adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 May 2017 15:54
19966
MƏDƏNİYYƏT
A- A+

Kuklaçı aktyorun yubileyi keçiriləcək

Zəngin yaradıcılıq yolu keçən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının inkişafında özünəməxsus rolu olan aktyorlardan biri də həyatının 40 ildən artıq bir dövrünü bu sənət ocağına bağlayan 60 yaşlı həmişəcavan kuklaçı, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovdur.

Mayın 5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılığı ilə Azərbaycan Dövlət Kukla Teatrında sənətkarın 60 illik yubileyinə həsr olunmuş "85 yaşlı teatrın 60 yaşlı aktyoru” adlı gecə keçiriləcək.

Teatr ictimaiyyətinin, mədəniyyət və incəsənət xadimlərinin, teatrsevərlərin iştirak edəcəyi tədbirdə aktyorun uzunmüddətli yaradıcılıq yoluna nəzər salınacaq. Onun aktyor tərcümeyi-halını əks etdirən çarx nümayiş olunacaq, ona tamaşaçı rəğbəti qazandıran tamaşalarından səhnəciklər nümayiş olunacaq.

Qeyd edək ki, kukla sənətini sevən və ümumilikdə çalışdığı teatrın geniş tamaşaçı auditoriyasına tanıdılmasında özünəməxsus əməyi olan aktyor 1974-cü ildən həyatını Azərbaycan Dövlət Kukla Teatrına bağlayıb. Obrazın xarakterini tam açmaq üçün söz-hərəkət-musiqi vasitələrinin vahid kompozisiyada birləşməsinə məharətlə nail olan aktyorun teatrda yaratdığı müxtəlif xarakterli obrazlar buna bariz misaldır. Xalq yazıçısı Anarın «Qaravəlli» tamaşasında Balaqədeş, Tofiq Kazımovun «Qoçaq Polad» tamaşasında Balıqçı, Mirzəağa Atəşin «Cırtdan» tamaşasında Div, Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div və Qədeş, Tofiq Mütəllibovun «Meşə nağılı» tamaşasında Təkgöz kişi, Hikmət Ziyanın «Əkiz qardaşlar» tamaşasında Səfər, Rəhman Əlizadənin «Sindibadın xoşbəxtlik adasına səyahəti» tamaşasında Oğru, Əli Səmədlinin «Əzablı günlərin sonu» tamaşasında Qoca zənci, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Balaqan sahibi, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Canavar, Nicat Kazımovun «Ələddin» tamaşasında Şah, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Şah rollarını ifa edib. Bu mənada Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşasında Məşədi İbad, Azərbaycan xalq nağılları əsasında hazırlanmış "Ağ babanın nağılı” tamaşasında Ağ baba, Samuil Marşakın "Pişiyin evi” tamaşasında Nağılçı, Abdulla Şaiqin "Tıq-tıq və Taq-taqın nağılı” tamaşasında Siçan, Şarl Perronun "Çəkməli pişik” tamaşasında Şah və başqa bu kimi onlarla obrazı ona böyük tamaşaçı sevgisi qazandırıb.

Rəhman Rəhmanov 2006-cı ildə mono tamaşalar festivalında Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm» tamaşası ilə iştirak edib və «Qızıl Dərviş» mükafatı laureatı olub. Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb, Prezident mükafatçısıdır.