adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Aprel 2017 20:00
6216
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt yolunun bir ildir təmir olunan hissəsi açıldı

Bir ildən çoxdur ki, təmirə bağlanan Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi istifadəyə verilib. Təmir-bərpa işləri Ceyranbatan qəsəbəsindən Bakı şəhəri istiqamətində təqribən 1 km-lik hissədə aparılıb.

Bu barədə Adalet.az-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilib, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılıb, yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton tökülüb.

Xatırladaq ki, Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi ötən il may ayının sonlarından təmirə bağlanıb. İnşa işləri ləng getdiyindən bu yoldan istifadə edən sərnişinlərin böyük narazılığına səbəb olmuşdu. Sərnişinlər həmin ərazidə günlərlə heç bir texnikanın işləmədiyini bildirirdilər. Təmirə bağlanması səbəbindən Bakı-Sumqayıt yolu ilə intensiv hərəkət edən maşınlar burada tıxac yaradır, qəsəbəyə dönən maşınlar da bir yandan yolu bağladığı üçün hərəkət iflic olurdü. Xüsusən hər gün pik saatlarda yol keçilməz olurdu.

Qeyd edək ki, Bakı-Sumqayıt yolu 2006-2009-cu illər ərzində inşa edib. O zaman şirkət bu yolun 30 il müddətində dağılmayacağını, bu müddət ərzində fasiləsisiz istismar ediləcəyini bildirmişdi. Ancaq təxminən 3 il sonra - 2012-ci ildən Bakı-Sumqayıt yolunda müxtəlif yerlərdə çökmə, qabarma və dağılmalar başladı.