adalet.az header logo
  • Bakı 12°C
29 Aprel 2017 09:32
3504
GÜNDƏM
A- A+

DAĞLARDAN GEDƏN ƏSGƏR

Həmzə Vəliməmmədov,
əməkdar jurnalist

Cəngəmiran Lerikin abad kəndidir. Abidələri bu obanın qədimliyindən xəbər verir. Mineral bulaqları, nadir ağaclı meşələri, bərəkətli torpağı əcnəbi səyyahların diqqətini cəlb edib. Bu diyara üz tutub arxeoloji qazıntılar aparıblar. Fransız yazıçısı Aleksandr Düma kəndin əsrarəngiz təbiətini, cəsur övladlarını "Qafqaz səfəri" əsərində qələmə alıb.
Kəndin girəcəyində əzəmətli abidə ucalır. Ziyalıların təşəbbüsü ilə İkinci Cahan müharibəsinin veteranlarının şərəfinə tikilib. Mərmər lövhədə cəbhəyə gedənlərin adları həkk olunub. Yolu buraya düşənlər ayaq saxlayıb dünyasını dəyişənlərin xatirəsini yad edirlər.
Müharibə veteranlarından söz düşəndə Sultan Əlican oğlu Mirzəyev də ehtiramla xatırlanır, keçdiyi döyüş yolundan, cəbhədən qayıdandan sonra elinə-obasına xidmətindən danışılır.
...1942-ci ilin yayı yenicə girmişdi. Dəniz kimi dalğalanan zəmilərdə bol məhsul yetişmişdi. 19 yaşlı Sultan "Qızıl əsgər" kolxozuna ikinci ildi üzv yazılmışdı. Xırmanda dərzləri tayaya vururdu. Kolxozçular gecəli-gündüzlü orağın qulpundan yapışmışdılar, taxılı itkisiz yığırdılar. İlk məhsul cəbhə üçün yola salınırdı.
Biçinin qızğın çağında Sultanı hərbi komissarlığa çağırdılar. Şəhri xala oğluna qoşulub rayon mərkəzinə getdilər. Həyət adamla doluydu. Analar övladlarını yola salmağa gəlmişdilər. Növbə Sultana çatdı. Ana-bala qucaqlaşdılar. "Sağ-salamat qayıt" deyə Şəhri xala cuna yaylığının ucu ilə gözlərini sildi.
Sıravi əsgər Sultan Mirzəyev 216-cı diviziyasının 4-cü briqadasına düşdü. O, üç ay hərbi təlim keçdi, döyüş silahları ilə tanış oldu. Qara dəniz sahillərində döyüşə girdi. Diviziya düşməni Mozdokdan sıxışdırıb çıxarmaq əmrini almışdı. Alay itkilər verə-verə irəliləyirdi.
Düşmən qərargahı Sultanın xidmət etdiyi hissənin yaxınlığındaydı. Əsgərlər hitlerçiləri müşahidə altına almışdılar. Gecədən xeyli keçmiş hücum əmri alındı. Bu, düşməni çaş-baş salmışdı. Sultan və onun döyüşçü dostları hünər göstərdilər. Döyüşdən sonra hissə komandiri Şəhri xalaya yazırdı. "Döyüşçülərimiz oğlunuz Sultanla fəxr edirlər. Azərbaycan balaları qəhrəman olurlar. Sizə və sizin şəxsinizdə bütün azərbaycanlı analara "çox sağ olun" deyirik. Sizə daha bir şad xəbər verə bilərəm: oğlunuz şücaətinə görə III dərəcəli Şöhrət ordeninə layiq görülmüşdür".
Ağır döyüşlərin birində Sultan azərbaycanlı dostu Mirhəsəni itirir. Son nəfəsində Mirhəsən üzünü həmyerlisinə tutub: "Sultan, mənim əvəzimdə də vuruşarsan" deyir. Tabut məzara endiriləndə Sultan yağılardan qisas alacağına and içir. Döyüşçü dostları ona qoşulub yaylım atəşi açırlar.
Krasnodar vilayətinin Timiryuq şəhəri almanların əlinə keçmişdi. Ətraf qalın qamışlıqdı, bataqlıq keçilməzdi, yollar minalanmışdı. Bu yerlərə bələd bir adam tapıldı. Döyüşçülər onun köməyi ilə hərəkətə gəldilər. Düşmənin gözləmədiyi tərəfdən hücum başlandı. Sərrast zərbələrə dözə bilməyən hitlerçilər geri çəkildilər. "Bolşevik" cəbhə qəzeti bu döyüşdə Sultan Mirzəyevin igidliyi barədə yazmışdı: "Düşmənin əks hücumunu dəf edənlər arasında S.Mirzəyev də vardı. Onlar hitlerçilərin qoruduqları evə girmiş, zirzəmiyə bir neçə əl qumbarası atmış, oranı faşistlərin məzarına çevirmişlər". Bu əməliyyatda fərqləndiyinə görə Sultan Mirzəyev SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə III dərəcəli "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Həmyerlimiz inanırdı ki, gec-tez düşmən yuvasına qədər qovulub məhv ediləcək. Belə də oldu. Onun döyüş yolu Ukraynadan, Belorusiyadan, Polşadan, Çexoslovakiyadan keçdi. Qələbəni Berlində, Reyxstaq divarları önündə qarşıladı. 1946-cı ilin payızına kimi hərbi xidmətini davam etdirdi. Tərxis olunandan sonra doğma kəndinə döşü orden və medallı qayıtdı.
Sultan Mirzəyevin kəndə döndüyü gün mənim də yadımdadır. Gözaydınlığına gələnlər Şəhri xalanın xalça, kilim sərilmiş kiçik bağına yığışmışdılar. Qurban kəsilmişdi, süfrə açılmışdı. Kolxozun sədri Kəlbi əmi məclisin başında oturmuşdu. Döyüşçü cəbhə xatirələrindən danışır, azad etdikləri ölkələrin adlarını çəkirdi, döşündəki orden və medalları harada aldığını yada salıb köks ötürürdü.
Cəbhədə sürücülük peşəsinə yiyələnmiş Sultana kolxozda yük maşını verdilər. Payızda səpinçilərin, qışda fermada, yayda biçinçilərin yanında olurdu. Təsərrüfatda təcrübəli maşın ustası kimi tanındı. Yatmış maşınları, traktorları ayağa qaldırdı. Peşəsini neçə-neçə cavana öyrətdi. Düz 20 il sükan arxasında oturdu, müharibə və əmək veteranı kimi təqaüdə çıxdı.
Sultan Mirzəyev həm də bacarıqlı bənnaydı. Altmışıncı illərdə atasından qalmış köhnə evi söküb yerində yığcam bir bina tikdi. Ömür-gün dostu ilə səkkiz övlad böyütdü, oxutdurdu. Qızlarını gəlin köçürtdü, oğlanlarını evləndirdi. Nəvə-nəticələrinin sayı yaşından çox oldu.
"Zəhmətli iş şirin olar" deyirdi. Ahıl çağında bağ-bağça salmaqla məşğul idi. Həyətində meyvə tingləri yetişdirib qonşulara da bağışlayırdı. Kənddəki bağlarda onun yadigarları qalıb. Meyvəsini dərənlər ruhuna dualar oxuyurlar.
Bir neçə dəfə Qələbə bayramı ərəfəsində Sultan Əlican oğlu ilə görüşüb onu təbrik eləmişdim, cəbhə xatirələrini qələmə almışdım. Deyirdi ki, Berlinin cənub-şərqinin alınmasında göstərdiyim şücaətə görə hissəmizin komandanlığı məni I dərəcəli Şöhrət ordeninə təqdim eləmişdi. Xidmət müddətində təltifin elan olunmasını çox gözlədim. Doğma diyara dönəndən sonra Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə məktub yazdım. Təqdimatın doğruluğunu təsdiqlədilər. Həm də bildirdilər ki, siz ordeni alacaqsınız...
Sultan Mirzəyev ürəyi yuxa adam idi. El-obasının sevincinə sevinər, qəm payından qəm alardı. Çətin gündə qonum-qonşuya həyan olardı, əl uzadardı. 2000-ci ildə ömür karvanı başa çatdı. 77 bahar yaşadı.
Mirzəyevlər ailəsi bu yaxınlarda Rusiya prezidentinə müraciət ediblər, üçüncü Şöhrət ordenini səbirsizliklə gözləyirlər. O gün gələcək eloğlumuzun ruhu da şad olacaq.