adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 May 2017 16:24
17811
ƏDƏBİYYAT
A- A+

Yaz yağışının melodiyası

Mayın ilk həftəsindəyik. Bu gün şəhərimizə yaz yağışı yağır. Sərçələrin cikkildəşməsini eşidirəm. Pəncərənin şüşəsini dimdikləyir. Barmağımın arasından közərən siqaretdən qullab vurub, pəncərəni açıram. Sərçə keflənmiş ağacaqanad kimi yavaş-yavaş zirzəmi olan yerə uçur. Pəncərədən dünya möhtəşəm görünür. 

Bulud parçaları boz rənglərin fonunda dumanlı dağları xatırladır. Səkinin yanı ilə sıra-sıra düzülmüş yam-yaşıl çinar ağacları yarpaqlarından yağış suyunu küçələrə yayır. Mülayim külək isə çılpaq qollarından, boynundan qıdıqlayır səni. Yolda şütüyən maşınlar ağır-ağır yağış suyu ilə yuyunurlar. Başımı qaldırıb daha da yuxarı, göyüzünə tamaşa edirəm. Yağış damcıları üzümə, gözümə sürətli şəkildə düşürlər. Sanki Amazon meşəsində zəhərli həşaratların hücuman məruz qalırmışam kimi.

Küçənin o tinindən nimdaş geyimli adam, əlində əsası ilə yağışın altında addımlayır. Başında kepkası görünmür. Gözləri eyni nöqtəyə zillənib. Düşünürəm ki, yəqin, bu adam üçün həyat çoxdan bitib. Kim bilir, ömründə nə qədər yağışlı gün yaşayıb?! 

Kameranı başqa bir tərəfə tuşlayıram. Səhv başa düşməyin kamera deyəndə gözlərimi nəzərdə tuturam. Aha, tilova bir adam da düşdü. Sən demə düz gözümün qabağında imiş. Məktəbin kandarında köhnə-kürüş, lazımsız kitablar satır. Başında qalın, ala-boz papaq, əynində çəhrayı rəngli kurtka var. Gözlərində itmiş bir tale hiss olunur. 

Yağış sürətini azaldır. Quşların cikkiltiləri daha aydın eşidilir. Torpaqdan gələn yağışın qoxusu otağımıza yayılır. Barmağımda sönmüş siqaret giləsi küləyin toxunuşu ilə, rəqs edə-edə otların üzərinə düşür. Əllərimi indi hiss edirəm. Qəfil başıma sular tökülür. Öz-özümə sevinirəm: urraa yağış yenidən başladı. Saçlarımdan süzülən damlalar dodaqlarıma toxunur. Ətim ürpəşir, sifətimi turşuduram. Sən demə, yuxarı qonşu paltar asıb. Tüpürə-tüpürə donquldanıram. Gözümü ovuşdurum, açıram ki, günəş ağacların içindən bərq vurur, gülümsünür. Aynadakı əksimi görüb, uğunub gedirəm.