adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 May 2017 12:05
13056
ELM VƏ TƏHSİL
A- A+

İş dünyasının tanınmışları UNEC tələbələri ilə görüşür - FOTO

Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Adalet.az-a verilən məlumata görə, görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər.

Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət qiymətləndirən diplomat tələbələrə karyerasına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini də verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün universitetdə əldə etdiyikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. Səfir tövsiyyə edib ki, iş adamlarının paylaşdıqları təcrübələri tələbələr bir fürsət kimi dəyərləndirsinlər.

UNEC-in prorektoru, professor Damət Bağırov UNEC-də həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, son illər universitet iş adamları ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirir. Onlarla mütəmadi görüşlər keçirilir, tədris proqramları və fənlərinin hazırlanmasında iş adamlarının təklif və tövsiyələri dinlənilir. UNEC-də praktiki fənlərin tədrisinə üstünlük verilir, müasir tələblərə cavab verən fənlər tədris olunur. İş dünyasının sıx əməkdaşlığı universitetin tədrisini daha səmərəli etməklə yanaşı, kadr problemlərinin həllində də müsbət rol oynayır. D. Bağırov iş adamlarını UNEC-lə daha sıx əməkdaşlıq etməyə dəvət edib və 5 gün davam edən müzakirələrin faydalı olacağını bildirib.


ATİB sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə qarşılıqlı əməkdaşlığının vacibliyindən danışıb. Bildirib ki, müasir tələblərə cavab verən kadr hazırlığı universitet - iş dünyası əməkdaşlığını zəruri edir. Bu baxımdan ali təhsil müəssisələri və iş dünyası münasibətlərinin inkişaf etməsində belə görüşlər böyük əhəmiyyət kəsb edir.


5 gün davam edəcək görüşlər Türk Dünyası İşlətmə Fakültəsi, Biznes və Menecment Fakültəsi və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.