adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 May 2017 21:30
15062
ƏDƏBİYYAT
A- A+

Oğuz çinarı

Ə.Süleyman

Mücürəddin bəyin tez durmaq adəti idi. Odur ki, bu adətini həm qoruyub saxlayır, həm də sevərdi. Nədən fəxrlə ondan danışardı. Bəli bu gün də tez durmuşdu bəylərbəyi Mücürəddin bəy şah küçəsi ilə üzü Qozlu çaya Şirvanın səhər havasından xoşlana-xoşlana gedirdi məscidin qabağında dayandı. Məscidə - Allahın evinə dua verdi. Qozlucaya atları saxlanılan tövləyə getdi. Durmuşdu nökərlər, hamı işləyirdi. Baxdı atlara, əl çəkdi atların belinə, tumarladı saçlarını, öpdü alınlarından, öz içində mənim qüdrətim də dedi onlara. Bağı gəzdi. Bağ may çiçəyini yenicə tökmüşdü. Dönüb Şamaxıya, sevimli ata-baba yurdunun gəliş-gedişi olan şəhəri doyunca süzdü. Belə olanda səhər çayını bağbanı Surxay kişinin qızı bahar ətirli Göyçəkbəyim dəmləyərdi. Təzə çıxan kəklikotundan, itburnu gülündən yemişan gülündən, bir də bənövşə çiçəyindən, içərdi çayı Surxay kişi ilə. Soruşmazdı kim dəmləyib. Heç kişinin komasına sarı dönüb də baxmazdı. Oturardı üzümlü əbrüşümün kölgəsində. Köhnə xalça üstündəki təmiz, yumşaq nimdarlı dördə.
Gecikdim, - deyib, - ayağa qalxdı. Yol boyu Qasım xanın ona verdiyi tapşırıqları xeyli süzdü. Kürdəmirdə onun kəndlərində bəyliklərin təşkili zəifdir, sənə tapşırıram onları, yoluna qoy. Mənə necə təklif versən, bəyənib sərəncam verəcəm demişdi Qasım xan. Bəy göndərmişdi oğlu olan dəstəni. Gəzib gəlmişdilər. O yerlərin yaxşı vaxtıdır demişdilər. Hazırlıq etdik. İndi özün öz gözünlə gör demişdi oğlu Mücrim bəy. Səhər yola çıxmağa bu gün hazırlıq görəcəkdi. Özü ilə aparmağa çağırmışdı, Dərgah bəyi, Dədə bəyi, Qəfər bəyi, Bəhlul bəyi, bir də Bahiəddin bəyi. Səfər yoldaşı bu bəylər olacaqdı. Nökərlərin faytonları, atları seçilməli idi bu gün. Bəy xəyallarla dolu Şah küçəyə, oradan da öz malikanəsinə nə vaxt çatdığını heç özü də bilmədi.

***
Bəylər Şamaxıdan ala-toran çıxdılar. Bəylərbəyi beş bəylə özünün xüsusi faytonunda gedirdi. Faytonun qabağında iki çapar yol göstərirdi. Şərədil yalında gün çıxdı. Bəylərbəyinin fikri Ağzu kəndinin başındakı Cavanşir kəndində Kamran Mirzə adı ilə tanınan əsilzadənin səhər çayını içmək idi. Qabaqdakı çaparlardan biri özün Cavanşirə yetirib, Kamran Mirzəyə xəbər çatdırmağa tələsirdi.
Qarşıladı Kamran Mirzə qonaqları. Oturub çay içdilər. Mücürəddin bəy onun Firəngistandakı təhsili ilə çox maraqlandı. Firənglərdən danışmağı ondan xahiş etdi. Xeyli danışdı Kamran Mirzə. Yüngül səhər qəlyanaltısın qurtarıb əlhəmdülillahi-rəbbil aləmin dedilər. Bəylərbəyi özü süfrə duası oxudu. Yolçu yolunda deyib, hərə öz yerində əyləşdi. Atlar ildırım kimi Ağsu kəndini keçib, Molla kəndə tərəf baş götürdü. Sarı su kəndində (Zərdab) Meydi bəyin bir saatlıq qonağı oldular. Fayton yenə öz axarını götürdü. Günortadan xeyli keçmiş Mürtülü kəndinə yetişdilər (Mürtülü Kürdəmir obalarının ən abad kəndi və əhalisi çox olan Mollakənd - Ağsu rayonunun Qaraqoyunlu kəndi yanında kənd olmuşdur. Zərdab - Ağsu rayonunun Ərəblehdibəy kəndi yaxınlığında kənd olmuşdur.).
Bəylərbəyi burada gecələyəcəkdi. Kəndin başında Oğuz çinarı deyilən bir çinar vardı. Çinarın yaşının çoxluğunu hamı bilirdi. Ancaq neçə yaşı olduğunu heç kim bilmirdi. Oğuz çinarı dedikdə demək bir neçə əsrin yoldaşı idi bu çinar. Bəy bu çinarın kölgəsində çox dincəlmişdi. Bu çinar bəyə çox dinclik gətirmişdi. Bu çinar bəyin çox yorğunluğunu həlim, həzin yeli ilə bəydən alıb, yadigar saxlamaq üçün hündür budaqlarına ötürmüşdü. Bəy arzusunda idi bu çinarın kölgəsində çay içməyin. Çoxdan çatmışdı çapar. Çay qoymuşdular, samovar çayı dəmləmişdilər. Ancaq......

***
Az keçmədi ki, bəyin faytonu yetişdi. Mücürəddin bəyi mürgü aparmışdı. Yatmışdı bəy. Oyandı. "Bəy çatdıq", - dedilər. Üst-başın səliqəyə saldı. Düşdü aşağı, dərindən nəfəs aldı. Elə o saat da çinarın boyuna baxdı. Sonra ətrafı sakit-sakit süzməyə başladı. Hər tərəf boz çöl idi, bəli, boz çöl, közə nə ağac, nə də kol-kos görünmürdü. Boz çöl yaxınlığındakı kəndlərdə də yaşılıq əlaməti gözə dəymirdi. Yaradanın burada çanlılardan başqa demək olar ki, varidatı yox idi. Yalnız canlılar həyat eşqi ilə sürünürdülər. Bəylər bəyi bunları duydu. Çinarla əvvəlki görüşləri yadına düşdü. Yadına düşdü yorğunluğunu çinarın kölgəsində qoyub getdiyi. Bəy irəli yeriyib quruya baxmaq istədi. Kimsə adı bilinməyən bir tacir çinarın kölgə saxlayan yerində bir quyu da vurdurmuşdu. Quyuda ilin 8-9 ayı su olurdu. Var idi quyuda su, əyildi baxdı. Çəkin sudan dedi. Çəkdilər. Bəylər əl-üzünü yudu. Burada oturacağıq, çadır atın, rahatlıq düzəldin.
Çinar da öz işində idi. Qonaqları gur görüb yarpaqlarına - övladlarım çalın deyirdi. Belə duyumlu qonaqlar az-az əlimizə düşür. Endirin sərinliyi yuxarıdan aşağı, gətirin xudadan gələnləri qonaqların süfrəsinə, alın onların yol yorğunluğunu, dincəlmək həsrətini. Verin onlara xoş dinclik təravəti. Bəlkə bir də bunlarla görüşə bilmədim. Gözünün ucu ilə kənarda oturmuş qocaya baxdı. Bütün gücü isə qocaya soyuq hava göndərdi. Dur get, qanını mənim evimə tökmə, dur get. Səndən kimsə qisasını alacaq. Evimin qonağı olan bu qədər dağ, aran camaatı səni qanına qəltan etməmiş dur get, dur, get dedi və əvvəlki xəyallarına qayıtdı çinar.
Bəy kənarda oturmuş qocanı gördü.
- Bu qoca kimdi?
Nökər Nəsrullah irəli çıxdı:
- Bəy, qadan alım, biz bura yetişəndə bu qoca çinarın bütün tərəflərini bir balta ağzı kəsmişdi ki, çatdıq. Baltanı aldım. Qoymadım kəsməyə.
- Niyə kəsirdi?
- Elə deyir ki, düz edirəm. Qonaq-qara əlindən zara gəlmişik.
- Gətirin onu bura.
- Ağsaqqal, yox ey, qoca ismin nədir?
- Ağukərim.
- Bu necə isimdi?
- Adım Kərimdi, el Ağukərim deyir.
- Bu tarixi çinarı niyə kəsirdin?
- Qardaş, oğul...
- Dayan qoca, bu çinarı kəsəndən, elə nə qardaş, nə də ata olar. Sözü de.
- Bax, bu çinardan 6 ədəd şax çıxan yeni pöhrələri var. Onlar böyüyə bilmir. Çinarı kəsirəm ki, o qurusun. Onun yerində əlavə altı çinar yetişsin. Qurusundan da mən bir neçə il odun kimi istifadə edim.
- Qoca, neçə oğlun var?
- Üç oğlum.
- Oğlanlarını bura gətirə bilərsən?
- Bəli, evdədi, sənə qurban olum, gətirərəm.
- Bu kişiyə iki nökər qoşun tez gəlsin.
***
Bəylərbəyinin gəlişindən xəbər tutan Mürtülü və ətraf yaxın kəndlərdən bəylə görüşmək üçün xeyli adam gəlmişdi. Yol zəvvarı olan iki dəstə də gəlib düşdü çinarın kölgəsinə. Tez gedib quyuya baxdılar. Su var idi. Sevindilər. Su çəkib həm içdilər, həm də sərinlədilər. Duyuq düşüb ağacın kəsilən yerinə baxdılar. Hamı bikef oldu. Yaşlı zəvvarbaşı çinarın kəsilən yerindən tökülən suyu görəndə ağladı.
- Ay el, çinar ağlayır, - dedi, - axı bu çinar bizlərə nə pislik edib, onu kəsəni mənə verin, mən onun cəzasın verim.
Kimsə onun qulağına Şirvan bəylərbəylisinin burada olduğunu dedi. Zəvvarbaşı cumub Mücurəddin bəyin qabağında dizi üstə oturdu.
- Bəy, - deyib, - qışqırdı. Sözünü deyə bilmədi, yuxarı baxdı. Nitqi qurudu. Bəylərbəyi kişini öz çadırına apartdırdı. Sərin Nanəli bulağın suyundan verdilər.

***
Qoca üç oğlu ilə gəldi. Hamı qocanı dövrəyə aldı, heç kim, heç nə demirdi. Sakitliyi yenə çinar pozdu. Yarpaqlar şaqqıldadı. Sərinlik hamının üzünü yaladı. Birdən zəvvarbaşı qocanın yaxasından yapışdı.
- Qurban olasan, o bəyə səni necə....
Mücürəddin bəy irəli gəldi.
- Qoca gəlmisən?
........
- Bu qocanın oğlanları sizsiz?
- Bəli.
- Qoca deyirsən ki, bu çinarın balaları o, pöhrələrə görə kəsmisən ki, çinarın balaları böyüsün, elədir?
- Bəli.
Onda sənin də bu oğlanların var. Onlar olan yerdə sən artıqsan. İndi biz də ədalət xatirinə sənin bir ayağını kəsərik, çinar kimi quruyub elə buradaca ölərsən. Yerdən hamı...
- Çox yaxşı fikirdir, ədalətli işdir. Biz bunu tələb edirik.
Bəylərbəyi öz nökərin çağırır.
- Mürşüd bala, Nanəli bulağın torpağından götürmüsüz?
- Bəli, bəy, bir torba (Bəy həmişə başqa yerlərə gedəndə özü ilə torpaq aparırdı. And içəndə o torpağın üstə çıxıb and içərdik. Bu Şamaxı torpağının üstündə and içirəm ki, dediklərimi yerinə yetirəcəm). Torpağı və Nanəli bulağın suyun gətirin. Torpağı bu su ilə xəmir kimi yoğurun. Özü suyu əlinə alıb, ağacın kəsilən yerlərinə əli ilə çiləyir. Hazır palçığı Mürşüd nökərə ağacın kəsilən yerlərinə suva, - dedi. Çadır palazının birini iki yerə yarıb, ağacın yarasına bürüyür. İndi bu ağacın kəsilən yerə kimi torpaqla doldurun deyir. Hamı dırnaqları ilə yeri eşib torpaq çıxarıb, ətəklərinə doldurub ağacın dibinə boşaldır. Az çəkmir ki, ağacın kəsilən yeri torpaqla örtülür. Hamı dərindən nəfəs alır. Oğuz çinarının yarpaqları həyat eşqi vəsf edən bir mahnı çalmağa başlayır. Bu zümzümə çinar kimi hamını yaşamaq həsrətinə qovuşdurur.
***
- Qoca, indi sənin ayağını bu zəvvarbaşı kəsəcək. Hamımız səni ölüncə gözləyəcəyik. Bax, o yerdə də dəfn edib, başdaşını mən Şamaxıdan göndərəcəm. Əmən də o daşa yazılacaq. Razısan?
Qoca dinmədi.
Oğlanlarının hər üçü atasının yanına gəldi.
- Zəvvarbaşı, gəl.
Zəvvarbaşı bıçağını çıxarıb irəli gəldi.
Qoca ağlamağa başladı.
- Bəy, ey bənni insan, səhv eləmişəm, məni...
- Qoca sənin səhvin bir insan ölümü, on insan ölümü olsaydı (çünki insanlar çoxdu, onun yerində qalan var), günahını yüngülləşdirə bilərdik. Sənin günahın bu quru çöldə tək ağacı kəsmək, yüz minlərlə yol yolçusunun ümid yeri, düşərgə evi, dinclik məkanı olan bir ibadətgahı, bir piri öldürməkdir. El desin...
Hamı yerdən:
- Ayağı kəsilsin.
Zəvvarbaşı bir də irəli çıxdı. Bıçağın itilədi.
Qoca nalə çəkib qaçmaq istədi. Tutdular. Bəy dilləndi.
- Onda oğlanlarından birinin...
Qoca dinmədi. Azca sakitləşdi.
Böyük oğlu, Ağakərim irəli gəldi.
- Bəy, atam bizim üçün bir pis ad qazanıb, el ona Ağukərim adını verdi. İkinci bu ağacı kəsməyidi. Bizim hər üçümüzün ayağın kəsin, atamızı yox, eli təmizləyək. Bu torpağı öz qanımızla yuyaq. Axı bu elə də Şamaxı kimi, böyük övliyalar, yaxşı-yaxşı insanlar var, - dedi. Bıçağı zəvvarbaşının əlindən almaq istədi.
- Sən yox, özümüz edərik bunu. Qoy elimizin üstündən bu ad götürülsün. Qardaşların hər üçü bəyin qabağında səcdəyə durdular. - Bizim ayaqlarımızı kəsdir, bəy, - deyib, - günahkar kimi bəyin gözlərinə baxdılar. Ağlamadılar, baxdılar. Qoca cumub ağaca dırmaşdı. Çinarın lap uca budağına çıxdı. İndi hamı ağaca baxırdı. Özün oradan yerə atdı. Bəy tutun dedi:
Tutdu el qocanı, qoydu yerə.
Bəy dilləndi.
- Bax, qoca, el budu. Qacanın oğlanlarını çağırdı irəli. Onların hər üçünün alnından öpdü. - Aparın atanızı, qulluq edin ölüncə, - dedi. Bəy özü də hiss etmədən qocanın oğlanları Ağakərimə, Xankərimə, Balakərimə sağ olun, - dedi və gözləri doldu. Bəylərbəyi çadırına gəldi. Dirsəkləndi dörə.

***
Yuxuda Qasım xanı gördü. Qasım xan ona Namuslu adamsan dedi.
Mücürəddin bəy səhər namazına qalxdı. Yaradandan ədaləti, vicdanı, insafı, bir də insanlığı ondan almama dua etdi. Səhər naharından sonra Mürtülü kəndini eninə-uzununa gəzdi. Mollanı mənim çadırma aparın, - dedi.
Artıq Mürtülü, Muradxan, Sorsor, Karrar kəndlərindən bəylərbəyinin görüşünə mollalar və sayılıb-seçilən insanlar gəlmişdi. Mücürəddin bəy onlarla bir-bir görüşdü. Kəndlər haqqında xeyli sual-cavab apardı. Elin vəziyyətini soruşdu. Qışlaqlardakı vəziyyətlə maraqlandı. Sonra əsas məsələyə aydınlıq gətirdi.
- Qasım xan məni göndərmişdi ki, sizinlə görüşüm. Bu yerlərdə bəylər seçim. Bu kisələrdəki qızıl pulları da verib ki, kasıblara, fəqirlərə, füqarlara paylayım. Ancaq mən burada başqa bir xoş olmayan işlə qarşılaşdım. Odur ki, mən belə qərara gəldim ki, bu dörd kisə qızıl-pula Mürtülü, Muradxan, Sorsor, Karrar kəndlərində məscid tikək. Bu gündən o kəndlərdə məktəb təşkil edək. Məktəbləri hələlik məscidlər hazır olunca mollaların evlərində, sonra isə məscidlərdə açarıq. Alın, bu pulları sizə verirəm. And olsun xana verdiyim sədaqətli andıma ki, özüm də, öz varidatımdan bu işə köməklik edəcəm. Payızda gəlib məscidlərdə namaz qılacam, məktəblərə baxacam. Əvvəl iman, təhsil, sonra bəylik.

***
Bəylərbəyi başına gələnləri Qasım xana danışdı. Xan sevindiyindən yerində otura bilmədi. Ayağa durdu. Gəzişdi.
- Əsl Şamaxılısan, dedi. Elə ona görə də ağır yükləri çatmağa səni göndərirəm. Sən öz ləyaqətini yox, Şamaxı xanının ləyaqətin yüksəltmisən. Bu işlərə görə xan kimi yox, bir Şamaxılı kimi sənə çox sağ ol deyirəm. Demə sən tapşırıqla gedəndə, xanlıq adından and içəndə Şamaxıdan apardığın torpağın üstündə and içirdin ki, xanlığın xalq gözü qarşısında ləyaqətin yüksəldəsən. Ləyaqət xanlıq üçün, dövlət üçün xalq gözündə bir ordudur, - dedi və Mücürəddin bəyi bağrına basdı.
- Xan, mən Şamaxı torpağının üstündə and içəndə özümü güclü bilirəm. Elə
bilirəm ki, onda hamı mənə inanır. İnanmaqsa o işi görüb qurtarmaq deməkdir. Payızda gedəndə bəylərbəyinin adından çinarın kölgəsində bir dərin quyu da özün vurdurarsan.
Bəy Şah küçədəki məsciddə şam namazın qılıb evə çox yüngül getdi. Özü ilə bütün hiylə, fəlakət və bəlalardan uzaq olan təmiz vicdan apardı. O, bu vicdanı bütün xanlıqların nə taxt-tacı ilə, nə də qızıl dolu sandıqları ilə dəyişməzdi.

Redaksiyadan: Bu günlərdə Əvəz müəllimin 75 yaşı tamam oldu. Onu ürəkdən təbrik edirik.