adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 May 2017 21:05
13148
ƏDƏBİYYAT
A- A+

Ağcabədidə ilk məktəb və ilk teatr tamaşası

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Redaksiyadan:

Dövlətçilik tariximiz xalqımızın tarixindən keçib gəlir. Bütövlükdə xalqımızın tarixi isə ayrı-ayrı bölgələrimizin tarixindən bəhrələnərək bütöv bir xalqın tarixinə çevrilir. Deməli, biz dövlətçilik tariximizi bilmək üçün xalqımızın tarixinə üz tutmalı, xalqımızın tarixini tam öyrənmək üçün isə ayrı-ayrı bölgələrimizin, oymaqlarımızın tarixini bilməliyik.
Heç də təsadüfü deyil ki, hər bir bölgəmizin tarixi keçmişini öyrənmək və bugünkü inkişaf yolunun işıqlandırılması, təbliğ olunması üçün hələ ötən əsrin 80-ci illərində Ulu Öndərimizin təşəbbüsü ilə respublikamızın bütün bölgələrində rayon və şəhər "Tarix və diyarşünaslıq" muzeyləri yaradıldı. Beləliklə hər bir bölgə öz tarixi keçmişini, mədəni inkişaf yolunu özü araşdırmağa, təbliğ etməyə nail oldu.
Təbii ki, hər kəs öz yaşadığı yeri, elini, obasını daha yaxşı tanıyır. Ona görə də bizə elə gəlir ki, bölgələrin tarixini əks etdirən hər hansı tarixi kitabın, sorğu materiallarının və yerli ensiklopediyaların hazırlanması işinə alimlərimizlə yanaşı yerli mütəxəssislərində cəlb olunması daha məqsədə uyğundur. Bu baxımdan hələ 1980-ci ilin aprelində Ağcabədidə yaranmış "Tarix və ölkəşünaslıq" (əvvəllər belə adlanırdı) muzeyinin ilk direktoru olmuş yurdsevər yaradıcı ziyalı Şirxan Aranlının (Hüseynov) neçə illərdən bəri ardıcıl olaraq üzərində işlədiyi 1000 səhifəlik "Aran yurdum Ağcabədi" adlı elmi-kütləvi toplusu böyük maraq doğurur. Kitaba rəy yazan Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri professor Asif Rüstəmli qeyd edir ki: "Ş.Aranlının "Aran yurdum Ağcabədi" adlı zəngin arxiv materialları əsasında yazdığı və hazırladığı toplu çoxsaylı sənədlərin, faktların yeniliyi ilə fərqlənir və bu baxımdan tədqiqat işi çox dəyərlidir".
Topluda bir yaşayış məskəni kimi Ağcabədinin və qədim kəndlərinin yaranıb formalaşması, toponimləri, bütövlükdə tarixi keçmişi işıqlandırılır. Ağcabədinin bir rayon mərkəzi kimi təşkil olunması, onun təhsil, səhiyyə və mədəniyyət tarixi ətraflı təhlil olunur. Ağcabədidə ilk məktəb, ilk səhiyyə və mədəniyyət ocağı, onun ilk kadrları haqqında dəyərli məlumatlar verilir. Məlumat üçün bildirək ki, tanınmış elm adamları, dəyərli ziyalılar tərəfindən rəğbətlə qarşılanan bu toplu hazırda öz nəşrini gözləyir.
Topludan bir parçanı oxucularımıza təqdim edirik.

"Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq"

Heydər Əliyev,
Ümummilli lider

Füzuli şöhrətli, Boyat qüdrətli,
Pənah xan hünərli, Həmidə qeyrətli,
Üzeyir nəğməli, Zülfi nəfəsli,
Bu günü yaratmaq, qurmaq həvəsli -
Ağcabədi torpağı!

Nələr yoxdur qucağında bu torpağın! Tariximdə izi qalıb. Sarı Aşığın sözü qalıb:

Ağcabədi duz dağı,
Ceyran gəzər düz-dağı,
Yan keçdin, qıya baxdın -
Çəkdin mənə duz dağı.

Keçdi illər, qərinələr! Çiçək açdı, ətir saçdı bu torpağın hər qarışı! Dünənədək xəsislikdə damğalanan ana yurdum Üzeyirlə ucalaşdı. İnciləri səpələndi yer üzünə, oymaq-oymaq, diyar-diyar. Bu torpağın bərabəri de, harda var?! Bəstəkar da yetirir o, nəğməkar da yetirir o. Şair, alim bəxş eləyir şeirimizə, elmimizə. Elimin də dar günündə Sadiq, Natiq, Etibar tək qəhrəmanda yetirir o.

Gözəl yurdum, gözəllərin gözüsən,
Nəğmələrin çələngisən sözüsən,
Zəfərlərin, yüksəlişin özüsən,
Bu gününə, şöhrətinə tay hanı?
Oymaq-oymaq gəzsəm bütün dünyanı!

Belə əzəmətli bir torpağın tarixini tanıtmaq, varlığını ucaltmaq istəyi, mənim illərlə qəlbimdə qövr edən bir amalın gerçəkləşməsinə zəmin yaratdı.
Ağcabədi doğma Qarabağın ayrılmaz bir parçadır. Ağcabədi deyəndə böyük Qarabağ gözlərimiz önündə canlanır Qarabağ deyəndə onun cənnət guşəsindən biri, Ağcabədi yada düşür. Yurd sevgisi, doğma torpaq təəssübü qəlbimi riqqətə gətirərək məni bu ağır, ağır olduğu qədər də məsuliyyətli və şərəfli bir işi görməyə sövq etdi.
Ağcabədi tarixini araşdırarkən təbii ki, diqqət çəkən məqamlardan biri də rayonun mədəni-maarif tarixidir. Maraqlıdır, qədim yurdun mədəni-maarif sahəsində inkişafı tariximizin hansı səhifələri ilə bağlıdır? Mədəni inkişafın əsas təməl daşı olan ilk məktəb Ağcabədidə nə vaxt açılmışdır? Həmin məktəbin yaradıcısı, ilk müəllim və şagird kollektivi kimlər olmuşdur? Bu məchul sualların sorağı ilə neçə-neçə ağsaqqal babalarımız, ağbirçək nənələrimizlə görüşüb söhbət etdim. Çoxları əsasən eyni fikri söylədi: "Gözümüzü açıb ilk məktəbi Məşədi Şirin bəyin evində görmüşük". Ancaq bu fikrin əleyhinə çıxanlarda tapıldı: "Xeyr, Məşədi Şirin bəyin evindən əvvəl Xəlfərəddin kəndində köhnə məscidin binasında mollaxana məktəbi olmuşdur".
Göründüyü kimi fikirlər, mülahizələr haçalaşırdı. Hansı fikrin daha doğru olduğunu müəyyənləşdirmək çətin idi. Yazılı mənbələrə müraciət etdik. Əlimizə keçən ilk sənəd mərhum həmyerli alimimiz, filologiya elmləri doktoru, professor, hörmətli Şamil Cəmşidin 1976-cı ildə, o vaxt Ağcabədidə çıxan "Surət" qəzetində çap etdirdiyi məqalə oldu. Respublika Əlyazmaları Fondunda işləyən alim arxiv materiallarına əsasən maraqlı bir faktı ortaya çıxarmışdır. Bu Bakıda çıxan "Sədayi-həqq" qəzetinin 22 may 1914-cü il tarixli nömrəsində çap olunmuş Ağcabədi müəllimi Hacı Zalovun məqaləsi idi. Məqalədə yazılırdı:
"Ağcabədi kəndində Ağcabədi işkolasının açılması 33 ildən ziyadədir. O vaxtdan bəri bu işkolada heç bir tiyatro və ona dair olan məclislər olmamışdır. May ayının beşinci gününün gecəsi burada məclis binası qoyuldu. Məclis işkoladakı imarətdə, Məşədi Şirin bəyin evində, Xəlfərəddin kəndində vaqeə oldu: - Bu məclisdə "Xor-xor" məshəkəsi göstərildi.
Axşam saat 8-dən camaat tamam hazır idi. Əvvəlcə işkolanın öz şagirdləri bir yerdə nəğmələr oxudular. Ondan sonra məşhur "Xor-xor" məzhəkəsi göstərildi. Hər kəs öz oyununu yaxşı ifa etdi. İndiyə kimi burada görünməmiş tiyatro işlərindən camaat çox xoşhal və razı oldu.
Çox izdiham var idi. Hətta Şuşa uyezdinin naçalniki Birilkinin və qeyri polis adamları da, var idilər.
Bu ibarətxana ki, ibarət olsun tiyatrodan, camaatı o qədər xoşnud edibdir ki, camaat ikinci dəfə genə bu tövr yaxşı məclisin tərtibini iltimas edir. Bəndə bu işdən boyun qaçırtmıram. Ancaq vaxt təngdir, indi olmasa da, payızda olar. Çünki indi başlanan imtahanlar və qeyri işkol işlərinin zəhməti qoymur ki, gözümüzü açaq".
Ağcabədi işkolunun müəllimi Hacı Zalov.

Məqalədən göründüyü kimi müəllif Hacı Zalovun işlədiyi məktəb müəyyən kollektivə malik, mütərəqqi ruhlu məktəb olmuşdur. O ki qaldı Ağcabədidə mollaxana məktəbinə, bəli, el ağsaqqallarımızın sözü həqiqətdir. Doğrudan da Ağcabədidə Xəlfərəddin məscidində mollaxana məktəbi olmuş, Qara molla (hamı onu belə çağırardı - Ş.A.) orada uşaqlara dini təlim keçmişdir
Tarixdən məlumdur ki, XIX əsrin sonlarına qədər Azərbaycanda təhsil ocaqları əsasən mollaxanalardan və mədrəsələrdən ibarət idi. Mollaxanalar, ibtidai, mədrəsələr isə orta dini ruhani məktəbi sayılırdı. Mollaxanalar demək olar ki, Azərbaycanın hər bir şəhər və rayonunda, hətta iri kəndlərində olurdu. O, əsasən mollaların özünün təşəbbüsü ilə çox vaxt məscidlərdə açılırdı. Dərs deyən molla həftədə, yaxud ayda bir dəfə dərs dediyi şagirdin valideynindən zəhmət haqqı alırdı. Burada demək olar ki, ancaq şəriət dərsləri keçirilir, quran qiraət olunurdu. Adətən mollaxanada ən çox 20-30 şagird olurdu. Onlar yerdə həsir üzərində oturur, dərsi bilməyəndə, yaxud yazı yaza bilməyəndə molla və ya onun "Xəlfə" adlanan köməkçisi tərəfindən döyülür, ayağı falaqqaya salınırdı. Bu həyatı ölməz şairimiz Sabir belə təsvir edir:

Orucu tutdum ramazanda,
Qaldı iki gözlərim qazanda,
Mollam da döyür yazı yazanda.

XIX əsrin sonlarına qədər, hətta XX əsrin əvvəllərində Azərbaycanın demək olar ki, bütün bölgələrində təhsil üsulu belə idi. 1879-cu ildə Qori seminariyasında tatar (Azərbaycan) şöbəsi açıldıqdan sonra onun məzunları yerlərə gedərək Azərbaycanın bir çox yaşayış məskənlərində yeni tipli rus-tatar məktəbləri açdılar ki, həmin məktəblərdə də, dini elmlərlə yanaşı əsasən dünyəvi elmlər tədris olunmağa başladı. Çox güman ki, yuxarıda haqqında bəhs olunan məktəb də belə mütərəqqi ruhlu məktəblərdən biri olmuşdur.
(ardı var)
Şirxan Hüseynov