adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 May 2017 13:45
16924
ƏDƏBİYYAT
A- A+

ADU-da Anarın ingilis dilinə tərcümə edilmiş kitablarının təqdimat mərasimi keçirilib

Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə universitetin İnformasiya Resurs Kompleksində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, ssenarist, Xalq yazıçısı Anarın ingilis dilinə tərcümə edilmiş və "Azerbaijan International” jurnalının təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarında iki cilddə nəşr edilmiş "Dantenin yubileyi” və "Otel otağı” kitablarının təqdimat mərasimi keçirilib.

Açılış nitqi ilə çıxış edən ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, dosent Fəridə Səfiyeva Anarın yazıçı, publisist, ictimai xadim, dramaturq kimi tanındığını və 60-cı illərin ədəbi mühitində yetişən yaradıcı nəslin öz dəst-xətti ilə seçilən nümayəndələrindən biri olduğunu vurğulayıb. F.Səfiyeva onun əsərlərində müasirliklə soy-kökə bağlılıq məsələsinin vəhdət təşkil etdiyini bidirib.

ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev məşhur yazıçının yaradıcılığına həsr olunan tədbirin universitet həyatında mühüm hadisə olduğunu bildirib. O, gözəl yazıçı, unudulmaz filmlərin ssenari müəllifi, görkəmli ictimai-siyasi xadim kimi tanınan Anarın zəngin yaradıcılığının ölkəmizin hüdudlarından kənarda da sevildiyini bildirib. Ə.Abdullayev yaradıcı fəaliyyəti ilə seçilən yazıçının müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutduğunu vurğulayıb. Yazıçının "Sizsiz” adlı əsərindən bəhs edən professor onun məzmunu haqqında danışaraq bu əsəri daha çox bəyəndiyini qeyd edib. Ə.Abdullayev yazıçının kitablarının xarici dillərə, xüsusilə ingilis dilinə tərcümə olunmasını ədəbiyyatımızın dünya miqyasında təbliğ edilməsinə töhfə kimi qiymətləndirib. Professor kitabların tərcümə olunmasında əməyi keçən ADU-nun prorektoru Jalə Qəribovaya, Sevinc Seyidova və Aida Hüseynovaya dərin minnətdarlığını bildirib, yazıçıya fəaliyyətində uğurlar arzulayıb.

İkicildliyin tərtibçisi və redaktoru, "Azerbaijan International” jurnalının baş redaktoru Betti Bleyer çıxış edərək təqdimatı keçirilən kitablar haqqında məlumat verib və yazıçının yaradıcılığını yüksək qiymətləndirib. O, Anarın müstəsna səviyyədə gözəl əsərlər yazdığını və həmin əsərlərin dünya səviyyəli ədəbiyyat nümunələri olduğunu söyləyib.

ADU-nun müəllimləri Fialə Abdullayeva və Vəfa Əliyeva görkəmli yazıçının dünyaya yaşayıb yaratmaq üçün gəldiyini, onun yaradıcılığında Azərbaycan xalqının müdrikliyinin və canlı dilin öz əksini tapdığını qeyd ediblər.

Sonda Anar tədbirin keçirilməsinə görə ADU rəhbərliyinə dərin təşəkkürünü bildirib. O, ilk dəfə olaraq ikicildlik əsərinin ABŞ-da ingilis dilində nəşr olunmasının ona xoş olduğunu bildirib və bunun ölkəmizin tanınması baxımından əhəmiyyətini ön plana çəkib. Xalq yazıçısı təqdimatı keçirilən kitabların ərsəyə gəlməsində əməyi keçən hər kəsə xüsusi minnətdarlığını bildirib.

AYB-nin üzvlərinin və ADU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüş müzakirələrlə yekunlaşıb.