adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 May 2017 12:41
23612
KRİMİNAL
A- A+

Masallı polisindən 74 yaşlı qadının ölümü barədə açıqlama: Qətl deyil

Masallı rayonunun Ərkivan kəndində 74 yaşlı qadının ölümü qətl hadisəsi deyil.

Masallı rayon Poliş Şöbəsindən Adalet.az-a bildirilib ki, evində meyiti aşkarlanan 1944-cü il təvəllüdlü Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib:

"Meyit qadının oğlu tərəfindən aşkarlanıb. Gülgəz İsmayılova kənddəki evində övladlarından ayrı - tək yaşayırdı. Bu gün səhər saatlarında kənddə yaşayan oğlu ona zəng vurub, qadının telefonuna cavab verən olmayıb. Oğlu anasının evinə gələndə qapını bağlı görüb, evin pəncərəsini sındırıb evə daxil olanda anasını huşsuz vəziyyətdə görüb. Məlum olub ki, qadın dünyasını dəyişib. Evdə dağınıqlıq yoxdur, oğurluq olmayıb, bütün əşyalar yerindədir. Hətta qadının qulağında və barmağındakı qızıl əşyaları da üzərində olub. Meyitin üzərində də heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hazırda meyit müayinə edilmək üçün məhkəmə-tibb ekpertizasına təqdim edilib. Ekspert rəyindən sonra qadının ölümünün səbəbləri müəyyən ediləcək".

Şöbədən bildiriblər ki, qadın şəkər xəstəliyindən əziyyət çəkirmiş və ölümün də bu səbəbdən baş verməsi ehtimal edilir.

Faktla bağlı Masallı rayon Polis Şöbəsi və rayon prokurorluğunda araşdırma aparılır.