adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2017 15:05
27781
ƏDƏBİYYAT
A- A+

RAMİZİN KİTABINA İSTİ BİR SÖZ

Bəzən yeni işıq üzü görmüş kitab barəsində söz yazanda, fikir bildirəndə daxilən bir həyəcan yaşayıram. Necə deyərlər, özümü o kitabın ruhuna, o kitabı öz ruhuma kökləmək, hopdurmaq üçün doğrudan-doğruya ölüb dirilirəm. Bu da səbəbsiz deyil. Çünki elə kitab, elə şeir, elə nəsr əsəri var ki, onu oxuyanda sanki özümü oxuyuram, sanki özüm yazmış olduğum nəyisə təkrar vərəqləyirəm. Bu anda da həmin oxuduğuna bildirəcəyin münasibət elə mənim özümə bildirəcəyim münasibət kimi ortaya çıxır. Özü də adamın özünün özü haqqında yazmasının çətinliyi nə boydadı bunu yəqin ki, təxmin edirsiniz…

Bəli, mən qələm dostlarımın sözünü, imzasını həmişə izləyirəm. Və onların hər təzə sözü məni sevindirir… Hər təzə kitabı evimin dəyərli hədiyyəsi olur. İndi barəsində yazmaq istədiyim kitabı mənə müəllif hədiyyə etməyib, bir dost bağışlayıb. Və mən də bu kitab barəsində artıq informasiyalar almışdım. Ona görə də kitabı böyük həvəslə qəbul etdim. Və həmin o vaxtdan təqribən 20 gün ötüb… Və bu 20 gündə mən ən azı 20 dəfə bu kitabı gözdən keçirmişəm. Hər dəfə gözdən keçirəndə də oxuduğum şeirlərin təsiri altında duyğulanıb, xəyallanıb çıxıb getmişəm Bakıdan. Elə bu kitabda deyildiyi kimi, məni mələklər aparıb üzü Qarabağa, gedib görmüşəm ki, vətənim burda, şairin dediyi kimi:

Düşməndən dərs yükü alıb,

Dərsinə daldığım Vətən.

Qarabağda iki alıb,

Sinifdə qaldığım Vətən…

Hə, indi özünüz fikirləşin, Qarabağda iki alan vətənin övladı mələklərin gətirdiyi bu Qarabağda hansı hissləri keçirə bilər? Hansı duyğuların əsiri ola bilər?.. Mən heç nə deyə bilmirəm. Əslində demək istədiyimi ifadə etməyi bacarmıram. Ona görə də sadəcə susuram. Susduğum məqamda da saz dili yadıma düşür. İstəyirəm ki, elə saz dilində danışıb saz dilində oxuyum. Çünki:

Doyub alın yazım, alın tərimdən,

Qarası ağıyla qoşa tökülür.

Asmışam vətəni kirpiklərimdən,

Gözümdən Xocalı, Şuşa tökülür.

Bax, buna görə saz dilinə könül verirəm… bax, buna görə sazın, sözün hikmətinə əsir düşürəm. Çünki öncə məni susduran məqam sonra saz dilində danışdırır və bunun ardınca da içimdən gəlib keçir:

Əyri əldən düşüb, düz ölən deyil…

Ölən mən özüməm, söz ölən deyil.

İlahi, bu millət düzələn deyil?

Ölüb bu torpağın altından keçdim…

Yenə qayıdıram Qarabağda iki alan vətənə. Ona görə ki, həmin ikini həm də bu millət alıb. Düzələ bilməyən, düzəlmək istəməyən, düzəlməyinə özü pəl vuran millət. Ona görə də əlimdən heç nə gəlməsə də dilimdən qopub sözə çevrilənləri kağıza köçürürəm. Bəlkə kimsə oxudu.

Ürəyə ocaq dedim,

Aç oda qucaq – dedim.

Dünəndən qaçaq dedim,

Zaman tutdu əlimdən.

Bu bəndi ona görə diqqətinizə təqdim etdim ki, bəlkə şair demiş, zaman əlimizdən tutdu və biz də o ikinin qisasını aldıq… və biz də bəlkə düzəldik.


İçimdən keçir bu dediklərim, bu yazdıqlarım. İçimdən keçəni də şairin sözlərinin içindən götürürəm. Düşünürəm ki, köçürdüyüm və özümdən keçirdiyim sözlər, duyğular ola bilsin ki, kimlərinsə ürəyinin qapısını döydü… kimlərinsə yatmış yaddaşını kilidlədi. Və oyanıb öz-özünə pıçıldadı:

Söz üyütdüm bu dərd dənnən,

Un urvaynan, kəpək çənnən.

Hər göynəyən keçmir mənnən,

Duz basıb göynədək keçir.

Gördünüzmü, mən haqsız demirdim… mən yersiz demirdim… mən gerçəyi deyirdim. Ancaq bizim ayrı-ayrılıqda ağrıyan. Göynəyən yerimiz bizi düşündürür, bizi tərpədir. Əgər günlərin birində Qarabağda iki alan Vətən hamımızın göynəyən, ağrıyan yeri ola bilsə, onda biz o ikinin qisasını alacağıq. Yox, bu baş verməsə, onda yenə bu misralara üz tutacağıq.

Gül küləyi bağışlasa,

Göy mələyi bağışlasa.

Daş lələyi bağışlasa,

Məni bağışlama ürək.

Şairin bu arzusu düşünürəm ki, yerdə qalmayacaq. Ona görə ki, bizim hamımızın günahı da var, günahın bağışlanması istəyi də. Təəssüf ki, bəzən bu istək içdən gəlmir. Ona görə də adicə bir pıçıltıya, bir budaqdan qopub düşən yarpağa çevrilir. Onun da nəticəsi təbii ki, səssizlik, ümidsizlik olur. Mən bu sətirləri yazarkən gözümün qabağında şəhərin küçələrini ölçən adamlar gəlib dayandı. O adamlar ki, heç nəyin fərqində deyillər. Fərqində olmadıqlarından da görkəmlərindən tökülən laqeydlik adamı yorur. Elə sən də, elə mən də həmin adamlara baxıb düşünürük, görəsən:

Nə toya diksinir, nə yasa damlar

Tüstüsü başından ulayıb keçir

Göyərir yolunda kol-kos adamlar,

Adamlar kefimi dalayıb keçir…


Yəqin ki, bu adamlara nə desən, nəyi andırmaq, qandırmaq istəsən fərq etməyəcək. Ona görə də yenə üz tutmalı olursan ürəyinə və ürəyindəki sevgiyə. Deyirsən ki,


Əlimə alınca əlim qurudu,

Qurudub göndərmə bənövşələri.

Nəfəsim qurudu, dilim qurudu,

Qurudub göndərmə bənövşələri.


Çatmadım bu il də yaza bilirəm,

Darıxa bilirəm, susa bilirəm.

Özüm quruyanda dözə bilirəm,

Qurudub göndərmə bənövşələri.


Əl saxla, dər saxla, təzə-tər saxla,

Çıxart ürəyimi, üstə sər, saxla.

Mənə də ölməyə bir az yer saxla,

Qurudub göndərmə bənövşələri.


Bütün bu şeir nümunələri və əslində mənə dünənimi, bugünümü yaşadan pıçıltılar şair dostum Ramiz Qusarçaylının «Gedəsən dünyanın axırınacan…» kitabından götürülüb. Və yazımın əvvəlində də bu kitabın yenicə dünyaya gəldiyini sizə xatırlatmışdım. Yazımın sonunda isə demək istəyirəm ki, Ramiz Qusarçaylının poeziyasını sevən bir oxucu kimi bu kitaba görə çox sevinirəm. Və elə həmin o sevinc notları içərisində hər şey gözümə təzə tər, doğma göründü. O görüntünü də Ramizin misralarıyla şəklə çevirirəm. Yəni görüntülü şəklini çəkirəm.

Kimə daş ömrüdü, kimə gül ömrü,

Bilmirəm çiçəkdi, xəzəldi dünya.

Kənardan baxanda içi görünmür,

Kənardan baxanda gözəldi dünya.

Ramiz, qardaşım, sənin dünyana içəridən də, çöldən də, lap elə min ağac kənardan da baxsaq, yenə onun gözəlliyi öz çalarlarıyla, öz naxışlarıyla, öz ilmələriylə ruhumuzu oxşayacaq. Sadəcə, baxanın içində səni duya biləcək, sənin odundan alışa biləcək bir ürək olmalıdı. Əks halda, sənin dediyin kimi, o elə kənardan baxa-baxa çıxıb gedəcək. Mən də baxa-baxa çıxıb getməmək üçün bir də sənin misralarına üz tuturam. Demək istəyirəm ki, mən sənin poeziya çələngindən doymadan gedirəm və

Dağ canım

çay qanım bilirəm,

yolları adımdan silirəm

Allahım, yanına gəlirəm

Gedirəm, bu yerdən gedirəm.

Hə, sən isə heç yerə getmə, elə öz dünyanda ol. Biz, səni oxuyanlar, səni duyanlar ora gələcəyik.

Əbülfət MƏDƏTOĞLU