
şahı sənsən hər arzu, diləyimin.
İşığı, nurusan, göz bəbəyimin,
baharım, yayımdır, gülən gözlərin.

Səndən uzaqlarda ölürəm sənsiz,
şam kimi əriyib sönürəm sənsiz.
İtirəm, bir heçə dönürəm sənsiz,
havamdır, suyumdur, gülən gözlərin.




DEYİLMİ

Həyatının dəyərini bilməyən,
gündə yüz yol "bəxtim yoxdur” söyləyən.
Yeyib-içib hey şikayət eyləyən,
bəs bunlar səninçün, nemət deyilmi?

Bəxtin var ki, dünyaya göz açıbsan,
böyüyüb torpağa ayaq basıbsan.
Nə olsun ki, pulun yoxdu kasıbsan?
Məgər yaşamağın, sərvət deyilmi?

Bəxtindən küsənlər çoxdu dünyada,
tənhalıq ürəyə oxdu dünyada.
Deyinmə ki, sevgi yoxdu dünyada,
Tanrı özü eşq, məhəbbət deyilmi?

Var-dövlət insanın elə özüdü,
ürəyi göstərən dilin sözüdü.
İnsanın sərvəti bir cüt gözüdü,
korlar bu dünyaya, həsrət deyilmi?

Dua əskik olmasın dilimizdə,
keçməsin savabsız bir günümüz də.
Sizcə ey insanlar, bu ömrümüzdə,
bütün yaşananlar, qismət deyilmi?