adalet.az header logo
  • Bakı 21°C
27 Aprel 2017 19:05
11593
SİYASƏT
A- A+

Deputat: AŞPA-nın Türkiyə ilə bağlı qərarı ikili standartların təzahürüdür

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəni yenidən monitorinq altına salmaqla bağlı qərarını qərəzli, eyni zamanda ikili standartların təzahürü kimi qiymətləndirirəm.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, Türkiyə demokratik dövlətdir: "Türkiyənin özünün rəhbərliyi də var, xalqı da. Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan dövlət maraqlarını nəzərə alaraq Türkiyəni inkişaf etdirib, güclü, nüfuzlu bir dövlətə çevirib. Türkiyənin bu gücünün, nüfuzunun artmasından təşvişə düşən, qıcıqlanan Avropa dövlətləri heç vaxt istəmirlər ki, müsəlman Türkiyəsi güclü söz sahibinə çevrilsin. Ona görə də, hər yolla Türkiyəyə mane olmağa çalışırlar. AŞPA-nın bu qərəzli qərarı da qısqanclıqdan irəli gəlir”.

Deputat qeyd edib ki, Avropa Türkiyəyə verdiyi vədi də yerinə yetirmir: "Avropa İttifaqı və digər beynəlxalq qurumlar artıq xristian evi olduqlarını sübuta yetiriblər, Türkiyəni ora buraxmaq fikrində deyillər. Amma Türkiyə miqrantlarla bağlı vədinə əməl edir, çalışır ki, bütün problemlər danışıqlar, sülh yolu ilə həll olunsun”.

B.Sadıqov əlavə edib ki, Türkiyə xarici və daxili siyasətində ilk növbədə dövlət və xalq maraqlarını rəhbər tutur: "AŞPA-nın bu cür qərarları ilə Türkiyəyə təzyiq göstərmək, onu öz yolundan döndərmək olmaz. Ümumiyyətlə AŞPA ikili standartlarla fəaliyyət göstərən bir qurumdur. Azərbaycan da 16 ildir AŞPA-nın üzvüdür. Biz çox ümidlər bəsləyirdik ki, AŞPA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bir ədalət nümayiş etdirsin, işğalçını çəkindirsin, BMT-nin 4 məlum qətnamələri əsasında bu münaqişənin həllinə çalışsın. Amma heç bir addım atmayıb, hətta özündə bir cəsarət tapıb Ermənistana işğalçı dövlət deməyib, bir dəfə Ermənistana AŞPA-nın tribunasından çağırış edilməyib ki, siz öz qoşunlarınızı başqa ölkə ərazisindən, işğal zonasından çıxarın. Əgər söhbət ədalətdən, insan hüqularından, beynəlxalq konvensiyalardan, demokratiyadan gedirsə, qoy Avropa Şurası bunu hamıya tətbiq etsin. Necə olur ki, erməni işğalı nəticəsində Azərbaycanda bir milyondan artıq insanın bütün hüquqları pozulur, amma AŞPA bu haqda heç nə danışmır?”.

Qeyd edək ki, dünən AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.