adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Aprel 2017 22:50
18161
LAYİHƏ
A- A+

Cansız təbiətin canlı təsviri

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Rəssamın ecazkar fırçası ilə yaratdığı lövhə belə şairin göstərdiyi mənzərədən gözəl ola bilməz. Şair burada qüdrətli şeir dili ilə oxucu zövqünü oxşayan gözəl bir təbiət tablosu yaratmışdır. Dan söküləndən günəş çıxana qədər olan zaman müddətində təbiətdəki dəyişikliklər bu şeirdə təfərrüatına qədər sərrast, real, ştrixlərlə verilmişdir.
Bir qədər məzəli tərzdə yazılmış "Şəlalənin cavabı" şeirində isə qızı ilə doğan günəşə baxan ata Günəşi qızına göstərdikdə qızı onun sadəcə bir portağal olduğunu söyləyir:

Səhər-səhər qızımla
Doğan günəşə baxdıq.
Mən söylədim: Hilaldı
Amma Şəlalə dedi:
- Yox!
Yekə portağaldı!

Ümumiyyətlə, Z.Xəlilin uşaq əsərlərində Günəş işıq və xeyir timsalı kimi xüsusi bir obraz olaraq canlandırılır.
"Gecə" şeirində şair gecə və gündüzün bir-birini izləməsi kimi təbiət hadisəsini uşaqlara uyğun ifadələr işlətməklə başa salır. Ulduzu noğula, ayı yekə qoğala bənzədən sənətkar folklordan gələn bir şirinliklə günəş çıxarkən qaranlığın yoxa çıxmasını, noğul və qoğalın gedib yatmasını, yəni səhərin açılmasını özünə məxsus şəkildə belə ifadə edir:

Gecə ulduza baxdım,
Elə bildim noğuldu.
Birdən göydən ay axdı,
Dedim: - Yekə qoğaldı.
Günəş açdı gözünü,
O, hamını oyatdı.
Noğul da getdi, yatdı.

Təbiətin yaratdığı ecazkar gözəlliyi şair "Göy qurşağı" şeirində Qarı nənənin hanasında toxunan kilimə bənzədir:

Şimşək çaxdı
Qarı nənə
Hanasını
Qurdu yenə.
Yağış kəsdi.
Günəş göydən
Bəzəkli bir
Kilim asdı.

Göy üzünə gecələr yaraşıq, bəzək verən ulduzlar həmişə uşaqlar üçün çox maraqlı olub. Görəsən, göydəki yanan o işıqlar nədir? "Yanan tonqalın gözü", Günəşin səpələdiyi muncuq, yoxsa balıqların gözüdür? "Ulduzlar" şeirində şair bunu uşaqların anlayacağı çox sadə, aydın bir dildə başa salır. Bu sirli aləmlə onları tanış edir:

Göyün mavi üzündə
Gör nə qədər ulduz var.
Qorxuram bir-birinə
Dəyər, sınar ulduzlar...
Göyün yeddi qatında
Ağ ulduzlar sayrışır.
Körpələr ulduzlara
Baxır məhəbbət ilə
Ulduzlar körpələrə
Göz vurur həsrət ilə.

"Mavi gözlü dənizdə dalğaların nərə çəkməsi, nəhəng qağayını xatırladan ağ yelkənli qayıqlar, büllur şəfəqli günəşin axşamlar neçə min çalarlı işıqla əvəz olunması, ləpələrdə qağayıların rəqsi məharətlə ifadə olunmuşdur. Ulduzları dənizin çələngində ağ şam kimi təsvir etmək şair qələminin gücünün məharətinin, bacarığının təzahürüdür"
Z.Xəlilin uşaq poeziyasının mühüm bir qismini də ilin fəsilləri ilə bağlı yazılmış şeirlər təşkil edir. "Kiçik yaşlı uşaqlar bu şeirlər vasitəsi ilə fəsildən fəsilə təbiətin dəyişməsi, insanların buna münasibəti haqqında müəyyən məlumatlar qazanırlar. Kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan bu şeirlərin dili aydın, üslubu, sadə, məzmunu maraqlı, ideyası sağlam və uşaq təfəkkürünə uyğundur". Ümumi təsəvvür yaratmaq naminə həmin poetik nümunələrin bir neçəsinin adını çəkirik: "Səfərdən gəlir", "May", "Payız", "Payızın payı", "Qış", "Qar", "Novruz gəlib, yaz gəlib", "Durna və mən" və s.
Müasir uşaq poeziyasında yazın gəlişi ən çox təbiətin oyanması ilə, gülün-çiçəyin açılması ilə, çayların daşması ilə motivləşir.

Şeh səpdi may günəşi
Uçuşdular böcəklər.
Meh əsdi göy çəməndə
Uğundular çiçəklər.
Pucurlanmış ağaclar
Sevindi uşaq kimi.
Lalələr çəmənlikdə
Yelləndi bayraq kimi.
Gül-çiçək səpə-səpə
Nə xoş gəlib bu il may!
Bir gümüşü lent kimi
Çəmənliyə düşüb çay.

Zahid Xəlilin təbiətlə bağlı şeirlərində yaz qoxusu ətir saçır desək, yanılmarıq. "Çəmən", "Çəmənin xalı", "Qırxbuğum",, "Baldırğan", "Göbələk", "Cincilim", "Torağaylar oxuyur" adlı şeirləri bu baxımdan dediklərimizə əyani sübutdur:

Bizim bağçamıza
Bir çəmən düşüb.
Sürüşüb baharın
Çiynindən düşüb.

"Göbələklər" şeirində yaz fəslində yağışdan sonra bitən göbələkləri şair əlvan boyalarla təsvir edir:

Çimib yaz yağışında
Səpələn bu çöllərə,
Kol dibində bitirsən,
Elə bil ki, çətirsən.

"Novruz gəlib, yaz gəlib" nəğməsində baharın gəlişindən doğan lirik təəssüratını özündə ehtiva edir:

Novruz gəlib, yaz gəlib,
Söhbət gəlib, saz gəlib.
Bülbüllər cəh-cəh vurur,
Çöllərə avaz gəlib.
Şəkərbura ətri, paxlava ətri
Qonaq gəlsin kimin istəyir xətri.
Göylərə qaldırıb dağlar çəməni
Çəmən özü boyda yaşıl səməni.
Burada təbiət təsvirindən əlavə, gözəl bir etnoqrafik təsvir də vardır ki, Novruz bayramının Azərbaycanda necə keçirildiyi barədə tam təəssürat yaradır.

Yaşıl çəmənlikdə qönçələr gülür,
Evlərdə bəzəkli xonçalar gülür.
Hər yanda tonqallar göyə yüksəlib.
Noğullu, qoğallı bir bayram gəlib!

Azərbaycan uşaq ədəbiyyatında yay fəslinə həsr edilmiş şeirlərə o qədər də çox rast gəlmirik. Z.Xəlil yaradıcılığında da yay fəslinə həsr edilmiş şeirlər kəmiyyət baxımından azlıq təşkil etsə də, sənətkarın qələmə aldığı "Yay" şeiri gözəl bir sənət nümunəsidir:

Gəldi yenə, gəldi yay.
Çəkdi sahillərinə
Adamları dəniz, çay.
Aldı, aldı bizi də
Öz qoynuna göy Xəzər.
Döşəyimiz narın qum,
Yorğanımız ləpələr.
Qaçırıq sahil boyu,
Cumuruq göy dənizə
Bilirik ki, səhərlər
Tez oyanmaq gərəkdir.
Qışda sağlamlıq üçün
Yayda yanmaq gərəkdir.

Müasir Azərbaycan poeziyasında payız fəsli bərəkət, ruzi, ayı kimi, digər tərəfdən isə "Son bahar", "Qızıl Payız" adlandırılaraq tərənnüm edilir. Payıza həsr edilmiş şeirlərində "Payız çoxdan yetişib, hər yana qırov düşüb" deyən Zahid Xəlil payızın bir sıra səciyyəvi əlamətlərini bədii sözün tərənnüm obyektinə çevirərək, payız fəslinin poetik təsvirini verir.
Qızıl payızın rəngarəngliyi "Səfərdən gəlir" şeirində sənətkar tərəfindən başqa bir gözəlliklə vəsf edilir:

Keçib neçə kənddən
Şəhərdən gəlib.
Payız düz bir illik
Səfərdən gəlib...
Meyvələrin üstünə
Toxunur dodaqları
Həyasından qızarır
Almanın yarpaqları...

Z.Xəlil təbiətin ağ donlu qızını da yaddan çıxarmamış, "Qar", "Qış" və s. kimi poeziya nümunələrində bu fəsli bütün gözəlliyi ilə uşaqlara sevdirə bilmişdir. "Qar" şeirində təbiət poetikləşdirilir, qışla bağlı konkret lövhələr göz önündə canlandırılır, şair lopa-lopa yağan qardan yaranan mənzərəyə başqa bir görkəm verir. Bu şeir uşaq ədəbiyyatında ən gözəl peyzaj nümunələrindən biri hesab oluna bilər:

Qar yağıb çiçək-çiçək,
Qar yağıb lopa-lopa.
Qar geyinmiş tələpər
Bənzəyir bir ağ topa.
Atıb yaşıl kürkünü,
Ağ bürünüb ağaclar.
Baxırsan elə bil ki,
Qar gətirib ağaclar.
Hələ Muğana, Milə
Nə qədər qar düşübdür.
Deyirsən bu düzlərə,
Ağ buludlar düşübdür.
Görün, necə parlayır
Qar dümağ ipək kimi.
Evlər qarın altından
Çıxıb göbələk.

Azərbaycan uşaq poeziyasında qış özünəməxsus poetik-estetik atributları ilə təsvir olunur: qar, şaxtalı hava, buz, bəzədilmiş şam ağacları və s. Z.Xəlil də bəzən qış fəslinin özünü deyil, onun uşaqların əhvali-ruhiyyəsinə müsbət təsir göstərən əlamət və hadisələrini nəzərə çatdırır:

Ağaclar üstə
Sarı heyvalar
Oxşar lampaya.
Yoxsa, bağça-bağ
Hazırlıq görür
Şaxta-babaya?!

Azərbaycanın gülünün,çiçəyinin,otunun,böcəyinin... səmimi təsviri bu şeirlərin də səmimiliyini təmin etmişdir.

Şöhrət Məmmədova,
ADPU-nun dosenti,filologiya üzrə fəlsəfə doktoru
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ