BAKI KÖÇKÜNÜ

ƏBÜLFƏT MƏDƏTOĞLU
59380 | 2017-05-05 16:23

Bir salavat vaxtıdı

Hə, axır ki, gəlib çatdıq son məntəqəyə. Bu da son! Bu da az qala bir ildi davam edən axtarışların, çəkişmələrin, etirazların, müraciətlərin bəhrəsi. Necə deyərlər, əl ətəkdən uzun oldu. Ona görə uzun oldu ki, əl də, söz də heç bir yana gedib çatmadı. Təsəvvür edin ki, rəfdəki bir kitabı və yaxud ağacdakı hər hansı meyvəni götürmək, üzmək istəyən balaca bir uşaq əlini nə qədər uzadırsa çatmır. Sonra özünü toparlayıb yerindən hoppanır ki, o kitabı, o meyvəni götürsün, dərsin, yenə alınmır. Ayağının altına nə isə qoyur ki, istəyinə qovuşsun, bu da mümkün olmur. Onda əlac qalır başını bulamağa, əlini dizinə çırpmağa, ya da dərindən «eeehhh!!!» eləyib,başqa bir işin ardınca getməyə. Yəni,istəyindən əl çəkməyə...

Bəli, mən də elə həmin o, balaca uşaq kimi haqqın naminə üz tutmadığım, müraciət etmədiyim ünvan qalmadı. Hətta ölkə paytaxtında sözüm eşidilməyəndə Naxçıvana üz tutdum.Orda o ünvanın səlahiyyətlisindən məsləhət, kömək istədim. Çox təəssüf ki, Bakıda olduğu kimi, Naxçıvanda da səsim eşidilmədi. Bilmirəm niyə? Ola bilsin ki, o səs yolda tufana, borana düşüb… ola bilsin ki, o səs xoşa gəlməyib… ola bilsin ki, ümumiyyətlə səsin sahibi kimi,özü də heç kim üçün maraqlı deyil və yaxud da gərəksizdi, artıqdı…

Mən ha fikirləşirəm, ha içimdə vərəqləyirəm özümdə, yazdıqlarımda, danışdıqlarımda cəmiyyətə, millətə, məmləkətə zərər gətirəcək nəsə görmürəm. Doğrudur, adamlar heç vaxt özlərində nöqsan görmürlər. Amma inanın ki, mən bütün zamanlarda edilən iradlarını, göstərilən nöqsanlarını qəbul etmişəm və onlardan uzaqlaşmağa çalışmışam. Bax, bu mənada düşünürəm ki, əgər mənim günahım azərbaycanlı olmağım və Azərbaycanda doğulmağımdısa, bu məndən asılı olmayıb. Və buna görə məni qınamaq heç də doğru deyil. Yox, əgər Dağlıq Qarabağda doğulmaq, ondan öncə isə valideynlərimin Qərbi Azərbaycandan qovulmaq taleyini yaşamaq günahdısa, yenə bunu mən qəbul etmirəm. Və nəhayət, Qarabağdan didərgin düşəndən sonra dörd dəfə sığınacaq itirmək alnıma yazılıbdısa, bunun da günahı həmin o alın yazısının özündədi. Çünki mən Dağlıq Qarabağdan sonra Füzulinin işğalını da yaşadım. Məcbur Beyləqana üz tütdüm. Ordan Bakıya gəldim. Bax, bütün bunlar məndən asılı olmayan bir yoldu, həyatdı, yaşamdı. Olsa-olsa günahımo atılan düşmən gülləsindən yayına bilməyim olub. O güllənin mənə dəyməməsi olub. Buna görə isə kiminsə mühakimə olunduğunu eşitməmişəm. Əgər belə qanun varsa, onda köçkünlərin, qaçqınların hamısı, təbii ki, mən də güllələnməliyəm. Doğulduğumuz yerdə, doğulduğumuz torpaqda şəhid olmadığımız üçün…

İndi həmin bu məqama qədər yazdığım və sizin oxuduğunuz fikrin şah damarına gəlib çatıram. Axı əvvəldə demişdim ki, bu sondu. Və az qala bir ildi ki, yaşadığım, sığındığım, uşaqlarımın, nəvələrimin böyüdüyü evin fatihəsi artıq oxunub. Daha doğrusu, onun kitabı bağlanıb, onu yuyata götürüblər. Və söküntü işlərini aparan adamlar, texnikalar evimin divarının dibində rahatca öz işlərini görürlər. Heç mənə köç də demirlər. Çünki ev öz-özünə artıq çökməyə başlayıb. Necə ki, şam sozalır, bax o cür. Bir vaxtlar yaşadığım məhəllə indi ağır döyüşlər getmiş,mərmilərin göyə sovurduğu bir xarabalığı xatırladır. İnanın ki, gecələr sahibsiz pişiklərin, itlərin səsi adamı vahimələndirir. Və bu vahimə artıq nəvələrimə də təsir etməyə başlayır. Ona görə də burdan köçməyin tədarükünə başlamışıq – Bakı köçkünü kimi…

Dilimizdə, leksikonumuzda qaçqın, köçkün sözü 1988-ci ilin qışından boy atmağa başladı. Daha doğrusu, fevralından. Və biz onda Qərbi Azərbaycandan, Ermənistandan zorən qovulanların halına acıdıq. Köçkünlüyümüzün, qaçqınlığın nə olduğunu gördük, hissetdik. Sonra Dağlıq Qarabağdan, onun ardınca isə Dağlıq Qarabağın ətraf rayonlarından. Və yazarlarımız da, siyasətçilərimiz də, elə sıravi adamlarımız da yavaş-yavaş alışdı «Qərbi Azərbaycan köçkünləri, qaçınları» sözünə… «Qarabağ qaçqınları, köçkünləri» sözünə… Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd, Ağdərə qaçqınları, köçkünləri» sözünə. Sonra ara yavaş-yavaş sakitləşdi. Adamlar adət etdi, vərdiş etdi bu sözə.Alışdıq bütün bunlara. Bu gün isə mənim həyatımda həmin o alışdığım, vərdiş etdiyim, hər gün eşitdiyim, yazdığım sözün bir pöhrəsi də göyərməyə başladı. Baxdım o pöhrəyə… baxdım və ağlıma gəldi ki, sözdən söz doğulur… Bakı köçkünü!

Allah rəhmət eləsin qaçqın, köçkün şair Vahid Əlifoğluna, Sücaətə! Bəhmən Vətənoğluna! Onlar yazmışdı vaxtında qaçqınlıq və köçkünlüklə bağlı misralarını. Hətta Vahid mənə yazmışdı ki, sənin nə ölümün var Bakıda, evinin sökülmək təhlükəsini də yaşayasan. Onad qulaq asmadım Vahidə. İndi həmin o sözü yaman təsir eləyir mənə. Və təsirlənib üzümü onun ruhuna tutub deyirəm ki, haqlıymışsan qardaş, mənim nə ölümüm vardı ki, Bakıda,gəlib Bakı köçkünü də olum?!

Eh, həyatdı da, görünür mən də hardasa, nədəsə birinci olmalıydım. Bax, elə o birincilik Bakı köçkünü olmaq imiş mənim üçün. İndi kirayə ev axtarıram Bakının özündə, ətrafında. Və Bakı köçkünü kimi də içim göynəyir Qarabağ üçün, ölüb qalmadığım, şəhid olmadığım Qarabağ üçün. Həmin o Qarabağ üçün ki, yazdığım hər sözün nəfəsi də, qanı da ondan gəlib keçir… ondan nəyisə götürür, ondan nəyisə deyir…


Əlim daşını öpmür,

Zirvənisə gözlərim…

Mən nə qədər uzaqdan

Baxa-baxa közərim-

Qarabağım, Qarabağ?!


Günlər, həftələr, aylar

Yurd dərdimi sırıyır…

Bürünmüşəm dərdinə

Tay gözlərim quruyur-

Qarabağım, Qarabağ?!


Ahım nədi? - can odu!

İçim yanmaqdan sönüb…

Qaralan ürəyim də -

Artıq kösövə dönüb -

Qarabağım, Qarabağ?!


Günəşin buludlanıb,

Ayın isə tutulub…

Yolunu bulud alıb,

Yoxsa ki, unudulub?!

Qarabağım, Qarabağ?!


***

«Bakı köçkünü Bakıda kirayə ev axtarır». Belə bir başlıqla xəbər yazmaq istədim. Sonra könlümdən keçdi ki, saytlara belə bir informasiya verim. Lap sonra da ağlıma gəldi ki, bir mətbuat konfransı keçirim. Bax, bütün bunların hamısını ağlımdan keçirəndən sonra tamam fərqli bir qərara gəldim. Daha doğrusu, elə bil yuxudan ayıldım. Və öz-özümə dedim ki, əgər səsim, sözüm eşidilmirsə, müraciətimə münasibət bildirilmirsə, Bakı köçkünün kirayə ev axtarması xəbərini kim oxuyacaq, ümumiyyətlə, bu kimə gərək olacaq? Ən yaxşı halda bu, mənim özümün özümə təsəllim, ürəyimi boşaltmağımdısa… kimə gərəkdi bu ürəyin boşalmağı. O da heç kimə!..

Hə, bax, sonu gəlib çatmış evimin son görüntülərini göz yaddaşıma köçürüb elə bir az bayatı, bir az ağı üstündə düşüncələrə dalmaq, 25 il yaşadığım evin hər anını, hər gecəsini, səhərini yaddaşımda təzələmək və nəhayət bu həyətdə əkib böyütdüyüm ağacların bu il dərilməyəcək meyvələrini seyr etmək…

Hə, bunun nə demək olduğunu izah etmirəm və düşünürəm ki, izaha da ehtiyac yoxdu. Bir də ki, mən onsuz da köçə, itirməyə, ağrılara öyrənmişəm. Hətta bütün bunlara görə, hərdən Tanrıma da asi olmuşam. Və ona üz tutub demişəm ki:


Bəndən olmuşam mən bəndən

Açmışam əlimi sənə…

Ya əlimdən tutub qaldır -

Ya göndər ölümü mənə!..


Əzablar ardınca əzab…

Yükümün üstündə yük var

Mən tapa bilmirəm cavab -

Şeytanın üzündə tük var?!


De bu qədər sıxıb bükmək,

Bu qədər imtahan olar?!

Allah adama can verər -

Ya da adamdan can alar!..


Bəndənəm, sənədi yönüm

Duamı göyərt, duamı…

Nəyə istəyirsən dönüm -

Yuvamı göstər, yuvamı!..


***

Həmişə oxuduğum kitab, sevdiyim film, ya da tamaşa başa çatanda qəribə hisslər keçirmişəm. Həm kövrəlmişəm, həm ümidsizləşmişəm, həm də mənə elə gəlib ki, həmin kitabla, tamaşayla, filmlə hər şey bitdi, hər şey qurtadı. Doğrudu, müəyyən zamandan sonra, yəni o hisslərin içərisindən uzaqlaşandan sonra həyat öz axarına düşür. Məndə sadəcə olaraq özümlə gəzdirdiyim, varlığıma hopmuş yaşantımın izləri qalıbdı. Sonra onu hansısa yazılarımda, ya söhbətlərimdə təzələmişəm. Lakin bir şeyə əmin olmuşam ki, qoyulan nöqtə çox şeyə, xüsusilə ürəyə təsir edir. Hətta harasa səfər edib, mənzil başına çatıb, gəzib, görüb qayıdanda belə, özümlə gətirdiyim xoş təəssüratlar belə, məndə bir nöqtə, bir qopub ayrılma fikrini də, hissini də formalaşdırıbdı. Bax elə son etdiyim səfərlər – Trabzona və Naxçıvana ziyarətlərim də eynilə həmin halları məndə təzələyibdi. Elə bilmişəm ki, bu sonuncu səfərimdə və bundan sonra bir də yolum həmin yerlərə düşə, ya düşməyə...

Təbii ki, bu hislərə görə məni qınayan dostlar, doğmalar həmişə bir məqamı xüsusi vurğulayıblar ki, sabahın bu gündən yaxşı olacağını düşün. Onda arxada qalanlar səni bir o qədər də göynətməyəcək. Təəssüf ki, mən qoyub gəldikdərimdən qopub ayrıla bilmirəm. Arxada qalanların yanımda olmasını, hətta bəzən məndən öndə dayanmasını istəyirəm. Bu isə mümkün deyil. Görünür mən mümkün olmayanı istədiyim üçün belə durumlara düşürəm. Yəni gücüm, imkanım çatmayan nələrisə xəyalən istəyirəm, arzulayıram və bu da sonda sabun köpüyü olur. Elə burdaca mütləq xatırladım ki, belə məqamlarda Sən həmişə mənə irad tutub demisən ki, ağlını yoxlat. Mən də axır ki, o irada baş əyməyə məcburam. Ona qədər isə sənə yazıram:


Ürəyimin ipin üzüb anbaan

Sən qoymadın yaşamağa hər günü…

Sevgimizdən söhbət açsam nə zaman -

Gülə-gülə dərddən hördün hörgümü…


Mən o qədər tapdalandım, sıxıldım

Toplanmadım, zaman-zaman çıxıldım…

Neyləyim ki, ürəyimdən yıxıldım -

Hətta özüm tanımadım görkümü…


Mədətoğlu, bəbəyini durultdun

Kirpiyini özün sıxdın, qurutdun!

Sən ağlının duasını unutdun -

Yazdırmağa tapacaqsan gör kimi?!.


***

Yazımın ovqatının necə olduğunu və necə alındığını az-çox hiss edirəm. Və bu yazıya görə, kiminsə əhvalının korlanacağını istəmirəm və heç o niyyətdə də deyiləm. Amma onu demək istəyirəm ki, köçkünlüyün, qaçqınlığın bəlli havasını, bəlli hisslərini təkrar yaşamaq heç də yaxşı hal deyil. Elə bil ki, köhnə yaranın qaysağını qoparıb, qanının axmasına kənardan tamaşa eləyirsən. Heç cəhd göstərmirsən o qanı kəsməyə, o yaranı sarımağa. Çünki laqeydləşmisən, biganələşmisən.Odur ki, sizdən, yəni bu yazını oxuyan hər kəsdən, xüsusilə səndən bir ricam var – çox da ürəyinizə yaxın buraxmayın mənim duyğularımı, hisslərimi. Yaşayın öz həyatınızı və sevin! Bacardığınız kimi, istədiyniz kimi sevin! Bunun üçün mən Sənə həttaand verirəm bu şeirlə:


Darıxmadın mənimçün

Unutdun hətta bir az…

Mən bilirəm səninçün-

İçdən gələndi bu naz!


Xəyalımla əylənib

Səsimlə gün sovursan…

Mənli xatirələri-

Sünbül kimi ovursan…


Özünə təsəllidi

Gördüyün yuxu belə…

Bir ahla vida söylə-

Mən axıb gedən selə…


Darıxmadan heç nəyə-

Öz ürəyini qoru…

"Darıxmayacam!”söylə-

Sən bu,ölənin goru!..


Bəli, deyəsən güldürə bildim sizi. Ovqatınız düzəldisə, Bakı köçkünününruhuna bir salavat çevirin!..



TƏQVİM / ARXİV